“Xankəndidə Zəfər tağının ucaldılması tarixi yaddaşın memarlıq ifadəsidir” Siyasət

“Xankəndidə Zəfər tağının ucaldılması tarixi yaddaşın memarlıq ifadəsidir”

“Xankəndidə Zəfər tağının önündən səslənən müraciət Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan siyasi hadisədir. Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə müraciətini Xankəndidə, Qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının qarşısında səsləndirməsi dərin rəmzi məna daşıyır. Bu məkan seçimi Azərbaycanın 2020-ci ildə qazandığı hərbi Qələbənin 2023-cü ildə suverenliyin tam bərpası ilə tamamlanan tarixi yolunu ifadə edir. Prezidentin vaxtilə səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” bəyanatı Azərbaycan xalqının siyasi iradəsini və dövlətin prinsipial mövqeyini ortaya qoymuşdu. 2023-cü il sentyabrın 20-də bu bəyanatın tarixi məzmunu Xankəndidə yeni reallıqla təsdiqləndi. Vaxtilə separatçı fəaliyyətin mərkəzi olan şəhərdə Azərbaycan bayrağının dalğalanması, dövlət institutlarının fəaliyyətə başlaması və quruculuq işlərinin genişlənməsi dövlət suverenliyinin real təzahürüdür”.

Bunu xalqcebhesi.az-a politoloq Tural İsmayılov deyib.

T.İsmayılov diqqətə çatdırıb ki, Xankəndidə Zəfər tağının ucaldılması da bu tarixi yaddaşın memarlıq ifadəsidir: “Bakıdan sonra Xankəndidə belə bir abidənin yaradılması Qələbənin coğrafiyasını və siyasi nəticələrini simvolizə edir. Bu tağ gələcək nəsillərə Azərbaycanın hansı tarixi sınaqlardan keçdiyini, öz ərazi bütövlüyünü hansı iradə və fədakarlıq hesabına bərpa etdiyini xatırladacaq. Zəfər Muzeyinin vaxtilə separatçıların yerləşdiyi binada yaradılması isə xüsusi siyasi məna daşıyır. Həmin binanın yeni funksiyası Azərbaycanın tarixə münasibətini və suverenlik anlayışını nümayiş etdirir. Bir zamanlar separatizmin siyasi mərkəzlərindən biri kimi istifadə edilən məkanın indi milli Qələbənin, şəhidlərin xatirəsinin və dövlətçilik tarixinin təbliğinə xidmət etməsi ciddi transformasiyadır. Bu, tarixi məkanın siyasi mahiyyətinin dəyişməsi, onun Azərbaycan dövlətinin milli yaddaş sisteminə daxil edilməsidir”.

“Məsələnin başqa bir tərəfi də var. Qarabağda baş verən hadisələr Azərbaycan xalqının yaddaşında ağır izlər buraxıb. İşğal dövründə dağıdılan şəhərlər, kəndlər, məscidlər, qəbiristanlıqlar və mədəniyyət abidələri bu tarixin ayrılmaz hissəsidir. Zəfər Muzeyi həmin hadisələrin sənədləşdirilməsi, Qələbənin hansı tarixi şəraitdə əldə olunduğunun nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tarixi yaddaşın qorunması gələcək nəsillərin milli kimlik və dövlətçilik şüurunun formalaşmasına da təsir göstərir. Hərbi Qələbənin hüquqi müstəvidə davamı isə Bakıda keçirilən məhkəmə prosesləridir. Münaqişə dövründə ağır cinayətlərdə ittiham olunan şəxslərin Azərbaycan məhkəməsi qarşısında cavab verməsi dövlətin hüquqi mövqeyinin ifadəsidir. Uzun illər Azərbaycan torpaqlarında qanunsuz fəaliyyət göstərmiş, separatçı idarəetmədə iştirak etmiş və müxtəlif cinayət əməllərində ittiham olunan şəxslərin məhkəmə qarşısına çıxarılması məsuliyyət prinsipinin tətbiqi baxımından əhəmiyyətlidir. Bu prosesin tarixi tərəfi də diqqətəlayiqdir. Uzun müddət Azərbaycan cəmiyyətində işğalın nəticələrinə, müharibə cinayətlərinə və törədilmiş ağır əməllərə görə hüquqi məsuliyyət məsələsi gündəmdə olub. Bu gün həmin məsələlərin məhkəmə müstəvisində araşdırılması dövlətin öz hüquqi mövqeyini reallaşdırması deməkdir. Ədalətli məhkəmə araşdırması, müdafiə hüququ və prosessual təminatlar da bu prosesin hüquqi legitimliyi baxımından mühüm şərtlərdir” - deyə politoloq əlavə edib.

O hesab edir ki, Xankəndidə Zəfər Muzeyinin yaradılması və Bakıda hərbi cinayətlərdə ittiham olunan şəxslərin mühakimə edilməsi Azərbaycanın tarixi Qələbəsinin iki mühüm istiqamətini əks etdirir: “Bir istiqamət milli yaddaşın qorunması, digər istiqamət hüquqi məsuliyyətin təmin edilməsidir. Dövlətçilik tarixində bu iki xəttin paralel inkişafı mühüm siyasi məna daşıyır. Azərbaycan Qarabağda yeni reallıq yaradıb. Xankəndidə keçirilən dövlət tədbirləri, həyata keçirilən infrastruktur layihələri, bərpa-quruculuq işləri və milli yaddaş məkanlarının formalaşdırılması bu reallığın gündəlik həyatın bir hissəsinə çevrildiyini göstərir. Vaxtilə separatizmin simvoluna çevrilmiş binanın Zəfər Muzeyi kimi fəaliyyət göstərməsi də həmin dəyişimin ən təsirli nümunələrindəndir. Xankəndidə Zəfər tağının qarşısından səslənən müraciət Azərbaycanın öz tarixinə, suverenliyinə və gələcəyinə verdiyi siyasi qiymətdir. 2020-ci ildə döyüş meydanında qazanılan Qələbə, 2023-cü ildə dövlət suverenliyinin bərpası, bu gün isə milli yaddaşın və hüquqi məsuliyyətin möhkəmləndirilməsi vahid dövlətçilik xəttinin mərhələləridir. Azərbaycan tarixinin bu səhifəsi gələcək nəsillərə güclü dövlət iradəsinin, milli birliyin və ərazi bütövlüyü uğrunda mübarizənin nümunəsi kimi qalacaq”.

Röya İsrafilova