Uşaqlar nağıllardakı enerji, hərəkət, fəaliyyət və yumoru sevir Ədəbiyyat

Uşaqlar nağıllardakı enerji, hərəkət, fəaliyyət və yumoru sevir

Azərbaycan nağılları arasında sehirli məzmununu itirərək uşaq nağılına çevrilən nümunələr çox azdır. Amma süjeti ictimai məzmun xüsusiyyətləri qazanan uşaq nağıllarının sayı həddindən artıqdır. Belə uşaq nağıllarınının semantik xüsusiyyətləri haqqında müəyyən təcrübəyə əsasən aşağıdakı kimi qruplaşdırma aparmaq olar.
Birincisi, uşaq nağılları içərisində yayılan nağıl süjetlərindən biri də təbiəti imitasiya etmə yolu ilə yaranan nümunələrdir. Lap qədim dövrlərdən istər uşaq nağılları, istərsə də böyük üçün olan nağıllar təbiəti imitasiya (yamsılama), təqlidetmə yolu ilə formalaşmayıb. Belə nağıllara sonradan mifoloji və digər ünsürlər əlavə edilib. Qədim insanlar təbiətə münasibətdə abstrakt təsəvvürlərlə üz-üzə qalıblar. Onlar müxtəlif təbiət hadisələrini, təbiətdə gördüyü predmet və varlıqları dərk etməmişdən əvvəl onun instinktiv qavranılmasına, qeyri-şüuri surətdə anlaşılmasına təfəkkür yolu ilə nail olublar. Böyüklərin özləri üçün yaratdıqları nağıllarda ilk növbədə təbiətin dərki üstünlük təşkil edib. Əcdadlarımız belə nağıllardakı təbiətlə tanışlığı əks etdirərkən ilk növbədə təbiətin müxtəlif ünsürlərinin özlərinin şüurundakı fantastik bədii dərkinə üstünlük veriblər. Bu proses ilk model kimi böyüklər üçün olan nağılların uşaq nağıllarına transformasiyasından sonra da mühüm atribut kimi qalıb. Bu proses də sonradan nağıllarda təbiəti imitasiya etmək cəhdi ilə bağlı olub. Küləyin səsi, yağışın şırıltısı, ildırımın guruldaması, günəşin hərarəti bir təbiət hadisəsi kimi nağıllarda ilkin təbiəti anlama təsəvvürlərinin nağıl yaradıcılığında istifadə olunmasına gətirib çıxarıb. Biz bir çox nağıllarda bu təbiət hadisələrinin əks olunmasını görürük. İstər böyüklər üçün nağıllarda, istərsə də uşaq nağıllarında söyləyici bu hadisələrin gücündən istifadə edərək, nağıl hadisələrinin təsirini artırır. Təbiət hadisələrindən nağıllarda istifadəyə aid bir çox nağıllardan misal gətirmək olar. "Şahzadə Mütalib" nağılında hadisələrin psixi təsirini artırmaq üçün ildırım çaxmasından istifadə olunur. Nağıllarda belə hadisələrə fakt kimi yox, onların nüfuzedici təsiri kimi yanaşmaq lazımdır. Məhz uşaq nağıllarında da təbiəti imitasiya əsas hadisəyə nüfuzedici formada təsir göstərir. Təbiəti imitasiya etmək birbaşa söyləyici problemi ilə bağlıdır. O, uşaq nağılının personajının dilinə təbiətdəki prosesləri daxil etməklə onun canlı obrazının uşaq təsəvvüründə yaranmasına səbəb olur. Məsələn, "Şəngülüm, Şüngülüm, Məngülüm" nağılında nağılçı təbiəti imitasiya etmə yolundan istifadə etməsə, nağıl sönük şəkildə olar və uşaq düşüncəsinə təsir edə bilməz. Məhz söyləyici canavarı təqdim edərkən uyğun şəkildə onun səsinə qorxu, ana keçinin səsinə şəfqət, balalarının səsinə titrəyiş verir. Bu səslərin hamısı ildırımın səsinin (qorxu), yağışın səsinin (şəfqət), küləyin səsinin (titrəyiş) müəyyən izlərini xatırladır. Bu həm də uşaq nağılının personajının nitqində hiss olunur. Təbiəti imitasiya etmə uşaq nağıllarının obrazlarının xarakterik xüsusiyyətlərinə uyğun gələn həm də psixo¬loji hadisədir. Məsələn, qurd qışı, keçi yazı, ilan torpağı, zoomorfik obrazlar meşəni təcəssüm etdirir. Deməli, təbiət üzvləri təsəvvürdə hər hansı bir nağıl obrazının yaranmasına animistik, fetişist, zoomorfik, antropomorfik, totemik təsir göstərir. Bu təsir sehirli, heyvanlar, məişət və s. nağıllardakı kimi birbaşa təsirdə deyil, uşaq xarakterinə, dünyagörüşünə uyğun şəkildədir.
