“Azərbaycan mediası “Əkinçi” ənənələrinə sadiqdir” Siyasət

“Azərbaycan mediası “Əkinçi” ənənələrinə sadiqdir”

Əli Həsənov: "Bu gün qlobal informasiya məkanında Azərbaycan mediasının uğuru həm də Azərbaycan xalqının uğurudur"

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə keçirilmiş fərdi jurnalist yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Bu münasibətlə təşkil olunan mərasimi giriş sözü ilə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli açıb. Sonra söz Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova verilib. O, Azərbaycan milli mətbuatının 141 yaşının tamam olması münasibətilə bütün media nümayəndələrini, jurnalistləri təbrik edib.
"Bu gün qlobal informasiya məkanında Azərbaycan mediasının uğuru həm də Azərbaycan xalqının uğurudur. Bu gün Azərbaycanı dünyaya bütün möhtəşəmliyi, müasirliyi, tolerant mühiti ilə təqdim edən jurnalistin imzası həm də Azərbaycan xalqının imzasıdır. Hər bir jurnalist sözü vicdanla, öz xalqını, dövlətini düşünərək deməlidir, milli maraqlarımızı müdafiə etməyi bacarmalıdır, əsrlər boyu uğrunda mübarizə apardığımız və hazırda fəxrlə yaşadığımız Azərbaycan dövlətini təbliğ etməli və qorumalıdır", deyən Əli Həsənov tarixə qısa ekskurs edərək bildirib: "Milli mətbuatımız XIX əsrin ikinci yarısında çar Rusiyasında cərəyan edən ictimai-siyasi, iqtisadi və mədəni proseslərin milli ucqarlara, o cümlədən Azərbaycana təsiri altında təşəkkül tapmağa başladı. 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas-alim, maarifçi və publisist Həsən bəy Zərdabi "Əkinçi" qəzetinin ilk nömrəsini nəşr etdirməklə Azərbaycan milli mətbuatının əsasını qoydu. İki ilə yaxın fəaliyyət göstərən və cəmi 56 nömrəsi işıq üzü görən bu qəzet Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Firudin bəy Köçərli, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, Ələkbər Heydəri, Səid və Cəlal Ünsüzadə qardaşları, Məhəmməd Kəngərli kimi demokratik fikirli, saf əqidəli ziyalıları öz ətrafında birləşdirərək elm, maarif, mədəniyyət, ədəbiyyat, incəsənətin inkişafına mühüm töhfələr verdi, Azərbaycanda dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar etdi, xalqın mədəni tərəqqisi, azərbaycançılıq ideyasının təşəkkülü uğrunda ciddi mübarizə apardı. Maarifçilik xüsusiyyətləri ilə seçilən qəzet milli mətbuatın müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini müəyyənləşdirərək məktəb səviyyəsinə yüksəldi".
"Əkinçi"nin ənənələrini davam etdirən "Ziya", "Kəşkül", "Şərqi-rus", "Həyat", "İrşad", "Molla Nəsrəddin", "Ziyayi-Qafqaziyyə", "Kaspi", "Fyüzat", "Təzə həyat", "Həqiqət", "Tərəqqi" kimi qəzet və jurnalların, bu nəşrlərin redaksiyalarında çalışan görkəmli ziyalıların milli mətbuatımızın inkişafında, xalqımızın maariflənməsində əvəzsiz xidmətlərini vurğulayan Prezident Administrasiyasının rəsmisi deyib: "Azərbaycan milli mətbuatı deyəndə göz önünə sözün gücü ilə xalqı düşündürməyi bacaran, onu qəhrəmanlıq salnaməsi yaradaraq firavan gələcək qurmağa sövq edən, bu gün də Həsən bəy Zərdabidən başlayaraq adları böyük hörmətlə xatırlanan tanınmış ziyalılarımız, maarifçilərimiz, onların tribunasına çevrilmiş qəzet və jurnal nüsxələri gəlir. Məhz bu səbəbdən biz tarix yaratmış o böyük şəxsiyyətlərin xatirəsini həmişə uca tutur və ehtiram göstəririk".
