“Birinci Avropa Oyunları Azərbaycanın malik olduğu yüksək dəyərlərin dünyada təbliği baxımından müstəsna əhəmiyyət kəsb edir” Müsahibə

“Birinci Avropa Oyunları Azərbaycanın malik olduğu yüksək dəyərlərin dünyada təbliği baxımından müstəsna əhəmiyyət kəsb edir”

Elmar Qasımov: "Həm də yarışların iqtisadi baxımdan ölkəmizə böyük dividendlər gətirəcəyi də şəksizdir"

Bakı Ali Neft Məktəbinin rektoru, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Elmar Qasımovun Trend-ə müsahibəni təqdim edirik.
- Elmar müəllim, qarşıdan 28 May Respublika Günü gəlir. Azərbaycan tarixinin şanlı səhifələrindən birini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə əhəmiyyəti nədən ibarətdir?
- 28 May 1918-ci il tarixdə Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yarandı. Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan və müasir dövlətçilik tariximizdə önəmli yerə malik olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin Şərqi üçün milli dövlətçilik ənənələri baxımından perspektiv inkişafın əsasına çevrildi. Məhz Xalq Cümhuriyyəti özünün dövlətçilik əsasları və demokratik islahatları ilə müsəlman Şərqinin mayakı rolun oynamağı bacardı. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük bir coğrafiyanın siyasi həyatında mühüm rol oynadı, Cümhuriyyətin fəaliyyəti sayəsində dövlətçilik tariximizin əsasları daha da zənginləşdi.
Məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyəti o zaman çox ağır bir tarixi şəraitdə və həssas geosiyasi məkanda yaranmışdı. Məhz bu və digər səbəblərdən Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin əbədiliyi təmin edilə bilmədi. 23 ay yaşayan Xalq Cümhuriyyəti tərəfindən tarixi əhəmiyyət kəsb edən çoxsaylı işlər görüldü, mühüm islahatlar həyata keçirildi. Qeyd etdiyim kimi, əsas məqam dövlətçilik tariximizin əsasları daha da zənginləşməsi oldu Xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyev bildirmişdir ki, müasir Azərbaycan dövləti məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bu nöqteyi-nəzərdən, müasir Azərbaycanın hər bir uğuru tariximizin parlaq səhifəsinə çevrilmiş Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyduğu ənənələri özündə yaşadır və bununla da dövlətçilik ənənələri müasir dəyərlərlə sintez olunaraq inkişaf etdirilir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən tədbirlərin əhəmiyyətini anlamaq üçün bir sıra məqamlara diqqət yetirmək istəyirəm. Bu dövrdə Azərbaycanda qadınlara seçki (seçmək və seçilmək) hüququ verildi ki, bu, çox mütərəqqi hadisə idi. Bundan başqa, Cümhuriyyət Parlamentinin 1919-cu ilin sentyabr ayının 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanun xüsusi əhəmiyyətə malikdir. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin xalqımız qarşısında çox mühüm tarixi xidməti idi. Digər tərəfdən, Azərbaycan dilinə dövlət dili statusu verildi və digər dövlət orqanları ilə yanaşı, məhkəmə sisteminin də dövlət dilində fəaliyyət göstərməsi haqqında qərar qəbul olundu. 1918-ci il iyunun 26-da Xalq Cümhuriyyətinin hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin - əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul etdi. Sadalananlarla yanaşı, 1918-ci ilin dekabr ayının 7-də Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman Şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament idi. Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçildi. Parlament qəbul etdiyi qərarlarla milli dövlətçiliyin əsaslarının formalaşması və gücləndirilməsinə tarixi töhfələr vermiş oldu.
- Elmar müəllim, Azərbaycan mötəbər beynəlxalq tədbirə - ilk Avropa Oyunlarına ev sahibliyi etməyə hazırlaşır. "Bakı-2015" ilk Avropa Oyunlarının əhəmiyyəti və gətirəcəyi dividendlər barədə fikirlərinizi bilmək istərdik...
