Qara dəniz bölgəsinin geosiyasəti Siyasət

Qara dəniz bölgəsinin geosiyasəti

Elçin Mirzəbəyli

Nə zamansa Qara dənizlə Xəzər birlikdə olublar. İndi onları bu iki dənizi ayıran torpaq parçası üzərindən keçən nəqliyyat dəhlizləri, bölgə dövlətlərinin, böyük güclərin strateji maraqları birləşdirir. Qara dəniz müxtəlif zaman kəsiyində fərqli adlarla çağırılıb. Ona Temarun, Kimmer, Ashhana, Skif, Mavi, Taurian, Müqəddəs dəniz də deyiblər. Bu su hövzəsinin hazırda Qara dəniz adını daşımasının isə həm elmi, həm də metoforik geosiyasi izahı var. Elmi yozum Qara dənizin dərinliklərində çoxlu miqdarda hidrogen-sulfid qazının toplanması ilə bağlıdır. Bu səbəbdən də müxtəlif məqsədlərlə Qara dənizin təkinə buraxılan əşyalar, xüsusilə də metal tərkibli nəsnələr qısa bir zaman ərzində qara rəngə boyanır.
Geosiyasi izah isə Qara dənizin daim münaqişə ocağı olması, hövzəni nəzarətinə almaq istəyən güclərə qara günlər yaşatması ilə əlaqələndirilir.
Qara dəniz 6 sahilyanı dövlət ilə əhatə olunub: Ukrayna, Rusiya, Gürcüstan, Türkiyə, Bolqarıstan və Rumıniya. Onlardan yalnız üçünün – Türkiyə, Rusiya və Ukraynanın Qara dənizdə Hərbi Dəniz Donanması var. Digər dövlətlər – Gürcüstan, Bolqarıstan və Rumıniya isə dəniz sərhədlərinin və sahillərin müdafiəsi üçün nəzərdə tutulan gəmilərlə kifayətlənirlər.
Hövzə dövlətlərinin daxil olduqları hərbi-siyasi blokların birgə potensialını nəzərə almasaq, Qara dəniz bölgəsində ən böyük hərbi güc Rusiyaya məxsusdur. İkinci sırada isə Türkiyə dayanır.
Qara dəniz Rusiya üçün tarixin bütün dövrlərində mühüm strateji əhəmiyyət kəsb edib. Təsadüfi deyil ki, bu su hövzəsi hazırda Rusiyanın geosiyasi hədəflərinin sinir nöqtəsi sayılır. Moskvanın Qara dənizdə öz mövqelərini möhkəmləndirmək üçün bütün çətinlikləri, ölkə iqtisadiyyatına ciddi zərbə vuran sanksiyaları göz önünə alması da bunu sübuta yetirir.
Qara dəniz bölgəsinin Kreml üçün ölüm-dirim savaşı meydanına çevrilməsinin əsas səbəblərindən biri də bu su hövzəsinin Rusiyanın dominant rol almaq istədiyi Avrasiya güc mərkəzinin yaradılmasına istiqamətlənmiş geosiyasi hədəflərlə bağlı olmasıdır. Rusiya Qara dənizi öz forpostuna çevirməklə bir tərəfdən Avrasiya layihəsinə cəlb edə bilmədiyi ölkələrin digər inteqrasiya məkanlarına üz tutmalarının qarşısını almaq istəyir, digər tərəfdən isə bu su hövzəsi vasitəsilə Aralıq dənizi bölgəsi üzərindəki geosiyasi təsir imkanlarını genişləndirməyə çalışır.
Qara dəniz bölgəsi Rusiyanın öz təftişçi siyasətini həyata keçirmək və geosiyasi maraqlarını gerçəkləşdirmək üçün ən əlverişli məkanlardan biri sayılır. Bu məkan Moskva üçün təkcə siyasi deyil, həm də iqtisadi baxımdan çox böyük əhəmiyyət daşıyır. Rusiya Qara dənizi tam nəzarətə götürməklə, eyni zamanda bu su hövzəsi vasitəsilə həyata keçirilən enerji layihələrinə maneə yaratmağa, Avropanın qapılarını Mərkəzi Asiya və Xəzər regionun zəngin enerji resurslarının üzərinə bağlamağa çalışır. Bu isə Rusiyaya həm Avropanın enerji təminatçısı kimi dominant rolunu qorumaq, həm də Mərkəzi Asiya və Xəzər hövzəsi dövlətlərini iqtisadi cəhətdən zəif və özündən asılı vəziyyətə salmaq üçün lazımdır.