Azərbaycan mətbuatının inkişafında ulu öndər Heydər Əliyevin xidmətlərindən danışan Əli Həsənov bildirib: "Müasir dövr jurnalistikamız ona görə ümummilli lider Heydər Əliyevi sevir və onun xatirəsini uca tutur ki, ulu öndər 1993-cü ildə - Azərbaycanın ən taleyüklü dövründə hakimiyyətə qayıtdıqdan sonra mətbuatın inkişafı məsələlərini digər mühüm problemlərin həllindən ayırmadı, ona daim diqqət və qayğı göstərdi. Böyük strateq kimi, Heydər Əliyev hesab edirdi ki, qloballaşan dünyada, informasiya əsrində azad və güclü media olduqca böyük təsir imkanlarına malikdir, dövlətçiliyin formalaşması və inkişafına əvəzedilməz töhfələr verə bilər. Buna görə də Heydər Əliyev "Əkinçi" qəzetinin nəşr olunmağa başladığı 22 iyul gününü Azərbaycanda Milli Mətbuat Günü elan etdi və 70 illik Sovet idarəçiliyi dövründə kölgədə qalmış ənənələr, mətbuatımızın şanlı tarixi özünə qaytarıldı. Heydər Əliyev söz və məlumat azadlığını, fikir plüralizmini Azərbaycanda Konstitusiya normasına çevirdi, milli mətbuatın inkişafı yolunda ciddi maneə olan senzuranı 1998-ci ildə aradan qaldırdı. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu və Azərbaycan dövləti mətbuat üzərində dövlət nəzarətindən imtina etdi. Məhz Ümummilli Liderin siyasi iradəsi və böyük səyləri nəticəsində Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən demokratik qanunvericilik bazası yaradıldı, mətbuata dövlət dəstəyi sistemli və ardıcıl xarakter aldı, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyuldu".
Ulu öndər Heydər Əliyevin milli mətbuatımızın inkişafına hərtərəfli dövlət dəstəyini vacib şərt hesab etdiyini xatırladan Əli Həsənov deyib: "1998-ci ilin sonunda qəzet redaksiyaları əlavə dəyər vergisindən azad edildi, 2001-ci ildə qəzet kağızına gömrük rüsumları ləğv olundu, 2002-ci ildə KİV sahəsində layihələrin maliyyələşdirilməsi üçün büdcədən xüsusi vəsait ayrıldı, 2003-cü ildə qəzetlərin "Azərbaycan" nəşriyyatına borcları 3 il müddətinə donduruldu, 2005-ci ildə isə həmin vəsaitin dövlət büdcəsi hesabına ödənilməsi barədə Sərəncam imzalandı".
Azərbaycanda əsasını Heydər Əliyevin qoyduğu media siyasəti və ənənələrinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyən Əli Həsənov bildirib: "Xüsusi qeyd etmək istərdim və təcrübə də təsdiq edir ki, istənilən sahədə vəzifələrin həllinə sistemli və konseptual yanaşma Prezident İlham Əliyevin həyata keçirdiyi idarəçiliyin başlıca prinsipini təşkil edir. 2008-ci ildə imzalanmış "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nı təsdiq etməklə Azərbaycan Prezidenti medianın problemlərinin həllini konseptual çərçivəyə saldı və bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin sistemliliyini və ardıcıllığını təmin etdi. Ölkədə müstəqil, güclü, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda, dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübkeşi olan, Azərbaycanın haqq səsini qlobal informasiya məkanında müdafiə etməyi bacaran KİV-lərin formalaşması və inkişafı Prezident İlham Əliyevin media siyasətinin fəlsəfəsini təşkil edir. Nəzərə almalıyıq ki, qlobal şəbəkənin genişləndiyi, milli informasiya məkanlarının sərhədlərinin silindiyi, informasiya axını üzərində transmilli resursların monopoliyasının gücləndiyi bir dövrdə bu vəzifələrin icrası öz müstəqilliyini, identikliyini, milli-mənəvi dəyərlərini, tarixi ənənələrini qoruyub saxlamağa çalışan hər bir dövlət və xalq üçün həyati vacib məsələdir.
