“Təcavüzkarla təcavüzə məruz qalanın bərabər tutulması...” Siyasət

“Təcavüzkarla təcavüzə məruz qalanın bərabər tutulması...”

Rövşən Rzayev: " Vasitəçilərin məsələyə qeyri-obyektiv baxışının göstəricisidir"

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının, ATƏT-in, AŞPA-nın, İslam Əməkdaşlıq Təşkilatının, digər qurumların qəbul etdikləri qətnamələr, müxtəlif sənədlər var. Amma beynəlxalq təsisatların qəbul etdikləri qərarların icrasına nail olmaması, bu sahədə fəaliyyətsizliyi də bir gerçəkdir".
Bunu millət vəkili Rövşən Rzayev deyib. O əlavə edib ki nəticədə beynəlxalq hüququn təməl prinsiplərini manipulyasiya etmək tendensiyası artır, aqressiv separatizm, müstəqil ölkələrin suverenliyinə qəsd və digər meyillər güclənir: "Ermənistan xalqların öz müqəddəratını təyinetmə hüququnu bəhanə edərək Azərbaycana qarşı müharibəyə başlayıb, ərazimizin 20 faizini işğal edib, 1 milyon insan yurd-yuvasından didərgin düşüb. Beynəlxalq birlik 20 ildən çoxdur ki, bunu sadəcə seyr edir. Ərazi bütövlüyü prinsipi beynəlxalq hüququn təməli, dünyada sülhün və sabitliyin təmin edilməsində başlıca prioritetdir. Təəssüf ki, müasir dünyada ikili standartlar bu prinsipin aşınmasına gətirir. Beynəlxalq təşkilatların seyrçi mövqeyi isə Ermənistanın bu cəzasızlıq mühitində aqressiv davranmasını təşviq edir.
Digər yandan, sülh prosesinə vasitəçilik edən ATƏT Minsk qrupunun həmsədri olan ölkələrdə erməni lobbisinin güclü olması bu dövlətlərin Dağlıq Qarabağ münaqişəsinə münasibətinə də təsirini göstərir. Münaqişədə təcavüzkarla təcavüzə məruz qalanın bərabər tutulması, işğal faktına adekvat qiymət verilməməsi, hər iki tərəfdən eyni dərəcədə kompromis gözlənilməsi beynəlxalq vasitəçilərin məsələyə qeyri-obyektiv baxışının göstəricisidir. Bu, Minsk qrupunun ədalətli vasitəçiliyinə olan inamı heçə endirir". Millət vəkili bildirib ki, bu yaxınlarda Prezident ABŞ dövlət katibinin Qarabağ münaqişəsində hər iki tərəfin kompromisə hazır olmaması barədə sözlərinə çox tutarlı cavab verdi: "Prezident bildirdi ki, bu cür danışmaq ən azı insafsızlıqdır. Belə bəyanatların əsl mahiyyəti ondan ibarətdir ki, vasitəçilik missiyasını öz üzərinə götürmüş dövlətlər Ermənistana təzyiq etmək, işğal faktını aradan qaldırmaq istəmirlər.
Azərbaycan rəhbərliyi münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib və bu istiqamətdə siyasi iradə və ardıcıl mövqe nümayiş etdirir. Amma Ermənistanın qeyri-konstruktivliyi və vasitəçilərin buna göz yumması bizi vadar edir ki, torpaqlarımızı işğaldan azad etmək üçün haqqımız olan başqa vasitələrə əl ataq. Bu ilin aprelində işğalçı tərəfin cəbhədə törətdiyi təxribata cavab olaraq hərbi qüvvələrimizin bir neçə istiqamətdə irəliləyərək düşmənə sarsıdıcı zərbə endirməsi və strateji yüksəkləri ələ keçirməsi hər kəsə göstərdi ki, bu vasitə nə dərəcədə təsirli ola bilər. Bir vaxtlar Ermənistan kənardan aldığı dəstək sayəsində özünü Azərbaycandan üstün hiss edə bilərdi, amma bu, artıq keçmişdə qalıb. Azərbaycanın ordu hissələrinin qısamüddətli əks-hücumu Ermənistan ordusu və onların yaratdığı istehkamların keçilməz olduğu barədə mifləri dağıtdı. Bu həmçinin Azərbaycanda ordu quruculuğu və hərbi-sənaye kompleksinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin nə qədər düzgün olduğunu göstərdi. Prezidentin qeyd etdiyi kimi, biz hərbi potensialımızı gücləndirərək məsələni hərb yolu ilə də həll edə bilərik. Bunu hər kəs bilməlidir.
Bu, dövlətin imkanlarına, ordusunun qüdrətinə və xalqının dəstəyinə arxalanan güclü liderin mövqeyidir. Ermənistan da, onun havadarları da bu reallıqla bir gün hesablaşmalı olacaqlar. Biz Dağlıq Qarabağa müstəqillik verilməsinə heç vaxt razı olmayacağıq və erməni tərəfi bunu çox gözəl bilir. Bununla belə, münaqişənin kompromis həll yolu var və erməni tərəf bu barədə düşünməlidir. Ermənistan 20 ildən çoxdur Azərbaycan ərazilərini işğal altında saxlayır, bu torpaqlarda hər şeyi talan edib. Bəs Ermənistan dövlət olaraq bu münaqişədən nə qazanıb? Firavanlığa qovuşubmu? Erməni cəmiyyəti rahat yaşaya bilirmi? Əlbəttə, yox. Azərbaycanla münasibətlər normallaşdırılmadan