“Saxtakarlığa yol verən insanları işə götürməyəcəyik” Müsahibə

“Saxtakarlığa yol verən insanları işə götürməyəcəyik”

Təhsil naziri Mikayıl Cabbarov: "Hamı istəyir ki, dəyişiklik bir gündə, qısa müddətdə baş versin"

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun APA-ya müsahibəsi (ixtisarla)

- Mikayıl müəllim, aprel ayında sizin nazir kimi fəaliyyətinizin 1 ili tamam olacaq. Bu müddət ərzində qarşıya qoyduğunuz hansı məqsədlərə nail ola bilmisiniz? Qarşıdakı illərdə təhsilin inkişafı sahəsində daha hansı vacib tədbirlərin həyata keçirilməsi gözlənilir?
- Bu müddət ərzində ən başlıca məqsədləri müəyyənləşdirmişik və onlar "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda öz əksini tapıb. İstənilən problemin həlli üçün məsələnin düzgün qoyuluşu lazımdır. Sualları düzgün qoymaq, problemi düzgün müəyyənləşdirmək üçün ilk 10 ayın əhəmiyyəti əvəzolunmazdır. Çünki burada məsələlərə müəyyən mənada kənar baxış fenomeni var. Təbii ki, insan müəyyən müddətdən sonra işlədiyi yerdən asılı olmayaraq, mövzuları və məsələləri ilkin ayların, həftələrin, günlərin kəskinliyi ilə görmür, nələrəsə öyrəşir. Düşünürəm ki, bu istiqamətdə vəziyyəti aydınlaşdırmaq, təhsilin bütün pillələrində mövcud vəziyyətlə tanış olmaq çox böyük işdir. Yalnız problemlərin qoyuluşu deyil, mövcud vəziyyətin istədiyimiz səviyyəyə çatdırılması, müəyyən istiqamətlər üzrə prioritetlərin açıqlanması da eyni məqsədə xidmət edir. Çünki yalnız təhsil sistemində, nazirlikdə çalışan insanlar deyil, həmçinin cəmiyyət, təhsil sisteminin iştirakçısı olan tələbələr, şagirdlər, müəllimlər, valideynlər, bir sözlə, bütün təbəqələr üçün bu çox mühümdür.
Ötən 10 ay ərzində nazirliyin aparatında dəyişikliklər istiqamətində müəyyən işlər həyata keçirilib. Hazırda nazirliyin fəaliyyətimizin ilk həftələri və ayları ilə müqayisədə müxtəlif məsələləri həll etmə potensialı daha yüksəkdir. Təhsil sahəsində olan problemlər, onların həlli yolları dövlət başçısının, eyni zamanda cəmiyyətin diqqət mərkəzindədir. Bir çox hallarda təhsil sahəsi və burada olan problemlərin həlli barədə hər kəs öz rəyini bildirir. Bu təbiidir. Çünki hər kəsin bu sahəylə bağlı haqlı və legitim marağı var. Lakin təhsil həqiqətən elə bir sahədir ki, burada keyfiyyətli dəyişikliyin görünməsi üçün müəyyən vaxt tələb olunur. Bir məsələ də aydındır ki, istənilən keyfiyyətli dəyişikliyə nail olmaq üçün biz ilk növbədə münbit ab-havanı təmin etməli, təhsil atmosferinin şəffaflaşmasına, təhsilalanın maraqlarının əsas götürülməsinə nail olmalıyıq. Başqa sözlə, idarə edənlərin mövqelərindən, təcrübələrindən asılı olmayaraq, təhsilin bütün pillələrində təhsilalanın maraqlarının qorunması təmin edilməlidir. Təbii olaraq hesab etmirəm ki, hər hansı peşəkar özü öz işini dəyərləndirməlidir. Biz sadəcə, əlimizdən gələni etməliyik. Görüləsi çox işlərimiz var və hədəflərimizə çatmaq üçün gələcəyə nikbinliklə baxıram.

