XIX əsr yeni türk ədəbiyyatının yaradıcılarından biri - İbrahim Şinasi Ədəbiyyat

XIX əsr yeni türk  ədəbiyyatının yaradıcılarından biri - İbrahim Şinasi

Şinasi (1824-1871) XIX əsr yeni türk ədəbiyyatının yaradıcılarındandır. O, eyni zamanda Türkiyədə qəzetçiliyin qabaqcıl nümayəndələrindən, fransız dilindən olunan mənzum tərcümələrin, ilk səhnə əsərlərinin müəlliflərindən biridir. İbrahim Şinasi 1824-cü ildə İstanbul ətrafında yerləşən Topxanada anadan olub. Atası 1828-ci ildə rus-türk müharibəsində həlak olub. Bundan sonra ailənin bütün qayğısını çəkmək Şinasinin anasının üzərinə düşür. O, oğlunun təhsilinə xüsusi maraq göstərir. Buna görə də, İbrahimi Topxanadakı məhəllə məktəbinə qoyur. Təhsilini başa vurduqdan sonra atasının dostları Şinasini Topxanada dövlət dairələrindən birində yazı işləri bürosuna işə düzəldirlər. Bura avropasayağı bir yer idi. Məmurlarm əksəriyyəti fransızlar idi. Şinasi burada yüksək rütbəli dövlət və mədəniyyət adamları ilə tanış olur, onlardan çox şeylər öyrənir. Məsələn, o, İbrahim Əfəndinin köməyi ilə Şərq elmi-fəlsəfi dəyərlərini və mədəniyyətini yaxından mənimsəyə bilir. Şinasi eyni zamanda Qərb mədəniyyətinə də rəğbət bəsləyir, xüsusilə fransız dili və ədəbiyyatını öyrənməyə meyl göstərir. Bir fransız zabiti ona fransız dilini öyrədir. Həmin zabit sonralar müsəlmanlığı qəbul edir və Türkiyədə Rəşad bəy adı ilə tanınır. Qeyd edək ki, sarayda məsul vəzifədə çalışan Rəşid Paşanın da Şinasinin həyatında mühüm rolu olub. Şinasi Rəşid Paşadan daim qayğı görmüş, ona həsr etdiyi bir qəsidəsində Rəşid Paşaya olan məhəbbətini özünəməxsus formada izhar edib. 1848-ci ildə Şinasi fransız dilini və mədəniyyətini yaxından öyrənmək, eyni zamanda təhsil almaq məqsədi ilə Parisə getməyi planlaşdırır. Rəşid Paşa Sultan Əbdülməciddən razılıq alır və Şinasi 1849-cu ildə Parisə yola düşür. Şinasi türk imperatorluğunun Parisə göndərdiyi ilk tələbələrdən idi. O, təxminən 5 il müddətində Fransa həyatı ilə tanış olur, Avropa iqtisadi və mədəni modelinin ölkəsində tətbiqinə maraq göstərir. 
Şinasi sonralar maliyyə işlərini öyrənmək üçün İstanbuldan rəsmi göstəriş alır. Təhsil almaqla yanaşı, maliyyə nazirliyində də işləyir.
O, 1854-cü ildə Türkiyəyə qayıdır. İlk illər Topxanada, sonra isə Məclisi - Maarifdə çalışır. Şinasi Avropadan gəldikdən sonra yeni üslubda yazdığı bədii əsərlərini çap etdirir. 1859-cu ildə fransızcadan tərcümə etdiyi mənzum əsərlərdən ibarət bir toplusu işıq üzü görür. Bu əsərlər onun Avropa ədəbiyyatına doğru ilk addımı hesab olunur.
Şinasi Türkiyədə geniş planda fəaliyyət göstərir. O, Türkiyədə Avropa standartlarına cavab verə biləcək bir qəzetin çap olunmasını istəyirdi. O, ilk yeni türk qəzetçiliyinin əsası hesab olunan "Tərcümani- əhval" (1860) qəzetində məqalələr çap etdirdi. Qəzetin 24-cü sayından sonra bu qəzet ilə əlaqəni pozmuş və təkbaşına "Təsviri-əfkar" (1862) adlı qəzet buraxmışdır. "Təsviri-əfkar" qəzetçilik sahəsində özündən əvvəlki "Tərcümani-əhval’’dan daha çox iş gördü və böyük problemlərə toxundu. Qəzet yeni türk ictimai fikir və ədəbiyyatı tarixində yeni mərhələ hesab olunur. Bir çox ictimai və digər məsələlərin ciddiliyi, ziddiyyət və narahatlıqların son həddə çatması Şinasinin qəzeti Namiq Kamala təhvil verərək Parisə yola düşməsinə səbəb oldu. 1864-cü ildə Parisə gələn Şinasi qələmi yerə qoymamış, böyük bir türk lüğəti hazırlamaqla məşğul olmuşdur. Onu da qeyd edək ki, Namiq Kamalm Parisə getməsindən sonra isə "Təsviri-əfkar" qəzetini Ricaizadə Əkrəm çap etdirmişdir. Sultan Əbdüləzizin 1867-ci ildə Parisə gəlişi zamanı Şinasinin dostu və himayədarı Fuad Paşa onunla görüşür və Şinasini Türkiyəyə geri dönməyə razı salır. Şinasi Türkiyəyə qayıtsa da, təkrar olaraq iki dəfə yenidən Parisə dönür.
Bu illərdə o, fəaliyyətində bədii yaradıcılıqla bərabər, qəzetçiliyə də xüsusi yer verir. Şinasi 1871-ci ildə vəfat etmişdir.
Şinasi Tənzimat ədəbiyyatının əsas yaradıcılarından biridir. O, türk ədəbiyyatına daha çox realist bir nasir və yeni şeir nümayəndəsi kimi daxil olmuşdur. Şinasi Parisdə oxuyarkən anasına yazdığı məktublardan birində qeyd edirdi ki, "din, dövlət, vətən və millət yolunda özümü fəda etmək istərdim." Türk ədəbiyyat tarixlərində qeyd olunduğu kimi, "Şinasi nə parlaq üsluba, nə də yüksək bir sənətkarlığa malik deyildi." Fəqət, onun türk ədəbiyyatında ön yerlərdən birini tutması, yenilik tərəfdarı olması və bu yenilikləri yuxarıda deyildiyi kimi vətən, millət və s. yolunda tətbiq etməsi ilə bağlıdır. Çünki Şinasi, başlıca olaraq, istibdad rejimini tənqid edir, xalqın tərəqqisini bu rejimin məhvində görürdü. Şinasi yeniliyin tətbiqini istibdada qarşı əsas mübarizə vasitəsi kimi qəbul edirdi. O, yaradıcılığında elə problemlərə toxunurdu ki, bunlar bilavasitə xalqın ictimai-siyasi şüurunun oyanmasına, yeni ideyaların duyulmasına təsir göstərirdi. Heç şübhəsiz, Şinasi xalqa onun öz dili ilə müraciət etməyi əsas sayırdı. O, yeni türk ədəbiyyatında sadə dil, asan ifadələr tərəfdarı kimi çıxış edirdi. Unutmaq lazım deyil ki, Şinasi və ona bənzər bir çox sənətkarların əski ədəbiyyat nümunələrindən fərqli sadə dildə yazmalarına səbəb yeni yaranan qəzetçiliyin inkişafı olmuşdur. Çünki bu dövrdə nəşr olunan qəzetlərin böyük əksəriyyəti "saf türkcə" və ya "avam lisanı" deyilən bir dildə idi:

