“Bu il Türkiyə-Azərbaycan münasibətləri bir daha sınaqdan keçdi” Siyasət

“Bu il Türkiyə-Azərbaycan münasibətləri bir daha sınaqdan keçdi”

Mübariz Əhmədoğlu: "Rusiyanın Dağlıq Qarabağ münaqişəsi bağlı mövqeyində sabitlik olmadı"

Elman Nəsirov: "Aprel ayındakı döyüşlərdə Azərbaycan öz hərbi gücünün cüzi bir hissəsini göstərdi"

"2016-cı il Azərbaycan xarici siyasətində maksimum uğur əldə edib. Bu il görülən işlər çox yüksək səviyyədədir. Hesab edirəm ki, bu il ABŞ-Azərbaycan münasibətlərində vacib keyfiyyət dəyişikliyi baş verdi". Bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu səsələndirib. O əlavə edib ki, Azərbaycan prezidenti İlham Əliyev apreldə ABŞ-da keçirilən Nüvə Təhlükəsizliyi sammitində iştirak edib: "Orada ABŞ prezidenti Barak Obama dünyanın nüvə təhlükəsizliyinin təşkilində Azərbaycanın rolunu xüsusi qeyd etdi. Obamanın Azərbaycanın nüvə təhlükəsizliyində oynadığı rola verdiyi qiymət çox vacibdir. İlin sonunda ABŞ prezident seçkilərində Donald Tramp qalib gəldi. Tramp da Azərbaycan prezidenti haqqında yüksək fikirdə olduğunu dedi. Düzdür, Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ABŞ-ın mövqeyində müəyyən qeyri-sabitlik var. ABŞ dövlət katibi Con Kerri uzun müddət ermənipərəst konqresmen olub, xarici siyasət də onun əlindədir. Kerrinin hesabına Dağlıq Qarabağ məsələsi ilə bağlı ABŞ-ın mövqeyində qeyri-ardıcıllıq var. ABŞ bəzən ədalətli mövqedə olur, bəzən yox".
Politoloq hesab edir ki, bu il Türkiyə-Azərbaycan münasibətləri bir daha sınaqdan keçdi: "Bunu münasibətlərin səviyyəsini göstərmək üçün deyirəm. Belə ki, Strateji Əməkdaşlıq Şurasının iclası Baklıda keçirilməli idi. Həmin ərəfədə Türkiyədə terror aktı törədildi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya səfər edə bilmədi. Azərbaycan prezidenti bildirdi ki, Bakı, ya Ankara, fərqi nədir ki? Azərbaycan nümayəndə heyəti prezidentin rəhbərliyi ilə Türkiyəyə səfər etdi. Bakıda keçirilməli olan iclas Ankarada keçirildi. Ərdoğan isə həmin iclasda Türkiyə rəsmilərinə göstəriş ki, Azərbaycanın addımını nəzərə almalıyıq. İki dövlətin münasibətləri bir sınaqdan keçdi".
M.Əhmədoğlu vurğulayıb ki, bu il Rusiyanın Dağlıq Qarabağ münaqişəsi bağlı mövqeyində sabitlik olmadı: "Xarici işlər naziri Sergey Lavrov ermənilərdən tələb etdi ki, Qarabağ münaqişəsini həll edin, sonra isə Türkiyə ilə münasibətləri normallaşdırın. Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ məsələsində Azərbaycanın mərhələli həll planını qəbul etdi, sonra isə addım atmadı. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirdi ki, münaqişənin tənzimlənməsinə hələ vaxt var, yəni prosesi yubatdı. Lakin ümumilikdə, Rusiyanın Azərbaycana münasibətində ciddi uğurlar var. Putinin Azərbaycan prezidentinin ad günü ilə bağlı müraciətində də bunu görmək mümkündür. Putin bu ilə Ermənistan prezidenti Serj Sarkisyanla Kremldə görüş keçirdi. Orada Rusiyanın Azərbaycana silah satması məsələsi müzakirə edildi. Putin çox maraqlı mövqe nümayiş etdirdi. O bildirdi ki, Azərbaycanın 10 milyon əhalisi, var-dövləti var. Azərbaycanın iqtisadiyyatı dinamikdir. Haradan istəsə, silah alacaq. Putin ümumi fikir ifadə edə bilərdi. Lakin o 3-4 parametr üzrə Ermənistan prezidentinə Azərbaycanı təriflədi. Ola bilər ki, iki dövlətin ticarət dövriyyəsində azalma olsun. Hamı başa düşür ki, dünyada maliyyə böhranı var. Putin özü də bunu etiraf etdi".
