“Kiminsə əmlakını əvəzi ödənmədən uçurub dağıtmaq olmaz” Siyasət

“Kiminsə əmlakını əvəzi ödənmədən uçurub dağıtmaq olmaz”

Qüdrət Həsənquliyev: "Belə halların baş verməsi investisiya mühtiniə çox mənfi təsir göstərəcək"


"Azərbaycan müxtəlif zamanlarda Amerika Birləşmiş Ştatlarının müxtəlif rəsmi qurumları, ayrı ayrı insan hüquqlarını müdafiə təşkilatları tərəfindən bəzən əsaslı, bəzən əsassız tənqidlərə məruz qalıb".
Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib. Millət vəkili bildirib ki, ABŞ prezidenti Donald Tramp 7 müsəlman ölkəsindən insanların ABŞ-a daxil olmasına qadağa qoyub. Onun sözlərinə görə, bütün tərəqqipərvər insanlar, sivil dünya bu qərara etirz edir: "Azərbaycan Respublikası Prezidenti tərəfindən də bu il Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunub. Mən düşünürəm ki, biz də, Azərbaycandakı siyasi partiyalar, ictimai təşkilatlar da həm İslam dünyasının, həm də sivil dünyanın bir hissəsi kimi öz etiraz səsimizi qaldırmalıyıq. 700-dən çox insan qanuni viza alıb, ABŞ-a daxil olmaq istəyərkən hava limanlarında saxlanılır və müxtəlif məhrumiyyətlərlə üz-üzədirlər".
Millət vəkilinin fikrincə, Trampın özü də çox gözəl başa düşür ki, bu formada terrorun qarşısını almaq olmaz. Onun sözlərinə görə, əslində bununla da bəzi radikal qüvvələrə imkan yaradılır ki, dini ekstremizmin təbliği istiqamətində daha fəal iş apara bilsinlər: "Tramp bununla dünyada islamafobiyanın güclənməsinə yol açır. Düşünürəm ki, məhz onun qəbul elədiyi qərarın nəticəsi olaraq Kanadada 27 yaşında bir tələbə məscidə daxil olaraq 6 nəfəri güllələyib. Onların 2 nəfərinin vəziyyəti daha ağırdır, 4 nəfər yaralı xətəxanadadır. Yəni kütləvi bir qətliam törədilib. Bu baxımdan da hesab edirəm ki, Amerika Birləşmiş Ştatları başqalarına demokratiya dərsi verdiyi halda, belə bir urancverici qərar qəbul edir. Bütün tərəqqipərvər insanlar kimi Azərbaycan ictimaiyyəti də, Azərbaycan da bu məsələ ilə bağlı öz etitraz səsini qaldırmalıdır".


"Biznes mühitini daha da yaxşılaşdırmalıyıq"