Eşi yox bir gözəli sevdi, bəyəndi könlüm.
Qısqanır kəndi gözündən yenə kəndi könlüm.
...Candan ülfət edəli öylə cavan dilbər ilə,
İstəməm qeyrisini hüri-mələk olsa belə.
Məst olur, zövqü-məhəbbətlə o gözlər bayılır,
Səpilincə üzünə göz yaşım, amma ayılır.
Kəndi hüsnündən utanmış da, qızarmış yanağı,
Üzün örtüb, qapamış saçları başdan aşağı.
Yaxud:
Zülfün düşüncə gərdəni bərrakın üstünə
Büllur içində sünbülü sirabı andırır.

Şinasinin həyatı ilə tanışlıqdan aydın oldu ki, Rəşid Paşa onun həyatında mühüm rol oynayıb, bir sözlə, şairin böyük xeyirxahı olub. Bu səbəbdən Şinasi ona daim rəğbət bəsləyib, yaradıcılığında xüsusi yer ayırıb. Şair bir qəsidəsində Rəşid Paşanı maarifpərvər kimi qiymətləndirir, onu xalqının səadət payı hesab edir:

Qəlbi milətə vücudun ulu bir möcüzədir,
Bu fəhm eyləməyən müdrikəyi-acizədir.
Etdin azad bizi, olmuş ikən zülmə əsir,
Cəhlimiz sanki idi kəndimizə bir zəncir.
Bir itik namədir, insana sənin qanunun,
Bildirir haqqını sultana sənin qanunun.
Sən kimi ağlı olan qan tökərək günmü sürər?
Vəchi namusuna ol qan ilə düzgünmü sürər?

