Avropanı irəli və geri çəkənlər Siyasət

Avropanı irəli və geri çəkənlər

Belçika Senatının fəxri spikeri Ann-Mari Lizin Avropa Parlamentinin sədri Marten Şultsa ünvanladığı etiraz məktubu bu qurumun sentyabrın 10-da qəbul etdiyi anti-Azərbaycan qətnamənin birmənalı qarşılanmadığını göstərdi. Zəruri tərəfdaş olduğu üçün Azərbaycanla münasibətlərin pozulmasından Avropanın zərər çəkəcəyini vurğulayan və bu üzdən, qəbul edilən qətnaməni məntiqsiz davranış kimi şərh edən spiker sənəddə əks olunan ittihamların qərəzli xarakter daşıdığına, real faktlara söykənmədiyinə də işarə edir.
AŞPA prezidenti Enn Brassörün, Avropa Parlamentinin rəhbəri Martin Şults və Aİ-nin Genişlənmə üzrə Komissarı Yohannes Hanın 16 sentyabrda Strasburqda keçirdiklər görüş də Azərbaycana qarşı sərgilənən münasibətin razılıqla qarşılanmadığı qənaətini bir daha möhkəmləndirir. Siyasi qrup liderlərinin iştirakı ilə keçirilən bu müzakirələrin yekunu olaraq bildirilib ki, ortaq həll variantları tapıb vəziyyətdən çıxmaq və Azərbaycanla əməkdaşlığı davam etdirmək vacibdir. Qitədə söz sahibi olan ayrı-ayrı ölkələrlə qarşlıqlı münasibətlər fonunda da Avropa Parlamentinin hərəkətləri yetərincə paradoksal görünür.
Bu istiqamətdə mövcud olan yüzlərlə faktın təhlil edilməsindən çıxan bir nəticə var ki, Avropa Parlamentinin imza atdığı sənədlər heç də həmişə Avropa məkanının rəyini ifadə etmir və kənar təsirlərin nəticəsi olaraq ortaya çıxır. Siyasi gündəmə sürətlə daxil olan bu versiya təkcə ehtimal deyil, həm də son dövlərdə yetərli arqumentlərlə isbatlanan bir reallığa çevrilir. ATƏT Parlament Assambleyasının Azərbaycanda keçiriləcək 1 noyabr parlament seçkilərinin müşahidəsindən imtina qərarını əsaslandırmaq üçün göstərdiyi arqumentlər də bu sıradandır. Ayrı-ayrı ölkələrin nümayəndə heyətlərindən-deputatlardan ibarət olan Assambleyanın ümumi toplantısı keçirilmədən, müzakirələr aparılmadan belə bir qərar qəbul edilib. Bəs ATƏT PA-nın baş katibi Spenser Oliverin adından açıqlanan bu qərar kimlər tərəfindən və hansı əsasla qəbul edilib?
ATƏT PA-nın prezidenti İlkka Kanervan sentyabrın 23-də bu suala cavab olaraq verdiyi açqılamada ciddi məqamlara aydınlıq gətirib. O, qərarlarını ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) addımlarına uyğunlaşdırdıqlarını açıqlayıb. Hansı ki, yuxarıda qeyd olunduğu kimi, ayrı-ayrı ölkələrin nümayəndə heyətlərindən-deputatlardan ibarət olan Assambleya üst qurum, DTİHB isə onun tərkibində, sadəcə, bir departament, bürodur. Ekspertlər bildirirlər ki, Assambleyanın ümumi yığıncaq keçirmədən, yalnız özündən aşağı statusda olan qurumun rəyinə əsaslanmaqla qərar verməsi nə ATƏT-in nizamnaməsinə, nə də məramına uyğun deyil.
Zahirən böyük görünməyən bu məqam, əslində, son dövrdə Avropanın sərgilədiyi bütün paradoksal addımların izahı üçün açar rolunu oynayır. Proseslərin bu yöndən izahı, bölgədə cərəyan edən qaynar proseslərin səbəbləri barədə aydın mənzərə yaradır. İlkka Kanervanın sentyabrın 23-də verdiyi açıqlamadan iki gün öncə, sentyabrın 21-də Varşavada ATƏT-in insan ölçüsü məsələləri üzrə tədbirlərin (HDIM - Human Dimension Implementation Meeting) reallaşmasına dair iclası keçirilib. İclasa qatılmış ABŞ dövlət katibinin keçmiş köməkçisi Devid Kremer sentyabrın 21-dəki məruzəsində Azərbaycana geniş yer ayırıb. O, "Azərbaycandakı repressiyaları" əsas gətirərək, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu noyabrın 1-də keçiriləcək parlament seçkilərinin müşahidəsindən imtina etməyə çağırıb. DTİHB də Kremerin bu çağırışına dərhal reaksiya verib və operativ qaydada 1 noyabr seçkilərini müşahidədən imtina edən açıqlama yayıb. 2 gün sonra, sentyabrın 23-də isə ATƏT PA-nın prezidenti İlkka Kanervanın məlum açıqlması ortaya çıxıb. İlkka Kanervanın bu qədər təcili reaksiyaya vadar edən nə idi? O, ən azı Assambleyanın yığıncağını keçirib bu çağırışı və çağırışa uyğun olaraq atacaqları addımları müzakirə etməli deyildimi?