bu regionda inkişaf ola bilməz, onlar daim müəyyən təzyiq altında yaşayacaqlar, Çünki başqasının torpağını işğal edib və bu işğalçılığın cavabını bir gün alacaqlarını bilirlər". Rövşən Rzayev Dağlıq Qarabağın azərbaycanlı icmasının erməni icması ilə dialoq qurmaq təşəbbüslərində də danışıb. Qeyd edib ki, bu sülh danışıqlarında iştirak etmək, bu prosesə hansısa şəkildə qoşulmaq demək deyil: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı sülh danışıqlarını ölkənin rəhbərliyi aparır. Bu münaqişənin tərəfləri Ermənistan və Azərbaycandır və ATƏT-in Minsk qrupunun mandatında da bu birmənalı şəkildə yazılıb. Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq bizim dialoq təşəbbüslərimiz ərazilər işğaldan azad ediləndən sonra orada icmalararası münasibətlərin, vaxtilə mövcud olmuş dinc yanaşı yaşayışın bərpa edilməsi məqsədi daşıyır. Onu da deyim ki, Dağlıq Qarabağın erməni icması, əslində, görüşlərdən çəkinmir. Bu formatda görüşün qarşısını alan Ermənistanın rəsmiləridir. Ermənistan rəhbərliyi indiyədək daima kompromis addımlardan, konstruktiv danışıqlardan yayınmaq, prosesi müxtəlif bəhanələrlə dalana salmaq yolunu tutub.
Bundan fərqli olaraq, Azərbaycan rəhbərliyi, sülh prosesinə töhfə olacaq addımları dəstəkləyir. Bildiyiniz kimi, Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndə heyəti 2007 və 2009-cu illərdə ölkə rəhbərliyinin razılığı ilə Dağlıq Qarabağa və Ermənistana səfər etdi və Dağlıq Qarabağın erməni icması ilə görüşdü. Sonra Ermənistanın nümayəndə heyəti Bakıya səfər etdi. Əmin idik ki, Dağlıq Qarabağın erməni icması ilə görüşlərimiz daha geniş tərkibdə təşkil olunacaq. Lakin rəsmi Yerevan bu yöndə təşəbbüslərə qarşı çıxdı". Millət vəkili onu da deyib ki, Ermənistan rəhbərliyi bir daha göstərir ki, erməni icmasının, öz əhalisinin və bütövlükdə Qafqazın təhlükəsizliyi haqqında düşünmək istəmir: "Bununla belə, Ermənistanda bu problemin ağırlığını da, onun regionda sülh və sabitliyə, xalqlararası münasibətlərə təsirini sağlam düşüncə ilə qiymətləndirən qüvvələr var. Bu il noyabrın 8-də Bakıda Azərbaycanın Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşəbbüsü ilə təşkil edilmiş "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxış" adlı konfrans iki xalq arasında əlaqə yaradılmasında bir addım idi. Həmin konfransa Ermənistandan da tanınmış QHT təmsilçiləri qatılmışdı. "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü kimi həmin tədbirdə mən də çıxış etdim. Konfransda hər iki tərəfdən çıxışlarda belə bir ümumi fikir ifadə olundu ki, öz xalqlarının taleyinə biganə olmayan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin reallıqlarını anlayan və deməli, qarşı tərəfi də dinləməyə, onu başa düşməyə, onunla ünsiyyət saxlamağa hazır olan hər kəs bu prosesə öz töhfəsini verməlidir. Erməni nümayəndələrinin çıxışlarında Ermənistandakı mövcud hakimiyyətin, Sarkisyan rejiminin münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlı olmadığı da qeyd olundu ki, bu da mühüm məqamdır. Çünki Sarkisyan qruplaşması təkcə Azərbaycanın ərazilərini deyil, Ermənistanın siyasi arenasını da uzun illərdir işğal edib və Ermənistan əhalisi bunun ağır nəticələrini hiss etməkdədir.
Görüşün leytmotivi belə bir tezis idi ki, iki qonşu dövlətin əsas probleminin həlli ilə təkcə hökumətlər deyil, xalqlar da məşğul olmalıdır. Konfransın nəticəsi olaraq yaradılan "Sülh üçün platforma" da buna xidmət edir və gələcək dialoq addımları üçün zəmin ola bilər. Onu da deyim ki, Bakıda keçirilən bu konfrans beynəlxalq kütləvi informasiya vasitələrində də rezonans doğurub. Bolqarıstan, Yunanıstan, eləcə də Rusiya mediası bu barədə informasiya və təhlili yazılar dərc edib. Həmin yazılarda belə bir fikir də vurğulanır ki, Ermənistan və Azərbaycan ictimai xadimlərinin iştirakı ilə yaradılan platforma iki xalq arasında sülhün əldə olunmasının, dinc yanaşı yaşamağın mümkünlüyünü göstərir. Ümid edək ki, erməni cəmiyyətində sağlam düşüncə, nəhayət, davakar millətçilik xəttinə üstün gələcək və bu təşəbbüslər yaşadığımız regionda uzunmüddətli sülhün bərqərar olmasına real zəmin yaradacaq".

Əli