Milli Məclisin növbədənkənar son plenar iclas keçirilib Siyasət

Milli Məclisin növbədənkənar son plenar iclas keçirilib

Dünən Milli Məclisin növbədənkənar xüsusi sessiyası çərçivəsində son plenar iclas keçirilib. İclasın gündəliyinə 9 məsələ daxil edilib. Gündəlikdə Vergi, Miqrasiya, İnzibati Xətalar, Mülki və Mülki Prosessual məcəllələrə, o cümlədən "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" və "İcra haqqında" qanunlara dəyişikliklər barədə qanun layihələri yer alıb.
Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, növbədənkənar sesiyada müzakirə olunacaq 9 məsələnin 3-ü gündəlikdən çıxarılıb.Onun sözlərinə görə, gündəlikdən çıxarılan son 3 məsələ bunlardır: "Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi, "İcra haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, "Mülki Prosessual Məcəllədə dəyişikliklər edilməsi haqqında" qanun layihəsi".
Qeyd edək ki, iclasda deputat Zahid Orucla sədr Oqtay Əsədov arasında qalmaqal yaşanıb.
Deputatlar birbaşa gündəlikdə duran məsələlərin müzakirəsinə keçiblər. Deputatlar Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini müzakirə ediblər.
Bu haqda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
O qeyd edib ki, təklif edilənlər vacib dəyişikliklərdir. Deputat Qüdrət Həsənquliyev bu dəyişiklikləri müdafiə etdiyini açıqlayıb.
Millət vəkili, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov isə "ölkəyə gətirilən mallarla ƏDV tətbiq edilməsi ilə bağlı məsələyə yenidən baxılmasını təklif edirəm",- deyə bildirib. Millət vəkili çıxışında İran-Azərbaycan münasibətlərinin mövcud durumundan da danışıb: "Ölkə sərhəddən başlayır. Ona görə də sərhədlə bağlı qəbul edilən qanunların, qərarların ölkə iqtisadiyyatının inkişafına işləməsi çox vacib şərtdir. Bu yaxınlarda qəbul edilən bir çox qərarlar da bu qəbildəndir. Viza sisteminin sadələşdirilməsi, sahibkarlılğın inkişafının stimullaşdırılması. Bu baxımdan indi müzakirəyə çıxarılan qanun layihəsi və "Tax Free" sisteminin tətbiq edilməsi də çox vacibdir. Ölkəmizin neftsiz inkişafı üçün bu qanunun qəbulu lazımdır. Mən vergilər nazirinin birnci müavininin burdada iştirakından istifadə edərək xahiş etmək istəyirdim ki, əlavə dəyər vergisinə də bir daha baxsınlar. Bu vergilərin tətbiqi məsələsinə yenidən baxmaq lazımdır, çünki hər şeyə eyni dərəcədə vergini və əlavə dəyər vergisini tətbiq etmək doğru deyil... Biz İranının köməyi ilə neftdən kənar iqtisadiyyatımızı qurmaq istəyirik. İranın vasitəsi ilə Azərbaycan üzərindən keçən yüklərin iqtisadi dəyərini hesablasaq, bu, yüz milyonlarla, milyardlarla vəsait deməkdir. Cənab prezidentin İrana sonuncu səfərində 12 sənəd imzalandı. Bu sənəddə ilk dəfə idi ki, Xudafərin ətrafındakı Azərbaycan torpaqlarının işğal olunduğu təsdiq edildi. Bundan böyük nailiyyət nə ola bilər ki? İlk dəfə idi ki, bizə imkan verilir o tərəf keçirik və yollarımızı tikməyə başlamışıq, ikitərəfli əlaqələrimizi qurmuşuq".
Zahid Oruc isə deyib ki, Böyük Britaniyada Avropa Birliyindən çıxmaq xətti qalib gəldi: "Avropa Birliyinin gələcəyi sual altına düşür. Bu iqtisadi bazarlara təsir edəcək. Artıq bu gundən funt strerlinqin qiyməti aşağı düşüb. Eləcədə avro dollar qarşısında zəifləməkdə davam edir. Odur ki, "tax-free" siyasətinə diqqətlə yanaşmaq lazımdır".
Spiker Oqtay Əsədov deyib ki, "tax free" dünyanın 130 ölkəsində işləyir: "Azərbaycan bura qoşulmaqla 131-ci ölkə olacaq. Bunun Avropa Birliyinə nə dəxli var axı?".
Spiker Oqtay Əsədovun bu fikirləri Zahid Orucun etirazına səbəb olub. Deputat yerdən spikerə etiraz edərkən qarşıdurma yaranıb. Spiker Zahid Orucu sakit olmağa dəvət edib: "Siz danışdınız, mən də sizə qulaq asdım və izahat verirəm. Xahiş edirəm yerindən danışma".
Zahid Orucun yerdən danışması spikeri yenidən əsəbləşdirib.
Deputat Siyavuş Novruzov tərəfləri sakitliyə dəvət edib. O, spikerin istənilən məsələ ilə bağlı fikrini demək hüququnda olduğunu bildirib: "Etika qaydalarına riayət edək. Azərbaycanda mövcud adət-ənənə, böyük-kiçik məsələsi var. Milli Məclisdəki əvvəlki vəziyyətləri görmüşük. Deyirsiniz ki, həmin dövrə qayıdaq? Fikir bildirdin bitdi. Hər kəs deyə bilməz ki, bu fikir düzdür. Hər kəsin öz fikri var. Bir-birimizə hörmətlə yanaşmalıyıq. Söz verildi, danışırıq, mikrafon söndüsə, deməli söhbət bitdi. Hər kəs yerdən bir söz desə, onda bizim Milli Məclis hansı vəziyyətə qalar? Bu məsələni nəzərə almalıyıq".
Spiker Oqtay Əsədov daha sonra Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abıyevə müraciət edərək, deputat Zahid Oruc barədə tapşırıq verib: "Mən istəməzdim ki, sonuncu iclasımız belə notlarla başa çatsın. Ağacan müəllim, xahiş edirəm ki, Milli Məclisin deputatı Zahid Orucu etik davranış qaydalarını pozduğu üçün İntizam Komissiyasına dəvət edib, araşdırma aparasınız". Spiker bildirib ki, kimsə bu cür qeyri-etik davranış nümayaş etdirsə, mütləq intizam qaydasınsa cəzalandırılmalıdır.
Qanun layihələri səsə qoyulara qəbul edilib və Milli Məclis tətilə çıxıb.