- Beynəlxalq dialoq və əməkdaşlıq məkanı olan Azərbaycan dəfələrlə mötəbər siyasi, iqtisadi, humanitar tədbirlərə uğurla ev sahibliyi edib. Ümumiyyətlə, Azərbaycana beynəlxalq miqyasda çox böyük maraq var. Bu maraq həm də ölkəmizin yerləşdiyi coğrafi mövqenin əhəmiyyəti və Şərqlə Qərb sivilizasiyalarının qovuşduğu məkan olması ilə əlaqədardır. Eyni zamanda, Azərbaycanda mövcud olan sabitlik, inkişaf, demokratiya mühiti ölkəmizin beynəlxalq səviyyədə siyasi, iqtisadi, humanitar sahələrdə dialoqun aparılmasında daha təşəbbüskar mövqedən çıxış etməsinə imkan verir və ötən zaman Azərbaycanın dünyada vacib mədəni, humanitar dialoq mərkəzlərindən birinə çevrilməsi baxımından çox uğurlu olub.
Azərbaycanın həqiqi mənada müstəqil dövlət olması beynəlxalq münasibətlər sisteminin müstəqil subyektləri tərəfindən mütləq surətdə qəbul edilir, əldə edilən uğurlar təqdir olunur. 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, quruma 2 dəfə uğurla sədrlik etməsi, həmçinin Avropa Şurası Nazirlər Kabinetinə sədrlik müddətini müvəffəqiyyətlə başa vurması ölkəmizin artan siyasi nüfuzundan xəbər verir. Bu gün Bakı, sözün əsl mənasında, Qafqazın siyasi, iqtisadi, mədəni paytaxtına çevrilib.
Digər tərəfdən, ölkəmizdə mövcud olan zəngin infrastruktur mötəbər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinə imkan verir. Məhz "Bakı-2015" ilk Avropa Oyunlarının da Azərbaycana etibar edilməsi ilk növbədə bu məqamdan xəbər verir. Başqa sözlə, ölkəmizin I Avropa Oyunları kimi planetin bir nömrəli idman yarışına ev sahibliyi etmək iddiasını ortaya qoyması və namizədliyini rəsmi şəkildə irəli sürməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsizliyin təmin olunduğu sabit ölkə olması amili dayanır. Eyni zamanda, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın Avropa ailəsinin nüfuzlu və bərabərhüquqlu üzvü olmasını göstərir.
Bunlarla yanaşı, bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağın, Olimpiya Hərəkatının öncül ölkələrindən birinə çevrilməyin sayəsində bu kontekstdə inkişafın Azərbaycan modeli formalaşdırılmışdır. Ümumilikdə, Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq. Məhz bunların fonunda birinci Avropa Oyunlarının ölkəmizə etibar edilməsi təsadüfi xarakter daşımır. Qeyd edim ki, ölkəmiz bu mötəbər beynəlxalq idman yarışının yüksək səviyyədə keçirilməsi üçün müvafiq hazırlıq işlərini intensiv şəkildə uğurla aparıb və əminliklə qeyd edilə bilər ki, Azərbaycan birinci Avropa Oyunlarına tam hazırdır.
Qeyd etdiyim kimi, ötən zaman müddətində birinci Avropa Oyunlarına hazırlıqla bağlı respublikamızda genişmiqyaslı işlər həyata keçirilib. Bütün hazırlıq işləri isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən həyata keçirilir. Avropanın idman ictimaiyyətinin nümayəndələri də iyun ayında Bakının ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarının əhəmiyyətini vurğulamaqla yanaşı, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə çalışan Təşkilat Komitəsi tərəfindən aparılan hazırlıq işlərini yüksək qiymətləndirirlər.
Ümumiyyətlə, "Bakı-2015" ilk Avropa Oyunlarının əhəmiyyətini, gətirəcəyi dividendləri diqqətə çatdırmaq üçün bir sıra məqamlara toxunmaq istəyirəm. İlk növbədə, birinci Avropa Oyunları Azərbaycanın malik olduğu yüksək dəyərlərin dünyada təbliği baxımından müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, yarışların iqtisadi baxımdan ölkəmizə böyük dividendlər gətirəcəyi də şəksizdir. Bu baxımdan, birinci Avropa Oyunlarına hazırlıq məqsədilə yaradılan idman və digər infrastruktur obyektlərinin uzun illər bundan sonra da xalqımıza xidmət edəcəyini xüsusi vurğulamaq gərəkdir.
