Milli Məclisin plenar iclası keçirilib Siyasət

Milli Məclisin plenar iclası keçirilib

Deputatlar və hökumət nümayəndələri 2017-ci ilin büdcə zərfini müzakirə ediblər

Milli Məclisin plenar iclası keçirilib. İclasda deputatlar və hökumət nümayəndələri 2017-ci ilin büdcə zərfini müzakirə ediblər. Qeyd edək ki, büdcə zərfinə "2017-ci il dövlət büdcəsi haqqında", "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında", "2017-ci il üçün yaşayış minimumu haqqında", " 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında", "Milli Məclisin 2017-ci il üçün xərclər smetası haqqında" və "Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında" qanun layihələri daxildir.
Deputat Jalə Əliyeva "ümid edirik ki, 2017-ci ilin dövlət büdcəsinin gərginliyi ölkə başçısının tapşırığı ilə həyata keçirilən sosial evlərin tikintisini ləngitməyəcək", - deyə bildirib. Ölkənin bəzi rayonlarında icbari tibbi sığorta ilə bağlı pilot layihələrə başlanıldığını deyən millət vəkili bildirib: "İcbari tibbi sığortanın tətbiqi aztəminatlı ailələr üçün vacib oldunu nəzərə alaraq onun daha tez tətbiq olunmasına ehtiyac var".
Jalə Əliyeva ölkədə nəqliyyat sektorunun inkişafından da danışıb:
"Yükdaşımalar və bu sahədə əldə olunan dividentlər tranzit marşrutlardan faydalanmaq imkanı yaradır. Bundan istifadə üçün infrastruktur yaradılmalı, posedurlar sadələşdirilməlidir. Bu məsələlərin həlli xarici investorları artıra bilər. Beynəlxalıq nəqliyyat dəhlizlərinə çıxış xarici investorları özünə cəlb edən amillərdir. Nəqliyyat sektorunun inkişafı turizmə də öz təsirini göstərə bilər. Azərbaycan- İran dəmir yollarının birləşməsi, Bakı-Tbilisi- Qars dəmir yolunun işə salınması ölkəmizdə turizm sahəsinin inkişafına müsbət təsir göstərəcək".


"Ciddi uğurlar əldə edilməyib"

Deputat Rafael Cəbrayılov bildirib ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafına nail olmaq üçün dövlət proqramları çərçivəsində milyardlarla vəsait xərclənsə də, bu sahədə ciddi uğurlar əldə edilməyib və kifayət qədər problemlər qalmaqdadır. Deputat bildirib ki, bu gün Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığının azaldılmasının yeganə optimal yolu regionların sosial-iqtisadi inkişafı prosesini sürətləndirilməsi və bu sahədə ciddi uğurların əldə olunmasına nail olunmasıdır: "Düzdür regionların sosial-iqtisadi inkişafına nail olmaq üçün bir sıra dövlət proqramları həyata keçirilib və bu proqram çərçivəsində çox böyük işlər görülüb, milyardlarla vəsait xərclənib. Amma etiraf etməliyik ki, bu qədər vəsait xərclənsə də, kifayət qədər uğurlar əldə edə bilməmişik. Bunun nəticəsidir ki, regionlarda problemlər qalmaqdadır. Hesab edirəm ki, regionların inkişafına nail olmaq üçün hökumət özəl sektoru bu prosesə ciddi surətdə cəlb etməli və normal münasibətlərə nail olmalıdır. Bunun üçün özəl sektora lazımi şərait yaradılmalı və lazım gələrsə, onlara güzəştli kreditlər verilməlidir".
Rafael Cəbrayılov vurğulayıb ki, bu qədər dövlət proqramlarının həyata keçirilməsinə baxmayaraq, regionlar iqtisadi muxtariyyətə nail ola bilməyiblər: "Deməli, bu sahədə uğurlar əldə edilməyibsə, yetərincə problemlər var və bu həll edilməlidir. Məhz bunun nəticəsidir ki, regionlarımızın böyük əksəriyyəti dövlət dotasiyası hesabına dolanırlar"- deyə, millət vəkili bildirib.
Deputat zamanda, seçildiyi Şirvan şəhərinin üzləşdiyi problemləri qaldıraraq, onun həlli üçün hökumətdən yardım istəyib.
Bildirib ki, Şirvan şəhəri tipik sənaye şəhəri olmasına baxmayaraq, burada işsizlik yüksək səviyyədədir: "Sənaye şəhərində belə vəziyyət gələcəkdə ciddi fəsadlara yol aça bilər. Odur ki, hökumət bu məsələyə daha diqqətlə yanaşmalıdır". Rafael Cəbrayılov Şirvanda bir vaxtlar fəal olan futbol klubunun son vaxtlar maliyyə baxımından tamamilə dağılmasından narahatlığını bildirib və şəhərdə normal stadionun olmadığını qeyd edib: "İndi şirvanlılar futbol oynamaq üçün kilometrlərlə yol qət edib, Salyan rayonu ərazisindəki Qaraçala qəsəbəsindəki stadiona gedirlər".