Faktlar sübut edir ki, ABŞ İkinci Dünya müharibəsindən ötən 70 il ərzində ümumilikdə Avropa məkanını sadə mexanizmlərlə idarə edib: ABŞ-ın bu məkanda maraqları təhlükəyə düşəndə peyk QHT-lərin və dövlətlərarası birliklərin "prinsipiallıq duyğusu" da baş qaldırır. Onlar milli hökumətləri və bu dövlətlərin birliklərini fakt qarşısında qoymaq, güzəştlərə sövq etmək üçün səfərbər olunurlar.
Belə proqramların işlək halda saxlanılması üçün ABŞ-da tam bir dövlət mexanizmi yaradılıb. Avropada yüzlərlə "milli QHT", onlarca dövlətlərarası qurumlar var ki, onlar öz fəaliyyətlərini istisnasız olaraq Vaşinqtonla koordinasiya edir, okeanın o tayından gələn tapşırıqları yerinə yetirirlər. Məkanı Avropa, ürəyi isə Amerika olan bu peyk təşkilatları ayaqda saxlamaq və lazımi anda hərəkətə gətirmək üçün bircə işarə kifayət edir. ABŞ-ın maraqları tələb edəndə Avropa İttifaqından başlamış ATƏT-ə, Avropa Şurasına qədər bütün qurumları bir cərgədə düzmək iqtidarında olan güc mərkəzi var. ATƏT-in təsisçiləri sırasında olan və onun büdcəsinin əhəmiyyətli hissəsini ödəyən ABŞ bu təşkilatda öz maraqlarını kifayət qədər keçirə bilir. Təsadüfi deyil ki, ABŞ-ın ATƏT-dəki nümayəndəliyinin rəhbəri təşkilatın rəhbərindən daha güclü şəxs hesab olunur. Xüsusilə qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Media Ofisi tam ABŞ-ın nəzarətindədir və onların rəhbərləri ya Vaşinqtondan təyin olunur, ya da bu təyinat onunla razılaşdırılır. ABŞ-ın ATƏT-dəki nümayəndəliyinin rəhbəri Daniyel Boyenin qurumun Azərbaycandakı layihə əlaqələndiricisi olan Aleks Şahtaxtinski ilə davranışı bu mülahizəni təsdiq edən tutarlı faktlardan biridir.
Yaxud, başqa bir fakt: AŞ PA-nın insan haqları üzrə komissarı Nils Mujneks milliyyətcə latış olsa da, Los-Ancelesdə, latviyalı emiqrant ailəsində doğulub. Bütün şüurlu həyatını Amerikada yaşayıb, orada təhsil alıb. 1992-1995-ci illərdə isə Soros Fondunun Latviya bölməsinin direktoru olub. Hazırda AŞ PA-nın insan haqları üzrə komissarı statusunda çıxış edən bu şəxs Azərbaycana qarşı kəskin çıxışlar etmək üçün bütün imkanlardan yararlanır və Avropa Şurasının rəyini dəyişə bilir.
BMT İnsan Hüquqları Ali Komissarlığının düşüncə və ifadə azadlığının təşviqi və müdafiəsi üzrə xüsusi məruzəçisi Devid Kaye də ABŞ vətəndaşıdır. Təsadüfi deyil ki, Devid Kaye Nils Mujneks və ATƏT-in Media Ofisinin rəhbəri Dunya Miyatoviçlə birlikdə l Avropa Oyunları ərəfəsində məqalə ilə çıxış edərək Azərbaycanı tənqid hədəfinə çevirmişdilər.
Beləliklə, aydın görünür ki, müasir dövrdə ABŞ medianı, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumları, aparıcı beynəlxalq təşkilatların üzv ölkələrdə insan hüquqlarının icrası ilə məşğul olan struktur bölmələrini tam nəzarətdə saxlayır. Bu güc Vaşinqtona imkan verir ki, qısa zamanda istənilən dövləti, onun hakimiyyətini hədəfə götürsün. Beynəlxalq Valyuta Fondunun keçmiş rəhbəri Dominik Stross Kannın, FİFA-nın sabiq prezidenti Yozef Blatterin və digərlərinin başına gətirilən oyunlar isə ABŞ-ın Avropada təkcə insan hüquqları, ifadə azadlığı təsisatlarının deyil, həm də iqtisadi sferanı tənzimləyən strukturlara, hüquq-məhkəmə sisteminə ciddi nüfuz etdiyini göstərir. Ən maraqlısı da budur ki, heç bir Avropa ölkəsi vəziyyətin bu qədər acınacaqlı duruma düşməsinə qarşı mübarizə apara bilmir.
Görünən odur ki, Avropa Birliyi müstəqil güc mərkəzi deyil, daha böyük qüvvənin - ABŞ-ın planlarını reallaşdırmaq üçün bir vasitədir.
Müşfiq Ələsgərli