Dərslik problemi

- Dərsliklərin çapı və yenidən hazırlanması ilə bağlı gələcəkdə hansı işlər görüləcək?
- Biz hər zaman dərsliklərdə olan problemlər barədə danışırıq. Amma o da həqiqətdir ki, dərsliyin ilk dəfə yaradılması çox ağrılı bir prosesdir. Dərsliklərimiz daha keyfiyyətli olmalıdır. Amma biz dərslik hazırlanması üçün müraciət edən insanlar arasında fənn mütəxəssislərini görmək istəyərdik. Onlar bu işlə əlaqədar müraciət etmirlər. Bu problemdir və biz görürük ki, ali təhsil müəssisələrinin müvafiq fənn kafedralarında mütəxəssislər, peşəkarlar toplaşıb. Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarında mütəxəssislər fəaliyyət göstərir. Amma biz universitetlərin adlarını dərsliklərin hazırlanması üçün elan olunan tender iştirakçları arasında görmürük. Bu ali təhsil müəssisələrinə yönəldilmiş bir tənqiddir. Çünki iqtisadi nöqteyi-nəzərdən də bu, həmin universitetlər üçün faydalı işdir. Dövlət bu işə görə xeyli vəsait ödəyir. Dərsliklərin məzmununun hazırlanması üçün xərclənən vəsait universitetlərin iqtisadi vəziyyətini də yaxşılaşdıra bilər. Onlar bu vəsati həmin müəllimlərə əlavə qonorar kimi ödəyə bilərlər.
Keyfiyyətli dərsliklərin hazırlanması hər bir təhsil sistemi üçün prioritet məsələdir. Xüsusilə də informasiya cəmiyyətində yaşadığımız indiki dövrdə biliklərin məzmunca köhnəlmə intensivliyi artdıqca, bütün keyfiyyət meyarlarına uyğun gələn dərslik nümunələrinin hazırlanması aktuallaşır. Artıq təhsilalan 20-30 bundan əvvəlki kimi ancaq dərslik vasitəsilə bilik əldə etmir. Bu gün bilik qazanmağın məkan və zaman ölçüləri dəyişdiyindən dərsliklər də bu rəqabətə dözümlü ola bilməlidirlər.

Müəllim hazırlıgı ilə baglı əhəmiyyətli yenilik

- Azərbaycanda müəllim hazırlığı prosesində praktiki təcrübəyə kifayət qədər yer ayrılmır. Bununla bağlı hansı tədbirlərin görülməsi nəzərdə tutulur?
- Bu ildən məktəblərdə müəllim hazırlığı ilə bağlı 2 əhəmiyyətli yenilik tətbiq ediləcək. Düşünürük ki, müəyyən müddətdən sonra bu, öz müsbət təsirini göstərəcək. Belə ki, ilk olaraq növbəti tədris ilindən cəmiyyətdə "qeyri-prestijli" kimi qəbul olunan peşələrə tələbələrin cəlb edilməsi üçün xüsusi stimullaşdırma proqramları həyata keçiriləcək. Bu ixtisasları həqiqətən seçən və yüksək balla ora qəbul olunan istedadlı gənclərə xüsusi müavinətlar, imtiyazlar, daha yüksək təqaüdlərin verilməsi sistemi tətbiq ediləcək. Yeni akademik ildən başlayaraq bunlar tətbiq olunacaq və bu yaxınlarda müvafiq rəqəmlər açıqlanacaq.
İkinci vacib məsələ isə müəllimlərin praktik təcrübəsi ilə bağlıdır. Müəllim hazırlığı prosesində praktiki təcrübə mövcuddur, amma istədiyimiz qədər yer tutmur. Biz düşünürük ki, yaxın müddətdə müəllim peşəsinə sahib olan məzunlar üçün məktəblərdə bunu genişləndirək. Belə bir təcrübə var və bu, təkcə Azərbaycanda baş verən proses deyil. Müəllimin formalaşması və yetişməsi üçün ən yaxşı mühit məhz məktəbdir. Ali məktəbdə aldığı nəzəri biliklərlə praktiki biliklərin sintezi ən düzgün şəkildə məhz məktəbdə həyata keçirilə bilər. Ona görə də bir daha vurğulayıram ki, bir çox yeniliklər olacaq. Amma orta müddətdə təhsilin keyfiyyətinə təsir edə bilən amillərdən danışırıqsa, ikincini xüsusilə vurğulamaq istərdim.

