“Bizdə insanlar özlərini həddindən artıq lüzumlu, lüzumsuz siyasi yüklə yükləyirlər” Müsahibə

“Bizdə insanlar özlərini həddindən artıq lüzumlu, lüzumsuz siyasi yüklə yükləyirlər”

Əli Hüseynli: "Mövcud vəziyyət bu gün siyasi partiyaların inkişafı üçün, fərqli fikirlilik üçün tam kifayətdir"

Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin Gün.Az-a müsahibəsi:

- Əli müəllim, "Siyasi partiyalar haqqında" qanuna yenidən dəyişikliklər edilməsi mümkündürmü? Çünki son 10-15 ildə dəfələrlə bu qanuna siyasi partiyaların qeydiyyatdan keçməsi üçün tələb olunan min nəfərlik sayın-rəqəmin ən azı 5 və 10 minə çatdırılması yöndə dəyişikliklər edilməsi ilə bağlı təkliflər səslənməkdədir. Bunu elə həm iqtidaryönlülər, həm də bəzi müxalifyönlülər səsləndirməkdədirlər...

- Biz son bir neçə ildə istər Seçki Məcəlləsi, istərsə də siyasi partiyalarla, onların maliyyələşdirilməsi ilə bağlı qanunvericilikdə əhəmiyyətli dəyişikliklər etmişik. Bu baxımdan, indi, sadəcə, onu deyə bilərəm ki, yaxın dövr üçün hansısa bir dəyişikliklərə, o cümlədən qeyd etdiyiniz məlum təkliflərin müzakirəsinə lüzum görmürəm.
Mən belə hesab edirəm ki, mövcud vəziyyət bu gün siyasi partiyaların inkişafı üçün, fərqli fikirlilik üçün tam kifayətdir.

- Sizcə, əhalisi cəmi 9 milyon olan bir ölkə üçün bu qədər sayda partiyalar çox deyilmi? Ölkədə sivil siyasi münasibətlərin, normal siyasi partiya sisteminin formalaşması üçün "ailə", "qohum-əqrəba", "məhəlli", "cırtdan" partiyaların siyasi səhnədən getməsi zamanı deyilmi?

- Bilirsiniz, məhz indiki mərhələ, siyasi islahatlar, demokratiyanın inkişafı üçün bu, normal bir haldır. Odur ki, yaxın dövrlərdə yox, gələcəkdə bu məsələ ola, mümkünləşə bilər. Ancaq bu kimi hallar zamanında digər ölkələrdə də olub.
Yəni, insanlar nəhayət, həqiqətən də siyasətdən doyublar, bununla da partiyaların mərkəzləşməsi prosesi gedib. Bizdə isə müşahidələr bəzən onu göstərir ki, əhalimiz hələ də daha çox siyasi maraqları saxlayırlar.
Şəxsən mənim təsəvvürümdə siyasətlə çox az qisim insanlar məşğul olmalıdır. İnsanları daha çox iqtisadiyyat maraqlandırmalıdır. Yəni, az bir qisim insan siyasi prosesdə olmalıdır.
Ancaq bizdə insanlar özlərini həddindən artıq lüzumlu, lüzumsuz siyasi yüklə yükləyirlər. Bəlkə də bu dünyada baş verən proseslərlə bağlıdır, deyə bilmərəm. Amma mən belə müşahidə edirəm. Adamda belə təəssürat yaranır ki, sadə bir kənd adamından tutmuş məmura qədər hamı nəsə daha çox siyasiləşib.

- Yeri gəlmişkən, proporsional seçki sisteminin bərpası və deputat yerlərinin artırılması ilə bağlı təkliflər də neçə illərdir ortalıqdadır. Bu baxımdan, gələcəkdə bu məsələlərlə bağlı konstitusion islahatlar gözləniləndirmi?

- Birincisi, bizdə Konstitusiya islahatları 1995-ci ildə həyata keçirildi, həmin il müstəqil Azərbaycanın ilk Konstitusiyasi qəbul olundu, bundan sonra bir neçə dəfə Konstitusiya islahatları oldu. Bu günə onu deyə bilərəm ki, Azərbaycanın Konstitusiyası, o cümlədən, parlamentin formalaşdırılması ilə bağlı məsələlər tam mükəmməl bir vəziyyətdədir.
Həmçinin, birmənalı deyə bilərəm ki, millət vəkillərinin sayının artırılması ilə bağlı hər hansı bir müzakirə və fikir mövcud deyil. Bu, sadəcə, ayrı-ayrı şəxslərin fikirləri, istəkləri ola bilər. Amma belə bir məsələ heç zaman parlamentdə müzakirə olunmayıb.
O ki qaldı proporsional və majoritar seçki sisteminə, mən də, hüquqşünas həmkarlarım da, hakim partiyadan, o cümlədən Prezident Administrasiyasından olan insanlar da proporsional sistemin ləğvi və tam majoritar sistemə keçidlə bağlı etdiyimiz, həyata keçirdiyimiz islahatları o zaman cəmiyyətə geniş izah etmişik, mövqeyimizi bildirmişik.
Cəmiyyət də, xalq da bunu dəstəkləyib. Hesab edirəm ki, insanlar da millət vəkilinin ilk növbədə onun təmsilçisi kimi olmasının tərəfində olub. Yəni, biz bunu əsaslandırmışıq, bu da qəbul olunub. Ona görə tam qətiyyətlə bildirmək istəyirəm ki, bu gün istər millət vəkillərinin sayının artırılmasına, istərsə də seçki sisteminin dəyişdirilməsinə hər hansı bir hüquqi, siyasi əsas və ehtiyac yoxdur.