“Azərbaycan öz müsbət münasibəti ilə fərqlənən ölkədir” Siyasət

“Azərbaycan öz müsbət münasibəti ilə fərqlənən ölkədir”

Əli Əliyev: "Rusiya və Türkiyədən daha çox Azərbaycan diplomatiyası mühüm rol oynaya bilər"

Natiq Miri: "Ölkəmizin bu imkanlarını qətiyyən gözardı etmək olmaz"

Yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı Prezidentin səsləndirdiyi fikirlər aktuallığını itirmir. Qeyd edək ki, Prezident iclasda həm giriş, həm də yekun nitqində ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatı ilə bağlı bütün məsələlərə münasibətini açıqlayıb. Habelə, regionda baş verən hadisələrə münasibət bildirib. Prezidentin toxunduğu məsələlərdən biri də gərginləşən Türkiyə-Rusiya və İran-Səudiyyə Ərəbistanı münasibətləri barədə olub. Prezident deyib: "Təbiidir ki, bu, bizi çox narahat edir. Çünki hər iki ölkə bizim qonşumuzdur, yaxın dostumuzdur. Əlbəttə, bizim üçün, əminəm ki, Türkiyə və Rusiya üçün bu, arzuolunan vəziyyət deyil". İlham Əliyev bildirib ki, bununla bərabər, bu yaxınlarda İran-Səudiyyə Ərəbistanı münasibətləri həddindən artıq gərginləşdi və diplomatik əlaqələr kəsildi: "İran və Səudiyyə Ərəbistanı bizim üçün yaxın və dost ölkələrdir. İran ilə bizi birgə tarix, mədəniyyət birləşdirir, bir çox layihələr birgə icra edilir. Səudiyyə Ərəbistanı bizim üçün çox önəmli tərəfdaşdır. Yaxşı bilirsiniz ki, keçən il mənim Səudiyyə Ərəbistanına rəsmi səfərim yüksək səviyyədə keçmişdir. Mənə, eyni zamanda, Azərbaycan dövlətinə, Azərbaycan xalqına çox böyük qonaqpərvərlik göstərilmişdir. Müqəddəs Kəbənin qapıları üzümüzə açılmışdır. Eyni zamanda, Səudiyyə Ərəbistanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində həmişə birmənalı şəkildə Azərbaycanın mövqeyini dəstəkləyir, nəinki dəstəkləyir, hətta bu münaqişəyə və işğala görə Ermənistan ilə heç bir əlaqə saxlamır, diplomatik əlaqələr saxlamır. Yəni, İran-Səudiyyə Ərəbistanı münasibətlərində yaranmış gərginlik əlbəttə ki, bizi narahat edir. Çünki hər iki ölkə ilə bizim yaxın əlaqələrimiz var. Eyni zamanda, bu vəziyyət istər-istəməz müsəlman aləmində baş verən hadisələrə təsir göstərir. Biz həmişə çalışmışıq və öz səylərimizi göstərmişik ki, müsəlman aləmi daha da sıx birləşsin. Bu gün də çalışırıq və Azərbaycanda keçirilən müxtəlif tədbirlər, o cümlədən gələn il keçiriləcək İslam Həmrəylik Oyunları bu məqsədi güdür ki, müsəlman aləmində əlaqələr daha da yaxın olsun, münaqişələrə son qoyulsun, əməkdaşlıq üçün daha yaxşı zəmin yaradılsın".
