“Almaniya dövlətinin Azərbaycanla bağlı mövqeyi qənaətbəxş deyil” Siyasət

“Almaniya dövlətinin Azərbaycanla bağlı mövqeyi qənaətbəxş deyil”

Elşən Musayev: "Ümumiyyətlə hər bir qurumun güc, təsiretmə resursu olmalıdır"
Rasim Ağayev: "Zaman-zaman Türkiyə və Almaniyanın həmsədr ölkələr sırasına salınması məsələsi gündəmə gəlir..."


"Almaniya dövlətinin Azərbaycanla bağlı mövqeyi hətta bu günün özündə də qənaətbəxş deyil. Amma BMT-nin əsas qurumları hər zaman Azərbaycanın mövqeyindən çıxış edib". Bunu millət vəkili Elşən Musayev deyib. Onun sözlərinə görə, Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş "Dağlıq Qarabağ ərazilərinin qeyri-şərtsiz azad olunması haqqında" BMT-nin 4 qətnaməsi var: "Təəssüf ki, bu qətnamələrin icrası hələ ki, öz həllini tapmayıb. Ümumiyyətlə, hər bir qurumun güc, təsiretmə resursu olmalıdır. Əgər o resurs yoxdursa, həmin qətnamələrin sabah yüzü də qəbul olunsa, məsələnin mövqeyində heç bir dəyişiklik olmayacaq. ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinə gəldikdə isə biz arzu edirik ki, heç olmasa bu səfər Almaniya dövləti Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyində səmimi olsun. Amma təəssüf ki, Avropa Şurasının son plenar iclaslarında Almaniya tərəfinin haqlı mövqeyi ilə qarşılaşmadıq.
Hətta bəzi parlamentarilər bir qədər mövzudan yayınaraq, öz konstekstlərindən çıxaraq tamamilə fərqli mücərrəd mövqelər ortaya qoydular. Arzumuz odur ki, Dağlıq Qarabağ məsələsində müsbət irəliləyişlər olsun, Azərbaycanın haqq səsi hər yerdə tanınsın və torpaqlarımız geri qayıtsın".
Politoloq Rasim Ağayev isə bildirib ki, zaman-zaman Türkiyə və Almaniyanın həmsədr ölkələr sırasına salınması məsələsi gündəmə gəlir, amma bir şey alınmır: "Çünki BMT məsələni ATƏT-in Minsk qrupuna həvalə edib. Amerikalı həmsədr Ceyms Uorlik açıq-aşkar erməniləri dəstəklədiyini bəyan edib. Masaya qoyulan təkliflər də Ermənistan və Azərbaycan tərəfindən rədd olunub. Tərəflər ciddi danışıqlara hazır deyil. Ciddi danışıqların yolu ancaq kompromis yoludur. Azərbaycanın bundan artıq kompromisə yolu yoxdur, torpaqları gedib, 7 rayonu da Ermənistana bağışlamalıdır? Növbə Ermənistanındır. Xarici beynəlxalq tərəflərə çatdırmalıyıq ki, Ermənistana təzyiqlər olunsun. Məqam çatıb, ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlara bəyan etmək lazımdır ki, Ermənistanın mühüm regional və beynəlxalq layihələrdə iştirakı üçün kompromisə getməlidir. Bundan ötrü əlverişli vəziyyət yaranıb. Ermənistan zəbt etdiyi rayonları qaytarsın, Qarabağın statusunu 5-10 ilə müzakirə edərik. Ermənistan silah gücünə hər şeyi həll etmək istəyir. Azərbaycanın ərazisi işğal olunub, dörddə bir hissəsi aqressiyaya məruz qalıb, 1 milyon nəfər qaçqın düşüb. Əgər problemin hərbi yolla həllinə imkan verilmirsə, Ermənistan da sülh yolu ilə razılığa gəlmək istəmirsə, deməli, başqa üsula əl atılmalıdır. Azərbaycanın öz növbəsində bu istiqamətdə istifadə edə biləcəyi təhlükəli silahı var. Azərbaycan zəngin ölkədir, biz erməniləri burada təhlükəsiz yaşamaları ilə bağlı inandırsaq, o zaman onlar da Azərbaycan vətəndaşları kimi rifah və demokratik şəraitdə yaşayacaqlar. Belə olan halda Qarabağ erməniləri də bizim mövqeyimizi dəstəkləyəcək, anlayacaqlar ki, nələri itiriblər. Münaqişənin əvvəlindən də hər kəs Ermənistanın tərəfində idi. Özümüzü aldatmayaq ki, bu istiqamətdə nə isə müsbət bir şey olub. Hər şey əvvəlki kimi qalıb. Həm Ermənistan, həm də Azərbaycana qarşı münasibətdə elastik siyasət yürüdülür. Yalnız geosiyasi vəziyyət dəyişib və Azərbaycan enerji və iqtisadi baxımdan bu mərhələyə təsir edə biləcək xüsusi gücə sahibdir. Azərbaycan xarici əlaqələr və Dağlıq Qarabağ münaqişəsinin nizama salması haqqında öz mövqeyini təqdim etmək üçün çox şeyə nail olub. Bunu inkar etmək absurddur. Yaxın gələcəkdə böyük dəyişikliklərin baş verəcəyi gözləniləndir. Eyni zamanda, Rusiya ilə Türkiyə arasındakı gərginliyin nə ilə nəticələnəcəyini də heç kəs bilmir".
O, həmçinin əlavə edib ki, dünyada Dağlıq Qarabağ münaqişəsindən başqa problemlər var: "İndi Suriya problemi gündəmdədir və çox ciddi məsələdir. Vaxt keçdikcə, Qarabağ problemi arxa plana keçir. Sabah yeni qaynar ocaqlar yarana bilər. Belə proqnoz vermişəm ki, 5 ilə Yaxın Şərqdə "kürd dövləti" yaranacaq. Onda nə edəcəyik? Kürdlər də bilavasitə ermənilərin müttəfiqidir. Dünya dəyişilir axı, hər bir məsələni gərək vaxtında həll edəsən. Yarımçıq qalan o qədər problem var ki. Ermənistan Azərbaycan ərazilərini zəbt edib, ona güldən ağır söz deyən yoxdur. ABŞ kürd dövləti yaratmaq istəyir. Suriya, İraq, İran, yoxsa Türkiyə ərazisində yaradacaq? Beynəlxalq Qüvvələr tərəfindən tanınmış ölkələrin bir çoxunu parçaladılar. İraq, Liviya, Tunis, Yəməndə, indi isə Suriyada bu plan davam edir. Həmin ərazilərdə yeni dövlət yaratmaq niyyətindədirlər. Kürdlərin lideri Şamoyan erməni soyadı götürüb, deyir bizim milli qürurumuz var, mübarizə aparırıq. Həmin şəxsə deyən yoxdur ki, necə mübarizə aparırsan? Sən terrorçusan, silahın var, kimlə mübarizə aparırsan?".