İkincisi, alleqorik məzmun daşıyan uşaq nağılları insan təbiətini imitasiya etməyin bir forması kimi yaranıb. Uşaq nağıllarında heyvan təbiəti ilə insan təbiəti arasında alleqorik yaxınlıq var. Bu da birbaşa psixologiyanın predmeti olub davranış tiplərinə aiddir. Heyvanın davranış tipləri vəhşi təbiətin sərt qanunlarına tabedir. Vəhşi heyvanın parçalamaq ehtirası onun yaşamaq uğrunda apardığı mübarizənin nəticəsində formalaşır. İnsanın da xarakterində bu ehtiras var. Bizcə fərq ondadır ki, insan bunu şüurlu surətdə, heyvan isə təhtəlşüurun təsiri ilə icra edir. Məsələn, "Aslanın nağılı"nda aslanın yırtıcılığı, parçalamaq ehtirası vəhşi təbiətdə hökmranlıq etmək ambisiyasından irəli gəlir. O güclüdür, buna görə də zəifləri parçalamaq ehtirası onun vəhşi təbiətindən doğur. Nağılda onun bu xarakterini uşaq psixologiyasına uyğunlaşdırıb başa salmaq nağılçının vəzifəsidir. Nağıldan belə bir nəticə çıxır: Aslanın parçalamaq xüsusiyyəti "mənəm-mənəm" deyən insanların alleqoriyasıdır. Həm də belə bir nəticə də çıxarmaq olar ki, insanlara məxsus acgözlük, hiyləgərlik, yaltaqlıq və s. kimi mənfi xüsusiyyətlər uşaq nağıllarındakı obrazların üzərinə köçürüləndə onun düşüncəsinə təsiretmə vasitəsi olub, tərbiyəedici funksiya daşıyır. Nağıllarda heyvanlar insan cizgiləri qazanır, bu, uşaqlara təkcə heyvanlar aləmi haqda yox, insan cəmiyyəti haqqında da məlumat verir. O, sadəcə olaraq bu xüsusiyyətlərlə tanış olur, onun dərki isə sonrakı yaş dövründə baş verir.
Nağılda heyvanlar ierarxiyaya tabedir: güclü heyvanı başçı kimi tanıyırlar. Bu ierarxiya nağıllarda və hətta təmsillərdə də var. Uşaqlar heyvanlar haqqında nağılları daha asan mənimsəyirlər, bu, xalq pedaqogikasının təcrübəsi əsasında sınaqdan çıxarılıb. Prof. Yəhya Kərimov nağılların oxusunda 6 xüsusiyyəti – oxunun təşkili, nağıl qəhrəmanının xarakteristikasını verməyi, qiymətləndirməni, nağılların didaktik təsirini araşdırmağı, ifadəli nəqletməni həyata keçirməyi, nağıl üzrə planın tərtibini, nağıl personajını şagirdlərin təsəvvüründə canlandırmaq üçün əyani vasitələrdən istifadə etməni misal göstərir.
Uşaq nağıllarındakı enerji, hərəkət, fəaliyyət, yumor uşağa xoş gəlir. Heyvanlar haqqında nağıllarda dərin yumor hissi var. Bu, uşaqları hissiyyatlı olmağa, şənlik etməyə, əylənməyə sövq edir. Yumor uşaqlarda reallıq hissini inkişaf etdirir. Nağıllarda qəm də var. Burada əyləncədən, sevincdən kədərə keçidlər baş verir. Bu da uşağın emosiyasına təsir edir. O, bütün hadisə və əhvalatları təbii qarşılayır, onda bu proseslərə şübhə yaranmır. Məişət nağıllarında da komizm, əyləncə var. Bu, xalq gülüşündən irəli gələn, satirik, ironik, yumorlu gülüşdür. Bu yumorlu gülüşün köməyi ilə məişət nağılları əsas cizgilərini itirir, məişət xarakterli "Cik-cik xanım" kimi uşaq nağıllarına çevriləndə gülüş də öz funksiyasını balacanın təbiətinə uyğunlaşdırır. Deməli, məişət nağıllarındakı gülüş uşaq nağıllarının yaranmasında iştirak edərək, onu xüsusi inkişaf səviyyəsinə çatdırır.
