“Həmsədrlərin vasitəçiliyindən imtina olunmalıdır” Siyasət

“Həmsədrlərin vasitəçiliyindən imtina olunmalıdır”

BAXCP sədri: "Onların vasutəçilik missiyası ilə barışmaq kapitulyasiya aktına doğru addım-addım irəliləmək anlamına gəlir"
ATƏT-in Minsk qrupu həmsədrlərinin Avropa Şurası Parlament Assambleyasında müzakirəyə çıxarılacaq "Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması" və "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi" adlı hesabatlarla bağlı qəbul etdikləri bəyanat Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) kəskin etirazına səbəb olub.
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmədinə açıqlamasında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yaranmış münaqişənin həll olunmamasının və status-kvonun qorunub saxlanılmasının əsas səbəbkarlarının ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olduğunu bildirib.
BAXCP sədri deyib ki, bu bəyanat Minsk qrupu həmsədrlərinin bü günə kimi göstərdikləri fəaliyyətin mahiyyətini və onların münaqişənin həlli ilə bağlı əsl mövqelərini bur daha nümayiş etdirir: "Bu bəyanatla ATƏT-in Minsk qrupu həmsədrləri benəlxalq hüquqa tüpürməklə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ermənipərəst mövqelərini bir daha ortaya qoydular və bundan sonra onların vasitəçilik missiyalarını davam etdirməyə mənəvi və hüquqi haqları qalmır".
BAXCP sədri hesab edir ki, Azərbaycan müti seyrçi mövqeyi tutmamalı, ATƏT-in və bu qurum tərəfindən formalaşdırılan Minsk qrupunun fövqəladə toplantısının çağırılmasına nail olmalı, Rusiya, ABŞ və Fransa üçlüyünün vasitəçilik missiyasından imtina etməlidir: "ATƏT-in Minsk qrupuna həmsədrlik edən hər üç dövlətin ermənipərəst siyasət yürütməsi onların nə zamansa Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı olacaqlarına və bu istiqamətdə fəaliyyət göstərəcəklərinə ümid yaratmır. Həmsədr dövlətlərdən biri - Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir, digər həmsədr dövlətlərin - ABŞ və Fransanın siyasi elitası isə erməni diasporunun təsiri və nəzarəti altındadırlar. Belə olduğu təqdirdə, onların vasitəçilik missiyası ilə barışmaq kapitulyasiya aktına doğru addım-addım irəliləmək anlamına gəlir".
Qüdrət Həsənquliyev Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin məhz bu kontekstdən çıxış edərək, Minsk qrupu həmsədrlərinin fəaliyyətinə diqqət çəkmələrinin vacibliyini də vurğulayıb: "Azərbaycan nümayəndə heyətinin üzvləri AŞ PA-nın sessiyasında münaqişənin tənzimlənməməsində və mövcud status-kvonun qorunub saxlanılmasında məhz Minsk qrupu həmsədrlərinin maraqlı olduqlarını qurum üzvlərinin diqqətinə çatdırmalıdırlar. Qeyd edilməlidir ki, problemin bu günə qədər həll olunmaması və bunun nəticısi kimi torpaqlarımızın 20 %-nin işğal altinda qalması, bir milyondan çox insanin 25 ildən artıq bir zamanda acı qaçqın həyatı yaşamasının əsas günahkarları işğalçı Ermınistanla yanaşı təzyiq və şantaj yolu ilə prosesi öz nəzarətlərində saxlamağa çalışan Rusiya, ABŞ və Fransadır".
BAXCP sədri Azərbaycan hökumətini Minsk qrupu həmsədrlərinin vasitəçilik missiyasından imtina edilməsi ilə bağlı təxirəsalınmaz addımlar atmağa və torpaqlarımızı azad etməyə çağırıb.