"Sosial yardımlar dayandırılsın"

Deputat Musa Quliyev aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədi ilə onlara verilən maliyyə vəsatinin dayandırılaraq, bu vəsaitlərin pensiyalara, uşaq pullarına və digər müavinətlərə əlavə edilməsini istəyir. Millət vəkili bildirib ki, ümumiyyətlə, dünyada belə proqramlar müvəqqəti xarakterli proqramlar hesab olunur: "Azərbaycanda da bu proqram 2007-ci ildən tətbiq olunur. Artıq hökumət bu proqramdan imtina etmək barədə düşünməlidir. Nə qədər çalışılsa da, burada şəffaflığı təmin etmək mümkün olmur və xoşagəlməz hallar baş alıb gedir. Nazir Səlim Müslümov bu sahədə nə qədər səy göstərsə də, effektiv nəticə əldə olunmur. Odur ki, bu məsələyə baxmaq lazımdır".
Millət vəkili Elmira Axundova deyib ki, Azərbaycanın bəzi məktəblərində istilik sistemi işləmir. Deputat "Azəristiliktəchizat" ASC-nin fəaliyyətindən narazı olduğunu söyləyib: "Azərbaycanda məktəblər inşa olunur və istilik təchizatı sistemi qurulur. Amma "Azəristiliktəchizat"ın SOCAR-a borcu olduğundan bəzi məktəblərdə istilik sistemi işləmir. Məndə olan məlumata görə, hazırda 100-ə yaxın məktəbdə bu problem mövcuddur. Nəticədə şagirdlər soyuq şəraitdə dərs keçməli olur, müəllimlər isə böyrək xəstəliyindən əziyyət çəkir. Bu problem öz həllini tapmalıdır".


"Valyutadəyişmə məntəqələri bərpa olunsun"

Elmira Axundova valyutadəyişmə məntəqələrinin yenidən bərpa olunmasını da istəyib: "Bu gün ölkədə "qara bazar" tüğyan edir. Günlərlə əlimizdəki pulu valyutaya dəyişmək istəyirik, amma tapa bilmirik. Ancaq "qara bazar"da nə qədər istəyirsən, valyuta tapa bilərsən. Ona görə də valyutadəyişmə məntəqələrinin bərpa edilməsini təklif edirəm. Ümumiyyətlə, başa düşə bilmirəm ki, bu valyutadəyişmə mənətəqləri niyə qapadıldı. Axı bununla həm də peşəkarlar prosesdən kənarda qaldı. Həmdə işsizlik yarandı". Deputat vurğulayıb ki, valyutadəyişmə məntəqələrinin ləğv edilməsi turizm sektoruna da öz mənfi təsiri göstərir: "Odur ki, hökumət vəziyyəti dəyərləndirməli və düzgün qərar verməlidir".