Millət vəkili əlavə edib ki, ölkədə islahatların gedişi ilə bağlı məsələləri müzakirə etmək üçün Milli Məclisin xüsusi iclasını çağırmaq olar: "Hesab edirəm ki, biz islahatlarla bağlı parlamentin xüsusi iclasını çağıra bilərik. Burada Siyavuş Novruzov da söylədi ki, parlamentin işi həm də qəbul olunmuş qərarların icrası ilə bağlıdır. Biz, bilirik ki, ölkədə mülkiyyət toxunulmazlığı ilə bağlı kifayət qədər qanunlar qəbul olunub. Amma, bəzən mətbuatda oxuyuruq ki, hansısa sahibkarın oteli konpensasiya ödənilmədən söküldü, hansısa şəhərdə abadlıq işləri aparılan zaman, hansısa sahibkarların mağazaları uçurduldu, yerlə bir edildi. Yanvarın 30-da cənab Prezident müşavirə keçirdi və orada iqtisadiyyat naziri Şahin Mustafayev çıxış elədi. İqtisadiyyata investisiyaların cəlb edilməsi üçün təşviq mexanizmlərinin əhəmiyyətindən danışdı və bunu xüsusi vurğuladı. Yaxşı əgər bu yazılanlar həqiqətəuyğun deyilsə - müvafiq icra hakimiyyəti orqanlarında mətbuat xidmətləri var, onlar maaş alırlar - niyə mətbuata açıqlama verib yazılanları təkzib etmirlər? Niyə bildirmirlər ki, tutaq ki, qanuni əsaslarla bu obyektlər sökülür və.s. Yəni ictimaiyyətə də bu barədə məlumat verilməli, məsələyə aydınlıq gətirilməlidir. Yox əgər həqiqətdirsə, o zaman biz investisiya qoyuluşunu necə təşviq edə bilərik? Azərbaycan mətbuatını xaricilər, o cümlədən investorlar da oxuyur. Orada hər hansı bir sahibkarın əmlakınının heç bir məhkəmə qərarı olmadan, konpensasiya ödənilmədən, obyekt içərisindəki mebellər və digər maddi dəyəri olan avadanlıqlar çıxarılmadan buldozerin qabağına veririrsə və bunu xarici inverstorlar da oxuyursa, görürsə o zaman Azərbaycana kim investisiya qoyar?
Onlar deyilən sözə inansınlar, yoxsa gözləri ilə gördüklərinə? Görün son illər, 2016-cı ildə nə qədər azərbaycanlı iş adamları, Gürcüstana, Ukraynaya, Qazaxıstana, Rusiyaya, başqa ölkələrə milyonlarla vəsait yatırıblar. Amma həmin ölkələrdən Azərbaycana nə qədər investisiya qoyulub?
Yəni biz, biznes mühitini daha da yaxşılaşdırmalıyıq ki, Azərbaycana investisiya gəlsin. Amma burada səfirliklər, ayrı ayrı təşkilatlar fəaliyyət göstərirlər.
Azərbaycanda media qurumları var ki, informasiyanı bir neçə dildə yayırlar. Onlar mətbuatı oxuyurlar və belə halların baş verdiyini gördükdə Azərbaycana investisiya yatırmaq istəmirlər. Əlbəttə belə halların baş verməsi investisiya mühtiniə çox mənfi təsir göstərəcək.
Ona görə də, əgər mətbuatda belə xəbərlər yayılırsa, müvafiq dövlət qurumlarınını mətbuat xidmətləri mütləq bu məsələyə aydınlıq gətirməlidirlər. Qanunsuz iş görən insanlar isə mütləq cəzalandırılmaldırlar. Biz çoxlu misallar gətirə bilərik. Hətta orta əsrlərdə insanlar öz mülkiyyətini qorumaq məhkəmələrdə kralları belə udublar. Biz hansı dövrdə yaşayırıq? 21-ci əsrdir və Azərbaycan sivil bir ölkədir. Kiminsə əmlakını əvəzi ödənmədən uçurub dağıtmaq olmaz".


"Əmlak məsələləri üzrə Dövlət Komitəsinə səlahiyyət verməliyik"

O həmçinin "özəlləşdirmə ilə bağlı da məsələ var və həmkarım da bu məsələnin qaldırdı", deyə bildirdi: "Mən də dəfələrlə məsələ qaldırırdım ki, nəhayət özəlləşdirməyə getmək lazımdır. Amma mətbuatda oxuyuruq ki, bəzən özəlləşdirməyə məsələn 70 obyekt çıxarılır, bunun 30-u, 35-i satılır. Elə müəssisələr var ki, sahibkar həmin müəssisələri pul verib alandan sonra onun fəaliyyəti üçün investisiya yatırmağa gücü çatmır. Banklar da bilirsiniz ki, çox yuxarı fazilərlər kreditlər veririlər. Bəziləri heç ümumiyyətlə kredit vermirlər. Bu beynəlxalq praktikada da var. Bəzi hallarda o cür obyektlər simvolik rəqəmlərlə satılır. Biz Əmlak məsələləri üzrə Dövlət Komitəsinə səlahiyyət verməliyik ki, yeri gələndə əmlakları simvolik bir məbləğə satsınlar. Amma onu alan şəxsin üzərinə öhdəlik qoysunlar ki, bura filan qədər investisiya yatıracaqsan, burada filan qədər insan çalışacaq və hansı müddətə qədər sən bu müəssisənin təyinatını dəyişə bilməzsən. Düşünürəm ki, biz müvafiq dövlət orqanlarına belə geniş imkanlar tanısaq bu da ümumi işin xeyrinə olar".