“Soruşun Fərmanyandan...” Siyasət

“Soruşun Fərmanyandan...”

Qənitə Paşyeva: "Sizin əsgərlərinizin o hadisələrin baş verdiyi yerdə, Azərbaycan torpaqlarında nə işi vardı?"

Millət vəkili Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasında (AŞPA) "Büronun inkişaf qətnaməsi"nin müzakirəsi zamanı ön cəbhədə baş verən son hadisələrlə bağlı Azərbaycanın ünvanına ittiham dolu çıxış edən erməni deputat Samvel Fərmanyana sərt cavab verib.
Qənirə Paşayeva erməni deputatın ittihamlarının şər və böhtandan başqa bir şey olmadığını sessiya iştirakçılarının diqqətinə çatdırıb: "Mən burada başqa çıxış edəcəkdim. Terrora qarşı birgə mübarizəmizin gücləndirilməsinin önəmindən, mədəniyyətlərarası dialoqun genişlənməsi istiqamətində daha nələr etməli olduğumuzdan danışacaqdım. Amma Ermənistan nümayəndə heyətinin üzvü Samvel Fərmanyanın ölkəm əleyhinə söylədiyi yalanlara, ittihamlara cavab vermək, gerçəkləri sizə çatdırmaq istəyirəm.
Mən sizlərə işğalçı Ermənistan hərbiçilərinin anasının gözləri önündə qətl etdiyi 16 yaşındakı Türanə Həsənlinin anasının, oğlunun gözləri önündə qətl edilən Dadaşov Qaraşın ailəsi və son günlərdə ön cəbhədə Ermənistan hərbiçilərinin atəşkəsi pozaraq qətl etdiyi və yaraladığı, evlərini dağıtdığı onlarla mülkü Azərbaycanlı ailənin çağırışlarını səsləndirmək istəyirəm. Aprel ayında Ermənistan atəşkəsi pozaraq mülkü azərbaycanlıları, kəndləri hədəfə alaraq onları bir neçə mülkü vətəndaşı qətl edib, çoxlu sayda evi dağıdıb. Bizim əlimizdə bunu sübut edən fotolar və videolar var. Ermənistan heyəti adına burada çıxış edən Fərmanyan təəssüf olsun ki, Ermənistan ordusunun atəşkəsi pozmasına, törətdiyi cinayətlərə, qətllərə səssiz qalaraq həqiqətlə heç bir əlaqəsi olmayan açıqlamalar verir və dünya ictimaiyyətini yanıltmağa çalışır.
Ermənistan ordusu 2 apreldən başlayaraq Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında qurduğu mövqelərindən atəşkəsi pozaraq hücuma keçib. Bunu xüsusilə bilmənizi istəyirik. Azərbaycan və Ermənistan arasında yaşanan son olaylar, iki ölkənin sərhədində deyil, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında baş verib. Bu toqquşmada mülkü insanlarımızı qoruyaraq həlak olan Azərbaycan əsgərləri, hərbçiləri öz torpaqlarını qoruyurdu. Bəs Ermənistan əsgər və hərbçiləri orada nə gəzirdi? Soruşun Fərmanyandan ki, sizin əsgərlərinizin o hadisələrin baş verdiyi yerdə, Azərbaycan torpaqlarında nə işi vardı? Mən burda sizin yanınızda soruşuram. Cavab versin, görək, nə işi vardı? Çünki Ermənistan işğalçılığını davam etdirərək hələ də Azərbaycan torpaqlarından çıxmır. Mən Fərmanyanın Qarabağ problemi ilə bağlı mövqeyinə görə AŞPA prezidenti Pedro Agramunta qarşı səsləndirdiyi ittihamlara kəskin etiraz edirəm. AŞPA prezidenti ədalətin yanında olaraq bu problemin həllinə, işğalın bitməsinə çağırır. Biz Assambleyamızı bu məsələyə daha çox diqqət ayırmağa, işğalın bitməsi üçün daha çox çalışmağa və işğalçı Ermənistana təzyiqə və ədalətin yanında olmağa çağırırıq".