Cəbhədə erməni təxribatının səbəbi: İrəvanın siyasi oyunu və məğlubiyyəti Siyasət

Cəbhədə erməni təxribatının səbəbi: İrəvanın siyasi oyunu və məğlubiyyəti

Fevralın 25-də Ermənistan hərbi birləşmələrinin cəbhədə hücuma keçməsi İrəvan rejiminin münaqişənin həll olunmaması, mövcud status-kvonun saxlanılması üçün istənilən yola əl atdığını bir daha sübut etdi. Lakin baş verənlər sıradan "atəşkəsin pozulması" olmadığını göstərir. Bu hücumun siyasi cəbhədə baş verənlərə paralel həyata keçirilməsi də hər atılan güllənin, top mərmisinin altında bir siyasi səbəbin olduğunu deməyə əsas verir.
Bu artıq aksiomadır ki, Ermənistan cəbhədə təxribatlara əl ataraq, gərginliyi artırır və "müharibə gedir, biz Azərbaycanla necə sülh bağlaya bilərik?!" iddiasını həm daxildə münaqişəyə görə ölkənin düşdüyü vəziyyəti tənqid edənlərin, həm də beynəlxalq ictimaiyyətin önünə atır.
Fevralın 25-də törədilən təxribatın ümumi fonda hədəfi bu idi. Hücumun hərbi hədəfi isə hərbi mütəxəssislərin açıqlamalarından sonra aydınlaşdı: Nərgiz təpəsi. Erməni hərbi birləşmələri strateji əhəmiyyətə malik olan bu təpəni ələ keçirməklə Beyləqan, Ağdam, Quzanlı, Ağcabədi, Füzuli yolunu kəsərək, əraziyə nəzarəti əldə etmək istəyirmiş. Azərbaycan Ordusu buna imkan vermədi və hücumun qarşısı alındı.
Aprelin 2-də Ermənistanda parlament seçkiləridir və aydındır ki, seçkiöncəsi Sarkisyan rejimi cəbhədə gərginliyi artırmaqla əhalinin dəstəyini qazanmaq niyyətindədir. Lakin bu ümumi mənzərədə çaşdırıcı amil ola bilər. Çünki seçki gününə bir aydan da artıq vaxt var və hesab etmək olardı ki, Ermənistan məhz seçkilərə bir neçə gün qalmış hücuma başlayacaq, həm "aprel müharibəsi"nin ildönümündə məğlubiyyəti unutdurmaq, həm də sadə erməninin dəstəyini təmin etmək gedişi edəcək. Burada "niyə indi?" sualı ön plana çıxır.
Sarkisyanın planı: Xocalı soyqırımının 25-ci ildönümünə iki gün qalmış "Xocalıya qədər azərbaycanlılar bizim zarafat etdiyimizi düşünürdü" deməklə azərbaycanlıları qətlə yetirdiyini etiraf edən Sarkisyanın hücuma keçməsinin arxasında Ermənistan daxilindəki seçkiöncəsi siyasi situasiya dayanır.
2016-cı ilin 13 sentyabrında Rusiyanın "Qazprom" şirkətində yüksək vəzifə tutan Karen Karapetyan Ermənistanda baş nazir təyin olundu. Bu təyinat "aprel müharibəsi"ndən sonra edilmişdi, hesab etmək olardı ki, məğlubiyyətdən sonra sistemdə təmizləmələr aparan Sarkisyan keçmiş baş nazir Ovik Abramyanı yola salmaq üçün bu addımı atıb. Lakin "Qazprom"un əməkdaşından yaxşı namizəd tapılmadımı? Sarkisyan niyə rusların "Troya atını" qəbul etdi?!
Bu suallar fonunda "Avropa seçimi" fondunun rəhbəri, erməni ekspert Tiqran Xzmalyanın "Azadlıq radiosu"nun Krım xidmətinə dediyi sözlər yada düşür: "Moskvanın Ermənistanda idarə üsulunun dəyişdirmək istəyi ötən ilin yazında – "dördgünlük müharibə" zamanı aydınlaşdı. Sarkisyan müharibənin gedişində Putinin istəyini yerinə yetirmədi. Hansı ki, Putin Sarkisyanın rus "sülhməramlıları"nı dəvət etməsini istəyirdi. Görünür, bu, Putin üçün xüsusi "qara nişan" oldu və o, həmin vaxt Sarkisyanı əvəz etməyə qəti qərar verdi".
Xzmalyanın sözlərinə qərbyönümlü və anti-Putin mövqeyində deyilmiş fikirlər də olaraq yanaşmaq olar. Lakin bu, dəqiqdir ki, Karapetyan məhz rusların göstərişi ilə baş nazir oldu. Və o da dəqiqdir ki, Putin Ermənistanda hakimiyyəti dəyişmək, yaxud ən azından Sarkisyana güclü alternativ yaratmaq niyyətindədir. Karapetyanın Moskvaya səfərə dəvət olunması və onun hava limanında fəxri qarovulla qarşılanması da buna sübut idi. Karen Ermənistan tarixində ilk baş nazir idi ki, Rusiyada dövlət rəhbəri səviyyəsində qəbul olunurdu. Sarkisyanın martın 14-də planlaşdırılan Moskva səfərinin də məhz Karapetyanın səfərinə cavab olduğu ehtimal edilir.
