“Ermənistanın daxilində ziddiyyətlər yeni başlamayıb” Siyasət

“Ermənistanın daxilində ziddiyyətlər yeni başlamayıb”

Elçin Mirzəbəyli: "Sadəcə bu proses aprel ayında keçiriləcək seçkidə daha dinamik hal alıb"

Elman Məmmədov: "Belə getsə Ermənistan ermənisiz mövcud olacaq"

Mübariz Əhmədoğlu: "Ermənistanda adətən seçki gülləbaranla keçir"

Ermənistan siyasi səhnəsində gərginlik hökm sürür. Düşmən ölkədə baş verən proseslər Azərbaycanda da izlənilir. Xatırladaq ki, aprelin 2-də İrəvanda parlament seçkisi keçiriləcək. Seçki və bundan sonrakı proseslərin necə olacağı maraq doğurur.
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli bildirib ki, Ermənistanın daxilində ziddiyyətlər yeni başlamayıb, sadəcə bu proses aprel ayında keçiriləcək seçkidə daha dinamik hal alıb: "Bildiyiniz kimi, Ermənistanda Serj Sarkisyana qarşı etirazlar daha da güclənir". Onun sözlərinə görə, Ermənistandakı ziddiyyətlərin səbəbləri çox sadədir: "Bura Ermənistan hakimiyyətinin yürütdüyü siyasət nəticəsində ölkənin tamamilə iflasa uğraması, işğal siyasətinin onlara heç bir xeyir gətirməməsi, əksinə özünütəcridə gətirib çıxarması, düşmən ölkənin yer aldığı layihələrin bu ölkəyə heç bir perspektiv vəd etməməsi və nəticə etibarilə ölkənin bütövlükdə müstəqil siyasət yürütməkdən təcrid olunaraq forposta çevrilməsi, demoqrafik vəziyyətin günü-gündən pisləşməsi, əhalinin əhəmiyyətli hissəsinin ölkəni həmişəlik tərk etməsi, Dağlıq Qarabağdakı uğursuzluqlar, Azərbaycanın silahlı qüvvələri ilə müqayisədə onların ordularının nəzərə çarpacaq qədər geri qalması, orduda özbaşınalıq, cəbhədəki təxribatlar nəticəsində ordumuzun verdiyi cavabdan Ermənistanın böyük itkilər verməsi və bu itkilərin düşmən ölkə cəmiyyətində ciddi narahatlıqlar doğurması və digər səbəblər daxildir. Bu səbəblər Ermənistan cəmiyyətində Sarkisyana qarşı etirazların güclənməsinə gətirib çıxarır. Bu sıraya həmçinin korrupsiya faktlarını, orada hökm sürən klan hakimiyyətini, eləcə də siyasi proseslərdə gücdən istifadə edilməsi və digər amilləri də nəzərə alsaq, o zaman Sarkisyana qarşı edilən etirazların mənbəyini müəyyənləşdirmək mümkündür".
E. Mirzəbəylinin fikrincə, düşmən ölkədəki proseslərin nə qədər uzağa gedəcəyini indidən müəyyənləşdirmək çətindir: "Çünki, Ermənistanın fəal aktiv qüvvəsi faktiki olaraq ölkənin sərhədlərini tərk ediblər. Digər qüvvələr isə Sarkisyanın yürütdüyü siyasət nəticəsində təsir imkanlarını itirmək üzrədirlər. Bundan əlavə, Ermənistanın daxilində müstəqil siyasət yürütmək potensialı və gücünə malik hər hansı bir siyasi qüvvə də yoxdur. Bu baxımdan hesab edirəm ki, etirazlar kortəbii, xaotik şəkil də ala bilər. Lakin xaotik addımlara qarşı sərt proseslər daha aktiv fazaya qədəm qoyarsa, Sarkisyan rejiminin silah işlətməsi, insanları qətliam etməsi də gözləniləndir. Bu, proseslərin necə inkişaf edəcəyinə bağlıdır".
Düşmən ölkədə baş verənlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirinə gəlincə, siyasi ekspert qeyd edib ki, Ermənistanın özü belə Dağlıq Qarabağ münaqişəsinə hər hansı formada təsir göstərmək gücünə və potensialına malik ölkə deyil: "Ermənistan sadəcə işğalı prosesində vasitə, istifadə aləti missiyasını yerinə yetirir. Bu aləti əlində tutan güc nə zaman Ermənistanla hesablaşmaq və ya prosesləri tənzimləmək qərarına gələcəksə, düşmən ölkə də ona uyğun şəkildə addım atacaq. Ermənistan siyasətçiləri özləri də açıq şəkildə etiraf edirlər ki, düşmən ölkə faktiki olaraq müstəqil və siyasi proseslərə hər hansı formada təsir etmək imkanına malik deyil".
