“Azərbaycan tarixinə qara yaxmaq istəyirlər” Siyasət

“Azərbaycan tarixinə qara yaxmaq istəyirlər”

Siyavuş Novruzov: "Orta məktəblərdə rus dilli bölmələrin 8-ci sinifində Azərbaycan və Dağlıq Qarabağın tarixi ayrı-ayrı kitablarla tədris olunur"

Yaqub Mahmudov: "Bu təxribatın qarşısı alınmalıdır"

Oqtay Əsədov: "Belə kitabları yazanlar üzə çıxarılmalıdır"

Dünən Milli Məclisin payıs sessiyasının son plenar iclası keçirilib. İclasda 25 məsələyə baxılıb.
Plenar iclasda çıxış edən millət vəkili Hikmət Babaoğlu bildirib ki, tarix və mədəniyyət abidələrinin qorunması nə qədər vacibdirsə, onların düzgün tanıdılması da bir o qədər vacibdir: "Hər il ölkəmizə çoxsaylı xarici turistlər gəlir və onlara tarixi abidələrimizi doğru tanıtmaq önəmlidir. Bu, həm də, daxili auditoriya üçün vacibdir".
Hikmət Babaoğlu qeyd edib ki, islama qədərki tarixi abidələrimiz üzərində olan tanıtım lövhələri bəzi hallarda tarixi reallığı əks etmir: "Biz bilirik ki, IV əsrdə xristianlıq Azərbaycanda rəsmi dövlət dini kimi qəbul edilib. O vaxtlar tikilən monastrlar, kilsələr bizim əcdadlarımızın yaratdıqları mədəniyyətdir, xristian keçmişimizin mədəniyyətidir. Təəssüf ki, bu mədəniyyət abidələri sanki başqa xalqa aid mədəniyyət abidələri kimi tanıdılır. Onların üzərində lövhələr yazılarkən adlar təhrif edilir, ən yaxşı halda isə "Albaniya" yazılır ki, fikrimcə, bu da doğru deyil. Əslində, bu "Albaniya" da deyil, "Ağvaniya"dır. "Albaniya" adı XVIII əsrdən sonra rus tarixşünaslığının Azərbaycan tarixinə sırıdığı bir addır. Hesab edirəm ki, burda da düzəliş aparmaq lazımdır. Digər tərəfdən, bu abidələrin məhz bizim əcdadlarımızın yaratdığı mədəniyyət nümunələri kimi təqdim olunmasına ehtiyac var". "Düşünürəm ki, bu çox vacibdir", - deyən millət vəkilinin sözlərinə görə, Azərbaycan yeganə ölkədir ki, tarixin müxtəlif mərhələlərində burda iudaizm də, xristianlıq da, İslam da rəsmi dövlət dini səviyyəsində mövcud olub: "Biz hər bir mərhələdə yaratdığımız tarixə sahib çıxmalıyıq və onu olduğu kimi təqdim etməyi, tanıtmağı bacarmalıyıq".

"Məhkəmə qərarları dərhal yerinə yetirilməlidir"