O deyib ki, Azərbaycanın 2016-cı ildə əldə etdiyi ən ciddi uğur İranla bağlıdır: "İranda müəyyən qruplar var ki, Azərbaycanın əleyhinə danışırlar. Amma Azərbaycan belə şəraitdə də münasibətləri ən yüksək səviyyəyə qaldırdı. Astara dəmiryolu körpüsünün tikintisi üçün Azərbaycan İrana maddi vəsait verdi. Bu geosiyasi, geoiqtisadi psixoloji faktordur. İran bizdən pul istədi, biz onu verdik. İndi də İranın öz ərazisində olan Astara-Rəşt dəmiryolunun tikintisinə 1 milyard dollar maddi vəsait lazımdır. Azərbaycan buna razılıq verib. İranda bir qrup iddia edir ki, guya Azərbaycan İranın tarixi ərazisidir. Amma elə vəziyyət yarandı ki, İran Azərbaycandan pul istədi. Bu təkcə 2016-cı ilin yox, bir neçə 10 illiyin qələbəsidir. Ən vacib məsələ Bakıda üçtərəfli formatın yaradılması oldu. Azərbaycan prezidentinin təşəbbüsü ilə Rusiya və İran prezidentləri görüşüb bu formatı yaratdılar. Azərbaycan prezidenti cənub və şimal qonşularına təklif irəli sürdü. Bu qonşular baza parametrlərinə görə Azərbaycandan böyükdür. İranda bəzi qüvvələr iddia edir ki, Terek çayına qədər ərazi İranındır. Guya 1813-28-ci illərdə ruslar bu ərazini onlardan alıb. İranda bəzi ekspertlər bu məsələni qaldırırdı. Rusiya da prezident səviyyəsində Azərbaycan prezidentinin qarşısında İrandakı azərbaycanlılar məsələsini qaldırmışdı. Azərbaycan prezidenti görürdü ki, bu iki dövlətin bir-birinə qarşı apardığı siyasətə lazımi yön verilməsə, bu regional müharibəyə gətirib çıxara bilər. Azərbaycan isə bundan ziyan çəkəcək. Ona görə də prezident İlham Əliyev bu təklifi irəli sürdü. Azərbaycan prezidenti bu formatı yaratmaqla iki qonşu dövlət arasındakı ədavəti yumşaltdı ki, onlar bir-biri ilə əməkdaşlıq etsin. Bu Azərbaycan üçün də faydalı olsun. Eyni zamanda Azərbaycan bu addımı atmaqla sübut etdi ki, Avrasiya materikində geostrateji sabitliyin təmin edilməsində vacib oyunçulardandır. Ola bilər ki, iqtisadi problemlər olsun. Dünyada qlobal böhran yaşanır. Qazaxıstanda da bu hiss edilir. Türkmənistanın neft və qazı bizimkindən çoxdur, lakin Azərbaycandan əvvəl qazın qiymətini bahalaşdırdı, əhaliyə etdiyi güzəştlərin çoxunu ləğv etdi. İranın üzərindəki sanksiyalar götürülür, pul gəlir, lakin iqtisadiyyatı sürətlə geri gedir".
Politoloq diqqətə çatdırıb ki, İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycan səfəri ölkəmizlə bağlı vacib bir keyfiyyəti aşkar etdi: "Azərbaycan həm də ümid yeridir. İsrail müəyyən mənada təcrid olunmuş dövlət hesab edilir. Onun üçün müsəlman dövləti ilə qurmaq hədsiz dərəcədə vacibdir. Netanyahu Azərbaycana bu ümidlə gəlmişdi".
Dağlıq Qarabağ münaqişəsinə gəlincə, ekspert hesab edir ki, 2016-cı il bütövlükdə münaqişənin tənzimlənməsi ilə bağlı Azərbaycanın diplomatik və hərbi aktivliyinin pik səviyyədə olması ilə xarakterizə edilir: "Ölkə prezidenti diplomatik hücum siyasəti reallaşdırıb. Azərbaycan ordusu erməni təxribatının qarşısını almağa ən yüksək səviyyədə hazır olub. 2016-cı il AŞPA-da erməniləri işğalçı adlandıran qətnamələrin müzakirəsi ilə başladı. Azərbaycan müəyyən qədər istəyinə nail oldu. Ermənistan hər iki qətnamədə işğalçı kimi göstərilmişdi və qoşunların Azərbaycan ərazilərindən çıxarılması tələb edildi. Ən vacib istiqamətlərdən biri odur ki, AŞPA-dakı müzakirələr Avropa ictimaiyyətini ermənilərdən uzaqlaşdığını göstərdi. Avropada Azərbaycan həqiqətlərinin yayılma arealı artdı. Sonra Ermənistan NATO-da taktikadan istifadə etdi ki, aktiv müdafiə strategiyasını seçir. Guya ermənilər təmas xəttində cavab vermədiyi üçün Azərbaycan ordusu özünü qalib hesab edir. Ermənilər guya Azərbaycan ordusuna elə cavab verəcəklər ki, Azərbaycan ordusunun atəş açmaq ağlına belə gəlməyəcək. Həmin o konsepsiyanın nəticəsidir ki, onlar apreldə təxribata əl atdılar. Azərbaycan