
8 noyabr 2020-ci il Azərbaycanın müasir dövlətçilik tarixində hərbi uğurdan daha artıq Cənubi Qafqazın geosiyasi strukturunu dəyişdirən tarixi dönüş nöqtəsidir. 44 gün davam edən Vətən müharibəsi nəticəsində əldə edilən zəfər, təxminən otuz il ərzində işğal altında olan Azərbaycan torpaqlarının əhəmiyyətli bir hissəsinin azad edilməsini təmin edib, Qarabağ məsələsində uzun illər davam edən status-kvonu sona çatdırıb. Xüsusilə Şuşanın 8 noyabr tarixində azad edilməsi Azərbaycan xalqının tarixi yaddaşında yalnız hərbi qələbə deyil, həm də milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizənin və dövlət suverenliyinə sadiqliyin rəmzinə çevrilib.
Bu sözləri xalqcebhesi.az-a Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) sədri, beynəlxalq münasibətlər üzrə mütəxəssis Mehmet Gökhan Özçubukçu söyləyib.
O qeyd edib ki, 1990-cı illərdən etibarən Cənubi Qafqazdakı siyasi və təhlükəsizlik balansı işğalın davam etdiyi və beynəlxalq danışıqlar mexanizmlərinin davamlı həll yolu ortaya qoya bilmədiyi bir şəraitdə formalaşırdı: “Bu prosesdə Azərbaycan beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanan ərazi bütövlüyü tələbini diplomatik platformalarda davamlı şəkildə müdafiə edirdi. Lakin uzun illər nəticə verməyən danışıqlar prosesindən sonra 2020-ci ildə döyüş meydanında baş verən dəyişiklik regional status-kvonun davamlı olmadığını ortaya qoydu. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa başda olmaqla, 300-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi Azərbaycanın təxminən otuz illik torpaq mübarizəsində tarixi bir mərhələni təmsil edirdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla Ağdam, Kəlbəcər və Laçın rayonlarının da Azərbaycana qaytarılmasının razılaşdırılması bu prosesin digər mühüm istiqamətini təşkil edirdi”.
“Zəfərin əhəmiyyəti yalnız torpaqların azad edilməsi ilə məhdudlaşmadı. Təxminən bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün kimi yaşadığı uzun illərdən sonra Böyük Qayıdış prosesinin başlaması məsələnin humanitar, sosial və iqtisadi aspektlərini də ön plana çıxardı. İşğal dövründə böyük ölçüdə dağıdılmış şəhərlərin yenidən qurulması, tarixi və mədəni irsin qorunması, infrastrukturun yenilənməsi və iqtisadi həyatın canlandırılması zəfərdən sonrakı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Qarabağ Zəfəri Cənubi Qafqazdakı güc bölgüsünü də yenidən formalaşdırdı. Azərbaycan regional proseslərin gedişinə təsir göstərən və öz strateji prioritetlərini praktiki müstəvidə reallaşdıra bilən aktor mövqeyinə yüksəldi. Türkiyə ilə inkişaf etdirilən hərbi, siyasi və iqtisadi əməkdaşlıq bu prosesdə mühüm yer tutarkən, Rusiya, Avropa İttifaqı və ABŞ kimi aktorların regiona yönəlmiş siyasətləri də dəyişən şərtlər çərçivəsində yenidən formalaşdı. 19–20 sentyabr 2023-cü ildə həyata keçirilən hərbi əməliyyatdan sonra Azərbaycanın Qarabağda suverenliyini tam şəkildə bərpa etməsi isə 2020-ci ildə başlayan tarixi transformasiyanın yeni mərhələsini təşkil etdi” - deyə mütəxəssis vurğulayıb.
M.G.Özçubukçu həmçinin bildirib ki, bu gün Orta Dəhliz, Xəzərdən keçən nəqliyyat şəbəkələri, enerji təhlükəsizliyi və regional bağlantılar kimi məsələlər Azərbaycanın strateji əhəmiyyətini Cənubi Qafqazın hüdudlarından kənara daşıyır: “8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin paraflanması da zəfərdən sonra formalaşan yeni diplomatik dövrün mühüm hadisələrindən biridir. Beləliklə, 8 Noyabr Zəfər Günü Azərbaycanın işğal altındakı torpaqlarını azad edərək tarixi ədalət və ərazi bütövlüyü uğrunda mübarizəsində əldə etdiyi mühüm dönüş nöqtəsini təmsil edir. Bu zəfər yalnız Azərbaycanın yaxın tarixini deyil, Cənubi Qafqazın siyasi nizamını və Avrasiyadakı geosiyasi balansı da dəyişdirib. Azərbaycan 8 noyabr 2020-ci ildə yalnız hərbi qələbə qazanmayıb, eyni zamanda, regional aktorluğunun yeni mərhələsinə qədəm qoymuş və öz tarixinin, eləcə də regionun tarixinin gedişinə istiqamət verən hadisələrdən birinə imza atıb. Bu baxımdan 8 Noyabr Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək iradəsinin, dövlət suverenliyinin və beynəlxalq aləmdə yüksələn mövqeyinin rəmzi kimi tarixi əhəmiyyətini qoruyur. Eyni zamanda, Qarabağ Zəfəri Cənubi Qafqazda dəyişən güc balansını və Avrasiya geosiyasətində meydana çıxan yeni strateji reallığı anlamaq baxımından da mühüm istinad nöqtəsidir”.
Röya İsrafilova