Qarabağla bağlı risklər artır Siyasət

Qarabağla bağlı risklər artır

Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətinin regiona siyasi və iqtisadi təsirlərləri

Cavid

Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətinin regiona artan riskləri barədə danışarkən politoloq Qabil Hüseynli deyib ki, dondurulmuş münaqişələri bütövlükdə region üçün barıt çəlləyi hesab etmək olar.
Sabiq dövlət müşaviri bildirib ki, postsovet məkanındakı dondurulmuş münaqişələrin saxlanılması hazırda da Rusiya üçün önəmli məsələdir: "Məsələnin nizama salınması üçün yaradılmış beynəlxalq təşkilatların işini pozan da elə Kremldir. Çünki sözügedən təşkilatlar Moskvanın maraqlarına əsas maneədir. Görünür, burada Rusiya ilə yanaşı, başqa dövlətlərin də maraqları var. Dondurulmuş münaqişələrin saxlanılması getdikcə bütövlükdə region üçün təhlükəli tendensiyaya çevrilir. Bu, birbaşa regiondakı ticari və iqtisadi əlaqələri iflic edir, dövlətlər arasında düşmənçilik toxumu səpməklə münaqişələrin yenidən alovlanmasına və daha geniş sahələri əhatə etməsinə əlverişli şərait yaradır. Qarabağ münaqişəsinin hazırkı vəziyyəti bütövlükdə region üçün barıt çəlləyidir. Başda BP olmaqla, bir sıra Qərb şirkətləri Azərbaycana xeyli sərmayə yatırıb. Bakı-Ceyhan, Bakı-Ərzurum, Avropa ilə Asiyanı birləşdirən böyük enerji və nəqliyyat dəhlizlərinin başa çatdırılması prosesi gedir. Moskva və İrəvanın status-kvonun saxlanılmasına yönəlik addımları vəziyyəti müharibə ilə əvəzləyə və nəticədə bütün infrastruktur layihələrini məhv edə bilər. Qərb bu cür təhlükəli risklərin fərqindədir və çox güman ki, yatırılan iri sərmayələrinin ziyan görməməsi üçün Dağlıq Qarabağın artıq dondurulmuş münaqişə formatından çıxması istiqamətində səylərini artıracaq".
"Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətdə qalması nəinki birbaşa regiona, ayrı-ayrı ölkələrin iqtisadiyyatına da mənfi təsir göstərir". Bunu isə iqtisadçı alim Vüqar Bayramov deyib.
Ekspertin sözlərinə görə, Cənubi Qafqazda münaqişəli vəziyyət bir başa ölkəyə cəlb edilən xarici investisiyaların həcminə təsir göstərir: "İqtisadi "sinql market" prinsipi praktik olaraq münaqişəli regiona vahid bazar kimi baxılmasının qarşısını alır. Nəticədə avtomobil və digər daha böyük bazar tələb edən sektorlara investisiyanın cəlbində müəyyən çətinliklər olur. Eyni zamanda, ölkələrarası xarici ticarət dövriyyəsinə mənfi təsir göstərir. Yalnız münaqişə aparan tərəflər deyil, bütövlükdə regionda yerləşən ölkələrin ticarət dövriyyəsində də azalmalar müşahidə edilir. Münaqişələrin xərci büdcədə hərbi istiqamətdə ayrılan vəsaitlərin artmasına gətirib çıxarır ki, bu da dövlət büdcəsində ayırmalara birbaşa təsir göstərir. Belə durum nəqliyyat və digər regional layihələrdə invsetorların ehtiyatlanmasına səbəb olur".
İqtisadçının sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli Cənubi Qafqazın güclənməsi deməkdir: "Münaqişənin həm cari, həm də potensial xərcləri olur. Azərbaycan tərəfi dəfələrlə qeyd edib ki, Qarabağ probleminin həlli bütün tərəflərin iqtisadi baxımdan gəlir əldə etməsinə gətirib çıxaracaq. Hətta Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Ermənistana belə investisiya qoymaq niyyətində olduğunu bildirib. Elə bir zaman yetişib ki, prosesin həlli bütün tərəflər üçün vacib hal alıb. Münaqişənin hələ də həll edilməmiş qalması ölkə iqtisadiyyatına, xüsusilə də turizm sektoruna mənfi təsir göstərir".
"Şəxsən sizin" verilişdə çıxışı zamanı "Exo Moskva" radiosunun baş redaktoru Aleksey Venediktov isə söyləyib ki, Rusiya hələ də Qarabağ kartını oynayır.
Onun sözlərinə görə, Rusiya burada istənilən vaxt gərgin vəziyyət yarada bilər: "Bunun real problem olduğunu anlamaq lazımdır. BBC-dəki insanlar çox diqqətlidirlər. Dünən Qorbaçovun 1991-ci ildəki köməkçisi Çernyayevin kitabını oxudum. Burada o, Qorbaçovun İtaliyaya səfərindən danışırdı. Deyirdi ki, mən isterikanı başa düşmürdüm. Niyə insanlar küçələrdədir? Onlar "ura" qışqırıb, maşının qarşısına atılırdılar. Sonradan mən başa düşdüm ki, onlar həqiqətən bizdən qorxurmuşlar, onlar həqiqətən hava hücumu əleyhinə sığınacaqlar düzəldibmişlər. Qorbaçov bu qorxunu onların üzərindən götürdü. Bu, məhz sənin indi burada gördüyün tarixdir. Arxamızda Osetiya, Abxaziya, Krım, Donetsk, Dnestryanı, Qarabağ var. Biz hələ Qarabağ kartını oynayırıq. Qoy orada İlham Əliyev özünün türkiyəli dostlarına bizim burada istədiyimiz vaxt gərgin vəziyyət yarada biləcəyimizi xatırlatsın. Biz hələ bu kartı oynayacağıq. Bizə yerli əhaliyə nə olacağı ilə bağlı heç nə maraqlı olmayacaq. Siz bunu unudun. Biz, bax bu cür yollarla özümüzün vətənpərvər, geosiyasi problemlərimizi həll edirik. Məhz buna görə də mən BBC-nin filminə siyasi fantaziya kimi yanaşmıram. Mən buna çox ciddi yanaşıram".
Qeyd edək ki, bir müddət öncə BBC III Dünya Müharibəsinin necə başlayacağı ilə bağlı sənədli filmini yayımlayıb. Bu film Rusiyada kəskin etirazlara səbəb olub.