“Sarkisyan bütün vasitələrlə status-kvonu saxlanmağa çalışır” Siyasət

“Sarkisyan bütün vasitələrlə status-kvonu saxlanmağa çalışır”

"Prezident İlham Əliyev Sankt-Peterburqda onu anlatdı ki, danışıqlar prosesini əsas tutaraq, münaqişənin daha 20 il davam etməsinə göz yummayacaq. O, Vladimir Putinlə görüşdə də birbaşa bildirdi ki, Bakı status-kvonu qəbul etmir və ərazilər geri qaytarılmalıdır".
Bu barədə rusiyalı ekspert Sergey Strokan deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev prosesi ölü nöqtədən tərpətməyə qətiyyət göstərsə də, onun erməni kolleqası növbəti dəfə monitorinq mexanizminin təkmilləşdirilməsi və təmas xəttində hadisələrin araşdırılmasına ehtiyac haqda danışdı: "Yəni Sarkisyan bütün vasitələrlə status-kvonu saxlanmağa çalışır". Ekspert əlavə edib ki, Rusiya tərəfləri barışdırmaq üçün uzun illər boyunca fəaliyyət göstərib. "2011-ci ildə Dmitri Medvedev prezidentləri Kazanda görüşdürdü. Hətta tərəflər münaqişəni həll etməyə yaxın idilər. Lakin bu baş tutmadı. O vaxtdan 5 il keçib. Bu illər ərzində nələr dəyişib? Bakı və İrəvanda liderlər həmin liderlərdir. Dəyişən odur ki, indi prosesi Medvedev yox, Putin aparır. Bu, əlbəttə, əhəmiyyətlidir, lakin yeganə fərq deyil. İkinci fərq odur ki, bu regionda sabitliyin saxlanılması əvvəlki kimi mümkün deyil. Vəziyyət nəzarətdən çıxır, idarə olunmaz hal alır və böyük müharibə ilə hədələyir. Nəhayət, ən vacib məqam Bakıda ciddi dəyişikliklərin nəzərə çarpmasıdır. İrəvanda çox hiss olunmasa da, son beş ildə Azərbaycan siyasi, hərbi, diplomatik arsenalını xeyli gücləndirib. Prezident İlham Əliyev bu gün postsovet məkanında dünya siyasətçiləri ilə ən fəal ünsiyyət saxlayan liderdir. Hətta, erməni diasporunun güclü olduğu paytaxtlarda belə onu arqumentlərini dinləyirlər və bu arqumentlər həm Vaşinqtonda, həm də Berlində qəbul edilir, dəstək qazanır", - deyə o bildirib.
Ekspert bildirib ki, Sankt-Peterburq görüşü ərəfəsində Azərbaycan Ordusunun təmas xəttinə yaxın bölgədə təlimlərə başlaması da diqqət çəkir. Onun sözlərinə görə, Sankt-Peterburq görüşündə böyük sıçrayış olmasa da, bu görüşü mənasız da adlandırmaq doğru deyil: "Əslində bu görüşdən sonra yeni vəziyyət yaranacaq. Qərb faktiki olaraq bu prosesdə Moskvanın aparıcı rolunu qəbul edir. Moskva nəticədə İrəvanı güzəştə məcbur edəcək, başqa yol yoxdur".