Soyuq müharibə: Ermənistanın diplomatiya cəbhəsindəki məğlubiyyətinin sirri... Siyasət

Soyuq müharibə: Ermənistanın diplomatiya cəbhəsindəki məğlubiyyətinin sirri...

Ermənilərin Azərbaycan-türk torpaqlarına iddiası: Hərbi-siyasi məğlubiyyətimiz

Bu proseslər Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən Rusiya İmperiyasının çarı I Pyotrun 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Goran ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı. Bu fərmana görə ermənilər Rusiya İmperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində "beşinci qüvvə" rolunu oynayacaqdılar. Bu planın bir hissəsi kimi Rusiya generalları Azərbaycan əhalisini hansı yolla olursa olsun yaşadığı yerlərdən didərgin salmaq əmri almışdılar. Lakin Rusiyanını Qafqazdakı hərbi uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması siyasətini bir müddətə dondurdu.
Türk səltənəti olan Qacar Dövləti ilə Rusiya arasında gedən müharibələrdən sonra isə Türkmənçay müqaviləsi imzalandı. Azərbaycanın bir hissəsini uduzan türklər 40 min ermənini Azərbaycanın müxtəlif ərazilərində məskunlaşmasına göz yummaq məcburiyyətində qaldılar. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə Osmanlı İmperiyası ərazilərində yaşayan 90 min erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar.
Rusiya imperatoru I Nikolayın 21 mart 1828-ci ildə verdiyi fərmanına görə isə Azərbaycanın Naxçıvan və İrəvan xanlığı ləğv olunmuş, onların yerində rus hakimləri tərəfindən idarə olunan "Erməni mahalı" adlanan yeni inzibati qurum yaradılmışdır. 1849-cu ildə bu mahalın adı dəyişdirilərək İrəvan Quberniyası qoyulmuşdur.
Beləliklə, ermənilərin köçürülməsi ilə adları çəkilən ərazilərin etnik tərkibi dəyişdirilməyə başladı.
1823-cü il məlumatına görə Qarabağ vilayətinin (keçmiş Qarabağ xanlığının ərazisi) 20 minə yaxın ailəsindən cəmi 1, 5 minini erməni ailəsi təşkil edirdi. Köçürmədən sonra əhalinin etnik tərkibi kəskin şəkildə dəyişir.
Rusiyada əhalinin 1917-ci il siyahıya alınmasına görə bu rəqəmlər 40,2 azərbaycanlılar, 52,3 faiz isə ermənilər olmuşdur. Çar Rusiyasının missiyasının ənənəsinə sadiq qalan Sovet Rusiyası da ermənilərin istək və arzularını yerinə yetirdilər. Azərbaycanın İrəvan xanlığının əraziləri 1918-ci ildə Ermənistan Respublikası yaradıldı. 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı Qarabağda törətdiyi qırğınların və sonradan 1923-cü ildə Sovet İttifaqındakı üstünlükləri sayəsində Dağlıq Qarabağ muxtar vilayət statusu ilı Azərbaycan Respublikasının ərazisində saxlanıldı.
Qarabağın dağlıq və aran hissəsi süni şəkildə bir-birindən ayrıldı, erməni əhalisinin konsolidasiyası üçün əlverişli şərait yaradıldı, azərbaycanlıların demoqrafik mövgeyinə ciddi zərbə vuruldu. Ən əsası isə Qarabağ hər an partlaya biləcək "bomba" şəkilinə salındı.
Həmin "bomba" isə 1988-ci ildə SSRİ-nin zəifləməsi illərində "partladıldı". "Miatsum" (Erməni dilində məntiqi tərcüməsi Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi nəzərdə tutulur. R.M) şüarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi şəhəri olan Xankəndində davamlı aksiyalara start verildi. Əvvəlcədən silahlandırılmış ermənilər azərbaycanlıların yaşayış məntəqələrinə hücum edərək, evləri yandırmağa, insanları milli mənsubiyyətinə görə qətlə yetirməyə başladılar. 1991-ci ildə SSRİ-nin süqutundan sonra açıq müharibəyə başlayan Ermənistan 1993-cü ilə kimi Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu – Laçını, Kəlbəcəri, Ağdamı, Füzulini, Cəbrayılı, Zəngilanı və Qubadlını işğal etdilər.
Bundan başqa Azərbaycanın Qazax rayonunun 7 kəndi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi.
1994-cü ilin mayın 12-də isə atəşkəsə dair razılıq əldə olundu.

