Tacikistanda Azərbaycanın Zəfər Günü qeyd olunub Siyasət

Tacikistanda Azərbaycanın Zəfər Günü qeyd olunub

Azərbaycanın Tacikistandakı səfirliyində 8 Noyabr - Zəfər Günü münasibətilə ziyafət təşkil olunub.

Səfirlikdən verilən məlumata görə, tədbirdə Tacikistan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədri Qeyrət Əzizzodə, bu ölkədə akkreditə olunmuş xarici diplomatik missiyaların rəhbərləri və əməkdaşları, Azərbaycan diasporunun üzvləri, azərbaycanlı tələbələr və digər qonaqlar iştirak ediblər.

Səfir Əlimirzamin Əskərov çıxışında İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqların 30 ilə yaxın işğalına son qoyduğunu və 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində ümumilikdə, 300-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edildiyini bildirib.

Diplomat həmçinin Azərbaycanın qarşılaşdığı mina problemi və onun qurbanları, "Böyük Qayıdış" Proqramı çərçivəsində həyata keçirilən bərpa-quruculuq işləri, Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi qabaqcıl təcrübə barədə məlumat verib.

Ə.Əskərov cari il avqustun 8-də Vaşinqtonda keçirilən sammitdə əldə olunan nəticələrdən söhbət açaraq Zəngəzur dəhlizi vasitəsilə maneəsiz girişi təmin edəcək və regional əlaqəni inkişaf etdirəcək Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun (TRIPP) Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcəyini, Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, region ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinə inteqrasiyasına xidmət edən vacib nəqliyyat əlaqəsi olacağını söyləyib.

O, TRIPP-in, eyni zamanda gələcəkdə enerji resurslarının daşınması, elektrik enerjisinin, xüsusilə də bərpaolunan enerjinin ixracı, o cümlədən fiberoptik xətlərin çəkilməsi üçün də geniş imkanlar təqdim edərək regionun beynəlxalq ticarət və rəqəmsal kommunikasiya habına çevrilməsinə təkan verə biləcəyini vurğulayıb.

Bundan başqa, Azərbaycan ilə Ermənistan arasında sülh dövrünün başlandığı, Azərbaycanın Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırdığı, belə bir ilk tranzitin Qazaxıstanın Ermənistana taxıl yükü olduğu və Azərbaycanın bu addımının bir çox dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən alqışlandığı qeyd edilib.

Sonda Zəfər Gününə həsr olunmuş və Azərbaycanla bağlı videoçarxlar nümayiş olunub.

Eyni zamanda, fotoşəkillərdən ibarət guşə yaradılıb, səfirlik tərəfindən tərcümə olunmuş kitablar və Azərbaycan mədəniyyətini əks etdirən jurnallardan ibarət sərgi təşkil olunub, qonaqlara Azərbaycanın milli mətbəx nümunələri və şirniyyatları təqdim edilib.