Çex idmançıları Bakıya böyük nümayəndə heyəti ilə gəlir Müsahibə

Çex idmançıları Bakıya böyük nümayəndə heyəti ilə gəlir

Petr Drulak: "Parlament nümayəndələri də bura gəlməyi və açılış mərasimində iştirak etməyi planlaşdır"

Çex Respublikası xarici işlər nazirinin siyasi əlaqələr üzrə müavini Petr Drulakın APA-ya müsahibəsini təqdim edirik.

- Çexiya və Azərbaycan arasında münasibətlərin hazırkı durumunu necə qiymətləndirirsiniz?
- İki ölkə arasında münasibətlərin inkişafının çox intensiv olduğunu düşünürəm. Bizim bu bölgədə başqa heç bir ölkə ilə belə münasibətlərimiz yoxdur. İntensiv münasibətlər dedikdə mən çox yüksək səviyyədə olan iqtisadi münasibətləri nəzərdə tuturam. Azərbaycan Çex Respublikası üçün etibarlı neft təminatçısıdır. Bizim Azərbaycanda investisiya layihələri həyata keçirən şirkətlərimiz də var. Onlar Azərbaycanda infrastrukturun daha da modernləşməsinə xidmət edirlər. Bizim digər sahələrdə də münasibətlərimiz çox yaxşıdır. Çexiyadan Azərbaycana yüksək səviyyəli səfərlər reallaşdırılıb. Bu il Çexiyadan Azərbaycan yüksək səviyyəli səfərlər reallaşacaq. Bu ilin sentyabrında Çexiya prezidenti Miloş Zaman Azərbaycana səfər edəcək. Gələn il yüksək səviyyəli səfərlərin Azərbaycandan Çexiyaya baş tutacağını gözləyirik.
- Hər iki tərəf bu münasibətləri strateji səviyyəyə çıxarmaqda maraqlı olduğunu ifadə edib. Bunun üçün nə etmək lazımdır?
- Biz münasibətlərin intensivliyindən danışarkən artıq strateji çərçivədə hərəkət edirik. Strateji tərəfdaşlıq barədə danışdıqda biz münasibətlərimizə siyasi ad verməyi nəzərdə tuturuq. Məsələn, biz görüşlərimizi daha mütəmadi edə bilərik. Lakin elə fəaliyyətlər var ki, bunlar nazirlər, hökumət nümayəndələri, parlament rəsmilərinin təşəbbüslərindən asılıdır. Strateji dialoq bu təşəbbüsləri daha koordinasiyalı və daha mütəmadi edə bilər. Azərbaycan tərəfi öz təkliflərini hazırlayır və biz bu təklifləri öyrənməkdə çox maraqlıyıq. Buraya iqtisadi, mədəni, o cümlədən təhsil və bütün mümkün sahələrdə əməkdaşlığın güclənməsi aiddir. Münasibətlərimiz yüksək vəziyyətdədir, lakin biz bunu sadəcə, mütəmadi, intensiv və daha aydın edə bilərik. Bildiyim qədər, Azərbaycan tərəfi bunun üçün təkliflər hazırlayır. Biz bunu çox istəyirik.
- Çexiya XİN Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"i tanımadığını bəyan etdi. Ümumiyyətlə, Çexiyanın bu münaqişə ilə bağlı mövqeyi necədir və həll prosesi haqda nə düşünür?
- Biz hesab edirik ki, bu, çox pis durumdur və Ermənistanı da, Azərbaycanı da, ümumiyyətlə, bütün regionu zəiflədir. Faktdır ki, münaqişə artıq uzun müddətdir davam edir. Biz inanırıq ki, münaqişənin həlli əsasən Azərbaycan və Ermənistan liderlərinin məsuliyyətinə daxildir. Üçüncü tərəflər həll prosesində müsbət rol oynaya bilər, lakin onlar mənfi rol da oynaya bilər. Bu baxımdan biz ümid edirik ki, hər iki tərəf siyasi müdriklik nümayiş etdirəcək. Bu münaqişənin həlli bütün regionu gücləndirəcək. ATƏT səylərin stabilləşdirilməsində böyük rol oynayan bir təşkilatdır. Danışıqlar uzun müddətdir aparılır. Biz açıq nəticə görmürük. Lakin digər tərəfdən, bizim çox seçimimiz də yoxdur. Ancaq iki ölkə arasında ikitərəfli təşəbbüslər olarsa, ATƏT həmişə əlçatan təşkilatdır. Yaxşı olardı ki, bu ölkələr başqa ölkəyə ehtiyac duymasınlar, Azərbaycan və Ermənistan liderləri bunu özləri edə bilsinlər. Həll ATƏT, Rusiya, ABŞ, Avropa İttifaqı tərəfindən təmin oluna bilməz, yalnız Bakı və İrəvandakı insanlar tərəfindən təmin oluna bilər.
- Dağlıq Qarabağa qanunsuz səfər edən şəxslər arasında bəzən çexiyalıların da adı çəkilir. Çexiya XİN öz vətəndaşlarına Dağlıq Qarabağa səfər etməməklə bağlı xəbərdarlıq ünvanlayıbmı?
- Biz Çexiya vətəndaşlarının hara səfər etdiyini izləmirik. Lakin bütün Çexiya vətəndaşları bu fakt barədə məlumatlıdırlar ki, biz o ərazilərin müstəqilliyini tanımırıq. Əgər bu, onların seçimidirsə, biz bunun qarşısını almaq mümkün deyil. Onlar bilirlər ki, bu torpaqlar tanınmır və sonradan Azərbaycana getmək istəyəndə problem yaranacaq.
- İki ölkə arasında iqtisadi münasibətləri necə qiymətləndirirsiniz? Xüsusilə nəqliyyat sahəsində əməkdaşlıq barədə nə deyə bilərsiniz?
- Azərbaycan nəqliyyatın modernləşdirilməsi istiqamətində proqramlar həyata keçirir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi başa çatmaq üzrədir. Çexiya şirkəti də onun reallaşdırılması ilə bağlı konsorsiumda iştirak edir. Bizim metro sisteminin müasirləşdirilməsinə töhfə verə biləcək şirkətlərimiz var. Azərbaycan metro şəbəkəsini genişləndirməkdə maraqlıdır. Bu əməkdaşlığa qatarların, avtobusların alınması da daxildir. Bunlar Çexiya şirkətlərinin yaxşı bildikləri sahələrdir.
- Çexiyanın enerji potensialının 30 faizi Azərbaycan nefti hesabına formalaşıb. Neft və qaz sahəsində əməkdaşlığın gələcək perspektivləri nədən ibarətdir? Böyük layihələrdə Çexiyanın iştirakı nə dərəcədə olacaq?
- Azərbaycan əsas enerji təchizatçılarından biridir və gələcəkdə enerji diversifikasiyasında vacib rol oynayacaq. Bizdə elə şirkətlər var ki, onlar həm ənənəvi neft-qaz sahəsində, həm də yeni mənbələr - günəş, külək enerjisi sahələrində çalışırlar. Onlar Azərbaycanda enerji layihələrinə qoşulmağa hazırdır.

- Azərbaycan Birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Çexiya bu barədə nə düşünür və iştirakı hansı səviyyədə olacaq?
- Bu, yeni təşəbbüsdür. Biz Avropada daha əvvəl belə bir oyun təşkil etməmişik. Azərbaycan bu oyunu keçirən ilk ölkədir. Mən bilirəm ki, burada çex idmançılarından ibarət çox böyük nümayəndə heyəti iştirak edəcək. Parlament nümayəndələri də bura gəlməyi və açılış mərasimində iştirak etməyi planlaşdır.