isə onun layiqli cavabını verdi. Azərbaycan ordusu sübut etdi ki, Ermənistanın hərbi baxımdan havadarı yoxdur, KTMT və Rusiya onu müdafiə etməyəcək. Daha sonra ölkə prezident Qarabağa muxtariyyət veriləcəyindən danışdı. Bu çox güclü təzyiq mexanizmi idi. O dərhal elan etdi ki, Serj Sarkisyanla görüşə hazırdır. Lakin ATƏT-in Minsk qrupunun həmsədrləri Sarkisyanın belə bir görüşə hazır olduğunu deyə bilmədilər. Azərbaycan prezidentinin diplomatik hücumuna Ermənistandan cavab gəldi. Sarkisyan elə fikirlər səsləndirməyə başladı ki, bu Ermənistanın mövqeyi ilə daban-dabana ziddir. Sarkisyan dedi ki, guya 7 rayonu geri qaytarmağa hazırdır. Amma birinci maddə kimi göstərilməlidir ki, Qarabağın statusu müəyyən edilsin. Lakin onun fikirləri ziddiyyətlidir. Sarkisyan bundan öncə Blumberqə müsahibəsində bildirmişdi ki, 5 rayonu qaytarmağa hazırdır, Qarabağın statusu müəyyən edilsin. Sarkisyan Ria-Novostiyə müsahibəsində referendumu elə təsvir etdi ki, bu əslində Azərbaycanın maraqlarına uyğundur. O vaxt Sarkisyan deyirdi ki, referendumda yalnız Qarabağ erməniləri iştirak etməlidir. İndi isə əhali sözündən istifadə etdi. Bu o deməkdir ki, Qarabağın azərbaycanlı icması da nəzərdə tutulur. Azərbaycan prezidentinin diplomatik hücumu Ermənistan və həmsədrləri gərgin vəziyyətə saldı. Bakıda ATƏT XİN Şurasının Hamburq görüşü ərəfəsində erməni və azərbaycanlı hüquq müdafiəçiləri sülh platforması yaratdılar. XİN rəhbəri Elmar Məmmədyarov Hamburqda münaqişə tərəflərinin təkliflərinin sinxronlaşdırılmasından danışdı. Bu özü də çox vacib məsələdir ki, erməniləri və Azərbaycanın əleyhinə olan qüvvələri tərki-silah edir. Hesab edirəm ki, bu il Dağlıq Qarabağ kontekstində Azərbaycanın həm hərbi, həm də diplomatik üstünlüyü ilə başa çatır".
Millət vəkili, politoloq Elman Nəsirov isə hesab edir ki, bu il Azərbaycanın atdığı bir sıra mühüm addımlar ölkəmizin beynəlxalq aləmdəki mövqelərini daha da gücləndirib. Onun sözlərinə görə, 2016-cı il dünyada mürəkkəb proseslərin baş verdiyi dövr kimi yadda qalıb: "Dünyada həm maliyyə, həm hərbi, həm də dövlətlərarası etimadsızlıq böhranı yaşanmaqdadır və təəssüf ki, 2016-cı ildə bu proses daha da dərinləşdi. Biz dünyada dəhşətli bir miqrant böhranının şahidi olduq. Milyonlarla insan öz ev-eşiyindən didərgin düşdü. Eyni zamanda Yaxın Şərqdə, xüsusilə də Suriyada hadisələrin nə qədər mürəkkəb inkişaf etdiyinin gördük. Bu reallıqlar fonunda Azərbaycan dövləti öz inkişaf tempini saxlaya bilib. Eyni zamanda biz dünyanın tərkib hissəsiyik və bu proseslər bizdən də yan keçməyib". E.Nəsirov bildirib ki, 2016-cı il dünyada əsasən gərgin proseslərlə yadda qalsa da, Azərbaycanın bir sıra nailiyyətləri olub: "Fevral ayında Cənub Qaz Dəhlizi ilə bağlı məşvərət şurası keçirildi. Orada çox mühüm razılaşmalar və müzakirələr oldu. Eyni zamanda aprel ayında prezident İlham Əliyevin Vaşinqtona Nüvə Sammitinə səfəri oldu və orada danışıqlar keçirdi. Eyni zamanda sentyabrın 29-da V Beynəlxalq Bakı Forumunu, aprel ayında BMT Sivilizasiya Alyansının 7-ci Qlobal Forumunu qeyd etmək istərdim. Aprel döyüşləri isə tarixi bir hadisə idi. Bu hadisə tariximizin şanlı səhifəsinə çevrildi".
Millət vəkili bu ilin aprel ayında cəbhə bölgəsində qısamüddətli döyüşlərdə Azərbaycanın nailiyyətlərini tarixi səhifə adlandırıb: "Aprel ayındakı döyüşlərdə Azərbaycan öz hərbi gücünün cüzi bir hissəsini göstərdi. Bu kifayət etdi ki, Ermənistan ordusunun inamı qırılsın. Bu gün artıq Ermənistan çox gözəl bilir ki, əgər müharibə başlasa, Ermənistanın məğlubiyyəti labüddür. Bu gün Ermənistandakı miqrasiyanın ən əsas səbəbi budur ki, sabahkı günə ümidləri yoxdur. Müharibə başlasa, növbəti məğlubiyyət baş verəcək. Ona görə də onlar indidən övladlarının gələcəyini təmin etməyə çalışır".