“Moskva və Qərb müharibə təhlükəsindən ehtiyatlanır” Siyasət

“Moskva və Qərb müharibə təhlükəsindən ehtiyatlanır”

"Dağlıq Qarabağ münaqişəsi Qafqazda ən təhlükəli problemlərdən biri olaraq qalır. Münaqişə tərəfləri Dağlıq Qarabağın statusu, erməni silahlı qüvvələrinin nəzarətində olan Azərbaycan rayonlarının və qaçqınların geri qaytarılması kimi əsas məsələlər üzrə kompromisə hər hansı işarə olmadan 2016-cı ilə daxil olublar".
Bu barədə Rusiyanın "Kommersant" qəzetində "Xarici siyasət" analitik agentliyinin təhlilçiləri Sergey Markedonov, Andrey Bezrukov, Mixail Mamonov və Andrey Suşentsovun həmmüəllifliyi ilə dərc olunan yazıda bildirilir.
Ekspertlər həm Rusiyanın, həm də Qərbin Dağlıq Qarabağmünaqişəsinin gərginləşməsindən ehtiyatlandığını qeyd ediblər: "Qarşıdurmanın "donunun açılması" ilə beynəlxalq sülhməramlı qüvvələr kontingentinin regiona mümkün yerləşdirilməsi münaqişənin regiondankənar oyunçuların iştirakı olmadan həllinin vacibliyini bəyan edən İranı da narahat edə bilər. Lakin Rusiya-Türkiyə ziddiyyəti, Azərbaycanla Türkiyənin və Rusiya ilə Ermənistanın strateji xarakter daşıyan kooperasiyası nəzərə alındıqda, müharibə riskini və Dağlıq Qarabağ münaqişəsinin Qafqaz çərçivəsindən kənara çıxması ehtimalını artırır. Bununla yanaşı, İrəvan və Bakı Moskva ilə Vaşinqton arasındakı ziddiyyəti müşahidə edərək Minsk Qrupunun və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının insidentlərə tez və uzlaşdırılmış reaksiyasını test etməyə cəhd göstərirlər".
Rusiyalı politoloqların fikrincə, bu qaynar nöqtədə kövrək "status-kvo"nun pozulmasının Rusiya üçün mənfi nəticələri olacaq: "Birincisi, bu, üzvləri arasında Ermənistana hərbi-siyasi dəstəyə görə konsensusun olmaması nəzərə alınmaqla, Avrasiya inteqrasiya layihələrinin (Avrasiya İqtisadi Birliyi və KTMT) perspektivini sual altına qoyur. İkincisi, bu durum Moskva ilə Bakının maraqlarının kəskin ziddiyyətinə səbəb ola və Gürcüstan ssenarisinin təkrarlanmasına qədər gedib çıxa bilər. Üçüncüsu isə, Rusiyanın mövqeyinin zəifləməsi nizamlanma prosesinin daha böyük miqyaslı beynəlmiləlləşdirilməsi məsələsinin vacibliyini gündəmə gətirəcək və Rusiyanın təsiri zəifləyəcək".
Ekspertlər qeyd edib ki, Moskva ilə konflikt nəticəsində Ankara Ermənistana təzyiqi gücləndirmək məqsədilə Azərbaycana hərbi dəstəyi daha da artıra bilər: "Lakin Ermənistan və Azərbaycan arasında hərbi-siyasi balans tərəflərdən heç birinə üstünlük əldə etməyə imkan verməyəcək və münaqişənin qarşısını alacaq".