Biz haqq yolundayıq Siyasət

Biz haqq yolundayıq

Prezident İlham Əliyev: "Milli maraqlarımızın müdafiə edilməsində biz həmişə bir yerdəyik və bu ictimai dəstək əlbəttə ki, mənim işimi də asanlaşdırır"


Dünən Milli Olimpiya Komitəsində 2016-cı ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Tədbirdə çıxış edən dövlət başçısı Azərbaycanın dünya miqyasında güclü idman dövləti kimi tanındığını bildirib: "Bizim idman uğurlarımız çox parlaqdır. Biz ildən-ilə idman nəticələrimizi, uğurlarımızı artırırıq. Əgər Yay Olimpiya Oyunlarının nəticələrinə fikir versək görərik ki, hər oyundan-oyuna Azərbaycanın qazandığı medalların sayı artır. Yəni, bu, müsbət dinamikadır. Əslində dinamika hər bir məsələnin təhlili üçün əsas amildir. Biz daim inkişafdayıq. Əminəm ki, müsbət dinamika bundan sonra da davam edəcək, baxmayaraq ki, son Yay Olimpiya Oyunlarında qazandığımız nəticəni təkrarlamaq çətin olacaq. Bununla bərabər, mən yaxşı xatırlayıram ki, 2000-ci ildən sonra hər dəfə Yay Olimpiya Oyunlarına yekun vuraraq oxşar fikirlər səslənib ki, böyük nəticə qazanılıb, bunu təkrar etmək çətin olacaq. Ancaq biz nəinki bu nəticələri oyunlardan-oyunlara təkrar etmişik, onları artırmışıq".

"Təcrübəmizi öyrənirlər"

Prezident İlham Əliyev deyib ki, Azərbaycanda təşkil edilən Oyunlar heç bir Yay Olimpiya Oyunlarının səviyyəsindən aşağı deyil.
Dövlət başçısı qeyd edib ki, ötən il Bakıda keçirilmiş Avropa Oyunları bir daha idmanımızın inkişaf səviyyəsini göstərib: "Bir daha göstərdi ki, biz güclü dövlətik. Bu Oyunlarda çox gərgin mübarizədə bütün Avropa ölkələri arasında ikinci yeri tutmaq doğrudan da böyük qələbədir, böyük qəhrəmanlıqdır. Siz də yaxşı xatırlayırsınız, təbii ki, mən də. Bu Oyunlar ərəfəsində, Oyunlar zamanı və sonra Azərbaycana qarşı mərkəzləşmiş qaydada aparılan çirkin kampaniya da çalışırdı ki, bu Oyunlara ləkə vursun, bizim imkanlarımızı aşağılasın və idmançılarımızın qələbəsini təhrif etsin ki, Azərbaycan bu Oyunların keçirilməsi ilə məşğul olan ölkədir, ev sahibliyi edib, ona görə də yüksək nəticələrdir. Rio Yay Olimpiya Oyunlarında əldə edilmiş qələbə bax, bu çirkin şayiələrə növbəti bir tutarlı zərbədir. Biz həm keçən il yüksək idman nəticələri göstərdik, eyni zamanda, bu Oyunların keçirilməsi də bütün beynəlxalq idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Mən bir çox Yay Olimpiya Oyunlarında olmuşam. Müqayisə edə bilərəm və bunu söyləyərkən bir daha demək istəyirəm ki, bizim təşkil etdiyimiz Oyunlar heç bir Yay Olimpiya Oyunlarının səviyyəsindən aşağı deyil. Bir çox parametrlər üzrə bu Oyunlar Yay Olimpiya Oyunları üçün də nümunə ola bilər. Bilirəm ki, indi bizim təcrübəmizi öyrənirlər.
Biz həm beynəlxalq yarışlarda, dünya çempionatlarında, Olimpiya Oyunlarında böyük qələbələr qazanırıq, həm də istənilən böyük miqyaslı beynəlxalq yarışı da təşkil edə bilirik".

"İstənilən beynəlxalq yarışı keçirə bilərik"

Dövlət başçısı xatırladıb ki, Avropa Oyunlarının hazırlanması üçün Azərbaycanın cəmi iki il vaxtı olub: "İllərlə, bəlkə də 7-8 il ərzində görülən işləri biz iki il ərzində görə bildik. Bu Oyunlarla bağlı Bakının ən müasir idman infrastrukturu yaradıldı və əsaslı şəkildə təmir edildi. Bu gün bizim idman qurğularımız xalqımıza, idmançılara xidmət göstərir. Yeni tikilmiş möhtəşəm Olimpiya Stadionumuz, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi, təmir edilmiş digər idman obyektlərimiz bu gün ən yüksək standartlara cavab verir və biz bundan sonra da istənilən beynəlxalq yarışı keçirə bilərik. Avropa Oyunları əlbəttə ki, ölkəmizin təbliğinə də müsbət xidmət göstərib və biz bundan sonra da Bakıda beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi addımlar atmışıq".