Bununla yanaşı, birinci Avropa Oyunlarının Azərbaycanın turizm imkanlarının təbliği baxımından əhəmiyyəti isə daha böyükdür. Ölkəmiz geniş turizm potensialına malikdir, respublikamızda turizmin müxtəlif növləri sürətlə inkişaf edir, paytaxt Bakıda və bölgələrdə çoxlu sayda yüksək səviyyəli turistyerləşdirmə obyektləri istifadəyə verilib. Yarışlar zamanı ölkəmizə gələn turistlərin sayının çox olacağı proqnozlaşdırılır. Güman olunur ki, birinci Avropa Oyunları keçirilən dövrdə yayımlardan və ölkəmizə gələn tursitlərin xərclərindən böyük məbləğdə vəsait əldə etmək mümkün olacaq. Yarışların gəlirləri yalnız yarış ərəfəsində ölkəyə gələn turistlərin xərcləyəcəyi vəsaitlə məhdudlaşmayacaq. Yarışlar zamanı ölkəmizin turizm potensialı ilə tanış olan qonaqlar, təbii ki, sonrakı illərdə də respublikamıza gəlməyə can atacaqlar. Birinci Avropa Oyunları Azərbaycan üçün gəlirli layihə hesab oluna bilər.
Beləliklə, birinci Avropa Oyunları Azərbaycanın və Avropanın idman tarixində əlamətdar hadisə olacaq. Eyni zamanda, bu Oyunlar Azərbaycan dövlətinin qüdrətini nümayiş etdirəcək.
- İlk Avropa Oyunları ərəfəsində anti-Azərbaycan və ermənipərəst dairələr, o cümlədən ölkəmizdəki "beşinci kolon" nümayəndələri Azərbaycana qarşı "qara piar" kampaniyası aparırlar...
- Dinamik inkişafa, əsaslı ictimai-siyasi sabitliyə, yüksək beynəlxalq nüfuza malik olan Azərbaycana qarşı "qara piar" kampaniyasına bundan öncə də dəfələrlə rast gəlmişik. Xüsusilə də, Azərbaycanın uğurlarını qəbul edə bilməyən qüvvələr, ermənipərəst dairələr ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək, yanlış beynəlxalq ictimai rəy formalaşdırmaq üçün "qara piar" kampaniyası aparır, həqiqətə uyğun olmayan fikir və bəyanatlarla çıxış edirlər. Xatırlayırsınızsa, "Eurovision-2012" mahnı müsabiqəsi zamanı da biz bu cür hallara rast gəldik və o zaman istər anti-Azərbaycan dairələr, istərsə də ölkə daxilindəki "beşinci kolon" nümayəndələri yüksək canfəşanlıq edirdilər. Bu, olduqca təəssüf doğursa da, əslində, heç də təəccüblü deyil.
Məhz bu gün Azərbaycana qarşı bu cür dağıdıcı aktlarla təzyiq etmək mümkün olmadığı üçün anti-Azərbaycan və ermənipərəst dairələr təblğat və "qara piar" kampaniyası kimi vasitələrlə ölkəmizə təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. İlk Avropa Oyunları ərəfəsində bu kampaniyanın elementləri aşkar hiss edilir, amma əminliklə deyə bilərəm ki, bu cür cəhdlər birmənalı olaraq heç bir nəticə verməyəcək.
Çox təəssüf və təəccüb hissi ilə demək istəyirəm ki, bu kampaniyada "sapı özümüzdən olan baltalar" fəallıq etməyə çalışırlar. Amma təbii ki, bu cür cılız səylərin heç bir əhəmiyyəti, təsir imkanları yoxdur. Azərbaycan Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqillik yolunda inamlı irəliləyir, ölkəmizin dinamik inkişafı davam edir və beynəlxalq mövqeyimiz davamlı olaraq möhkəmlənir.