Millət vəkili Qənirə Paşayeva aliment almaqda problemlə qarşılaşan qadınların məsələsini qaldırıb və məişət zorakılığı ilə bağlı daha böyük mübarizəyə çağırıb. Alimentlərin alınması isə bağlı məhkəmə qərarlarının dərhal icra edilməsi məsələsi ilə bağlı çıxış edən millət vəkili Qənirə Paşayeva bu dəyişikliyi dəstəklədiyini deyib və bildirib ki, alimentlərlə bağlı məhkəmə qərarlarının icrasındakı problemlərin həllini tapması çox vacib addımdır və bu istiqamətdə məhkəmə qərarları dərhal yerinə yetirilməlidir.
Qənirə Paşayeva məhkəmə qərarı ilə övladlarına görə ona təyin olunmuş alimenti almaqda ciddi çətinliklərlə üzləşən yüzlərlə qadının problemini parlamentdə qaldıraraq bu istiqamətdə boşanmalar zamanı kiçik yaşlı övladları ilə tək qalan və ciddi maddi çətinliklərlə üzləşən qadınlara dəstək göstərilməsi istiqamətində daha çox addımlar atmağın vacibliyini diqqətə çatdırıb. O bildirib ki, bu gün yüzlərlə qadın məhkəmələrin qərarı ilə kiçik yaşlı övladları üçün ona təyin olunan alimenti almaqda ciddi problemlərlə üzləşir, süründürməçiliklə, süni əngəllərlə qarşılaşırlar və çox çətinliklərlə üzləşərək millət vəkillərinə, dövlət qurumlarına müraciət edərək onlara kömək göstərilməsini xahiş edirlər. Məhkəmə qərarlarının icrasında olan işlər arasında alimentlər böyük yer tutur deyən millət vəkili bildirib ki, bu dəyişiklik bu istiqamətdə problemləri azalda bilər, amma bu məsələ daim diqqət mərkəzində olmalıdır.
O məişət zorakılığı ilə bağlı zərərçəkənlərin müdafiəsinin daha da gücləndirilməsi istiqamətində qanunvericilikdə edilən dəyişikliklərlə də bağlı çıxış edərək bildirib ki, məişət zorakılığına, qadınlara qarşı zorakılıqla sərt mübarizə aparmalıyıq. Son dövrlərdə bu istiqamətdə artan problemlərə diqqət çəkən millət vəkili Qənirə Paşayeva bildirib ki, məişət zorakılığına, fiziki zorakılığa məruz qalan qadın hüquq-mühafizə orqanlarına müraciət edən kimi dərhal tədbirlər görülməlidir: "Bəzən bu tədbirlərin gecikməsi nəticəsində bir qadın həyatını itirə bilir...".

"Təkcə bu il 700 min iş icraata götürülüb"

Deputat Azay Quliyev "İcra haqqında" qanunda dəyişikliklər layihəsinin müzakirəsi zamanı deyib ki, məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyəti analiz etsək, görərik ki, məsələ heç də ürəkaçan deyil: "Çox sayda məhkəmə qərarları icra olunmamış qalır. Bunun təbii ki, obyektiv səbəbləri də var". Onun sözlərinə görə, məhkəmə qərarlarının icra olunmamasının səbəblərindən biri də, iş yükünün həddindən artıq çox olması ilə bağlıdır: "Məndə qeyri-rəsmi rəqəmlər var. Təkcə bu il 700 min iş icraata götürülüb. 700 min işin icrası ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil". Azay Quliyev qeyd edib ki, bu problemlərin həllini təmin etmək üçün bu qanuna edilən dəyişikliklər çox önəmlidir: "İcra məmurunun konkret olaraq məhkəmə qərarlarının icrası ilə əlaqədar vəziyyətə adekvat səlahiyyətə malik olması problemi həll edəcək. Bu, hakimlər üzərində düşən yükü də azaldacaq. Məsələyə kompleks yanaşmaq lazımdır. Məhkəmə qərarları icra olunmursa, bunun 2 mənfi nəticəsi olur. İlk olaraq vətəndaşlar bundan əziyyət çəkir. Vətəndaşlar məhkəmə qərarlarının icra olunmamasından şikayət edir.
Digər tərəfdən isə məhkəməyə olan inam sarsılır. Buna görə də, məhkəmə qərarlarının iclası qeyri-şərtsiz olmalıdır və məcburi xarakter daşımalıdır. Hesab edirəm ki, bu dəyişiklik məhkəmə qərarlarına nəzarət üzrə dövlət qurumlarının səlahiyyətlərini genişləndirəcək. Təklif edirəm ki, aidiyyatı qurumlar məhkəmə qərarlarının icrası ilə bağlı mövcud vəziyyəti analiz etsinlər. Kredit faizləri ilə bağlı çoxlu sayda məhkəmə qərarı var ki, icra olunmur. Bunun sosial və hüquqi tərəfləri təhlil edilməlidir. Ədliyyə Nazirliyi və digər qurumlar koordinasiyalı şəkildə fəaliyyətlərini qurmalıdırlar".

"Məgər Dağlıq Qarabağ Azərbaycan tarixi deyil?"