Abxaziya və Krıma nəzarəti tam ələ keçirdikdən və "Yeni Rusiya" separatçı layihəsindən sonra Rusiya Qara dəniz sahillərinə nəzarəti ələ keçirmək baxımından kifayət qədər əlverişli imkanlar qazanıb və regiona təsir etmək üçün hərbi-siyasi tutarğaclarının sayını artırıb. Moskva faktiki olaraq Ukraynanın Qara dənizə sərbəst çıxışına ciddi maneə yaradıb və Rumıniya tərəfdən NATO-nun sərhədlərinə yaxınlaşıb. Bu baxımdan, Rusiyanın özünün Qara dəniz strategiyasını reallaşdırması və bu strategiyaya uyğun olaraq, Krımdan Dnestryanıya quru yolu dəhlizinin çəkilməsinə nail olması son nəticədə bu ərazidə NATO-ya qarşı yeni forpostun formalamasına və Ukraynanın dənizdən kənarlaşdırılmasına gətirib çıxara bilər.
Qara dənizə NATO üzvü olan 3 dövlətin çıxışı var. Lakin onların hərbi müstəvidə Rusiya ilə balans yarada biləcəkləri şübhə doğurur. Rumıniya və Bolqarıstanın hərbi potensialı Rusiya ilə müqayisədə kifayət qədər aşağıdır. Eyni zamanda qeyd etmək lazımdır ki, boğazlarla bağlı 1936-cı ildə imzalanmış Montre konvensiyasına görə, Qara dənizə birbaşa çıxışı olmayan ölkələrin hərbi gəmilərinin bu su hövzəsinə daxil olmalarına məhdudiyyət qoyulub. Türkiyə hərbi potensialına görə bölgədə ikinci güc olsa da, təkbaşına Rusiyaya qarşı balans yaratmaq imkanında deyil.
Bu baxımdan, Ukraynada baş verənlər və Türkiyə-Rusiya münasibətlərinin kəskin şəkildə pisləşməsi Qara dənizin yeni geosiyasi silkələnmələrin mərkəzinə çevrilə biləcəyi ehtimalını daha da artırır.
Türkiyə-Rusiya münasibətlərindəki hələlik səngiməyən gərginlik isə indiki şəraitdə Ankaranı hərbi əməkdaşlığı dövlətlərarası səviyyədə saxlamağa və NATO-nun maraqları ilə hesablaşmağa sövq edir. Doğrudur, Türkiyə Hərbi Dəniz Donanmasının Qara Dənizdəki birlikləri Rusiyanın eyni su hövzəsindəki donanmasından daha üstün hərbi-texniki potensiala malikdir. Lakin bu və ya digər ölkənin hərbi gücünün konkret bölgəyə cəmləşdirdiyi kontingentə görə deyil, tam olaraq qiymətləndirildiyi kimsəyə sirr deyil. Rusiya hərbi potensialına görə dünyada 2-ci, Türkiyə isə 10-cu yerdədir.
Lakin Türkiyənin Qara dəniz bölgəsindəki coğrafi üstünlükləri bu ölkəyə geniş manevr imkanları verir. Moskva son zamanlar Montre konvensiyasına tez-tez istinad edərək, Türkiyənin coğrafi üstünlüklərinin, daha dəqiq desək, Ankaranın Bosfor və Dardanel boğazları üzərindəki hüquqlarının üzərinə kölgə salmağa çalışsa da, adıçəkilən beynəlxalq razılaşmanın müddəaları bunun əksini sübuta yetirir. Montre konvensiyasının açar müddəaları Türkiyənin boğazlar üzərindəki hüququnu tam və dəqiq şəkildə müəyyənləşdirir. Həmin müddəalarda qeyd olunur ki, Türkiyə özünün iştirak etmədiyi müharibə zamanı boğazların qapılarını qarşıdurma tərəflərindən istənilən birinin, yaxud bütün tərəflərin üzünə bağlaya bilər.
Montre konvensiyasına görə, əgər Türkiyə müharibəyə qatılarsa, yaxud hərbi təhlükə qarşısında qaldığını müəyyən edərsə, o zaman istənilən dövlətin hərbi gəmilərini boğazlardan buraxmamaq hüququna sahibdir. Bu baxımdan, Rusiya siyasətçilərinin və hüquqşünaslarının nə deməsindən asılı olmayaraq, Montre konvensiyası Rusiyaya sahilyanı dövlət kimi boğazlar üzərində hərbi müstəvidə hər hansı bir xüsusi üstünlük vermir. Sahilyanı dövlətləri digərləndən fərqləndirən yeganə amil ticarət gəmiləri ilə bağlıdır. Həm də yalnız sülh şəraitində...
Onu da qeyd edim ki, Qara dəniz bölgəsində cərəyan edən geosiyasi proseslərin ənənəvi olaraq, Türkiyə-Rusiya münasibətləri müstəvisindən şərh olunmasının səbəbi də, məhz boğazlarla bağlıdır. Çünki Bosfor və Dardanel boğazları üzərində nəzarətə sahib olmadan, Qara dəniz və Aralıq dənizi hövzəsində cərəyan edən geosiyasi proseslərdə aparıcı mövqeyə yiyələnmək mümkün deyil. Boğazlar təkcə coğrafi üstünlüyə sahib olmaq üçün vasitə deyil, həm də mühüm geosiyasi, geoiqtisadi faktordur. Alternativi olmayan nəqliyyat dəhlizləridir. Bölgənin qan damarlarıdır.