"Azərbaycan xalqı həmişə həmrəylik göstərib"

Prezident Azərbaycanın doğru yolda olduğunu vurğulayıb: "Milli maraqlarımızın müdafiə edilməsində biz həmişə bir yerdəyik və bu ictimai dəstək əlbəttə ki, mənim işimi də asanlaşdırır. Biz istənilən məsələ ilə bağlı prinsipial mövqeyimizi həmişə ifadə edirik, deyirik. Biz haqq yolundayıq. İdman uğurlarımız, digər sahələrdəki uğurlar bunu göstərir".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan artıq dünyada bir idman mərkəzi kimi tanınır: "Eyni zamanda, bəzi hallarda hansısa səbəblər üzündən əgər bir ölkədə çempionat, dünya çempionatı keçirə bilmirlərsə, Bakıya müraciət edirlər, - bu yaxınlarda belə bir hal olub, - və biz çox operativ şəkildə, heç bir əlavə hazırlıq görmədən o çempionatı Azərbaycanda keçirə bilərik. Yəni, bu beynəlxalq idman qurumları, beynəlxalq federasiyalar üçün də artıq bir real faktdır, bunu bilirlər. Əgər hər hansı bir yerdə problem varsa, onlar bilirlər ki, bizə müraciət edə bilərlər və biz əlbəttə ki, istənilən yarışı qısa müddət ərzində ən yüksək səviyyədə keçirə bilərik. Bu, reallıqdır və bu reallığı biz özümüz yaratmışıq, heç kim bizə kömək etməyib. Əksinə bütün bu illər ərzində bəzi anti-Azərbaycan dairələri çalışırdılar ki, bizim uğurlarımıza kölgə salsınlar, bizi ləkələsinlər, bizə şər, böhtan atsınlar. Ancaq bunun heç bir təsiri olmayıb. Çünki nəticə göz qabağındadır və Azərbaycan xalqı həmişə həmrəylik göstərib".

"İnsanlarımızın qonaqpərvərliyini bütün dünya görüb"

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda bu il ilk dəfə olaraq Formula-1 yarışının keçirilməsi bir daha ölkəmizin qüdrətini göstərib: "Çünki Formula-1 yarışının keçirilməsi hər bir ölkəyə nəsib olmur, hər bir ölkə bu məsuliyyəti öz üzərinə götürə bilmir və çətinlik çəkir. Ancaq biz bu yarışı da uğurla keçirmişik".
Dövlət başçısı qeyd edib ki, Formula-1 yarışının Azərbaycanda keçirilməsinin ölkəmizin dünyada tanıdılması üçün müstəsna əhəmiyyəti var: "Beş yüz milyon tamaşaçı auditoriyası olan bu yarışa bütün qitələrdə baxıblar və şəhərimizin gözəlliyini, insanlarımızın qonaqpərvərliyini bütün dünya görüb. Təsadüfi deyil ki, biz də bunu nəzərdə tuturduq, planlaşdırırdıq ki, bu yarışdan sonra ölkəmizə gələn turistlərin sayı dəfələrlə artacaq və artıb. Elə ölkələr var ki, bu il o ölkələrdən Azərbaycana gələn turistlərin sayı 30-40 dəfə artıb və bu proses davam edir. Çünki bu gün Azərbaycan dünyada həm qüdrətli, eyni zamanda, ən müasir infrastruktura, ən gözəl xidmət sahələrinə malik, təhlükəsizlik təmin olunan ölkə kimi tanınır. Bax, bütün bu amillərin sintezi Azərbaycanı xarici turistlər üçün çox cəlbedici ölkəyə çevirib. Əgər biz gözəl iqlimimizi, gözəl mətbəximizi, tarixi abidələrimizi, 9 iqlim qurşağını əlavə etsək, bir daha görərik ki, biz doğrudan da xoşbəxt insanlarıq, belə gözəl ölkədə yaşayırıq və belə gözəl ölkəni daha da gözəlləşdiririk. Ona görə Formula-1 yarışının əhəmiyyəti bundan sonra da illərlə özünü göstərəcək. Turizmdən gələn gəlir ölkə iqtisadiyyatını gücləndirir, yeni iş yerlərinin açılmasına xidmət göstərir və iqtisadi şaxələndirməni təmin edir".
Qeyd edək ki, Azərbaycan Prezidentinin çxışından sonra 2016-cı ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.
Azərbaycan prezidenti ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə Tarverdi Allahverdiyevə, Çingiz Eyvazova, Seymur Əhədova, Vaqif Feyzullayevə, Oleq Krapivinə, Firudin Qurbanova, Həmid Məmmədyarova və Bəhruz Salehliyə "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi" fəxri adlarının döş nişanlarını təqdim edib.
Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xüsusi xidmətləri olan Abas Əzimova və Qəhrəman Məmmədyarova Azərbaycan prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sənədlər təqdim olunub.
İlham Əliyev Olimpiya çempionu Radik İsayevə və Rio Olimpiadasında yarışların idarə olunmasında göstərdiyi yüksək peşəkarlığa görə beynəlxalq dərəcəli hakim Hicran Şərifova Milli Olimpiya Komitəsinin "Olimpiya" ordenlərini təqdim edib.
Azərbaycanda qeyri-Olimpiya idman növlərinin inkişafında xüsusi xidmətlərinə görə Nurlan Aslanov, Bəxtiyar Abbasov, Ayaz Məmmədov, Vasif İsmayılov, Şəmsi Bayramov, Ramal Aslanov, Adil Əliyev, Zaur Axundov, Nəriman Quliyev və Emin Hacıyev Milli Olimpiya Komitəsi prezidentinin fəxri fərmanları ilə təltif ediliblər.
Prezident İlham Əliyev 2016-cı ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.
Sonra Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar İncəsənət Xadimi Zərifə Salahova Azərbaycan prezidenti İlham Əliyevə xatirə hədiyyələri təqdim edib.