Vaşinqtonda erməni işğalına qarşı etiraz aksiyası keçirilib Siyasət

Vaşinqtonda erməni işğalına qarşı etiraz aksiyası keçirilib

Dekabrın 6-da ABŞ Konqresinin "Reybern" binasında qondarma "Dağlıq Qarabağın müstəqillik günü"nü bayram edən ermənilərin illik şousu təşkil edilib.
Tədbir Xankəndidəki oyuncaq rejimin oyuncaq ofisi, Amerika Milli Erməni Komitəsi, öz büdcəsini ABŞ-ın erməni icmasının hesabına dolduran Amerika Erməni Assambleyası kimi qarşılıqlı əlaqəli qurumlar şəbəkəsi və Ermənistan Respublikasının əslində özü müstəqil dövlət olmayan bir ölkəni təmsil edən səfirliyi tərəfindən təşkil edilib. Qarabağın azərbaycanlı əhalisinə qarşı etnik təmizləməni və beynəlxalq hüquq normalarının digər ciddi pozulmalarını bayram etmək üçün keçirilən növbəti şouya Yerevandan oyuncaq rejimin "baş naziri" Araik Arutyunyan da gəlmişdi.
Bu şouya etiraz əlaməti olaraq Vaşinqtonun və onun ətraf rayonlarının azərbaycanlı icmasının nümayəndələrinin protest aksiyası keçirilib. Nümayişçilərin əllərindəki plakatlarda oraya gələnlərin və ABŞ Konqresi üzvlərinin diqqəti Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüz barədə faktlara, Azərbaycan ərazilərinin işğal edilməsinin nəticələrinə dair statistik məlumatlara, Ermənistanın vassal olması, onun siyasi kursunda müstəqillik olmaması, Xocalı qırğını, BMT Təhlükəsizlik Şurasının qətnamələri haqda məlumatlara cəlb edilirdi.
Erməni lobbi təşkilatları artıq bir neçə həftə idi ki, qanunvericilərə məktublar göndərir, onları şirnikləndirərək bu tədbirə cəlb etməyə çalışırdı. Lakin onların səyləri nəticə verməyib. ABŞ Azərbaycanlıları Şəbəkəsi qanunvericilərini erməni təcavüzü barədə məlumatlandırmaq üçün yazılı kampaniya keçirib və konqresin nümayəndələrini bu oyuncaq rejimi ABŞ paytaxtında reklam edən vəzifəli ermənilərə məhəl qoymamağa və siyasəti ABŞ-ın milli maraqlarına zidd olan Ermənistanı pisləməyə çağırıb.