Hələliksə bölgənin qan damarları ilə yanaşı, sinirləri də tarıma çəkilib. Rusiyanın Qara dəniz donanmasının yenilənməsi ilə bağlı layihəsinə qarşı Türkiyənin adekvat tədbirlər görməsi Moskvanın ciddi narahatlığına səbəb olub. Bu bağlamda, Ankaranın bu ilin aprelin 30-da İspaniyanın Birinci Xuan Karlos unversal desant aviadaşıcısının analoqu olan "Anadolu" gəmisinin inşasına başlaması da Rusiyanın hərbi-siyasi dairələri tərəfindən Qara dənizdə qüvvələr nisbətinin pozulmasına gətirib çıxaracaq fakt kimi dəyərləndirirlir.
Moskvanı narahat edən təkcə "Anadolu" aviadaşıyıcısı deyil, həm də bu təyyarənin göyərtəsində yer alacaq çoxfunksiyalı F-35 qırıcı təyyarələridir. Nəzərə alsaq ki, "Anadolu" aviadaşıyıcısının Qara dənizə buraxılacağı ərəfədə bu su hövzəsində Türkiyə Hava Hücumundan Müdafiə Qüvvələrinin tacı funksiyasını yerinə yetirəcək ən müasir TF-2000 freqatının da işə salınacağı gözlənilir, o zaman Rusiyanın narahatlığını başa düşmək olar.
Rusiyanın Qara Dəniz donanması üçün nəzərdə tutduğu 3 admiral freqatının və 15 raket daşıyıcı korvetin təhvil verilməsi isə Ukrayna ilə qarşıdurma səbəbindən reallaşa bilmir. Ağır tonajlı gəmilər üçün mühərriklərin Ukraynada istehsal olunması və bəlli səbəblərdən bu mühərriklərin Rusiyaya ixracının dayandırılması Moskvanı çıxılmaz duruma salıb.
Rusiyanı narahat edən digər amil isə bölgədə üçüncü dövlətlərin hərbi iştirakıdır. Ukraynada baş verən son hadisələrdən sonra, ABŞ-ın və müttəfiqlərinin atdığı addımlar, xüsusilə də Rumıniyanın Hərbi Dəniz Donanmasının formalaşdırılması istiqamətində görülən tədbirlər bölgənin hələ uzun müddət geosiyasi gərginlik mərkəzi olaraq qalacağını sübuta yetirir.
Prezident Klaus Yohannisin bu ilin aprel ayında Ukraynaya səfəri zamanı, Buxarestlə Kiyevin NATO-nun himayəsində hərbi donanma yaratmaq hədəflərini elan etməsi, Qara dənizdə Ukrayna-Rumıniya-Bolqarıstan briqadasının yaradılması ilə bağlı müzakirələrin aparıldığını bildirməsi də Rumıniyanın Avratlantik Alyans tərəfindən xüsusi missiya ilə görəvləndirildiyini təsdiqləyir.
Qeyd edim ki, artıq NATO-nun himayəsində birgə briqadaların yaradılması ilə bağlı təcrübə var. Buna nümunə olaraq Polşa-Ukrayna-Litva briqadasını göstərmək olar.
ABŞ-ın və Avropa İttifaqının Qara dənizlə bağlı strategiyası Rusiyanın bölgədə hərbi üstünlüyə yiyələnməsinə üstünlük verməmək, Qərb üçün həyati əhəmiyyət kəsb edən bu nəqliyyat dəhlizinin təhlükəsizliyini təmin etməklə alternativ enerji layihələrinin davamlılığına nail olmaq və Avropanın enerji asılılığına son qoymaqdan ibarətdir. Bu isə Rusiyanın geosiyasi və iqtisadi maraqları ilə qətiyyən üst-üstə düşmür. Qara dəniz bölgəsinin təhlükəsizliyi Rusiya üçün NATO-suz, NATO üçün isə Rusiyasız Qara dənizdir.
Doğrudur, bölgənin təhlükəsizliyi ilə bağlı fərqli geosiyasi yanaşmalar da var. Məsələn, Rusiyada bəziləri hesab edirlər ki, Qara dəniz bölgəsinin təhlükəsizliyinin yeganə təminatı Berlin-Moskva-Ankara geosiyasi oxu ola bilər. Bu geosiyasi yanaşmanın tərəfdarları bölgənin təhlükəsizliyinin Rusiya və Türkiyədən asılı olduğunu qeyd edir, həm Qara dəniz, həm də Xəzər dənizi bölgəsindəki münaqişələrin yalnız bu iki ölkənin iştirakı ilə həll oluna biləcəyini vurğulayırlar. Lakin göründüyü kimi bu nəzəriyyələr müasir geosiyasi reallıqlar müstəvisində daha çox xoşbəxt sonluqla bitən romantik filmləri xatırladır...