Deputat Siyavuş Novruzov "Təhsil haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib ki, "orta məktəblərdə rus dilli bölmələrin 8-ci sinifində Azərbaycan və Dağlıq Qarabağın tarixi ayrı-ayrı kitablarla tədris olunur. Məgər Dağlıq Qarabağ Azərbaycan tarixi deyil?", - deyə bildiirb. O deyib ki, bununla bağlı tarix müəllimləri tərəfindən dəfələrlə ona müraciətlər olub. Siyavuş Novruzov tarixçi deputat Yaqub Mahmudova müraciət edərək məsələyə aydınlıq gətirilməsini xahiş edib: "Belə çıxır ki, İrəvanın, Naxçıvanın tarixi də ayrı keçirilməlidir? Bu hansı formada və nəyə uyğun şəkildə tədris olunur? Xüsusilə də bunun rus dilində olması məni narahat edir. Çünki bundan istənilən an istifadə edib. Deyə bilərlər ki, Azərbaycanın özündə belə Dağlıq Qarabağın tarixi ayrı dərs kimi tədris olunur. O baxımdan xahiş edirəm ki, bununla bağlı araşdırma aparılsın".
Siyavuş Novruzovun qaldırdığı məsələyə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitunun direktoru, deputat Yaqub Mahmudov cavab verib. O bildirib ki, bir tarix var, o da - Azərbaycan tarixidir: "Bu təxribatın qarşısı alınmalıdır. Azərbaycanın bir tarixi var. Kimlərsə təxribat yaradaraq Azərbaycan tarixinə qara yaxmaq istəyirlər".
Milli Məclis sədri Oqtay Əsədov isə bildirib ki, belə kitabları yazanlar üzə çıxarılmalıdır: "Araşdırın görək bunu kim yazıb".

"Azərbaycan dövləti daim dünyadakı azərbaycanlıların yanındadır"

Payız sessiyasının son iclasında Azərbaycan Milli Məclisi adından 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciət səsləndirilib. Müraciəti Milli Məclisin sədr müavini Bahar Muradova oxuyub. Müraciətdə qarşıdan gələn bayramlarla əlaqədar dünya azərbaycanlıları təbrik edilir. Bildirilir ki, Azərbaycanın regionda və dünyada artan gücü dünya azərbaycanlılarının daha da həmrəy olmasında əsas faktordur: "Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasət bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və güclü Azərbaycan dövləti daim dünyadakı azərbaycanlıların yanındadır". Spiker Oqtay Əsədov deyib ki, 2016-cı ildə Milli Məclis 10 iclasda 195 qanun və qərar qəbul edib: "Milli Məclis, cənab Prezident İlham Əliyevin təsdiq etdiyi iqtisadiyyatın əsasları və Strateji Yol Xəritələrinin hazırlanması, həyata keçirilməsi ilə bağlı olaraq, öz köməyini ifadə edib. Nümayəndə heyətlərimiz beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak ediblər. Bu il həmçinin biz, 2 beynəlxalq təşkilatda öz iştirakımızı bərpa etdik. Sessiya ərzində 24 ölkəyə 50-dən çox nümayəndə heyəti səfər etdi. Deputatlar bir çox ölkələrin parlament, prezident seçkilərində iştirak etdilər. Bu sessiyada 40-dan çox ölkənin 50-yə yaxın nümayəndə heyəti Azərbaycana təşrif buyurublar. Biz Milli Məclisdə 2 mühüm tədbir keçirdik".
Oqtay Əsədov qeyd edib ki, Azərbaycan 2016-cı ili uğurla başa vurub: "Xalqın maraqları və tələbləri üzərində qurulan siyasətə görə, cənab prezidentə hamımızın adından minnətdarlıq bildirirəm. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə cənab prezidenti və ailə üzvlərini səmimi qəlbdan təbrik edirik. Dəyərli fəaliyyətində ona yeni-yeni uğurlar arzu edirik".
Sonda müraciət səsə qoyularaq qəbul olunub. İclas Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə bağlı elan edilib.

Əli