Qarabağda “ölüm savaşı” Siyasət

Qarabağda “ölüm savaşı”

Yaxud Sarkisyan üçün "rus ruletkası"

Cavid

Ermənistan prezidenti Serj Sarkisyanın "Qarabağ Ermənistanın ayrılmaz hissəsidir" bəyanatı ilə Azərbaycan torpaqlarının işğal edildiyi faktını təsdiqləməsi bu ölkənin yerli KİV-də də ciddi müzakirələrə yer açıb.
Ermənistan mediası bunu "Sarkisyan üçün rus ruletkası" adlandırır.
Qeyd edək ki, "rus ruletkası" Rusiya tarixinə "ölüm yarışı" deyə düşüb. Son dövlət Dağlıq Qarabağ ətrafında yaranan vəziyyət də Sarkisyan üçün məhz "ölüm yarışı" olaraq dəyərləndirilir.
Misal üçün, Ermənistanın "1in" saytı yazır: "İctimai şüuraltında Rusiyanın Ermənistanın təhlükəsizliyinin zamini olması haqda fikirlər artıq sona çatıb. Rusiya artıq bizim strateji müttəfiqimiz deyil, İran, ABŞ və Avropa kimi münasibətlərimizin olduğu ölkəyə çevrilib. Halbuki Sarkisyan hakimiyyəti bunu qəbul etmək istəmir. Anlamaq istəmir ki, Qarabağ Rusiyanın əlində Azərbaycanı qazanmaq üçün kartdır və İrəvan gec-tez "təslimçi sülhə" məcbur ediləcək".
Sayt bunun Sarkisyan, ümumilikdə Ermənistan üçün "rus ruletkası" olduğunu yazıb: "Ölümlə qalım barmağın tətiyi çəkdiyi an qədər yaxındır".
Daha bir erməni saytı "lragir.am" isə Qarabağda Sarkisyan üçün "ölüm savaşı"nın başlandığını qeyd edib.
"Proseslər Ermənistanın ziyanınadır. Lakin Sarkisyan bunları görmür, yaxud görmək istəmir. Görünən odur ki, Moskva Qarabağla bağlı öz qərarını verib və maraqlarının təmin edilməsi üçün tarixi müttəfiqi adlandırdığı Ermənistanı gözdən çıxara bilər. Sarkisyan isə başını itirib və nə edəcəyini bilmir. Bundan sonra nə olacağını proqnozlaşdırmaq da çətindir. Amma o dəqiqdir ki, Qarabağda Sarkisyan üçün "ölüm savaşı" başlayıb", - deyə erməni saytı yazıb.
Politoloq Qabil Hüseynli məlum mövzuyla bağlı bildirib ki, bu bəyanatdan sonra Sərkisyan Azərbaycan torpaqlarının geriyə qaytarılmasına məcbur edilə bilər: "Sərkisyan yaxşı bilir ki, Rusiya ilə Azərbaycan arasında torpaqların geriyə qaytarılması istiqamətində danışıqlar gedir. Bu danışıqlar prosesini isə qənaətbəxş hesab etmək olar. Dünənə qədər səhra komandiri olmuş, əli azərbaycanlıların qanına batmış və torpaqlarmızın işğalında çox yaxından iştirak etmiş Sərkisyan indi həmin torpaqların geriyə qaytarılmasına məcbur edilə bilər. Bu isə onun hakimiyyəti üçün ciddi təhlükə deməkdir. Buna görə də o, indi təxribatlar yaratmağa və xalq qarşısında özünə bəraət qazandıra biləcək xallar yığmağa çalışır. Üstəlik, münaqişənin başa çatmadığı bir vaxtda öncədən Dağlıq Qarabağın statusu barədə çox şübhəli və təxribat xarakterli bəyanat verməsi Ermənistanın təcavüzkar bir dövlət olduğunu bir daha ortaya qoydu. İndiyə qədər dövlətlər Ermənistanın bu münaqişədə iştirakına dair ikili standartlardan danışır, yaxud da təcavüzü üstüörtülü formada ifadə edirdilər. Artıq Azərbaycanın beynəlxalq təşkilatlarda və danışıqlar prosesində Ermənistanın günahını sübuta yetirmək üçün daha bir tutarlı faktı var".
Politoloq Sərkisyanın bəyanatını hakimiyyətin qorunması üçün atılmış çox uğursuz, bəlkə də axırıncı cəhd kimi qiymətləndirib: "Aydın oldu ki, Ermənistan rəhbərliyi canlanmaqda olan danışıqlar prosesinin əleyhinədir, xarici işlər nazirini isə Nyu Yorka sadəcə görüntü xətrinə göndərib. Görünən odur ki, heç prezidentlərin görüşünə də hazır deyil. Bilir ki, bu görüş onun üçün hakimiyyətinin dayaqlarını sarsıdan qərarların qəbulu ilə nəticələnə bilər. Ona görə Sərkisyan indidən əsməyə başlayıb və bu yolda manevrlərdən çəkinməyəcək".
Qeyd edək ki, BMT Baş Assambelyasının 70-ci sessiyası və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin həlli ilə əlaqədar Nyu Yorkda danışıqların aparıldığı dövrdə Sərkisyan "Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir" bəyanatı ilə çıxış edib.