“Parlament müzakirələr yeridir” Siyasət

“Parlament müzakirələr yeridir”

Millət vəkili: "Kim istəmirsə, durub gedə bilər"

Milli Məclisin dünən keçirilən plenar iclasında Torpaq Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub.
Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, dəyişikliyə əsasən Xəzər dənizinin Azərbaycan hissəsində sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə fiziki şəxslər 4 min manat, vəzifəli şəxslər 8 min manat, hüquqi şəxslər 40 min manat miqdarda cərimələnəcək.
Qeyd edilib ki, bu, təkrar törədildikdə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat miqdarında cərimələnəcək.
Qanun layihəsinə əsasən Xəzərin Azərbaycana mənsub bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanın qərarı ilə istifadəyə və icarəyə verilə bilər.
Sahil boyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlana bilər.
Dövlətin iqtisadi və ya təhlükəsizlik mənafeyinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər.
Qanun layihəsinin müzakirəsi zamanı gərgin anlar yaşanıb.
Deputat Fuad Muradov bildirib ki, Azərbaycan qanunvericiliyində mövcud praktikaya əsasən, dənizin sahil zolağında çəkilən hasarların hansı nöqsanlarla həyata keçirilməsini mövcud icra hakimiyyəti orqanı və vətəndaşlar araşdıra bilərlər: "Sizi əmin edirəm ki, çox hallarda həmin hasarların tikilməsi böyük nöqsanlarla həyata keçirilib. Düzdür, qanunun geriyə qayıtmaq müxanizmi yoxdur. Amma bu mexanizmi düşünmək olar. Çünki bu çox ciddi məsələdir. Gənclərimizin asudə vaxtının təşkili əsasən yay aylarında, dənizdə gerçəkləşi və onların gündəlik həyatına təsir edir. Bu məsələləri biz mütləq şəkildə qanunla tənzimlənməliyik. Fikrimcə, müvafiq komitələrimiz buna baxa bilər və şərait yaradılmalıdır ki, insanlarımız dənizdən istifadə etsinlər".
Deputat qeyd edib ki, dəniz kənarına nəqliyyatın hərəkəti ilə bağlı ümumiyyətlə, yanaşma fərqli olmalıdır: "Dəniz qırağına nəqliyyatın yanaşması bütün müasir qanunvericiliklərdə qadağan olunmalıdır. Ona görə də müəyyən mexanizm fikirləşilməlidir. Görürük ki, yay aylarında bütün nəqliyyat vasitələri dəniz qırağındadır. Heç bir dənizkənarı digər ölkələrdə belə məsələ yoxdur. Müəyyən dayanacaqlar tikilir, maşınlar orada saxlanılır və insanlar dənizə piyada gedirlər. Ona görə dəniz qırağına nəqliyyatın hərəkəti üçün yolun verilməsi ilə qətiyyən razı deyiləm, xüsusi yanaşma mütləq şəkildə olmalıdır".
Fuad Muradov bəzu rayonlarda kəndlilərə məxsus yay və qış otlaqlarının kimlərsə tərəfindən zəbt olunmasından da danışıb.
"Dəfələrlə, xüsusən də rayonlardan bizə yay və qış otlaqları ilə bağlı müraciətlər olur. İnsanlar çox böyük əziyyət çəkir. Bilmirəm ki, bu günkü reallıqda buna yerli icra qurumları, yoxsa Kənd Təsərrüfatı Nazirliyi cavab verməlidir. Bir çox məsələlərdə müəyyən məhdudlaşdırmalar var ki, insanlar qış və yay otlaqlarının istifadəsində çox böyük əziyyət çəkirlər. Bundan sonra İnzibati Məcəlləyə də baxacağıq, bu məsələ orada əksini tapmalıdır, cərimələr sərt olmalıdır. Hər hansı bir səbəbə görə yay və qış otlaqlarının zəbti, o istiqamətdə istifadə olunmaması ilə bağlı maddə də qanunvericilikdə öz əksini tapmalıdır. Bu kənd təsərrüfatının inkişafı üçün ən əhəmiyyətli məsələlərdəndir. Qanuni dəyişiklərə ciddi baxmalıyıq".
