“Cəmiyyətimizi çoxpartiyalı sistemə hazırlamalıyıq” Siyasət

“Cəmiyyətimizi çoxpartiyalı sistemə hazırlamalıyıq”

Qüdrət Həsənquliyev: "Ümid edirəm ki, millət daha güclü bir parlamentə sahib olacaq. Ümid etmək istəyirəm ki, bu dəfəki parlamentə daha çox gənclər gələ biləcək"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az - a müsahibəsini oxucularımıza təqdim edirik:

- Qüdrət bəy, seçkilərə düz iki ay qalmasına baxmayaraq sosial şəbəkələr olmasaydı nəinki xaricilər, heç Azərbaycan vətəndaşlarının əksəriyyəti noyabrın 1 - də bu ölkədə parlament seçkiləri keçiriləcəyindən xəbər tutmazdı. Bunu hakimiyyətin müxalifət üzərində tam və qəti qələbəsi kimi yozmaq olarmı? Belə çıxır ki, hakimiyyət ümumiyyətlə müxalifəti siyasi səhnədən yerli - dibli çıxarıb...

- Deməzdim ki, siyasi səhnədən çıxarıb. Doğrudur ki, tam passivlik var. Əlbəttə, partiyalar seçkilərə hazırlaşır, namizədlərini müəyyənləşdirir, MSK da mütəmadi olaraq görüşlər keçirir. Hətta YAP regionlarda görüşlərə başlayıb. Təbii ki, maliyyə resursları baxımından digər partiyaların regionlarda bu cür görüşlər keçirmək imkanları yoxdur. Heç kimə sirr deyil ki, bu gün Azərbaycanda YAP-la rəqabət apara biləcək güclü müxalifət partiyası yoxdur. Bu azmış kimi müxalifətin özü də dağınıqdır. Bu da çox təəssüf doğuran bir haldır. Amma bütün bunlara baxmayaraq ölkədə çoxpartiyalı sistem və müxalifət var. Təbii ki, müxalifət yekcins deyil və burada ümumiyyətlə iqtidarı tanımayan inkarçı müxalifət də, hakimiyyətlə normal, sivil münasibətlər qurub çoxpartiyalı siyasi sistemin inkişafında maraqlı olan müxalifət də var. Əlbəttə, Qərb ölkələrində olduğu kimi ciddi rəqabətin olduğunu, oradakı seçkiqabağı aktivliyin müşahidə edildiyini söyləmək mümkün deyil. Bunun da səbəbləri çoxdur. Vaxtilə ölkədə proporsional seçki sisteminin ləğv olunması çoxpartiyalı sistemə öz mənfi təsirini göstərir. ATƏT-in qiymətləndirmə missiyası bu yaxınlarda bizim komitə ilə Bakıda görüş keçirəndə də mən söylədim ki, nəzəri baxımdan mümkündür ki, hansısa partiya parlament seçkilərində 49 faiz səs almasına baxmayaraq bircə deputatla da parlamentdə təmsil oluna bilməsin. Yəni majoritar sistemin ən böyük çatışmazlığı və eybəcərliyi bundan ibarətdir. Bizim seçki platformamızda da bu öz əksini tapıb ki, ölkə əvvəlcə qarışıq sistem əsasında – 50 faiz proporsional və 50 faiz majoritar - seçkilərə getməlidir. 2025 - ci ilin seçkiləri isə tam proporsional seçkilər olmalıdır. Bizim kimi Şərq təfəkkürünə bağlı ölkələrdə və xalqlarda Qərb demokratiyasını inkişaf etdirmək üçün hökmən parlamentli respublika modelinə keçilməlidir. Vaxtilə Atataürk məhz bu reallıqlara görə Türkiyəni parlamentli respublika etdi. Baxmayaraq ki, vaxtilə onun özünü də diktator adlandırırdılar, amma blirdi ki, siyasi çaxnaşmalardan yeganə qurtuluş yolu parlamentli respublika modelidir. Cümhuriyyətimizin banisi olan Məmməd Əmin Rəsulzadə də ölkəni parlamentli respublika modelində görürdü. Yəni o dövr siyasi xadimlərimiz və dövlət adamlarımız da ölkənin inkişafını yalnız bunda görürdü. AXC - nin də 92 - ci ildə hakimiyyətə gəldikdən sonra ən böyük səhvi parlamentli respublika modelinə keçməməsi oldu. Baxmayaraq ki, 91 - ci ildə qəbul olunan dövlət müstəqilliyi haqqında konstitusiya aktında qeyd olunurdu ki, biz 1918 - ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik. Məhz buna görə parlamentli respublikaya keçilməliydi.

- Əks arqument tərəfdarları da iddia edirlər ki, həmin dövrdə Qarabağda qanlı döyüşlər getdiyindən buna vaxt yox idi.

- Bilirsiniz, bu bir bəhanədir. Hakimiyyətdə olan siyasi partiya heç vaxt iqtidarı bölüşmək istəmir və mütləq hakimiyyətə sahib olmaq istəyir. Təəssüf ki, o dövrdə müdriklik və uzaqgörənlik çatışmadı və siyasi iradə ortaya qoyulmadı. Bəzən zamanın azlığını söyləyirlər. Bu da əsaslı arqument deyil. Çünki həmin dövrdə test üsulunun tətbiqinə görə biz qəbulu noyabra qədər uzatdıq. Bunu xatırmaqda məqsədim o idi ki, istək olsaydı onu reallaşdırmaq o qədər də çətin deyildi. Etiraf edək ki, həmin vaxt parlamentli respublika modelinə keçid heç müzakirə mövzusu da deyildi. Bu ondan qaynaqlanır ki, hamımız demokratiyadan danışsaq da millət və fərd olaraq demokratik dəyərlərə daxilən bağlılığımız və sadiqliyimiz yetəli deyil, yəni biz ruhən demokrat deyilik. Xalqımızın da siyasi hazırlığının yetərincə olmaması öz təsirini göstərdi.