Müəllim dirlomu əldə edənlərin sayı vakansiyalardan çoxdur

- Ölkədə müəllim çatışmazlığı ilə bağlı vəziyyət necədir? Ümumiyyətlə, müəllimlərin işə qəbulu ilə bağlı gələcəkdə hansı yeniliklər gözlənilir?
- Vəziyyətin qəribəliyi ondan ibarətdir ki, müəllim diplomu əldə edən insanların sayı ehtiyacdan bir neçə dəfə çoxdur. Nəzəriyyədə bu o deməkdir ki, biz ən yaxşı müəllim seçimi imkanına malikik. Amma obyektiv imtahan keçirdiyimiz zaman görürük ki, vakansiyaların yarısını doldura bilmirik. Əgər yenilik barədə danışırıqsa, biz müəllimlər üçün tələb olunan bilik səviyyəsini aşağı salmayacağıq. Bu birmənalıdır. Onun da səbəbi odur ki, biz ilk növbədə təhsilin keyfiyyətini təmin etmək niyyətindəyik. Hətta universiteti bitirmiş məzunların universitetdə təhsil aldığı dövrdə bilikləri əldə etmək imkanı olmayıbsa, imtahandan sonra keçən müddət ərzində ali təhsilli insan hansısa fənn üzrə müəllim işləmək istəyini qarşıya məqsədi qoyursa, hazırlaşa bilər. Bu şanslar və imkanlar hər kəs üçün açıqdır. Azərbaycanda da urbanizasiya prosesləri geniş vüsət alıb. Bakı məktəblərində müəllim vakansiyaları yoxdur, amma bir çox bölgələrdə hələ də doldurulmamış yerlər var. Bunu nəzərə alaraq dövlət tərəfindən stimullaşdırıcı tədbirlər tətbiq olunur. Rayonlarda, bölgələrdə fəaliyyət göstərəcək müəllimlər üçün bu tədbirlər davam etdiriləcək. Gələcəkdə nəzərdə tuturuq ki, praktik təcrübə keçən müəllimlərə işə qəbul zamanı daha çox üstünlük verək. Bir sıra sistemli tədbirlər hazırlanır ki, müəllimlərin sayının çoxluğu ilə məktəblərdə doldurulmamış vakansiyalar arasında disproporsiya aradan qaldırılsın.

Hazirliyə anonim olmayan muraciətlər artıb

- Təhsil Nazirliyində anonim zənglərin qəbul edilməməsi vətəndaşların hər hansı bir faktla qarşılaşdıqda, onu ünvanına çatdırmamasına səbəb olur. Onlar gələcəkdə hansısa faktı dedikləri üçün incidilməkdən, təzyiqlərdən qorxurlar. Bu da son nəticədə müvafiq faktların qapalı qalmasına səbəb olur. Sizin bu məsələ ilə bağlı mövqeyiniz necədir?
- Bizim fəaliyyətimiz qanunvericilik çərçivəsində həyata keçirilir. Anonim zənglərin, müraciətlərin baxılıb-baxılmaması qanunvericiliyin tələbindən irəli gəlir. Biz də bir dövlət orqanı kimi qanunvericilik çərçivəsində çalışırıq. Kiminsə anonim müraciət etdikdən sonra incidilməkdən, onlara qarşı ola biləcək təzyiqlərdən qorunması çox geniş yayılmış düşüncə tərzidir. Amma mən təhsil naziri kimi işlədiyim dövrdə faktlara cavab vermək istəyirəm. 10 ay ərzində bizə yüzlərlə adlı, anonim olmayan müraciət olub. Düşünürəm, nə qədər ki, bu düşüncə tərzi cəmiyyətdə dominant mövqedə olacaq, o qədər də biz bir cəmiyyət kimi korrupsiya və yaxud digər pozuntuların baş verməsi üçün məsuliyyəti bölüşəcəyik. Bu, hər bir kəsin işidir. Sadəcə, bizim imkan və səlahiyyətlərimiz fərqli olduğuna görə məsuliyyətimiz də fərqlənir. Amma bu o demək deyil ki, bunu bilən şəxs bilərəkdən müraciət etmir və onun məsuliyyəti yoxdur. Onun da vətəndaş məsuliyyəti var.
- Bu günə kimi ölkədə neçə saxta diplom faktı aşkarlanıb və onlardan neçəsi hüquq-mühafizə orqanlarına göndərilib?
- Biz işə götürənik və bizim sistemimizdə yüz minlərlə insan çalışır. Onları işə götürərkən tələb budur ki, ali təhsilli olsunlar. Ali təhsil barədə onların sənədlərini yoxlayarkən biz qeyri-qanuni və yaxud saxta diplomun olduğunu aşkarlayırıq. Çünki müvafiq mərkəzi icra hakimiyyəti orqanı kimi diplomların məlumat bazasına malikik. Üstəlik, həmin diplomları vermiş təhsil müəssisələri bizim tabeliyimizdə fəaliyyət göstərir. Ona görə də biz bu faktı görərək buna biganə qala bilmərik.
Qanunu pozmaqla təhsil sisteminə gəlmək istəyən şəxslər var. Əgər insan cinayətə gedirsə və qanunu pozaraq təhsil sisteminə gəlmək istəyirsə, işəgötürən olaraq belə işçi bizə lazımdırmı? Saxtakarlığa yol verən insanları işə götürməyəcəyik. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu, qanuni şəkildə əziyyət çəkib oxuyan, imtahan verən, diplom alan insanın, orada fəaliyyət göstərən müəllimlərin, professorların və digərlərinin, sistemin əleyhinə baş verən hüquq pozuntusudur. Biz buna qarşı reaksiya göstəririk və bundan sonra da göstərəcəyik.