“Avropada antisemitizm artır” Siyasət

“Avropada antisemitizm artır”

"İsrael Hayom" qəzeti: "Fransa, Belçika və Almaniyada yəhudilərə münasibət mənfi istiqamətdə dəyişib"

Avropada son dövrlərin əsas problemlərindən biri köhnə qitə əhalisi arasında antisemitizm meyllərinin daha da artmasıdır. Bu kimi hallar yəhudilərin narahatlığının artmasına gətirib çıxarıb. Bununla əlaqədar İsrailin nüfuzlu "İsrael Hayom" qəzetində yazar Abraham Foksmanın "Antisemitizmin Avropada artması: tarix təkrarlanır" başlıqlı məqaləsi dərc olunub.
Məqalədə bildirilir ki, son dövrlərdə Avropada antisemitizmin artması barədə qorxunc məlumatlar əldə olunub: "Paris və Kopenhagendə yəhudilər öldürülür, kütlə sinaqoqlara hücum edir. Artıq yəhudilər yeni hücumlardan təlaşa düşüblər. Sözsüz, biz gizli olmayan yeni antisemitizmlə üzə-üzə qalmışıq. "Anti-Defination League"(ABŞ-da antisemitizm əleyhinə fəaliyyət göstərən təşkilat-müəl.) tərəfindən 2014-cü ildə yüz ölkədə araşdırma aparılıb. Nəticələrə əsasən, Fransa, Belçika və Almaniyada yəhudilərə münasibət mənfi istiqamətdə dəyişib. Bu ölkələrdə yəhudilərə qarşı zorakılıq hallarına təsadüf olunub. Üç ölkədə gözləmədiyimiz halda antisemitizm hallarının artmasına görə biz bunun səbəblərini axtarmağa başladıq. Lakin Fransada sorğuda iştirak edənlərin yarısı siyasi liderlərinin antisemitizmi tənqid etdiyini və dövlətin bununla aktiv mübarizə apardığını qeyd edib".
Yazarın sözlərinə görə, on il ərzində "Anti-Defination League" təşkilatı ABŞ və digər ölkələrin liderlərini antisemitizmin səbəbləri ilə mübarizə aparmağa çağırıb: "Bizim araşdırmalarımız da göstərir ki, ABŞ başda olmaqla bir çox ölkələrin rəhbərləri bu haqda çıxışlar etsə də, bu ölkələrdə antisemitizm halları daha da artıb. Keçən il Fransanın baş naziri Manuel Vals və prezident Frasua Olland antisemitizmə qarşı çıxışlar ediblər. Həmçinin Almaniyanın kansleri Angela Merkel də keçən ilin sentyabrında antisemitizm hallarının artmasını tənqid edib. Ötən ilin oktyabr ayında Belçikanın baş naziri olan Şarl Mişel antisemitizm halları ilə mübarizə aparmaq haqqında danışıb. O, etiraf edib ki, əvvəlki hökumət üçün bu problemin həlli o qədər də maraqlı olmayıb. Mən düşünürəm ki, digər Avropa liderləri də bundan nümunə götürməlidirlər. Bizə elə gəlir ki, daha az insan yəhudilərə qarşı olan fikirlərə açıq etiraz edir. Lakin Belçikada, Fransada və Almaniyada baş verən faciəvi hadisələrdən sonra daha az insan antisemitizm fikirlərini açıq bildirir. Yəni bəzi insanlar bu haqda olan düşüncələrini gizlətməyə çalışırlar. Lakin builki sorğunun nəticələri 2014-cü il ilə üst-üstə düşür. Yəni Avropada antisemitizm halları hələ də azalmayıb. Həmçinin Avropa ölkələrində yaşayan müsəlmanlar arasında da antisemitizm hallarının artdığı müşahidə olunub. Belə ki, "Anti-Defination League" təşkilatı İtaliya, Fransa, Almaniya, Böyük Britaniya və Belçika müsəlmanları arasında da bu haqda sorğu keçirib. Sorğunun nəticələrinə görə, Avropada yaşayan müsəlmanların 55%-i antisemitizm fikirlərini bölüşür. Həmçinin Avropanın müsəlman olmayan əhalisinin 11-29%-i antisemitizmi dəstəkləyir. Lakin Avropa dövlətlərində qeydə alınan bu göstərici Şimali Afrika və Yaxın Şərq dövlətlərindən xeyli azdır. Bu bölgələrdə əhalinin 75%-i antisemitizm fikrində olduğunu açıq bildirir".
A.Foksmana görə, "Anti-Defination League" təşkilatı müəyyən edib ki, əgər bir insan yəhudilər haqqında 6 və daha çox stereotipə malikdirsə, o, antisemitizm düşüncəli hesab edilir: "Ümumilikdə bu haqda 11 stereotip müəyyən edilib. "Yəhudilər dünyada qlobal hökmranlığa can atır" stereotipi insanlar arasında daha çox yayılıb. Bu barədə Avropa müsəlmanları ilə digər müsəlmanlar arasında o qədər də fərq yoxdur".
Məqalədə vurğulanır ki, antisemitizm ilə mübarizənin əsas yollarından biri yəhudilərə edilən hücumların qarşısının alınmasıdır: "Lakin bu ölkələrdə bu məsələyə baxışı kökündən dəyişmək lazımdır. Antisemitizm ilə mübarizə ilk növbədə cəmiyyəti maarifləndirməklə başlamalıdır. Həmçinin bu haqda olan qanunlar barəsində də insanlara məlumat vermək lazımdır. Antisemitizm ilə mübarizədə siyasi liderlər öz nitqlərini sərtləşdirməli və buna daha çox vaxt ayırmalıdır. Onlar öz vətəndaşlarını antisemitizmlə mübarizə aparmağa inandırmalıdırlar. Bu mübarizədə vətəndaş cəmiyyəti və biznesmenlər, müəllimlər və jurnalistlər, dini liderlər və tələbələr, valideynlər və uşaqlar, vəkillər və hüquq-mühafizə orqanlarının işçiləri də yer almalıdır. Belçika əhalisinin 68, Almaniyanın 78, Fransanın isə 77%-i bununla razıdır. Lakin bu dövlətlərin əhalisi arasında hələ də antisemitizm fikirlərini bölüşən insanlar mövcuddur. Biz bu faizi 100-ə çatdırmağa çalışmalıyıq. Yəni insanlar bilməlidir ki, yəhudilərə edilən hücumlar həmçinin onların da həyat tərzinə mənfi təsir göstərir".