Yoxlamalar dayandırılır Siyasət

Yoxlamalar dayandırılır

Milli Məclis "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanununun layihəsini qəbul etdi

Dünən Azərbaycan Milli Məclisinin IV çağırışda son iclası keçirilib.
İclasında büdcə zərfinə daxil olan qanun layihələri - "Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında" qanunları, "Azərbaycan RespublikasıDövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında" qanunu,Milli Məclisin və Hesablama Palatasının 2016-cı il üçün xərclər smetaları səsə qoyularaq qəbul edilib.

Dövlət büdcəsi haqqında qanun qəbul edildi

Milli Məclis "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsini də qəbul edib.
Qanun layihəsi qəbul olunmadan öncə maliyyə naziri Samir Şərifov millət vəkillərinin qaldırdığı bir sıra məsələlər toxunub.
Samir Şərifovun sözlərinə görə, millət vəkillərinin irəli sürdüyü bəzi təkliflər hökumətin sosial-iqtisadi inkişaf konsepsiyasına aid olub. Nazir əlavə edib ki, millət vəkillərinin konkret xərc tələb edən məsələlər barədə təklifləri ətraflı öyrənilib: "Millət vəkillərinin qaçqın və məcburi köçkünlərin məskunlaşma, mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı təklifi nəzərə alınıb və bu məbləğ 50% artırılaraq 150 milyon manata çatdırılıb. Qeyd olunan artımın Dövlət Neft Fondunun xərclərinin 50 milyon manat artımı hesabına baş verəcək. İcmal büdcənin xərclərinin yuxarı həddi 19,956 milyard manata çatdırılıb. ARDNF-nin gəliri nəzərə alınmadan icmal büdcənin kəsiri 9,948 milyard manat təşkil edəcək. Dəyişikliklərdən biri aylıq gəlirləri 250 manatı keçənlərin gəlir vergisi üzrə tətbiq olunan güzəştdən kənara qalması ilə bağlı idi ki, həmin güzəşt tətbiq olan yuxarı həddin 2500 manata artırılması 500 mindən çox adamı əhatə edəcək və həmin şəxslərin aylıq gəlirlərinin 3-9 %çərçivəsində artmasına səbəb olacaq".
Maliyyə nazirinin çıxışından sonra büdcə layihəsi səsə qoyularaq qəbul edilib.

Vergilər Məcəlləsinə dəyişikliklər…

Milli Məclisin plenar iclasında "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi də səsverməyə çıxarılıb.
Qanun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
Sonda millət vəkilləri qanun layihəsinin lehinə səs verib.


Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər olundu

Milli Məclisin iclasında Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər də müzakirəyə çıxarıldı. Məcəlləyə 222.6-cı və 222.7-ci maddələrin əlavə edilməsi müzakirə olundu.

Yeni 222.6.-cı maddəyə əsasən "İctimai maraq kəsb etməsi, yanlış məlumatların yayılmasının qarşısının alınması və ya cinayətə görə məsuliyyətin labüdlüyünün nümayiş etdirilməsi ilə əlaqədar ibtidai araşdırma məlumatları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan tərəfindən bilavasitə və ya kütləvi informasiya vasitələri ilə açıqlana bilər. Bu zaman açıqlanan məlumat cinayət hadisəsi ilə bağlı əldə edilmiş ibtidai araşdırma nəticələrindən ibarət olmalı, davam edən ibtidai araşdırmanın maraqlarına, cinayət prosesinin digər iştirakçılarının şəxsi həyat toxunulmazlığı hüququna zidd olmayan həddə olmalı, təqsirsizlik prezumpsiyasına uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin cinayətə aidiyyəti ilə bağlı hissədə onun cinayəti törətməkdə şübhəli bilinməsinə dair həddi keçməməlidir".
222.7.-yə görə isə "Yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanmasına yalnız həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı ilə yol verilir".
Daha sonra məcəllənin bir neçə maddələrinə əlavələrdən irəli gələn texniki dəyişikliklər də səsə qoyuldu cə qəbul olundu.


KİV haqqında qanuna əlavə

Milli Məclisin iclasında "Kütləvi informasiya vasitələri haqqında" qanuna əlavələr müzakirəyə çıxarıldı.
Qanunun 44-cü maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilib: "Kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdir".
Layihə səsə qoyularaq qəbul olundu.