Qeyd edək ki, Azərbaycanın İslam dünyasına yanaşması həmişə öz xüsusiyyəti ilə seçilib. Ölkəmiz daim İslam dünyasında sülhün və əmin-amanlığın tərəfdarı olub, eyni zamanda İsraillə yaxşı münasibətlərə rəğmən Fələstinin azadlığını, müstəqilliyini müdafiə edib. İndi də iki İslam ölkəsində baş verən qarşıdurmadan narahatlıq duyur. Bu, ölkəmizin sülhsevər siyasətinin mahiyyətini bir daha təsdiqləyir. Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri bildirib ki, Nimr əl-Nimrin edam olunmasından öncə Səudiyyə Ərəbistanının rəhbərliyi ilə İslam koalisiyası yaradılıb. Onun sözlərinə görə, bu birliyə bir çox müsəlman dövlətləri kimi Azərbaycan da dəvət olunub: "Azərbaycanın Xarici İşlər Nazirliyi səviyyəsində bu məsələ nəzərdən keçirilib və nə qədər Azərbaycan dövlətinin geosiyasi maraqlarına uyğun olub-olmaması ilə bağlı bir aydınlıq ortalığa qoyulub. Hesab edirəm ki, bu, çox doğru yanaşma idi. Çünki bu məsələdə tələsmək qətiyyən ölkəmizin geosiyasi maraqlarına uyğun deyildi. Bu hadisənin ardınca Nimrin edam olunması baş verdi ki, bu da iki dövlət - İran və Səudiyyə Ərəbistanı arasında böyük bir gərginliyə gətirib çıxardı. Bu hadisə fonunda Azərbaycanın dərhal qərar verməməsi göstərdi ki, ölkəmiz doğru addım atıb. İndiki şəraitdə müsəlman dövlətləri arasında gərginləşmə və ya münaqişə kontekstində tərəf tutmaq doğru olmazdı. Bu mənada hətta, Türkiyənin belə Səudiyyə Ərəbistanının rəhbərliyi ilə yaranan Terrora qarşı İslam Koalisiyasında olması, Azərbaycanın orada olması zərurətini yaratmaz. Nəzərə almaq lazımdır ki, Azərbaycan mürəkkəb geosiyasi regionda yerləşir. Eyni zamanda, Azərbaycanın türk dünyasına və Avropaya, Qərbə inteqrasiyası üçün Gürcüstan dəhlizindən istifadə etmək məcburiyyəti var. Bu baxımdan rəsmi Bakının qonşu müsəlman İranın, yoxsa Səudiyyə Ərəbistanının yanında yer alması Azərbaycan dövlətinin və cəmiyyətinin maraqları nöqteyi-nəzərindən doğru addım olmazdı. Bu müsəlman ölkələri arasındakı gərginliyi azaltmağa yönəlik davranışlar sərgiləmək, bu münaqişənin üzərinə körükləyici hərəkətlərlə getmək deyil, əksinə barışdırıcı vasitələrlə getmək doğru bir addım sayılardı. Bu mənada Azərbaycanın atdığı addım ən doğru addım hesab oluna bilər". N.Miri qeyd edib ki, Azərbaycan "qızıl orta prinsipi"ni seçməklə hər iki münaqişə tərəfi ilə bərabər məsafədə qalmaqla ən azı münasibətləri gələcəkdə də davam etdirmək haqqını qazanmış oldu: "Azərbaycanın indiki davranışını bütün tərəflər anlamaq məcburiyyətindədirlər. İndiki məqamda Azərbaycanın seçimi strateji və ən doğru addımdır". Müsahibimiz qeyd edib ki, Azərbaycan bir müsəlman ölkəsi olmaqla, multikulturalizmin hökm sürdüyü, dini dözümlülük sahəsində barmaqla sayıla biləcək ölkələrdən biridir: "Bu baxımdan Azərbaycanın sünni blokunun lideri Səudiyyə Ərəbistanı, həm də şiə ölkəsi olan İran arasında barışdırıcı mövqedən çıxış etməsi təbii ki, mümkündür. Ölkəmizin bu imkanlarını qətiyyən gözardı etmək olmaz. Azərbaycan heç bir vəchlə tərəf tutmayan bir ölkədir. Eyni zamanda, barışdırıcı mövqedən çıxış etdiyi üçün bəlkə də ölkəmiz iki dövlət arasında ən gözəl vasitəçilərdən biri olmaq imkanına sahibdir. Azərbaycan həm İranla yüksək səviyyədə əməkdaşlıq edir, həm də Səudiyyə Ərəbistanı ilə ölkəmiz arasında münasibətlər yüksək səviyədədir. Ona görə də lazım gələrsə və belə bir ehtiyac yaranarsa, təbii ki, Azərbaycan bir müsəlman ölkəsi olaraq vasitəçiliyi üzərinə götürməyə hazır ölkə kimi mövcuddur".