Konkret olaraq uşaq nağıllarındakı heyvan obrazlarının alleqoriyasından danışarkən bu alleqorikliyi yaradan insana məxsus cəhətlərin – acgözlülüyün, ikiüzlülüyün, paxıllığın, hiyləgərliyin, yalançılığın bir sifət kimi uşaq nağılı obrazlarının üzərinə köçürüldüyünün şahidi oluruq. Bu psixoloji sifətlərin "Tülkü, tülkü, tünbəki" nağılındakı heyvanlara nağılçının dili ilə şamil edildiyinin şahidi oluruq. Nağılda tülkünün dili ilə heyvanların xarakteri sadalanır. Bu heyvanların psixoloji alleqoriyasını tülkü belə verir: ayı axmaqdır; qurd acgözlükdən ulayandır; çaqqal çavuşdur, özünü gözə soxandır; ilan qamçıdır, yəni ikiüzlü heyvan kimi qıvrılandır; tısbağa çanaqdır, qınına girəndir; tülkü özü isə hiyləgərdir, öz hiyləsi ilə bütün heyvanları məhv edir.
Uşaq nağılları psixoloji aspektdə də inkişaf edir. Orada pedaqoji təlim-tərbiyə məsələləri ilə bərabər psixoloji tərbiyə və psixoloji hazırlıq məsələləri də yer alır. Balacaların mənəvi tərbiyəsində uşaq nağıllarının ideya-bədii cəhətdən psixoloji yöndə təsirlərini də qeyd edə bilərik. Psixoloqlar uşaq nağıllarının təsiri baxımından onların yaş dövrünü belə ayırd edirlər: körpəlik dövrü (1 yaşa qədər); erkən uşaqlıq dövrü (1 – 3 yaş arası); məktəbəqədər yaş dövrü (3 – 7 yaş arası); balaca məktəbli yaş dövrü (7 – 10 yaş arası); yeniyetməlik yaş dövrü (15 – 18 yaş arası).
Uşaq nağıllarındakı alleqoriklik balaca dinləyiciyə yuxarıda qeyd olunan psixoloji xüsusiyyətləri dərk etməyə kömək edə bilir. Əgər təbiət təsviri ilə bağlı olan nağıllarda o, təbiəti anlama üsulunu başa düşürsə, alleqorik məzmun daşıyan nağılda adı çəkilən və çəkilməyən insan psixologiyasının tipik xüsusiyyətlərini də bu yolla dərk etməyə çalışır.
Uşaq nağıllarındakı alleqorikliklə alleqorik nağıllar arasında müəyyən fərqlər var. Əvvəla, alleqorik nağıllar heyvanlar haqqında nağılların tərkib hissəsidir. İkincisi, alleqorik nağıllarda heyvanlar insan kimi dil açıb qəhrəmana yol göstərmək istəyir. Alleqorik nağıllarda sehir, cadu, tilsim, bir sözlə, sehirli vasitələr iştirak edir. Məsələn, belə nağıllarda at insan kimi danışır, onun hami funksiyası vardır, yəni totem kimi fəaliyyət göstərir. Prof. A.Nəbiyev qeyd edir ki, "Heyvanlar haqqındakı nağıllarda güclü alleqoriya var. Bu, əcdadın əqli inkişafına müəyyən mərhələdə mühüm təsir göstərib". Əcdadın əqli düşüncəsində arxaik tərzdə hər şeyin nitqə malik olması, hətta allahların da danışmaq qabiliyyətinə malik olması ideyası yaranıb. Bu, bir psixoloji haldır. Onun nitqinin tam formalaşmadığı bir dövrdə totem əcdadın bu xüsusiyyətə malik olması psixoloji inamın nəticəsidir ("Totem ata bizdən yaxşı danışır" düşüncəsi). Məhz bu səbəbə görə nağıllarda totem heyvanlar insan kimi dil açır.



Ramil Əliyev
filologiya üzrə elmlər doktoru,
professor