Sarkisyan Karapetyanın təyinatında Moskvanın iradəsinin əleyhinə gedə bilməzdi, çünki ona oturduğu kabinetin qapılarını açan da məhz ruslar olub. Lakin Azərbaycan liderinin təbirincə desək, "bir cümlədə dörd yalan danışan" Sarkisyan yeganə çıxış yolunu öz "varisini" irəli sürməkdə gördü.
Viqen Sarkisyan: Fevralın 15-də Sarkisyan rəhbərlik etdiyi Respublika Partiyasının parlament seçkilərində irəli sürülən namizəd siyahısında yer almadığını açıqladı. Ardınca namizəd siyahısına partiyaya yeni qəbul olunmuş müdafiə naziri Viqen Sarkisyanın rəhbərlik etməsi ilə bağlı qərar verdi. Halbuki, orduya rəhbərlik edən şəxsin siyasətə bu qədər yaxın olması düşündürücüdür.
Əslində cəbhədəki son təxribatlar bu kontekstdə aydınlaşır:
Ermənistan hərbi birləşmələri hücuma keçir; strateji mövqeyə malik olan Nərgiz təpəsini alır; bütün bunlar Sarkisyanın "varisi" olan Viqenin müdafiə naziri postunda əyləşdiyi vaxt baş verir; "aprel məğlubiyyəti" "qələbəyə" çevrilir; Sarkisyanın "varisi" "qələbənin" banisi olaraq, aprelin 2-dən sonra Ermənistanda işə düşəcək parlament üsul-idarəsində əsas söz sahiblərindən birinə çevrilir.
Amma Sarkisyanın "varisi" baş nazir olmayacaq. Ermənistan mediasının məlumatına görə, Viqen Sarkisyanın yeni formalaşacaq parlamentin sədri olacağı gözlənilir. Baş nazir isə məhz Karen Karapetyan – Moskvanın göndərdiyi şəxs olacaq. Hesab etmək olar ki, Sarkisyan yeni hökumətdə rusların adamına alternativ yaradır. Amma onun 2018-ci ildə prezident səlahiyyətlərini başa vurması gözlənildiyi halda, niyə "alternativ planı" kimi rusların qəzəbinə səbəb olacaq addım atması maraqlıdır. Burada Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin fevralın 20-də keçirdiyi "referendum"un siyasi hədəfləri ön plana çıxır.
Qondarma "DQR"-də "referendum"la "parlament üsul-idarəsi"ndən "prezident üsul-idarəsi"nə keçid edildi. Ermənistanda parlament üsul idarəsinin yaradılması fonunda İrəvanın nəzarətindəki rejimdə bunun əksinin olması diqqət çəkir.
Hesab etmək olar ki:
a) Sarkisyan "DQR"-də "prezidentlik institutunu" yaradaraq, "Qarabağ klanı"nı siyasi arenada gücləndirmək niyyətindədir.
b) Bu, Sarkisyana öz gələcəyini təmin etməyə imkan verəcək. Onun varisi Viqen Sarkisyan parlament respublikası olacaq Ermənistanda Milli
Məclisin sədri, "DQR"-dəki adamı Bako Saakyan isə əsas söz sahibi olan "prezident" olur, beləliklə, Sarkisyan prezident səlahiyyətlərini təhvil verənə qədər, eləcə də ondan sonra da siyasətə ciddi təsir rıçaqları əldə edir.
Bununla "DQR"-də "referendum"dan məhz 5 gün sonra cəbhədəki hücumun digər səbəbi ortaya çıxır:
Sarkisyan "DQR"-də "prezidentliyə" qarşı çıxanlara sübut edir ki, sistemin dəyişikliyi "xarici təhlükələrə" qarşı atılmış adımdır. Bu tezis "referendum" öncəsi əsas müzakirə mövzusu idi. Xüsusilə Avropa və ABŞ-dakı erməni diasporu tərəfindən dəstəklənən "Daşnaksütyun" partiyasına qarşı istifadə olunurdu. "Referendum"dan sonra hücuma keçməklə Sarkisyan həm daşnaklara, həm də erməni diasporuna qərarının doğru olduğunu əyani şəkildə göstərmək istəyir.
Mənzərə aydındır: Rusiya Sarkisyanı "vurmaq" qərarına gəlir və Karapetyanı "siyasi desant" olaraq İrəvana göndərir; Sarkisyan ruslara qarşı "varis planını" işə salır və müdafiə nazirini öz xələfi elan edir; "DQR"-də "referendum" keçirməklə "Qarabağ klanını" gücləndirir, gələcəyə siyasi rıçaqlar hazırlayır; cəbhədə hücuma keçməklə öz varisinin gələcəyinə yatırım etmək istəyir və Qarabağdakı rejimdə sistem dəyişikliyi qərarını legitimləşdirir.
