Etibar Hüseynov Milli Məclisdə üzr istədi Siyasət

Etibar Hüseynov Milli Məclisdə üzr istədi

Spiker Oqtay Əsədov: "Biz onunla çox sərt söhbət etdik, lazım olan işi apardıq"
Etibar Hüseynov: "Yenə də mən heç nəyə baxmayaraq onlardan üzr istəyirəm, gərək elə deməyəydim"

Dünən Milli Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçirildi. İclasın gündəliyinə 14 məsələnin müzakirəsi - İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı, "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Tibbi sığorta haqqında", "Texniki təhlükəsizlik haqqında", "Sahibkarlıq fəaliyyəti haqqında", "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında", "Nəqliyyat haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Avtomobil yolları haqqında", "Avtomobil nəqliyyatı haqqında" qanun layihələri və digər məsələlər daxil edilmişdi.

"Mətbuata az danışın!"

Gündəlikdəki məsələlərə keçməzdən öncə Etibar Hüseynovun qaçqın və məcburi köçkünlər barədə təhqiramiz ifadələr işlətməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirmək üçün söz istəyib. O bildirdi ki, haqqında yayılan bu xəbərlərin heç bir əsası yoxdur: "Bu, konkret bir mənbədən mənə qarşı edilən qarayaxmadır. Guya mən hansısa proqramda çıxışımda qaçqın və köçkünləri, qarabağlıları təhqir etmişəm və sair. Mən bunun kimlər tərəfindən yayılması barədə artıq faktlar əldə etmişəm və bu faktları toplayıb müvafiq orqanlara ölçü götürülməsi üçün təqdim edəcəyəm. Eyni zamanda buradan bildirərəm ki, bununla bağlı istintaq aparılıb başa çatana qədər mətbuata heç bir açıqlama verməyəcəyəm və bu gündən etibarən mənim adımdan yayılan xəbərlər saxtadır".
Deputat bütün bunlara baxmayaraq, adından yayılan xəbərlərə görə qaçqın və köçkünlərdən, o cümlədən qarabağlılardan üzr istədi: "Bütün hallarda mənim adımdan bu insanlar mənən incidilibsə, təhqir olunubsa, yenə də mən heç nəyə baxmayaraq onlardan üzr istəyirəm. Üzr istəmək böyüklük əlamətidir. Gərək elə deməyəydim".
E.Hüseynovun çıxışına münasibət bildirən MM sədri Oqtay Əsədov qeyd etdi ki, aprelin 3-də axşam İntizam Komissiyasında onun da iştirakı ilə E.Hüseynovun məsələsinə baxılıb: "Biz onunla çox sərt söhbət etdik, lazım olan işi apardıq. Ona görə də Etibar Hüseynov, sizə tövsiyəm odur ki, ümumiyyətlə, mətbuata az danışasınız. Deyirsiniz az danışıram, danışmırsınız belə skandal yaranır, görün çox danışsanız nə olar".
Xatırladaq ki, Etibar Hüseynov bir neçə gün öncə ANS telekanalının efirindən qaçqın və köçkünlərin Bakı mühitini korlaması barədə fikirlər səsləndirmişdi və bu, ciddi etirazlara səbəb olub. E.Hüseynov doğma torpaqlarını itirmiş insanlar haqqında efirdən dediyi epitetlərin ("ac-yalavac", "təhsilsiz", "mədəniyyət görmədilər" və s.) ardından özünün Facebook səhifəsində ona irad bildirən qarabağlıları Suriyaya döyüşməyə gedənlərlə müqayisə etmişdi və ikincilərin əmr gözləmədiklərini vurğulamışdı.
Deputatın çıxışından qəzəblənən qaçqın və köçkünlər qarabağlı deputatlardan Etibar Hüseynovun məsuliyyət məsələsini Milli Məclis rəhbərliyi qarşısında qaldırmağı tələb etmişdilər.

"Bayramlardan da bir gün kəsilsə..."