- Parlament seçkilərinə BAXCP niyə təkbaşına gedir? Axı keçən seçkilərdə "İslahat" blokunuz vardı...

- Ötən seçkilərdə Böyük Quruluş, Ədalət, BAXCP və Təkamül partiyaları "İslahat" bloku adıyla seçkilərə qoşulmuşduq. Həmin vaxt Təkamül Partiyasının sədri olan Teyyub bəy indi BAXCP-də Ali Məclisin sədridir. Digər partiyalardan da belə bir təşəbbüs olmadığına görə bu dəfə hər partiya ayrılıqda seçkiyə getməyə qərar verib. Amma mən hesab edirəm ki, hələ də gec deyil. Təşəbbüs olsa yenə də blok şəklində seçkilərə qatılmaq mümkündür.

- Olmaya arada hansısa inciklik oldu deyə "İslahat"ın ömrü bircə seçkiyə çatdı?

- Sözün doğrusu, aramızda heç bir narazılıq və ya fikir ayrılığı da olmayıb. Amma o da etiraf olunmalıdır, təşəbbüs də olmayıb ki, blok şəklində seçkilərə gedilsin. Xatırladım ki, birinci Fazil bəy tərəfindən seçkilərə təkbaşına qatılmaqla bağlı bəyanat səsləndirlib.

- Ötən seçkilərdən fərqli olaraq bu il parlamentə yeni simaların gətiriləcəyi proqnozlaşdırılır. Hakimiyyət rəsmiləri də bu ilki seçkilərin çox maraqlı olacağı anonsunu verirlər. Sizin qiymətləndirməniz necədir?

- Hər bir seçki əvvəlki seçkilərdən yaxşı mənada fərqlənməlidir və mən də ümid edirəm ki, fərqlənəcək. Ümid edirəm ki, millət daha güclü bir parlamentə sahib olacaq. Ümid etmək istəyirəm ki, bu dəfəki parlamentə daha çox gənclər gələ biləcək. Mən əvvəllər də elə sizin sayta söyləmişdim ki, ölkənin vətəndaş cəmiyyətində və mediasında daha hazırlıqlı, ölkənin ictimai - siyasi proseslərini təhlil etmək iqtidarında olan və vəziyyəti qiymətləndirməyi bacaran kifayət qədər insan var ki, parlamentdə məhz belə simaların olması lazımdır. Belə olsa həm bizim beynəlxalq təşkilatlardakı nümayəndə heyyətlərimizin tərkibi güclənərdi, həm də cəmiyyət parlamentə yeni nəfəs gəldiyini hiss edərdi. Hesab edirəm ki, iqtidarın özü də müdriklik nümayiş etdirməlidir. Yəni bu günki güclü vəziyyətindən istifadə edərək müxalifətin siyasi səhnədən və parlamentdən sıxışdırılıb çıxarılması siyasətindən imtina etməlidir. Əksinə, hakimiyyət müxalifətin indiki zəif vəziyyətini nəzərə alıb çalışmalıdır ki, müxalifətin sırasında kifayət qədər hazırlıqlı və yetkin siyasətçilərin parlamentdə təmsil olunmasına qısqanclıqla yanaşmasın. Nəzərə alınmalıdır ki, ölkəmizdəki bir çox problemlər məhz müxalifətin zəif olmasından və sıxışdırılmasından qaynaqlanır. Parlamentdə normal, güclü müxalifətin olması ölkənin inkişafında həlledici amillərdəndir. Cənubi Qafqazda Azərbaycan yeganə ölkədir ki, parlamentdə müxalifət fraksiyası yoxdur. Taciksitan və Türkmənistan istisna olmaqla MDB məkanında parlament rəhbərliyində müxalifətdən kimsənin təmsil olunmadığı yeganə parlament Azərbaycandadır. Bizdə hətta parlamentdəki komitə sədrinin müavini səviyyəsində də nəinki müxalifət partiyalarından, heç iqtidarı ikiəlli dəstəkləyən partiyaların bir nümayəndəsi də təmsil olunmur. Iqtidar bütün bunları nəzərə almalıdır və nəhayət, parlamentin imicinin dəyişilməsi haqqında düşünməlidir. Bu gün parlamentdə 13 partiya var. Biz bəzən xarici diplomatlarla və beynəlxalq təşkilat təmsilçiləriylə görüşüb söhbət edərəkən onlar görəndə ki, hakim partiyadan başqa digər partiyalardan cəmisi bir nəfər təmsil olunur, o zaman onların üzlərində bir ironiyalı təbəssüm yaranır, bundan sonra lap sənin ağzından qızıl tökülsə və Azərbaycanın haqlı mövqeyini arqumentlərlə ortaya qoysan da qarşımızdakı adamda ölkənin siyasi mühitinin gerçək durumu və parlamentimiz haqqında heç də müsbət olamayan fikir formalaşdığından sənin nə deməyinin önəminə əhəmiyyət verilmir. Yəni bu cür neqativ təəssüratların yaranmaması üçün parlamentdə kifayət qədər partiyadan deputatların təmsilçiliyinə şərait yaradılmalıdır. Ən azı bir neçə deputatla təmsil olunan 3-4 partiya parlamentdə təmsilçilik əldə etməlidir. Yəni biz cəmiyyətimizi yavaş - yavaş çoxpartiyalı sistemə hazırlamalıyıq. Beynəlxalq arenada da ölkə haqqında imic məhz parlamentin necə formalaşması və təmsilçiliyin ölkənin siyasi palitrasını əks etdirməsindən qaynaqlanır.