Azərbaycan və Ermənistan diplomatiya savaşında: İlk mərhələ

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1992-ci illərin əvvəllərindən başlayaraq daha çox beynəlxalq əhəmiyyətli problemə çevrildi. 1992-ci il yanvarın 30-da Azərbaycan ATƏM-in (sonradan ATƏT oldu) üzvü oldu və həmin il iyulun 8-10-da adı çəkilən təşkilatın Helsinkidə keçirilən Zirvə toplantısında onun sənədlərini imzaladı. Müstəqilliyini əldə edən Azərbaycan ATƏM-in üzvü olduqdan sonra Ermənistan-Azərbaycan münaqişəsi bu təşkilatın prinsiplərinə uyğun olaraq üzv olan dövlətlərin daha çox müzakirə obyektində oldu. ATƏM-in Xarici İşlər Nazirləri Şurasının martın 24-də keçirilən birinci əlavə görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olundu. ATƏM­in Nazirlər Şurası YVŞK-nin zəmanəti əsasında münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində aparılan danışıqların səmərəliliyini təmin etmək üçün ATƏM-in Dağlıq Qarabağa dair sülh konfransının çağırılması haqqında qərar qəbul etdi.
ATƏM-in dövlət və hökumət başçılarının 1994-cü il 5-6 dekabr tarixlərində Budapeştdə keçirilən sammitində ATƏM çərçivəsində bütün vasitəçilik səylərinin əlaqələndirilməsi üçün Minsk konfransı həmsədrlik institutunun yaradılması barədə qərar qəbul olundu.
Ötən dövr ərzində ATƏT-in vasitəçiliyi ilə həyata keçirilən bütün danışıqlar Ermənistanın qeyri-səmimiliyi müşayiət olundu. Ermənistan Dağlıq Qarabağın separatçı qurumunu tanımaq və danışıqlarda həmin ərazidə yaşayan ermənilərin tərəf predmeti olaraq iştirakını qəbul etdirməyə çalışdı. Lakin nə danışıqların ilk illərində nə də sonralar Ermənistanın və hətta vasitəçilik missiyası həyata keçirən dövlətlərin bu istiqamətdəki siyasi manevrləri nəticə vermədi.
Ümumiyyətlə isə danışıqlar prosesini bir neçə mərhələyə bölmək olar. Bunlar 1992-1994, 1995-2003, 2004-2015 və nəhayət 2016-cı ilin aprelində cəbhədə baş verən hadisələrdən sonrakı dövrlərdir.
2016-cı ilə qədər vasitəçi dövlətlərin və Ermənistanın sülh danışıqlarına olan münasibəti ilə bu ilin aprel ayından sonrakı yanaşmalarında böyük fərqin olduğu açıq-aydın hiss olunur. Bu uğurlu dəyişiklik Azərbaycan prezidenti İlham Əliyevin adı ilə birbaşa bağlıdır. 2004-cü ildən başlayaraq sülh danışıqlarında Azərbaycan daha kəskin mövqe nümayiş etdirməyə başladı. İlham Əliyev yaranmış vəziyyəti düzgün analiz edərək, diplomatik uğurlar qazanmaq üçün iqtisadi inkişafa və hərbi gücə önəm verilməsini açıq şəkildə bəyan etdi. Bu dövürdən sonra proseslər Azərbaycanın xeyrinə dəyişməyə başladı. Diplomatiya cəbhəsində - tribunadan Ermənistanın konkret olaraq işğalçı, Köçəryan-Sarkisyan hakimiyyətinin isə terrorçu olduğu Azərbaycan rəsmiləri tərəfindən bəyan edildi. Azərbaycan 2006-cı ilə "hücum diplomatiyası"na start verdiyini demək olar ki, rəsmi şəkildə bəyan etdi. Prezident İlham Əliyev daha da irəli gedərək, nəinki Dağlıq Qarabağın, hətta indiki Ermənistan Respublikasının Azərbaycan ərazisi olduğunu açıqladı. Dünənə qədər müdafiə olunan Azərbaycanın beynəlxalq müstəvidəki siyasi manevrləri, açıq və kəskin ittihamları qarşısında Ermənistan müdafiə olunmağa başladı. İqtisadi uğurların fonunda isə Azərbaycan Silahlı Qüvvələri regionun güclü ordularından birinə çevrildi. Dünyanın öndə gedən ölkələrinin müdafiə sənayesi kompleksi ilə əməkdaşlıq edən Azərbaycan Ordusu həm texnika parkını modernləşdirdi, həm də NATO çərçivəsində həyata keçirilən proqramlarda iştirak etməklə dünya orduları səviyyəsinə gəlib çatdı.
Bütün bunlar isə erməniləri narahat etməyə başladı. Lakin Ermənistan hakimiyyətinin birinci Qarabağ savaşında əldə etdiyi qələbədən yaranan özündən razılıq, onlara real vəziyyəti analiz etməyə imkan vermədi. Azərbaycan isə diplomatiya savaşının qaydalarını daha uğurla apararaq Ermənistanı çox çətin bir vəziyyətdə qoydu.