2003-cü ildən başlayaraq elektron KİV-lərin fəaliyyəti sahəsində əsaslı islahatların həyata keçirilməsi, "İnformasiya əldə etmək haqqında" Qanunun qəbul edilməsi və medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, KİV-lərin inkişafına dövlət dəstəyinin daha da genişləndirilməsi və həyata keçirilən digər çoxsaylı tədbirlər Azərbaycan Prezidentinin siyasi iradəsinin təzahürüdür və dövlətin artan maliyyə imkanları da bu sahədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün əlverişli şərait yaratdı. Azərbaycanda milli mətbuatın yubileylərinin dövlət səviyyəsində keçirilməsi, milli mətbuatın inkişafında xidmətləri olan KİV nümayəndələrinin dövlət mükafatları və fəxri adlarla təltif olunması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlərin reallaşdırılması, redaksiyalara birdəfəlik maliyyə yardımlarının ayrılması, yeni medianın inkişafının stimullaşdırılması və digər çoxsaylı tədbirlər ardıcıl xarakter almışdır. 2009-cu ildən ötən dövr ərzində Azərbaycan dövlət büdcəsindən KİV layihələrinin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 40 milyon manata yaxın vəsait ayrılıb. Bundan başqa, Azərbaycan Prezidentinin sərəncamları ilə KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi üçün 2005-ci, 2008-ci və 2016-cı illərdə redaksiyalara milyonlarla manat vəsait verilib. Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillərlə təmin edilir. Bilirsiniz ki, 2013-cü ildə jurnalistlərə 156 mənzil verilib, cari ilin sonuna isə daha 256 mənzilin jurnalistlər arasında bölüşdürülməsi məsələsinə baxılacaqdır. Ümid edirik ki, bu, hələ son deyildir".
Prezident İlham Əliyevin jurnalistlərlə görüşdüyünü, onları qayğılandıran məsələlərlə maraqlandığını və qarşıda duran problemlərin həlli ilə bağlı vacib qərarlar qəbul etdiyini, jurnalistikanın inkişafı üçün dəyərli fikirlərini bölüşdüyünü və lazımi tövsiyələr verdiyini vurğulayan Əli Həsənov deyib: "Azərbaycan jurnalistikası cənab Prezidentin xidmətlərini yüksək qiymətləndirməklə yanaşı, onun çağırışlarına əməli şəkildə dəstək verir. Təsadüfi deyil ki, ölkə jurnalistləri 2010-cu və 2013-cü illərdə cənab İlham Əliyevi "Jurnalistlərin dostu" seçmişlər. Bundan başqa, bu gün aparıcı media qurumlarımız peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edərək Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında önəmli rol oynayırlar".
Regionumuzda, dünyada baş verən hadisələrə və proseslərə nəzər salarkən olduqca ziyanlı təzahürlərin daha geniş vüsət aldığını xatırladan Prezident Administrasiyasının rəsmisi vurğulayıb: "Ayrı-ayrı ölkələrdə sabitliyin pozulması, vətəndaş qarşıdurmaları, sosial fəlakət və bu kimi digər mənfi hallar artıq günümüzün reallığına çevrilib. Qlobal informasiya məkanına nəzarət meylləri güclənir, müxtəlif xarici dairələr transmilli media resursları vasitəsilə bütün dünyaya öz baxışlarını təlqin etməyə, insanları müəyyən maraqlar çərçivəsində istiqamətləndirməyə çalışırlar və əfsuslar ki, müəyyən mənada buna nail olurlar. Bu gün biz özlərini demokratiya nümunəsi kimi təqdim edən ölkələrdə ayrı-ayrı irqlərin, xalqların və dinlərin nümayəndələrinə qarşı dözümsüzlüyün geniş vüsət aldığını, multikultural dəyərlərdən, tolerantlıqdan geriyə dönüşü müşahidə edirik. Transmilli media isə ayrı-ayrı dairələrin maraq savaşına dəstək verir, müxtəlif ölkələrin daxili işlərinə müdaxilə edir, hakimiyyət çevrilişlərini, vətəndaş qarşıdurmasını stimullaşdırır.
Lakin biz fəxrlə deyə bilərik ki, əsrlərlə tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti bu mənfi meylləri inkar edir. Bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan ayrı-ayrı xalqların, etnik qrupların, dinlərin dinc yanaşı yaşadığı məkandır. Azərbaycan multikultural dəyərləri təşviq etməklə bütün dünyaya bir daha göstərir ki, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün insanlar bir ölkədə, eyni torpaqda firavan, dostluq və qardaşlıq mühitində yaşaya bilərlər. Əlbəttə, burada Azərbaycan mediasının oynadığı rolu, cəmiyyətimizdə harmoniyanın güclənməsi üçün verdiyi töhfələri qeyd etməmək mümkün deyildir. Hesab edirəm ki, bu da Azərbaycan mediasının Azərbaycan Prezidentinin çağırışına cavabı, "Əkinçi" ənənələrinə sadiqliyinin təzahürüdür".
Azərbaycan Prezidentinin köməkçisi çıxışını bu sözlərlə bitirib: "Mən bütün jurnalistlərimizə uğurlar, yeni yaradıcılıq nailiyyətləri arzu edirəm. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti də həmişə sizin yanınızda olacaq, sizin qayğılarınızı qarşılayacaqdır".