“Əməkdaşlıq yaxşı gedir” Siyasət

“Əməkdaşlıq yaxşı gedir”

Ceyms Appaturay: "NATO Azərbaycanın təhlükəsizliyinə töhfə verir"

"NATO Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə cəlb olunmayıb".
Bu sözləri Bakıda səfərdə olanNATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib. O münaqişə ilə bağlı son durumu prezidentİlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla müzakirə etdiyini söyləyib: "NATO-nun münaqişə ilə bağlı mövqeyi var. Təmas xəttindəki vəziyyət gərginlik yaradır. Bu, çətin durumdur. Alyans hesab edir ki, tərəflər sülh yolu ilə həll prosesi üzərində işləməlidir. Rəsmi mövqeyimiz budur ki, biz Minsk Qrupunu və sülh yolu ilə qarşılıqlı razılaşdırılacaq həlli dəstəkləyirik".
Ceyms Appaturay NATO ilə əməkdaşlığa verdikləri töhfələrə görə "Azərbaycan prezidenti və xarici işlər nazirinə təşəkkür etdiyini deyib.
O bildirib ki, Azərbaycan NATO ilə birgə səylər üçün etibarlı, əhəmiyyətli və dayanıqlı töhfə verən bir ölkədir: "Bunun ən böyük nümunəsi isə Əfqanıstanda əməkdaşlıqdır. Azərbaycanın Əfqanıstanla xüsusi əlaqələri mövcuddur. Biz əfqan təhlükəsizlik qüvvələrinə təlim keçmək sahəsində birgə işləyirik. Bildiyimə görə, bir neçə həftə ərzində əfqan rəsmiləri Azərbaycana gələcəklər. Bizim hər birimiz Əfqanıstanın öz təhlükəsizliyini təmin etməyə qadir olmasında maraqlıyıq. Azərbaycanın bu sahədəki töhfələrini yüksək qiymətləndiririk. NATO həmçinin Azərbaycanın təhlükəsizliyinə töhfə verir. Biz Azərbaycanla müdafiə sahəsində islahatlar və bu sahənin daha effektli olması üçün ölkəni texniki və zəruri məsləhətlə təmin etmək üçün davamlı işləmişik".
Appaturay qeyd edib ki, Fərdi Tərəfdaşlıq Planı (IPAP) çərçivəsində əməkdaşlıq yaxşı gedir: "Bu, iki illik bir dövrü əhatə edir və biz ikinci ilin sonuna yaxınlaşırıq. Mənim həmkarım bu yaxınlarda Azərbaycana gələcək və növbəti 2 illiyin başlaması üçün müzakirələr aparacaq. Biz yenilənmiş məqsədləri də müzakirə edəcəyik. Əməkdaşlıq yaxşı gedir. Azərbaycan görmək istədiyimiz işlərin həyata keçirilməsi sahəsində bizimlə çox sıx işləyir. Bu, çox müsbətdir. Bizim təklif edə biləcəklərimizdən daha çox imkan var. Məsələn, müdafiə sahəsində effektivliyi və şəffaflığı artırmaq kimi məsələlər. Bütün hallarda biz bundan çox razıyıq".
Ceyms Appaturay NATO-nun Azərbaycanda minalardan təmizləmə layihələrinə dəstək verdiyini də xatırladıb.
O bildirib ki, müvafiq layihə hazırda ikinci mərhələnin sonuna yaxınlaşır: "Birinci mərhələ yekunlaşıb, təxminən 1 600 hektar ərazi təmizlənib. Ümid edirik ki, bu layihə üçüncü mərhələdə də davam edəcək. Bu ərazilərin təmizlənməsi iqtisadi fəaliyyət göstərmək üçün imkanlar yaradır".
NATO rəsmisi Bakı səfəri çərçivəsində Rusiya və qonşularla münasibətlər, Orta Asiyadakı vəziyyət, İranla nüvə razılaşmasının regiona təsirləri və digər məsələləri müzakirə etdiyini deyib: "Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində irəliləyiş barədə mənə məlumat verildi. Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsi yüksək qiymətləndirilir".
Türkiyə ilə Rusiya arasında yaşanan gərginliyə diqqət çəkən Ceyms Appaturay deyib ki, NATO-nun baş katibi hər iki ölkəni vəziyyəti gərginləşdirməməyə və məsələni həll etməyə çağırıb.
O bildirib ki, gərginliyə səbəb Türkiyə hava məkanının bir dəfədən artıq olmaqla, pozulmasıdır: "Dəfələrlə edilən çağırışlara baxmayaraq, Rusiya hərbi hava qüvvələri buna yol verib. Bu da məlum insidentlə nəticələnib. Türkiyə və NATO rəsmilərinin açıqlamalarını bir daha təkrarlayıram ki, Rusiya Türkiyə hava məkanını pozmaqdan çəkinməlidir. Baş katib və bütün alyans üzvləri risklərin qarşısını almaq və şəffaflıq üçün irəliləyiş əldə etmək fikrinə sadiqdirlər. Orada hərbi aktivlik var. Rusiya bunların böyük əksəriyyətinə görə məsuliyyət daşıyır. Baş katib dəfələrlə şəffaflığı artırmaq və riskləri azaltmaq üçün istənilən növ danışıqlara hazır olduğunu bildirib. Bu günə kimə irəliləyiş görməmişik".