Dünyada iqtisadi böhranın olduğunu deyən deputat qeyd edub ki, bundan çıxış yollarından biri kənd təsərüfatının inkişafıdır.
"Əksər rayonlarımızda da mal-qara təsərrüfatı inkişaf edir. Dəfələrlə bununla bağlı müvafiq orqanlara müraciətlər göndərmişik. Xahiş edirəm ki, qanunverici orqan kimi biz bu məsələyə ciddi yanaşaq, gündəliyə gətirək və müvafiq olaraq qanun qəbul edək".
Deputat Fazil Mustafa çıxışı zamanı dənizin imkanlı şəxslər tərəfindən hasarlanmasından şikayətlənib: "Ayrı-ayrı şəxslər imkanlarından istifadə edərək dənizin kənarlarını hasarlayırlar. İnsanların dənizə girişinə qadağa qoyulur. Dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmaması ciddi problemlər yaradacaq. Nəqliyyatın sərbəst hərəkəti üçün yol qoyulmalıdır. Hasarlar aradan qaldırılmalıdır.
Bu gün dənizkənarı ətraf yerlərdə vəziyyət belədir. Vətəndaşların istirahət hüquqi pozulur. Ona görə bu məsələyə prinsipial yanaşmaq laızmdır. Dənizin insanların üzünə bağlanmasının qarışısı alınmalıdır. Xəzərin bu cür istismar olunmasına, təbii sərvətin insanların əlindən alınmasına son qoyulmalıdır".
Komitə sədri Eldar İbrahimov isə deputatları mövzudan kənar danışmaqda günahlandırıb.
Vitse-spiker Ziyafət Əsgərov Eldar İbrahimovun fikirlərini dəstəklədiyini bilidib. Bu isə bəzi deputatların etirazına səbəb olub.
Deputat Fəzail Ağamalı həmkarlarına danışmaq üçün söz verilməməsindən şikayətlənib. "İcazə verin, qanunların müzakirəsində bizə verilmiş hüquqdan istifadə edərək çıxış edək, sözümüzü deyək. İndi niyə bunu malalayırıq. Bu, milləti narahat edən məsələdir. Yayda vətəndaşlar dincəlməyə gedə bilmirlər. Xahiş edirəm bir-birimizə təmkinli yanaşaq".
Deputat Zahid Oruc da müzakirə zamanı həmkarlarına etirazıbı bildirib: "Yeni çağırış parlamentin yalnız bir iclası keçirilib. Siz bu qədərmi yorulmusunuz? Parlament müzakirələr yeridir. Kürəyimizdən təzyiq edirsiniz. Çıxış etmək istəyirik, yerdən səs-küy gəlir. Kim istəmirsə, durub gedə bilər. Onsuz da heç kim dövlətin əleyhinə çıxış edən deyil. Biz sədarətdən icazə alıb, konstitusion hüququmuzdan istifadə edərək çıxış edirik. Sizə hörmət edirik, siz də bizə hörmət edin. İmkan verin ki, çıxış edək".
Fasilədən sonra qalmaqala səbəb olan qanun layihəsi səsverməyə qoyularaq qəbul olunub.
Qeyd edək ki, Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi də müzakirəyə çıxarılıb.
Xəzərin Azərbaycan sahilində gediş-gəlişi məhdudlaşdıranların cəzalandırılmasını nəzərdə tutan layihə səsverməyə çıxarılaraq qəbul olunub.
Dəyişikliyə əsasən, dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 4 min, vəzifəli şəxslər 8 min, hüquqi şəxslər isə 40 min manat miqdarında cərimə olunacaq.
Eyni zamanda, xətaların il ərzində inzibati tənbeh alan şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 5 min, vəzifəli şəxslər 10 min, hüquqi şəxslər isə 50 min manat miqdarında cərimə olunacaq.