"Reket jurnalistlərə qarşı mübarizə aparılmalıdır"

Deputat Çingiz Qənizadə bildirib ki, "Nazirlər Kabinetinin 22 yanvar 2002-ci il tarixli "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında" qərarında düzəlişlər edilməlidir: "Ayrılmış güzəştlər yerli icra hakimiyyəti orqanlarının əli ilə deyil, birbaşa qaçqın və məcburi köçkünlərə verilməlidir". O bildirib ki, Hesablama Palatasının rəyinə əsasən, qaçqın və məcburi köçkünlərin fərdi qaydada istifadə etdikləri kommunal xərclərə görə ayrılan vəsaitlərdə yeyintilər müşahidə olunur:
"Bununla bağlı dəqiq faktlar və rəqəmlər ortaya qoyulub. Bu müavinətlərin ödənilməsinə görə yeyinti və korrupsiya halları varsa və bunu rəsmi dövlət orqanları açıqlayırsa, gəlin bu pulları qaçqın və məcburi köçkün soydaşlarımıza verək ki, onlar qaz, işıq və su pulunu özləri ödəsin. Bununla da, Hesablama Palatasının da qeyd etdiyi kimi, yeyinti və korrupsiya hallarının qarşısını alaq. Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi də bu fikirdədir və onlar da bu məsələni qaldırıb. Maliyyə Nazirliyi bu məsələni nəzarətdə saxlasa, büdcədən müəyyən vəsaitin oğurlanmasının qarşısını almaq olar".
Çingiz Qənizadə Dövlət Təhlükəsizliyi Xidmətinin reket jurnalistlərə qarşı keçirdiyi əməliyyatdan da danışıb. Çingiz Qənizadə bildirib ki, bu günlərdə DTX daha bir reket saytın rəhbərini həbs edib:
"Qeyri-hökumət təşkilatları, həm də jurnalistika sahəsində reketlərə qarşı ciddi surətdə mübarizə aparmaq lazımdır. Xərçəng xəstəliyi kimi yayılan reket jurnalistlərə qarşı mübarizə aparılmalıdır. Hüquq -mühafizə orqanlarının bu istiqamətdə gördüyü işlər təqdir olunmalı və alqışlanmalıdır".

"Aztəminatlı ailələr nəzərə alınmalıdır"

Deputat Siyavuş Novruzov deyib ki, 2017-ci ilin büdcəsi hazırlanarkən bütün imkanlar nəzərə alınıb, büdcə layihəsi qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim olunub: "Bu, Prezidentin ölkədə apardığı iqtisadi islahatın nəticəsidir". Deputat bildirib ki, 2016-ci ildə Milli Məclisin qəbul etdiyi qanun və dəyişikliklər iqtisadiyyatın inkişafına, vergi, maliyyə- kredit sisteminin formalaşmasına eləcə də sosial sahələrə həsr olunub: "Bu müddət ərzində biz 100-lərlə qanun qəbul etmişik ki, onların nəticəsində Azərbaycan iqtisadiyyatı daha da inkişaf edəcək".
O qeyd edib ki, aztəminatlı ailələr nəzərə alınmalı və onlara ayrılan vəsait azaldılmamalıdır: "Bura şəhid ailələri, müharibə veteranları da daxildir. Büdəcədə sosial sahəyə ayrılan vəsaitin dəyişməməsi çox yaxşı haldır. Azərbaycan sosial dövlət olduğu üçün bu sahə ilə bağlı gedən proseslər davamlı şəkildə həyata keçirilir. Digər sahələrdə isə islahatlar aparılmalıdır. İlk növbədə kiçik və orta sahibkarlığa yaşıl ışıq yandırmalı, bəzi hallarda kiçik sahibkarlar ümumiyyətlə vergidən azad edilməli, orta sahibkarlığa isə vergi dərəcələri aşağı salınmalıdır. Bu növbəti il üçün yeni gəlirlərin gətirilməsinə imkan yarada bilər".