Deputat Azay Quliyev isə çıxışında BMT Baş Assambleyasının Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü tanıdığını və beynəlxalq hüquqa səs verdiyini bildirdi. O bu hadisənin Azərbaycan üçün çox mühüm seçim olduğunu vurğuladı: "Azərbaycan öz xarici siyasəti ilə beynəlxalq təşkilatlar qarşısında nə qədər ədalətli siyasət yürütdüyünü göstərdi. Bu, Azərbaycanın uğrudur".
Azay Quliyev XİN-in xaricdə Azərbaycanı təmsil edən millət vəkilləri ilə daimi görüşlər keçirilməsini təklif etdi.
Deputat 100-ə yaxın QHT-nin hələ də hesabatını QHT-lərə Dövlət Dəstəyi Şurasına təqdim etmədiyini də nəzərə çatdırıb.
Millət vəkili Fazil Mustafa isə Təhsil Nazirliyinin yeni qərarına etiraz bildirdi. O deyib ki, orta məktəblərdə tədris müddətinin iyunda 3 həftə artırılması haqqında qərar yanlışdır: "Bu qərar yersizdir. Aydındır ki, mayın 15-20-dən sonra faktiki olaraq məktəbə gedən yoxdur. Yuxarı sinif şagirdləri də repetitor yanına gedir. Bu çıxış yolu məni heyrətləndirdi. Sentyabrın 1-də dərs başlasa, bayramlardan da bir gün kəsilsə, həmin 3 həftəni təmin etmək olar. Axı icbari təhsildə yük valideynin üzərindədir, maşın tutmalıdır, kitabını almalıdır. Düzdür, təhsilin pulsuz olduğunu deyirik, amma məlumdur ki, valideynlər dərslikləri almalı olurlar. İndi bundan sonra valideyn hələ bir vaxtından da kəsib məktəbə ayırmalıdır. Bu məsələni ciddi qaldırmaq lazımdır".
Spiker Oqtay Əsədov isə deputatın bu iradını anlamadığını bildirdi: "Mənə təəccüblüdür ki, ölkədə dərsliklər pulsuz olduğu halda, niyə valideynlər dərslikləri pulla alır. Bu məsələ araşdırılmalıdır".

"20 Yanvar əlillərinə xüsusi status verilsin"

Deputat İqbal Ağazadə isə İsmayıllı işi üzrə məhkum olunanlar haqda ədalətsiz qərar çıxarıldığını dilə gətirdi: "Şəki Ağır Cinayətlər Məhkəməsində qanun pozuntusuna söykənən qərar qəbul olunub. Həbs olunan şəxslərə çox ağır cəza verilib. Halbuki məhkəmə prosesi zamanı şahidlərin və məhkəməyə təqdim edilən sübutların heç biri yetərli olmayıb. Hökumət dairələrindən xahiş edirəm ki, ən azı məhkəmə orqanlarının instansiya məhkəmələrində məlum məsələlərdə həbs olunan şəxslərin şikayətləri doğru-dürüst araşdırılsın. Düzgün araşdırılma aparılasın, onlara qarşı verilən yanlış qərar Apelyasiya Məhkəməsində lətv olunsun".
Millət vəkili Fəzail Ağamalı 20 Yanvar əlillərinə xüsusi status verilməsi ilə bağlı təklif irəli sürdü: "Bununla bağlı mənə də müraciət olunur. Məsələ burasındadır ki, onların statusu olmadığından, güzəştlər, sosialyönlü imtiyazlar verilmir. Halbuki 1998-ci ildən Heydər Əliyevin imzaladığı sərəncamda "20 yanvar şəhidi" fəxri adı təsis olunmuşdu. Daha sonra ölkə prezidenti İlham Əliyev 2006-cı ildə 20 yanvar şəhidlərinin ailələri üçün Prezident təqaüdünün təsis olunması haqda fərman imzalayıb. Hər bir 20 yanvar şəhidi ailəsi hər ay 300 manat pensiya ilə təmin olunur. Lakin məndən xahiş edirlər ki, 20 yanvar şəhidləri ilə bağlı xüsusi status müəyyən edilsin".

"Səslərini başlarına atırdılar..."

