“Türkiyə-Rusiya yaxınlaşması sürətlənəcək” Siyasət

“Türkiyə-Rusiya yaxınlaşması sürətlənəcək”

Elxan Şahinoğlu: "Rusiya ABŞ-Türkiyə soyumasından məharətlə yararlanacaq"

Arzu Nağıyev: "Türkiyə-Rusiya yaxınlaşması Qafqaz regionuna müsbət təsir edə bilər"

Türkiyə Rusiya münasibətlərinin bundan sonra hansı formada inkişaf edəcəyi dünya mediasının gündəmindən düşmür. Beynəlxalq ekspertlər bu barədə birmənalı fikir bildirmirlər. Amma əksər siyasilər düşünürlər ki, Ankara-Moskva yaxınlaşması daha sürətlə baş verəcək. Xüsusən Türkiyədə olan çevriliş cəhdindən sonra bu yaxınlaşmada hər iki tərəfin maraqlı göründüyü bildirilir. Bu səbəbdən də Türkiyə prezidenti Ərdoğanın avqustun 9-da Rusiyaya səfəri və Rusiya prezidenti Putinlə görüşü maraqla gözlənilir.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Sankt-Peterburqda avqustun 9-da bir araya gələcəklər.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Türkiyədə hərbi çevriliş cəhdi Ankaranın iki addım atmasını sürətləndirəcək. Ekspert Ankaradakı 15 iyul hərbi çevrilişə cəhdin Türkiyə üçün iki mühüm nəticələrini açıqlayıb.
O bildirib ki, Türkiyə-Rusiya yaxınlaşması sürətlənəcək və Rusiya ABŞ-Türkiyə soyumasından məharətlə yararlanacaq: "Birincisi, Ankara-Moskva yaxınlaşması gözlənildiyindən də sürətlə gedəcək. Hazırda Türkiyədən rəsmi nümayəndə heyəti Moskvada görüşlər keçirir. Hər iki ölkə "Türk axını" layihəsinə yenidən qayıdır, vizasız səfərlər də gündəmdədir. Kreml Ankara-Vaşinqton münasibətlərinin soyumasından məharətlə istifadə edəcək. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarını avqustun 9-da Rusiyaya dəvət edib. Ən maraqlısı odur ki, Putin Bakıda İlham Əliyevlə görüşdən bir gün sonra Sankt-Peterburqda Ərdoğanla görüşəcək. Ümumi mövzular (Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistanla sərhədin açılması) ətrafında fikir mübadiləsinin aparılması mümkündür".
Politoloq bildirib ki, Ərdoğan yaxın aylarda Avropa İttifaqına girib girməməklə bağlı referendum keçirəcək: "İkincisi, Ərdoğanın yaxın aylarda Türkiyədə "Avropa İttifaqına üzv olaq, olmayaq?" sualı ətrafında referendum keçirəcəyi istisna deyil. Çünki, Türkiyədə həbslərin miqyası artdıca, Brüsselin Ankaranı tənqidləri artacaq, bu isə Ərdoğanın xoşuna gəlməyəcək".
Siyasi ekspert Arzu Nağıyev isə hesab edir ki, rəsmi Ankara bu hadisələrdən ciddi nəticə çıxarmalıdır: "Belə ki, türk xalqı Türkiyəni xilas etdi. Eyni zamanda, Türkiyənin siyasi partiyalardan təşkil edilən demokratik cəmiyyəti dövlətini xilas etdi. Bütün bunlarla yanaşı fikirləşməmiş şəkildə atılan addımlar hərbçilərin, daha doğrusu mehmetçiyin nüfuzuna xələl gətirmək üçün öz işini gördü. Türkiyə bu gün demokratik bir quruluşa qayıtmaq üçün ciddi islahatlar aparmalıdır. Bu həm siyasi, həm iqtisadi, həm də hərbi və dini məslələrin həllindən və yenidən təşkilindən ibarət olmalıdır. Bundan başqa, din və dövlətçilik arasında artıq seçim edilməli və bu məsələlərə aydınlıq gətirilməlidir". Arzu Nağıyev Türkiyədə anoloji situasiyanın yaşana biləcəyinin mümkünlüyü barədə yayılan məlumatlara da aydınlıq gətirib. Ekspert bildirib ki, 15 iyul hadisələri əslində hərbi çevriliş deyil, çevrilişə bir cəhd idi: "Və bununla maraqlı dairələr hakimiyyətin bütün potensialını yoxladılar. Yəni hərbidə olan bir qurum hakimiyyətə qarşı çıxmağa çalışdı və sonu da həmin qiyamın yatırılması ilə nəticələndi. Əgər bütün hərbi qüvvələr ayağa qalxsa idi, bunun qarşısını almaq mümkün olmazdı. Hazırda hakimiyyət elə bir siyasət yürütməlidir ki, gələcəkdə baş tuta biləcək hər hansı çevriliş cəhdi olmasın. Təbii ki, burada həm də Qərblə münasibətlərdə müvafiq addımlar atmaq məsələsi də durur". Siyasi ekspert son hadisələrin Türkiyənin xarici siyasətinə təsir göstərə biləcəyini də vurğulayıb. Onun sözlərinə görə, birmənalı olaraq xarici siyasətdə çətinliklər yaşanacaq: "Artıq Türkiyənin Avropa İttifaqına üzvlük məsələsi arxa plana keçəcək. Bir sıra Qərb dövlətləri Türkiyəni insan haqlarını pozmaqda günahlandıracaq, dini radikalizmlə bağlı saxta bəyanatlar səsləndirəcək, hətta NATO-dan çıxaracaqları ilə bağlı hədələyəcəklər. Ona görə də Türkiyə diplomatiyası bu gün çox çevik və həssas siyasət yürütməlidir". Arzu Nağıyev hesab edir ki, bu ərəfədə Türkiyənin Rusiyaya doğru meyillənməsi, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar Qərbdə o qədər narahatçılıq yaratmayacaq: "Elə bir ciddi qıcıqdan söhbət gedə bilməz. Çünki əsas məsələ siyasi və iqtisadi maraqlardır. Yəni bu gün Türkiyə Rusiya üçün ancaq iqtisadi məsələlərdə partnyor ola bilər. Bu hərbi və siyasi məsələlərə o qədər də dəlalət edə bilməz. Yəni hər bir dövlətin öz maraqları var. Bu gün də istər Rusiya, istər Qərb Türkiyədə öz maraqlarından çıxış edir". Arzu Nağıyev bildirib ki, Türkiyə-Ruysiya yaxınlaşması həm Qafqaz regionuna, həm də Azərbaycana bir sıra məsələlərin həllində müsbət təsir edə bilər: "Məlumdur ki, NATO-Rusiya sərhəddi Türkiyə və Ermənistan sərhəddindən keçir. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsinin həllində hər iki dövlət mühüm rol oynaya bilər və oynamalıdırlar da. Çünki bu yaxınlaşmada Azərbaycanın rolu danılmazdır. Rusiya öz tərəfindən Ermənistana təsir edə bilər və bunun müqabilində münaqişə həll edilərsə, təbii ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, nüfuz sahibinə çevrilə bilər. Və bununla da Qərbin bir sıra sanksiyaları da üzərindən götürülər. Bununla da regionda təhlükəsizlik məsələləri həll olar. Bu isə rügionun bir sıra beynəlxalq iqtisadi layihələrdə iştirakına zəmin yaradar".