"Aprel döyüşləri" və Ermənistan "şahının mat"ı...

Sahibsiz SSRİ ordusunun komandanlarının və Kremildəki muzdlu havadarlarının sayəsində əldə etdiyi qələbənin eyforiyasından ayılmayan Ermənistanın siyasi və hərbi rəhbərliyi bu "nokdaun"u hələ uzun müddət unutmayacaqlar. Azərbaycanın hərbi və diplomatik imkanlarını nəzərə almayan Ermənistan Qarabağda qoşunların təmas xəttində kəşfiyyat-təxribat hərəkətləri əks-həmlə ilə cavablandırıldı. Dörd gün çəkən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağ və işğal olunmuş Azərbaycan rayonlarındakı bölmələri ordumuzun dəqiq zərbələri nəticəsində çətin vəziyyətə düşdülər. Erməni ordusu canlı qüvvələrinin itkilərini, yaralıların sayını, məhv edilmiş hərbi texnikalarının sayını öz cəmiyyətlərindən gizlətməkdən başqa yolu qalmadı.
Erməni general-mayoru Arkadiy Ter-Tadevosyanın təbirincə desək, Azərbaycan Ordusu apreldə həyata keçirdiyi əməliyyat öz təyinatına görə uğurludur və Azərbaycanın hərbi qüvvələri istəklərinə çatdırlar.
Döyüş meydanında "nokdaun"dan ayılmayan Ermənistana növbəti zərbə müttəfiqlərindən – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) gəldi. Qarşıdurmanın alovunu söndürməyə çalışan Rusiyadan fərqli olaraq, həm Belarus, həm də Qazaxıstan Azərbaycanın mövqeyini dəstəklədilər. Adıçəkilən ölkələr Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdıqlarını və Ermənistanın Dağlıq Qarabağ məsələsində düzgün mövqe tutmadığını söylədilər. Ermənilər isə buna özlərinə xas şəkildə - aqressiya ilə cavab verdilər.
Qərbin beynəlxalq institutlarının və ölkələrinin rəsmi şəxslərinin mövqeləri də Ermənistanı qane etmədi. Ermənistan prezidenti Serj Sarkisyan isə təkləndiklərini və diplomatik savaşda da uduzduqlarını anlamışdı. Bu onun aprel döyüşləri zamanı çıxışlarında da hiss olunurdu. Baş verənlər, xüsusən də ərazilərinin işğal altında olmasına baxmayaraq, Azərbaycanın hərbi-siyasi müstəvidə əldə etdiyi uğurlar Ermənistan cəmiyyətinə də sirayət etməyə başladı. Bu terrorçu "Qarabağ klanı" olan Sarkisyan hakimiyyətinin laxlamasına təkan verdi. Azərbaycanın növbəti gedişi isə Ermənistan hakimiyyətini daha da çətin duruma salıb.