Millət vəkili Qənirə Paşayeva isə çıxışında beynəlxalq təşkilatların ikiüzlü mövqeyini sərt tənqid etdi: "ATƏT və BMT-nin ikili standartlar yanaşması nə qədər davam edəcəksə, təəssüf ki, bu qurumlardakı insanlara da inam olmayacaq".
O, Tovuz rayonunda ermənilərin dinc insanları atəşə tutması haqqında da danışdı: "Tovuz rayonunda baş verənlərə görə, çox narahat olduq. Amma beynəlxalq təşkilatlar ayrı vaxtlarda Azərbaycanda baş verən bir hadisəyə görə, səslərini başlarına atırdılarsa, nədənsə bu dəfə susurlar. Buradan səslənib deyirəm ki, ATƏT və BMT-nin Azərbaycandakı baş ofisləri nə üçün Azərbaycana mülki şəxsin yaralanması ilə bağlı heç bir açıqlama vermədilər? Bunlar niyə cəbhə bölgəsində yaralanan mülki şəxslərə baş çəkmirlər? Bunlar bizi çox narahat edir. Amma eyni zamanda bu qurumlar öz hərəkətləri ilə işə üzlərini ortaya qoyurlar".
Spiker Oqtay Əsədov da qeyd etdi ki, artıq 22 ildir Azərbaycanın əzəli torpaqları Ermənistanın işğalı altında saxlanılır: "Bu torpaqlar heç bir zaman Ermənistan ərazisi olmayıb və bundan sonra da olmayacaq. Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Ermənistana tətbiq edilməlidir. Krım Rusiyaya birləşdikdən sonra Qərb ölkələri bu ölkəyə qarşı müəyyən sanksiyalar tətbiq etdi. Ancaq Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. Sözügedən ölkələrin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar məhz Ermənistana qarşı da tətbiq edilməlidir".
Deputat Siyavuş Hovruzov bildirdi ki, təmsil olunduğu hakim Yeni Azərbaycan Partiyası Ukrayna, xüsusilə Krım ətrafında baş verən hadisələrlə bağlı mövqeyini açıqlayıb: "Partiyanın və onun sədrinin Ukrayna ilə bağlı mövqeyi tam aydın ifadə olunub. Hətta hakim partiyanın sədrinin mövqeyi artıq BMT-də öz əksini tapıb. Ancaq təəssüf ki, başqa partiyalar burada dəstək göstərmək əvəzinə, bir qrupu Azərbaycanın MDB-dən çıxmasını təklif edərək qıcıq yaradır. Digər qrupu Rusiyanın həmsədrlikdən kənarlaşdırılmasını ortaya atır. Başqa bir dəstə isə Krıma ara qarışdırmağa gedir. Sonradan isə sual olunur ki, İsmayıllı hadisələri niyə baş verdi? Qeyd etməliyəm ki, Krıma gedənlər elə İsmayıllıya da gedirdilər. Hadisələrin nəticəsini gözləmədən azərbaycanlılara qarşı qıcıq yaratmağa ehtiyac yoxdur. Əgər siyasi partiyalar belə bir dəstək vermək istəyirlərsə, o zaman buyursunlar hər biri öz bəyanatı ilə çıxış etsin".

Yeni Qars müqaviləsi?

Millət vəkli İlyas İsmayılov çıxışında boş qalmış seçki dairələri üzrə təkrar seçki keçirilməsini istədi: "Belə seçki dairələrinin sayı 3-dür. Zaqatalanın deputatı Hikmət Atayev ötən il yol qəzasında dünyasını dəyişib, Xətaidən deputat seçilmiş Gülər Əhmədova məlum hadisələrdən sonra mandatından imtina edib, YAP-ın icra katibi Əli Əhmədov isə baş nazirin müavini təyin olunub. İndi onların yerinə təkrar seçki keçirilməməsi Konstitusiya və Seçki Məcəlləsinə ziddir".
Deputat Zahid Oruc Türkiyədəki seçkilərə diqqət yönəldərək, bunun Azərbaycanda da kifayət qədər təsirli olduğunu bildirdi: "Hesab edirəm ki, bu, Azərbaycan insanlarını da sevindirir. Bəli, biz Türkiyənin daxili işlərinə qarışmırıq. Hər hansı bir siyasi bölümün qalibiyyəti bizim tərəfimizdən qəbul olunacaqdı. Ərdoğanın Azərbaycana səfəri mühüm dövrə təsadüf olunur. Türkiyə Azərbaycanın müxtəlif təhlükəsizlik məsələsində iştirak edir. Hesab edirəm ki, ölkəmiz Türkiyənin düşməninə qarşı düşməndir. Əminəm ki, zamanında Naxçıvan məsələsi ilə bağlı Qars müqaviləsi ilə Azərbaycanın ərazi bütövlüyündə mühüm yer alan Türkiyə qarşıdakı dönəmdə Qarabağ məsələsi üçün də Qars müqaviləsinə bənzər müqavilə ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında iştirak edəcək. 2014-cü ildə imzalanan strateji tərəfdaşlıq sazişi buna imkan verir. Əminəm, iki ölkənin imkanı var ki, münasibətlərini hərbi müttəfiqlik səviyyəsində tamamlasınlar. Hesab edirəm ki, bu səfər və bağlı qapılar arxasında keçən hissəsi də iki ölkənin mənafelərinə xidmət edəcək və hər iki dövləti daha da gücləndirəcək".