“Münhen konfransının nəticələri ölkəmiz üçün uğurlu hesab oluna bilər” Siyasət

“Münhen konfransının nəticələri ölkəmiz üçün uğurlu hesab oluna bilər”

Elçin Mirzəbəyli: "Bu mühüm məsələlər üçün geniş platformadır"

Tahir Mirkişili: "Azərbaycanın həm regional, həm də dünya miqyasında aparıcı rolunu bir daha sübut etdi"

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 17-19 aralığında keçirilən Münhen 53-cü Təhlükəsizlik Konfransı çərçivəsində bir sıra mühüm görüşləri olub. Dövlət başçısı o sırada İsrailin müdafiə naziri Aviqdor Liberman, Türkiyə baş naziri Binəli Yıldırım, Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç, həmçinin, Kiyev şəhərinin meri Vitali Kliçko, Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb. Dövlət başçısı habelə "Kaspersky Lab" şirkətinin sahibi və baş icraçı direktoru Yevgeni Kasperski ilə bir araya gəlib, enerji təhlükəsizliyi ilə bağlı dəyirmi masaya, digər toplantılara qatılıb.
Ekspertlər Münhen konfransının nəticələrini Azərbaycan üçün uğurlu hesab edirlər.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib ki, Münhen konfransının nəticələri Azərbaycan üçün bütövlükdə uğurlu hesab oluna bilər. Azərbaycanın mütəmadi olaraq Münhen konfranslarında iştirak etdiyini deyən politoloq sözügedən konfransın dünyada təhlükəsizliyin təmin olunması istiqamətində mühüm platformalardan biri olduğunu qeyd edib: "Ümumiyyətlə, Münhen konfransında çox önəmli məsələlər müzakirə edilir. Budəfəki mövzu da Avrasiya məkanında təhlükəsizliklə bağlı idi. Bildiyiniz kimi, Avrasiya məkanında çoxlu problemlər var ki, onlardan da biri Azərbaycan torpaqlarının işğal altında olmasıdır. Hər zaman olduğu kimi, Azərbaycan Prezidenti Münhenə səfəri zamanı da ölkəmizin maraqlarını, ərazilərimizin işğala məruz qaldığını və yaranan vəziyyətin təkcə dövlətimiz üçün deyil, region, eləcə də Avrasiya məkanı üçün təhlükə olduğunu xüsusilə vurğuladı. Azərbaycan Prezidentinin Münhen konfransında çıxışları və irəli sürdüyü prinsiplər eyni zamanda ölkəmizin dialoq üçün açıq məkan olmasını vurğulaması, beynəlxalq münasibətlərdə tənzimləyici funksiyasını qeyd etməsi böyük önəm daşıyır".
E. Mirzəbəylinin sözlərinə görə, Münhen konfransı mühüm məsələlər üçün geniş platforma olmaqla yanaşı, orada ayrı-ayrı ölkələri təmsil edən şəxslər arasında görüşlərin keçirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir: "Bütün bunları nəzər alsaq, Münhen konfransının nəticələri ölkəmiz üçün uğurlu hesab oluna bilər".
Millət vəkili Tahir Mirkişili isə diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin səyləri dünyada yeni təhlükəsizlik sisteminin formalaşmasında mühüm rol oynayır: "Münhendə keçirilən 53-cü təhlükəsizlik konfransı ənənəvi olaraq dünyanı narahat edən məsələlərin müzakirəsinə həsr olundu. Əsas müzakirə edilən məsələlər NATO və Avropa Birliyinin gələcəyi, Qərb və Rusiya arasında olan münasibətlər, Suriyada müharibə, terrorçuluqla mübarizə, Ukraynada böhran, Asiya-Sakit Okean regionunun problemləri və s olmuşdur. Konfransda dünyanın aparıcı siyasi xadimləri və biznes elitası nümayəndələri iştirak etdilər. Konfransda Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ölkəmizin dünya təhlükəsizlik sisteminin yenidən qurulmasında yaxından iştirak etmək istəyini hər kəsə nümayiş etdirdi. Prezident İlham Əliyevin həm müxtəlif ölkə rəhbərləri ilə görüşlərində, həm də aparıcı biznes qurumların rəhbərləri ilə müzakirələrində əsas müzakirə olunan məsələlər Azərbaycan qarşısında olan çağırışlar ilə bağlı idi. Hərtərəfli iqtisadi islahatlar aparan Azərbaycanın dünya biznes strukturları üçün daha da açılması və iqtisadi cəlbediciliyin mümkün qədər bütün auditoriyalarda bəyan edilməsi əsas hədəflərdəndir və ölkə Prezidenti bu dəfə də bu beynəlxalq imkanlardan məharətlə istifadə etdi. Ölkəmizin Qərb və Şərq arasında iqtisadi və mədəni körpü olmasını artıq bütün dünya qəbul edir və ölkə Prezidentinin qatıldığı panel müzakirələrində ona ünvanlanan suallar və bu sualların cavabları bunu bir daha ortaya qoydu. Dünyanı və Azərbaycanı da əsas narahat edən