Şinasi elə bir orijinal üsluba malik sənətkardır ki, sənətində sadəliklə yanaşı, konkretlik də özünü göstərmişdir. Onun yaradıcılığında bu baxımdan diqqəti cəlb edən əsərlərdən biri də "Şair evlənməsi"dir (1859). Əsər Avropa sənət ölçülərinə uyğun yazılan ilk səhnə əsərlərindəndir. "Şair evlənməsi" bir pərdəli komediyadır. Onu da qeyd edək ki, əsər avropasayağı modelə uyğun yazılsa da, milli bir teatr örnəyi kimi qəbul olunub. Əsərin mövzusu adi həyatdan götürülmüşdür. Burada məişət problemləri diqqət mərkəzində saxlanılır. "Şair evlənməsi" komik üslubda yazılsa da, burada müəyyən dramatizm də vardır. Hər şeydən əvvəl, türk ədəbiyyat-şünasları Şinasinin bu əsəri ilə "Molyer komediyaları arasında bir yaxınlıq və bağlılıq" görürlər. Molyer komediyalarının faciənin yanından keçməsi fikrinin dəqiq və düzgünlüyünə əsaslansaq, onda "Şair evlənməsi" komediyasında məişət problemləri daxilində özünü göstərən dramatizmin gərginlik səviyyəsinin böyüklüyü şübhəsiz qəbul olunar. Əsərin əsas obrazı Müştaq bəydir. Şairlik edən bu şəxs məhəllədəki Qumru xanım adlı bir qızı sevir. Şinasi Müştaq bəyin Qumruya olan məhəbbətini, ona qəlbən bağlılığını belə ifadə edir:

Bir Qumrusan sən,
Təbə müvafiq.
Yapsam yuvanı,
Sinəmdə layiq.
Can ilə könüldən Mən oldum aşiq.
Yapsam yuvanı,
Sinəmdə layiq.

Lakin onların sevgilərinə mane olanlar var. Məhəllə imamı, Ziba və Həbibə adlı qadınlar belə şəxslərdəndir. Məhəllə imamı Müştaq bəyə sevdiyi Qumrunun yaşca kiçik olduğunu bəhanə gətirərək, yaşca böyük olan başqa birisini nigahlayır. Müştaq bəyin dostu Hikmət əfəndi imama rüşvət verəndən sonra hər şey dəyişir. Məhəllə imamı qeyd edir ki, "mən böyük qızın nigahını kəsmişəm, fəqət yaşca yox, boyca böyük olan Qumru xanımın." Beləliklə, Müştaq bəy öz sevgilisinə qovuşur. Müəllif burada zahirən adi, daxilən ciddi problemləri yığcam şəkildə verə bilmiş, dövrün, cəmiyyətin ziddiyyətlərinə müdaxilə edibs. Qeyd edək ki, Şinasi ədəbiyyatda "sözü uzatmadan" fikir söyləyən sənətkar kimi tanınıb. Adı çəkilən komediyada da bu cəhət başdan-başa özünü göstərib.
Şinasi yaradıcılığında əsas yerlərdən birini şeirləri tutur. Düzdür, onun kəmiyyət baxımından o qədər də böyük olmayan bədii yaradıcılığı içərisində şeirləri də azlıq təşkil edir. Şairin bütün şeirləri ilk dəfə 1862-ci ildə "Divani-Şinasi" adlanan kiçik bir kitabçada çap olunub. Kitabda klassik Şərq divan şeir şəkillərində yazılmış lirik nümunələrlə yanaşı, bir sıra həcv, satirik mənzumələr də var. Onu da qeyd edək ki, Şinasinin Sultan Əbdülməcidə rəğbəti olduğu üçün ona mədhiyyələr yazıbs. Əksinə, Sultan Əbdüləzizə isə başqa bir planda yanaşıb. Daha doğrusu, yaradıcılığında Əbdüləzizə biganə və ögey bir münasibət özünü göstərib.
Şinasi Qərb meyilli sənətkar olduğundan Avropa dillərinə, xüsusən fransız dilinə böyük rəğbət bəsləyirdi. Bu səbəbdəndir ki, Şinasi türk ədəbiyyatında ilk dəfə fransız dilində şeir yazan sənətkar hesab olunur. Şinasi yaradıcılığında folklora böyük maraq hiss olunur. O, Osmanlı atalar sözlərindən ibarət bir kitab tərtib edib, türk şifahi xalq yaradıcılığı nümunələrinin zənginliklərini nümayiş etdirib.
Şinasi türkcə şeirlər yazıb onların bəzilərini fransızcaya tərcümə etdiyi kimi, fransızcadan da türkcəyə şeirlər tərcümə edib. Fransanın məşhur şairləri olan Rassini, Lamartin, Lafonten, Jilbert, Fenelon və b. şeirlərini türkcəyə tərcümə edən Şinasi onların əsərlərini ilk dəfə 1859- cu ildə "Tərcümeyi-mənzumə" adı altında çap etdirib. Bu yolla Şinasi həm fransız şeir dilini türk dilinə yaxınlaşdırıb, həm də Avropa şeirinin Türkiyəyə gəlişini sürətləndirib.

Elman Quliyev
Filologiya üzrə elmlər doktoru, professor