Abrek həyatı Qoxmaz Qorxmazovun «Qisas qılıncı» roman-dilogiyasında Ədəbiyyat

Abrek həyatı  Qoxmaz Qorxmazovun «Qisas qılıncı» roman-dilogiyasında

Qaraçay nəsrinin inkişaf xüsusiyyətlərinə nəzər salarkən biz həm də Qoxmaz Qorxmazovun "Qisas qılıncı" roman-dilogiyasından söhbət aça bilərik. Bu əsərin də özü-özlüyündə xeyli dərəcədə ənənəvi mövzuya həsr olunmasına baxmayaraq, müəllif onun təqdimatını orijinal şəkildə həll etməyə çalışmışdı. Qaraçay ədəbiyyatında yaranmış əvvəlki dövr romanları ilə müqayisədə tarixi mövzuya baxış burada bir qədər fərqli rakursda həll edilir. Belə ki, Q. Qorxmazov əsərdəki hadisələri daha dəqiq və gerçəkliyə söykənən tarixi fonda nəzərdən keçirir, əsərdə bir sıra mühüm sosial məsələlər gündəmə gətirilir, xalq həyatı və onun taleyində yaşanmış problemlər daha konkretliyi və tamlığı ilə diqqət mərkəzinə çəkilir.
Romanın problematikası son dərəcə maraqlı olduğundan əsəri isti izləri ilə təhlil edən Qaraçay ədəbiyyatşünası S. Akaçiyeva onun müxtəlif məsələlərinin öyrənilməsini əvvəl məqalələrində, sonra Qaraçay ədəbiyyatında roman janrının təşəkkülü və inkişafına həsr etdiyi namizədlik dissertasiyasında və eyniadlı monoqrafiyasında təhlil obyektinə çevirib. 1930-1950-ci illər Qaraçay romanı ilə müqayisədə 60-70-ci illərdə qələmə alınmış bu roman xalq taleyinin və milli problemlərin həll olunmasında xeyli irəli gedib. Q. Qorxmazovun "Qisas qılıncı" romanı və digər bu tipli romanlarda Qaraçay cəmiyyətinin müxtəlif təbəqələrinin həyatının bədii tədqiqi aparılıb, kəndli və digər əməkçi kütləsindən olanların hüquqsuzluğu, səhər tezdən gecəyə qədər belini əyib ailəsini aclıqdan xilas eləmək üçün çalışıb-vuruşan sadə insanlar təsvir obyektinə çevriliblər. Q.Qorxmazovun "Qisas qılıncı" romanında eyni zamanda qaraçaylıların və malkarların dostluğu, abreklik və atalıq mövzuları öz əksini tapıb.
Yeri gəlmişkən bildirək ki, qaraçaylılarda və digər dağlı xalqlarında ailələrdə "atalıq", yaxud "əmçəkkə" kimi ritual qaydaları mövcud olub. Dağlıların qatı milli xarakterinə görə ər öz arvadı ilə evdən kənarda nə atasının qarşısına çıxa, nə də başqalarının qarşısında uşaqlarını əzizləyə bilməzdi. Varlılar və knyazlar öz uşaqlarını tərbiyə olunmaq üçün həddibuluğa çatana qədər başqa ailələrə verirdilər. Başqa ailələrdə tərbiyə olunan uşaqlar da öz tərbiyəçiləri qarşısında "atalıq" borcunu doğma valideynlərinə göstərdikləri kimi göstərməyə borclu idilər…
Q.Qorxmazovun "Qisas qılıncı" romanını təhlilə cəlb edən Sofya Akaçiyeva "Qaraçay romanı" adlı sanballı monoqrafiyasında bu romanın osetin yazıçısı Y.Uruymaqovanın "Həyata kömək" ("Osetinlər") romanı ilə xeyli məqamlarının səsləşdiyini qeyd edir. Qeyd etmək yerinə düşər ki, Qaraçay və Osetin yazıçılarının əsərlərində özünü büruzə verən mövzu və problem yaxınlığı bu xalqların tarixi, iqtisadi və mədəni həyatındakı yaxınlıqlarla bağlıdır. Bundan başqa burada epik ənənələrin də müəyyən dərəcədə yaxınlığı nəzərə çarpmaqdadır. Bu əsərlərdəki süjet yaxınlığı hər iki romanda təsvir obyektinə cəlb edilmiş müxtəlif sosial qruplara məxsus iki ailənin tarixi və onlar arasındakı sosial konfliktin işlənməsi ilə bağlıdır. Eyni süjet xəttini biz həm də kabardin yazıçısı X.Teunovun "Şoqemokovlar tayfası" romanında da görə bilərik.
Qorxmaz Qorxmazovun "Qisas qılıncı"nın birinci kitabının süjeti kasıb Aslankirlə kasıblaşmış zadəgan varlı İsmayıl bəy arasında olan qarşılıqlı münasibətlərinin tarixi üzərində qurulub. Romanın birinci kitabı nəinki süjetin ustalıqla qurulması, həm də əsərdə iki aparıcı süjet xəttinin bir-birini qarşılıqlı şəkildə tamamlaması ilə bağlıdır. Yazıçı İsmayıl obrazını xüsusilə yaxşı yapıb. İsmayılın xarakteri müxtəlif insanlarla ünsiyyətdə açılır. İnsanlarla münasibətdə onların əməyinin ödənilməsində və s. məqamlarda onun əsil siması göz önünə gəlir. D.Kubanovun "Dağlarda səs" romanında olduğu kimi Q.Qorxmazovun "Qisas qılıncı" romanında da "ağsaqqal", "təkə", "şapa" kimi ənənəvi folklor obrazlarından geniş istifadə olunmuş, Şimali Qafqaz ədəbiyyatları üçün ənənəvi olan dağlı qadınlar obrazlarına geniş yer verilib.
İkinci kitabın da süjetində birinci kitabda olduğu kimi inqilabaqədərki Qaraçayda olan bir sıra ailələrin xronikası verilir. Obrazlar sistemində iki düşmən düşərgə təsvir olunur. İkinci kitabda iştirakçı personajların sayı kifayətqədər çoxdur. Xalq içindən çıxmış Temircan, onun arvadı Ulduz, qızı Nalcan, Daycan, İlxıçı, çoban Aysandır, Uğurlu, dəmirçi Aslan, xidmətçi qoca qadın Kurmanqız və başqaları bu qəbildəndir. Varlı İsmayıl obrazı romanın ikinci kitabında da yer almışdır. Burada müsəlman ruhaniləri nümayəndəsinin obrazı da qeyd edilməlidir. Eyni zamanda romanda aul nəzarətçisi, qanun "keşikçisi" Soltan obrazı realist boyalarla verilməklə onun iç üzü yetərincə ustalıqla və dolğun açılıb. Q.Qorxmazovun "Qisas qılıncı"nda istismarçılar tərəfindən kasıbların alçaldılmasını, incidildiklərini, ac-yalavac yaşadıqlarına görə qisas aldıqları təsvir olunur. Yazıçının burada başlıca xidməti dağlıların XX əsrin əvvəllərində necə çətin və ağır vəziyyətdə yaşadıqlarını, xalqın milli şüurunun dirçəlməsini, onun işıqlı həyat uğrunda mübarizəsini uğurlu şəkildə əks etdirməsindədir.


Nizami Tağısoy
professor