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də deyib ki, belə imkanlar mövcuddur: "Ola bilər ki, iki ölkə arasında münasibətlər sona qədər bərpa edilməsin, amma müəyyən qədər tərəflərin yumşalmasına gətirib çıxarsın. İkincisi, nəzərə almalıyıq ki, Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlər ilk dəfə deyil ki, belə formada kəskinləşib. İndiyə qədər bu kimi hallar bir neçə dəfə olub, tərəflər az qala münaqişədən müharibə fazasına keçəcəkdi. Məsələn, 1979-cu ildə buna bənzər insident yaranmışdı. O zaman bəzi şiə radikalların Məkkədə törətdiyi aksiya səbəbindən Səudiyyə ilə İran arasında münasibətlər pozulmuşdu. Ancaq bir neçə il sonra həyat göstərdi ki, dünya və şərtlər bu dövlətlər arasında normal münasibətlərin olmasını istəyir. Fikrimcə, ideoloji problemləri ikinci plana keçirilərsə, habelə Səudiyyədə baş verən edam aksiyasına ər-Riyad bir qədər fərqli münasibət ifadə edərsə, problem çözülə bilər". VİP sədrinin sözlərinə görə, əslində, bu konfliktin elementləri Suriya timsalında təzahür edir: "Ancaq bunun inkişaf etməsi bütövlükdə islam dünyasına ziyandır, bu ölkələrin marağına uyğun deyil və inkişafın qarşısını alır. İslamdan kənar qüvvələrin bu işdə rolu az deyil. Bu səbəbdən islam dünyasının taleyinə və inkişafına cavabdeh olan tərəflər həmrəylik nümayiş etdirməli, qərar verən dövlətlər bu məsələdə ümumi maraqları qabartmaq üçün özlərində iradə tapmalıdırlar. Məzhəb fikir ayrılıqları dövlətlərin geri salınması, inkişafının qarşısını alınması üçün ciddi səbəbə çevirilməməlidir. Biz uzun müddət yaxın qonşumuz və tarixi köklərlə bağlı olduğumuz, habelə azərbaycanlıların ən çox yaşadığı dövlətin durumunu görmüşük. Uzun müddət İran-İraq müharibəsinin şahidi olmuşuq. Bunun nəticəsində hər iki dövlət zəif düşdü, inkişafdan geri qaldı. Bu müharibənin nəticəsində zəif düşən İraq bir neçə ildən sonra artıq dövlət kimi mövcud olmadı. İndi dövlət kimi onun formallığı qalıb. İran dövləti də bu müharibədə bir milyona yaxın şəhid verib, özü də müharibənin nəticələrinə qatlaşmağa məcbur olub, gerilələyib. Halbuki, həmin zaman həm İranı, həm də İraqı daha çox kənar qüvvələr-xristian dünyasına məxsus olan dövlətlər silahlandırırdı. Bu cür münaqişələr vaxtaşırı islam dünyasını əldə saxlamaq üçün başqa-başqa qüvvələr tərəfindən həyata keçirilir. Sadəcə olaraq islam dövlətlərinin müdrikliyi və proseslərdə təmkinli olması lazımdır. Onsuz da, geri düşəcəyimiz aydın olan bir prosesə baş vurulmamalıdır".
O, hesab edir ki, bu kifayət qədər təhlükə potensialı yaradan qarşıdurmadır: "Bu qarşıdurma hətta Suriya problemindən də mürəkkəbdir. Səudiyyə və İran islam aləminin iqtisadi, siyasi və hərbi baxımdan güclü dövlətlərdir. Hər iki dövlət islamda ciddi köklərə və dayaqlara malik məzhəblərin üzərində duran, onu yönlədirən dövlətlərdir. Bu baxımdan qarşıdurmanın potensialı Suriya məsələsindən daha təhlükəlidir. Dünya gücləri çalışmalıdır ki, bu prosesin qarşısı alınsın və qarşıdurma normal məcraya yönəldilsin. Mən BMT-nin xüsusi missiyasının bu məsələyə dərhal reaksiya verməsini xüsusilə qeyd edirəm. Eyni zamanda Rusiya və Türkiyənin bu qarşıdurmaya dərhal münasibət bildirməsini vurğulayıram. Hesab edirəm ki, Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətləri qaydaya salınması işində ən ciddi tərəf olaraq Azərbaycan çıxış edə bilər". Onun sözlərinə görə, Prezident son müşavirədə qeyd etdi ki, Azərbaycan həm İranla, həm də Səudiyyə Ərəbistanı ilə kifayət qədər, heç bir ölkədə olmayan münasibətlərə sahibdir: "İran bizim qonşumuzdur, qardaş dövlətdir, həm də Səudiyyə aparıcı sünni dövləti kimi Azərbaycana öz müsbət münasibəti ilə fərqlənən ölkədir. Bu baxımdan qeyd etdiyim problemi yoluna qoymaq işində Rusiya və Türkiyədən daha çox Azərbaycan diplomatiyası mühüm rol oynaya bilər. Düzdür, hazırda bizim diplomatiyamız bu məsələdə passiv mövqe tutub. Lakin hesab edirəm ki, öz vasitəçiliyimizi təklif etməyimiz həm də ölkəmizin və dövlətin imicinə müsbət təsir göstərə, işin normal məcraya yönəldilməsində effektiv ola bilər".