Azərbaycan Ordusu Sarkisyanın bu planlarını pozdu və bunun siyasi nəticələri güman ki, Ermənistanda seçkiöncəsi özünü göstərəcək.
Azərbaycan işğalçı Ermənistanın hərbi təxribatlarının qarşısını almaqla yanaşı, siyasi cəbhədə də ciddi zərbələr vurur. Xüsusilə son dövrdə baş verən iki mühüm hadisə torpaqların düşmən tapdağında qalmayacağına, Ermənistanın işğalına son qoyulacağına bir daha əminlik yaratdı.
Birinci: Yanvarın 24-də Prezident İlham Əliyev "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" sərəncam imzaladı. Bu sərəncamla Qarabağa böyük qayıdışın təməlini atıldı. Artıq "aprel müharibəsi"ndə işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi işi həyata keçirilib, hazırda yaşayış qəsəbəsinin inşası nəzərdə tutulur. Azərbaycan bununla sübut etdi ki, Ermənistanın arxasındakı havadarlarına rəğmən, öz ərazi bütövlüyünü bərpa etməkdə israrlıdır və milli maraqlar heç nəyə qurban verilməyəcək. Dövlət başçısının Cocuq Mərcanlı ilə bağlı sərəncamının Ermənistan ictimaiyyətində yaratdığı təşviş isə diqqətdən qaçmadı.
İkinci: Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən bloger Aleksandr Lapşin fevralın 7-də Bakıya ekstradisiya edildi. Bloger haqqında Azərbaycanın Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi açılıb. Azərbaycan bununla üç hədəfi vurdu:
1. "Cəzasızlıq mühiti" darmadağın edildi. Belə ki, rəsmi məlumatlarda təkcə ötən il Dağlıq Qarabağa qanunsuz səfər etdiyinə görə Azərbaycan XİN-in "qara siyahısı"na düşənlərin sayı 529 nəfər olduğu göstərilir. Bu şəxslər Azərbaycan ərazisinə daxil olmaq hüququndan məhrum olunublar. Onların cəzası yalnız bundan ibarətdir. Lapşinin ekstradisiyası ilə hər şeydən öncə "cəzasızlıq mühiti"ni aradan qaldırdı.
2. Lapşinin ekstradisiyası Azərbaycanın Qarabağa qanunsuz səfər edənlərə qarşı hərəkətə keçməsi üçün presedent yaratdı. Bundan sonra işğal olunmuş torpaqlara səfər edən istənilən şəxs haqqında cinayət işi açılacaq və beynəlxalq axtarışa veriləcək.
3. Bununla rəsmi Bakı Ermənistana ciddi zərbə endirdi. Artıq bundan sonra Dağlıq Qarabağa gəlmək istəyən əcnəbilər ən azı iki dəfə düşünəcəklər. Xüsusilə bu, xarici ölkələrin parlamentariləri, tanınmış şəxsləri və siyasətçilərini işğal etdikləri torpaqlara gətirərək, legitimlik əldə etmək cəhdlərini heçə endirəcək.
Ermənistanın "İrs" partiyasından olan deputat David Sanasaryanın "Azərbaycan bizi 10:0 hesabla parça-parça böldü, sındırdı. Xaricilər daha Qarabağa gəlməyəcəklər" sözləri də Azərbaycanın addımının miqyasının və düşmən üzərində təsirini aydın şəkildə göstərir.
Rəsmi Bakı Lapşinin ekstradisiyası ilə həm də onu sübut etdi ki, "Azərbaycan torpağı olan Dağlıq Qarabağda baş verən istənilən hadisə onun daxili işidir". Bu, təkcə Ermənistana yox, çoxlarına verilmiş mesaj idi.
Bu iki mühüm hadisə də Azərbaycanın Ermənistan üzərində diplomatik qələbələrini sübut edir. Və bunu ermənilərin özləri açıq şəkildə etiraf edirlər.
"Bakının tələbi ilə Lapin Belarusdan Azərbaycana ekstradisiya edildi. Ermənistan isə bu məsələdə heç nə edə bilmədi. Hərçənd, hansı addımdan danışmaq olar? Nalbandyan Sarkisyanın yaxın silahdaşıdır və o, erməni siyasətinin toxunulmaz inəyidir. Əsas Ermənistan maraqlarının müdafiəsi yox, onun Sarkisyan rejiminə sədaqətidir". ("armenianreport" saytı, Tevos Arşakyan, 24 yanvar 2017-ci il).
Fevralın 25-də cəbhədə erməni təxribatının arxasında Ermənistanın diplomatik məğlubiyyətinin ört-basdır edilməsi cəhdi də dayanır.

Asif Nərimanlı

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"