Azərbaycan oyunun qaydalarını dəyişdi: "Soyuq müharibə" İrəvanı dondurmağa başlayıb

1960-1970-ci illərdə ABŞ və ona müttəfiq qərb ölkələri SSRİ-də disdent dalğasının yaranmasına səbəb olan uğurlu əməliyyatlar həyata keçirməyə başladılar. Bu "Soyuq müharibə"nin tərkib hissəsi idi. SSRİ-nin atdığı adekvat addımlar isə uğursuzluğa düçar olur və ya siyasi məhbuslar siyahısının artmasına səbəb olurdu. Bənzətmə bir qədər qəribə olsa da bu gün Azərbaycanın mövqeyi və həyata keçirdiyi işlər Ermənistanda belə bir vəziyyətin yaranmasına gətirib çıxarıb. Aprel hadisələrindən sonra isə bu vəziyyət kəskin hal alıb. Bir-birinin ardınca Ermənistanda qaçaraq Azərbaycana pənah gətirən erməni ictimai-siyasi xadimləri, hüquq müdafiəçilərinin Bakıda verdikləri bəyanatlar rəsmi İrəvana susmaqdan başqa yol qoymayıb.
Əvvəlcə Helsinki Vətəndaş Assambleyasının Dağlıq Qarabağ üzrə nümayəndəsi Karen Ohancanyan, "Qafqaz" sülhyaratma təşəbbüsləri mərkəzinin sədri Georgi Vanyan və başqaları Ermənistanın törətdiyi cinayətlərə görə Azərbaycan xalqından üzr istədilər.
Ermənistan vətəndaş cəmiyyətinin fəalları – jurnalist, "Meridian" qeyri-hökumət hüquq-müdafiə təşkilatının sədr müavini Suzanna Caqinyan, Ermənistan "Milli azadlıq hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyan, hüquq müdafiəçisi, siyasi mühacir Vahe Avetyan isə bu prosesə qoşulan növbəti ermənilər oldular.
Artıq deməyə əsas verir ki, Azərbaycanın hərbi qüdrətinə bələd olan Sarkisyan hakimiyyəti diplomatiya savaşında məğlub duruma düşüb. Ermənilər başa düşüblər ki, torpaqlar geri qaytarılmalıdır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə mane olan isə Sarkisyan-Köçəryanın formalaşdırdığı bandit rejimidir.
Bir qədər əvvəl qeyd etdiyim kimi zaman artıq Azərbaycanın xeyrinə işləyir.
Hər zaman belə olub. İstər fərdi, istərsə də geniş mənada haqlı tərəf öz mövqeyini çatdırmaqda, ədalətli olduğunu isbat etməkdə çətinlik çəkib. Sonda ədalətin bərpası üçün əzilən tərəf bacardığı müstəvidə və səviyyədə gücdən istifadə edərək haqlı olduğunu sübut etmək məcburiyyətində qalıb. Bu zaman isə ortaya yeni maneələr çıxıb və ya çıxarılıb. Biz bunu ən yeni tarixdə öz taleyimizdə - Azərbaycanın "bioqrafiası"nda gördük. İşğala, insani haqların kobud şəkildə pozulmasına, təhdidə, təzyiqə, terrora, separatizmə və daha başqa ədalətsizliklərə rəğmən, dünyada sülhün və ədalətin qarantı kimi çıxış edən dövlətlər susdu. Həmin susqunluq müstəqillik əldə etdikdən sonra diplomatik manevrlərlə davam etdirilməyə başlandı. Prosesin bu cür davam etməsini istəyən güclər gözə "kül üfürmək" işini ustalıqla son 20 ildə davam etdirə bildilər. Lakin Azərbaycan ötən illəri fövtə vermədi. Bu illər isə bizim uğurumuz oldu.

Ramil Məmmədli

"AzeriDefence" hərbi-texnoloji saytın redaktoru
"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"