Nazirlərin görüşü nə vəd edir? Siyasət

Nazirlərin görüşü nə vəd edir?

Elşən Həsənov: "Putin Gürcüstanın Türkiyə və Azərbaycanla münasibətlərindən də narahatdır"

Qabil Hüseynli: "Bu gün region dövlətlərinin qoşulduğu layihələrə, o cümlədən Gürcüstan üçün ciddi təhlükə yaranb"
Cavid
Noyabrda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti görüşü planlaşdırılır. Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzenin jurnalistlərə vetdiyi məlumata görə, görüşdə regional əməkdaşlıq məsələləri müzakirə ediləcək. Tərəflərin ilk üçtərəfli görüşü 2012-ci ilin iyununda Türkiyənin Trabzon şəhərində keçirilib və indiyədək bu formatda 4 görüş baş tutub.
Nazirlərin görüşü müxtəlif aspektlərdən izah edilir. Politoloq Elşən Həsənovun fikrincə bu üç dövlət regionda bir-biri ilə sıx əməkdaşlıq edir: "Həm də bu dövlətlər strateji müttəfiq hesab edilirlər. Bir sıra iqtisadi layihələrdə iştirak edirlər. Bu üç dövləti bir-birinə bağlayan digər məqam isə təcavüzə məruz qalmalarıdır. Xüsusən də son aylarda türkiyənin PKK tərəfindən, Gürcüstanın isə Rusiya tərəfindən yenidən hədəfə götürülməsi qonşularımızın narahatlığına səbəb olub. Mənə elə gəlir ki görüşdə əsasən bu mövzulara toxunulacaq. Bundan başqa iqtisadi layihələrin də müzakirəsi danılmazdır. Rusiya hər vəchlə bu dövlətlərin qoşulduğu iqtisadi layihələri əngəlləməyə çalışır. Gürcüstan Rusiyadan əziyyət çəkir. Tiflisin əsas məqsədi Moskva ilə münasibətlərini normallaşdırmaqdır. Amma Rusiyanın işğalçılıq siyasəti buna imkan vermir. Putin Gürcüstanın Türkiyə və Azərbaycanla münasibətlərindən də narahatdır. Amma bütün hallarda bu dövlətlərin regionda eyni və tarazlı siyasət yürütməsi normaldır".
Politoloq Qabil Hüseynli isə bildirib ki, xarici işlər nazirlərinin görüşü vacib bir məsələyə çevrilib. Çünki regionda xeyli problemlər var və bu müzakirə olunmaqla müəyyən qənaətlər formalaşdırılmalıdır.
Q.Hüseynli qeyd edib ki, bu gün region dövlətlərinin qoşulduğu layihələrə, o cümlədən Gürcüstan üçün ciddi təhlükə yaranb. Cənubi Osetiya özünün sərhədlərini Gürcüstanın içərisinə qədər çəkib. Artıq Osetiya gücləri Gürcüstandan Ermənistana gedən şose yolunun 500 kilometrliyində dayanıb: "Beləcə, bir kiliometr 700 metrlik Bakı Supsa kəmərinin ərazisi işğal altına düşüb. Bütün bunları nəzərə alsaq, Gürcüstan təcavüzə məruz qalıb. Üstəlik Abxaziya içərisindən keçərək Tbilisidən İrəvana gedən dəmir yolunun tənzimlənməsi və işə salınması prosesi də gedir".
Politoloq bildirdi ki, bu məsələdə gah Tbilisinin Rusiya ilə gizli sövdələşməyə getdiyi, gah da "dirijor" amilinin olduğu önə çəkilir. Onun sözlərinə görə, bütövlükdə məsələ getdikcə qəlizləşir və gərginləşir:
"Xarici işlər nazirlərinin görüşləri geciksə də, vacib bir məsələyə çevrilib. Çünki problemli məsələlərə aydınlıq gətiriməlidir. Qarşıda - "Bakı Tbilisi Qars" Dəmir yolunun çəkilişindəki problemlər, dəmir yolunun tənzimlənməsi və istismarına Gürcüstan siyasi rəhbərliyi razılıq verəcəkmi, yaxud Gürcüstan tərəfi sərhədin içəriyə doğru çəkilməsinə görə, BMT təhlükəsizlik şurasına niyə müraciət etmir" kimi suallar var və bu görüş bir çox şeylərə aydınlıq gətirəcək.