“Ermənistanda hərbi çevriliş labüddür” Siyasət

“Ermənistanda hərbi çevriliş labüddür”

"Ermənistan ordusunun təyinatı hərbi obyektdən iqtisadi subyektə doğru dəyişir. Ordu Ermənistan dövləti üçün həmişə problem və gərginlik mənbəyi olub. Yalnız Robert Koçaryan hakimiyyətdə olduğu dövrdə ölkədə nisbi iqtisadi inkişaf əldə olundu və bu inkişaf öz nəticəsini S.Sərkisyanın prezidentliyinin birinci dövrünədək yaşada bildi". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib. Politoloqun sözlərinə görə, Sərkisyanın dövründə problemlərin birinci orduda yoxsa iqtisadiyyatda başladığını müəyyən etmək polemika xarakterli məsələdir: "İndi hər ikisinin problemli olmağı göz qabağındadır. Ermənistan ordusunun qeyri-döyüş itkiləri döyüş itkilərini dəfələrlə üstələyir. Eləcə də iqtisadiyyat sürətlə geriləyir. İqtisadiyyatda işlər belə gedirsə, ölkədə sosial gərginlik qaçılmazdır. Orduda proseslər belə gedirsə, hərbi çevriliş labüddür. Yaranmış vəziyyət S.Sərkisyandan ordunun dövlət həyatında yerini müəyyənləşdirməyi tələb edir. Ona görə də iki problemi birləşdirməklə bir çıxış yolu yaratmaq istəyir; Ordunu iqtisadiyyatın lokomotivinə çevirir. Özünü hiyləgər hesab edən S.Sərkisyanın bu məsələdə hiyləsi də var. S.Sərkisyan K.Karapetyanı Kremli aldatmaq üçün baş nazir təyin etdi. S.Sərkisyan əvvəlcədən bilirdi ki, K.Karapetyan iqtisadiyyatı qura bilməyəcək. Amma K.Karapetyan S.Sərkisyanın formalaşdırdığı kriminal- oliqarxik iqtisadiyyatı onun əlindən ala bilərdi. Bu olmasın deyə, K.Karapetyanı baş nazir təyin edən kimi Vigen Sərkisyanı da Prezident Administrasiyası rəhbəri postundan azad edib, Müdafiə naziri təyin etdi. S.Sərkisyanın ətrafında olan oliqarxlar başa düşdülər ki, K.Karapetyan onların monopoliyasını dağıda bilməyəcək. Orduya un satan ununu satacaq, neft məhsullarını verən yenə neft məhsullarını verəcək və s.
Vigen Sərkisyan bir az da qabağa getmək istəyir. Orduya aid müəssisələrdə ayaqqabı tikib Ermənistanın əhalisini bu ayaqqabılarla təmin etmək istəyir. Bunu görən Mühəndislik Tədqiqatları Mərkəzinin rəhbəri Artak Ambaryan mühəndislik ordusunun yaradılmasını təklif edir ki, bu yolla Ermənistanda sənaye inkişaf etsin. Ermənistan ordusu çörək bişirib erməni əhalisinə sata bilər. İT texnologiyalarda dövriyyə yarada bilər. Bəzi mühəndis qurğuları da yarada bilər. Amma müasir müharibə bunlardan ibarət deyil. "İskəndər" OTRK alarkən Ermənistan hədsiz sevindi və onunla da Azərbaycanın silahlanma hazırlığının səviyyəsini nümayiş etdirdi.
Orduda baş verənlər onun mövqeyini hərbi obyekt kimi deyil, iqtisadi subyekt kimi möhkəmləndirir. Ən əsası odur ki, bu Ermənistanda dövlət siyasətidir. Bu orduda çəkməçi əsgərdən daha üstün tutulacaq. Çünki pulu çəkməçi qazanacaq. Ermənistan ordusunda ayaqqabı tikənin və ya çəkməçininin döyüşçüdən prioritet olması Azərbaycan prizmasından sevindiricidir. Bu Ermənistanın işğalçılıqdan əl çəkmək arzusunun nişanəsidir. Bunu yubatmasın. Tez reallaşdırsa özü üçün xeyirdir".