Xarici ölkələrlə imzalanan sənədlər təsdiqləndi

Parlamentiniclasında bir sıra ölkələrlə imzalanan sənədlər də təsdiq olundu.
Bunlar "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı tələblərinin həyata keçirilməsi barədə", "Azərbaycan Respublikası Hökuməti ilə San Marino Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" və "Azərbaycan Respublikası Hökuməti ilə San Marino Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında" Konvensiyadır.
Sənədlər səsə qoyularaq qəbul olundu.

Mərkəzi Bankın nizamnamə kapitalı artırıldı

Milli Məclisin "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanunun 10.2-ci maddəsinə dəyişiklik müzakirəyə çıxarıldı.
Dəyişikliyə əsasən, "Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdır" cümləsində "10 milyon" sözü "500 milyon" sözü ilə əvəz edilir.
Beləliklə, Azərbaycan Mərkəzi Bankının nizamnamə kapitalı 10 milyon manatdan 500 milyon manata qaldırılır.
Layihə səsə qoyularaq qəbul olundu.


Taksilər üçün yeni qaydalar

Dünənki iclasda "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişiklik və əlavələr də müzakirə olundu.
Qanuna təklif olunan 14.2.8-1 maddəsinə əsasən yük və sərnişindaşıma avtomobilləri üçün lisenziyanın verilməsi üçün tələb olunan şərtlər sırasına taksi minik avtomobilləri üçün şərt də əlavə olunur.
Qanunun 15-ci maddəsinin (Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının lisenziyalaşdırılmasının xüsusiyyətləri) 1-ci hissəsinə təklif edilən əlavəyə görə sərnişindaşıma ilə bağlı lisenziya sadələşdirilir və verilən lisenziya kartının imkanları genişləndirilir: "Lisenziya kartı daşıyıcının həmin avtonəqliyyat vasitəsi ilə sərnişin və yük daşımalarını həyata keçirmək üçün xüsusi razılığa (lisenziyaya) malik olduğunu təsdiq edir, müvafiq xüsusi razılıq (lisenziya) verilərkən təqdim edilir".
Qanunun 8-ci maddəsinin (Avtonəqliyyat vasitələrinin qeydiyyatı) 2-ci hissəsinə təklif olunan əlavə ilə taksi minik avtomobilləri üçün yeni və güzəştli qayda tətbiq edilir: "Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına xüsusi razılıq (lisenziya) verilərkən və həmin avtomobillərlə sərnişin daşımalarının həyata keçirilməsi zamanı avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğu "Yol hərəkəti haqqında" qanunla müəyyən edilmiş qaydada verilən nəqliyyat vasitəsinin texniki baxış talonu ilə müəyyən edilir".
Taksilər üçün daha bir güzəşt və yeni qayda qanunun 27-ci maddəsinin (Sərnişin avtomobil nəqliyyatı vasitələrinin sürücülərinə dair tələblər) 2-ci hissəsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Belə ki, "Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına "B" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 19-dan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi bir ildən az olmayan sürücülər buraxılır" cümləsində, "19-dan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi bir ildən az olmayan" sözləri, "21-dən az olmayan, iki ildən artıq müddətdə mülkiyyətində və ya digər qanuni əsaslarla istifadəsində (etibarnamə və s) olan avtonəqliyyat vasitəsini idarə edən" sözləri ilə əvəzlənir.
Qanuna təklif edilən digər əlavədə isə Azərbaycanda taksi sürücüləri üçün xüsusi hazırlıqların keçirilməsi və ondan irəli gələn şərtlər göstərilir. 27-ci maddənin 3-cü hissəsinə təklif edilən əlavədə deyilir ki, "Taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidir. Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xüsusi hazırlıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir və keçirilir".
Layihə səsə qoyularaq qəbul olundu.


Parlament yoxlamalara "yox" dedi

Milli Məclisin iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanununun layihəsi də müzakirəyə çıxarıldı.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə məlumat verdi.
Onun sözlərinə görə, qanun layihəsinə sahibkarlığın inkişafı üçün böyük imkanlar yaradır.
Daha sonra sənəd səsə qoyularaq qəbul olundu.
Qanun layihəsi 4 maddədən ibarətdir.
Sənəddə yoxlamaların dayandırılmasının noyabrın 1-dən hesablanmaq şərti ilə 2 il müddətinə nəzərdə tutulduğu qeyd olunub.
Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılacaq.
Layihədə göstərilib ki, qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilmir.
Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.


"Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi DİN-ə verilsin"

Dünənkeçirilən iclasında Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin Nəqliyyat Nazirliyindən alınıb Daxili İşlər Nazirliyinə verilməsi təklif olunub.
Belə bir təşəbbüslə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edib.
O bildirib ki, onsuzda bu mərkəzdə toplanan məlumatlar DİN-ə ötürülür və bu qurumun DİN-ə verilməsi nəqliyyat sektorunda son vaxtlar aparılan islahatlara öz töhfəsini verəcək: "Hesab edirik ki, hökumət bunu yaxın zamanlarda müzakirə edib qərar verəcək".
Əli Hüseynlinin təklifinə deputat Adil Əliyev də dəstək verib.


"Rayon avtomobillərini Bakıya buraxılsın"

"Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişiklik və əlavələr müzakirəsi zamanı millət vəkili Musa Quliyev bildirdi ki, Nazirlər Kabinetinin rayon qeydiyyatında olan avtomobillərin Bakıya buraxılmaması ilə bağlı qərarına tərəddüdlə yanaşıram: " Bu qərar rayon camaatını narahat edir".
O, bu məsələdə ortaq məxrəcin tapılmasının vacibliyini qeyd edib: "Təklif edirəm ki, rayonlardan gələn taksilər üçün xüsusi lisenziya verilsin, bu lisenziyanın məbləği artırılsın. Onlar bu lisenziya əsasında Bakıya daxil ola bilsin. Taksi fəaliyyəti ilə məşğul olanlar lisenziyanı yolda olanlara ödəyir və yaxşı olardı ki, bu gəlir dövlət büdcəsinə daxil olsun. Bundan başqa, elə millət vəkilləri var ki, onların maşınları rayon qeydiyyatındadır və onlar da Bakıya daxil olanda problemlə qarşılaşır".
Bundan başqa, millət vəkili taksi sürücüləri üçün vahid geyim formasının tətbiqini təklif edib. Onun fikrincə taksi sürücülərinin geyimi bəzi hallarda nəqliyyatın təhlükəsiz idarə olunmasına problem yaradır. Musa Quliyev taksi sürücülərinin avtomobildə siqaret çəkməsinə qadağa qoyulmasının da tərəfdarıdır. Onun fikrincə, taksi sürücülərinin siqaret çəkməsi ölkəyə gələn qonaqlar və xidmətdən istifadə edənlərin sağlamlığına zərər vurur.
Millət vəkili Qüdrət Həsənquliyev də həmkarının fikirlərini dəstəkləyib. Q. Həsənquliyev bildirib ki, taksi sürücüləri ölkə haqqında çox mənfi imic formalaşdırırlar. "Avtobus və taksi sürücüləri fasiləsiz olaraq avtomobilləri idarə edirlər. Bizim yollarımızda baş verən avtoqəzaların çoxunun səbəbi sürücülərin sükan arxasında yatmasıdır. Biz xaricdə çox şahidi olmuşuq. Avropada cihazlar var ki, avtomobilin sürətini yoxlayır və 2 saatdan çox fasiləsiz idarəetmədən sonra avtomobili söndürür ki, 10-15 dəqiqə dincəlməlisən. Hesab edirəm ki, lisenziya verilməsi üçün tələb olunan şərtlərdən biri də həmin avtomobillərin müvafiq cihazlarla təmin edilməsi olmalıdır. Sivil ölkə kimi biz bu normaları tətbiq etməliyik. Biz də digər Avropa ölkələri kimi bu cür problemləri nəhayət ki, aradan qaldırmalıyıq".
Millət vəkili Adil Əliyev də bütün taksilərdə taksometrlərin quraşdırılmasını təklif edib: "Bu çox pis adət yaradıb. Taksiyə oturursan, sürücü deyir ki, nə versən, verərsən. Hesab edirəm ki, taksimetrdən istifadə olmalıdır".
Adil Əliyev əlavə edib ki, yeni salınan qəsəbə və məhəllələrə də marşrutlar açılmalıdır.