məsələlərdən ən önəmlisi təhlükəsizlik məsələləridir. Azərbaycan uzun illərdir ki, Ermənistan işğalından əziyyət çəkir, ölkəmizə qarşı hazırkı dövrdə də erməni diversiyaları törədilir. Eyni zamanda regionda baş verən hərbi hadisələr, aparıcı dövlətlər arasında ziddiyyətlərin yaranması dünya təhlükəsizlik sisteminin əsasını zəiflətməkdədir. Digər tərəfdən, beynəlxalq hüquq normalarına hörmət edilməməsi və ikili standartlar bu ziddiyyətlərin daha da dərinləşməsini təmin edir. Azərbaycan Prezidenti bütün çıxışlarında dünyada təhlükəsizlik sisteminin yenidən qurulmasına ehtiyacın olduğunu qabartmaqla, bunun üçün beynəlxalq hüquq normalarına, ərazi bütövlüyünə bütün ölkələrdə hörmət hörmət edilməsinin, bir standartın tətbiq olunmasının vacib olduğunu iştirakçıların diqqətinə çatdırmışdır. Eyni zamanda, regionda təhlükəsizliyin təmin olunmasında, aparıcı dövlətlər arasında olan ziddiyyətlərin aradan qaldırılmasında Azərbaycanın rolunu bir daha izah edərək bu səylərin bütün dünyanın təhlükəsizliyinə xidmət etdiyini izah etmişdir. Münhen təhlükəsizlik konfransı bir çox sarıdan Azərbaycan üçün əlamətdar oldu. İlk növbədə beynəlxalq platformadan istifadə edilərək Azərbaycan həqiqətləri, Ermənistanın işğalçı siyasətinin davamı və bunu bütün dünya üçün nə dərəcədə təhlükəli olduğu bir daha iştirakçıların diqqətinə çatdırıldı. Digər tərəfdən iqtisadi görüşlər keçirməklə Azərbaycan Prezidenti hər imkanda ölkəmizin iqtisadi inkişafını dünya aparıcı biznes strukturları ilə inteqrasiya formasında gördüyünü nümayiş etdirdi. Həmçinin Azərbaycanın həm regional, həm də dünya miqyasında aparıcı rolunu bir daha sübut etdi".
Politoloq Qabil Hüseynli isə deyib ki, Azərbaycan Prezidentinin Münhenə səfəri və orada keçirdiyi görüşlər çox mühüm əhəmiyyət kəsb edir: "Çünki bu, dünyada təhlükəsizlik sistemlərinə həsr olunmuş məşhur konfranslardan biridir". O bildirib ki, Prezident BMT-nin baş katibi Antonio Quterreş, İsrailin müdafiə naziri Aviqdor Liberman, Türkiyənin baş naziri Binəli Yıldırımla görüşdü: "Bu görüşlərin hamısı Azərbaycan dövlətinin imicinin yüksəlməsində, həmçinin Dağlıq Qarabağ probleminin izah edilməsində çox əhəmiyyətli rol oynadı. BMT-nin Baş katibi ilə görüşü xüsusilə vurğulamaq istəyirəm. Çünki o, bu vəzifəyə yeni seçilib, Azərbaycanın problemlərini o qədər də yaxşı bilmir. Bu baxımdan da onunla görüş həm BMT-nin Qarabağa dair məlum qətnamələrinin xatırladılması, həm də Ermənistanın təcavüzkar dövlət kimi tanıdılmasında çox böyük önəm daşıyır. Libermanla görüş də az əhəmiyyətə malik deyil. Çünki İsrailin baş naziri Netanhyahu bu yaxınlarda Azərbaycana səfər etmişdi. İki ölkə arasında bir sıra hərbi sənaye məhsullarının alınması istiqamətində razılaşmalar əldə edilmişdi. Bu proses də gedir. Liberman Azərbaycana yaxın olan şəxslərdən biridir. Sovet İttifaqından getmiş yəhudilərdəndir. Ona görə də Azərbaycana böyük rəğbəti var və həmişə də ölkəmizi təbliğ edir. Mən güman edirəm ki, görüş zamanı Azərbaycan üçün çox əhəmiyyətli olan ölkəmizin hərbi sənaye kompleksinin yaradılması məsələlərinə də toxunulub və bu barədə prinsipial razılaşmalar əldə olunub".
Politoloqa görə, Türkiyənin baş naziri ilə olan görüşün də əhəmiyyəti böyükdür: "Çünki Türkiyə Dağlıq Qarabağ problemi ilə ciddi surətdə nəinki maraqlanır, proseslərin obyektiv və beynəlxalq hüquqa uyğun getməsi üçün Azərbaycana çox yaxından kömək göstərir. Mən inanıram ki, bu görüşün də çox böyük əhəmiyyəti var. Prezident enerji problemlərinə həsr olunmuş dəyirmi masaya da qatılıb və orda Azərbaycanın Avropanı enerji ilə təmin etməsi məsələsinə toxunulub. Bildirilib ki, Azərbaycan bu gün Avropanın ən azı üçdə bir hissəsini neftlə təmin edir, yaxın vaxtlarda isə Avropanın böyük hissəsini mavi qazla da təchiz edəcəkdir. Bütün bunlar Avropa ölkələri üçün prinsipial əhəmiyyətə malikdir. Avropa ölkələri də Azərbaycanın bu missiyasına çox böyük hörmətlə yanaşırlar və bu səbəbdən də Prezidentin Münhen səfəri iştirakçılar arasında böyük rəğbət doğurdu. Səfər uğurlu olub və Azərbaycana çoxlu dividentlər gətirəcək".