Deputat Elman Məmmədov deyib ki, artıq Ermənistan ictimaiyyəti, cəmiyyəti dərk edir ki, onları Dağlıq Qarabağdan gəlib, hakimiyyəti zəbt etmiş bir qrup cinayətkar idarə edir və bu idarəetmə onları fəlakətə gətirib çıxarıb: "Bu baxımdan Ermənistanda müxtəlif partiyalar, qruplaşmalar, cəmiyyətlər, təşkilatlar Sarkisyan hakimiyyətinə qarşı ayağa qalxaraq etirazlarını bildirirlər". Ermənistanda iqtisadiyyatla yanaşı bütün sahələrin də məhv olduğunu deyən deputatın sözlərinə görə, bunun nəticəsidir ki, düşmən ölkənin əhalisi başını götürüb qaçır: "Belə getsə Ermənistan ermənisiz mövcud olacaq. Bütün bunları görən düşmən ölkə cəmiyyəti etirazlarını daha da kəskinləşdirib. Hesab edirəm ki, onlar istəklərinə nail olacaqlar".
Onun sözlərinə görə, nə qədər ki, hazırkı Ermənistan hakimiyyəti işğalçı siyasətindən əl çəkməyəcək, düşmən ölkə və əhalisi daha da pis vəziyyətə düşəcək: "Bunu Ermənistan siyasətçilərinin özləri də dərk edirlər. Bu baxımdan Ermənistanda həm parlamentdə, həm də gələcəkdə hakimiyyətdə təmsil olunanların sağlam düşüncəli olması arzu olunandır. Əsas istəyimiz gələcək hakimiyyətin cinayətkarlardan azad olunmasıdır".
Aprel ayında keçiriləcək seçkilərlə bağlı fikirlərini bildirən deputat söyləyib ki, sözügedən seçkilər şəffaf, hüquqi əhəmiyyətə malik olmayan, idarə olunandır: "Burada seçilənlər əvəzinə təyin olunanlar var. Ermənistanı idarə edən ölkə, bizim şimal qonşumuz olan Rusiya kimi istəsə seçkilərdə məhz onun partiyası üstünlük qazanacaq. Bu baxımdan əsas məsələ seçkidə Sarkisyanın məğlub olması deyil, onun yerinə təyin olunacaq komandanın kimlərdən ibarət olmasıdır. Çünki Sarkisyanın yerinə daha radikal mövqedə olan qrup hakimiyyətə gələ bilər. Lakin istəyimiz Ermənistan hakimiyyətində sağlamdüşüncəli, əməkdaşlıq meylli qrupun yer almasıdır".
Politoloq Mübariz Əhmədoğlu isə hesab edir ki¸ Ermənistanda aprelin 2-də keçiriləcək parlament seçkisi Dağlıq Qarabağ münaqişəsi və onun ətrafında baş verənlərlə sıx əlaqəlidir.
O qeyd edib ki, qondarma Dağlıq Qarabağ ordusunun keçmiş komandanı Samvel Babayan həbs edildi. O bir dəfə də həbs edilmişdi: "Guya Babayan qondarma qurumun prezidentinə qarşı sui-qəsd təşkil edirmiş. İndi də Ermənistan prezidenti Serj Sarkisyanın təyyarəsini vurmaq istədiyi iddia edilir. Sarkisyanın təyyarəsinin vurulması yeni məsələ deyil, təxminən 6 aydır ki, gündəlikdədir. İndi bu məsələni seçki dövrünə düşməsi üçün yada saldılar".
Politoloq qeyd edib ki, seçkidə iştirak edən blokların rəhbərləri əhali ilə keçirilən görüşlərdə ilk növbədə Dağlıq Qarabağ məsələsinə toxunurdular: "Lakin indi həm aparıcı blokların, həm də Ermənistan hökumətinin Dağlıq Qarabağ münaqişəsinə yanaşmasında mövqe dəyişikliyi var. Martın 3-dək çıxışlarında sabiq müdafiə naziri Seyran Ohanyan deyirdi ki, Dağlıq Qarabağ məsələsi Qarabağ xalqına müstəqillik verilməklə həll edilməlidir. Lakin bu yaxınlarda bəyanat verdi ki, Qarabağ münaqişəsi elə həll edilməlidir ki, orada məğlub və qalib tərəf olmasın. Onun mövqeyində 180 dərəcə dəyişiklik var".
M. Əhmədoğlu hesab edir ki, Ohanyanın mövqeyindəki dəyişiklik hakim Respublikaçı partiyanın mövqeyindəki dəyişiklikdən sonra baş verdi: "Hazırda hakim partiyada təbliğatlarda birinci şəxs baş nazir Karen Karapetyandır. Baxmayaraq ki, onun adı seçki siyahısında yoxdur. Martın 10-a qədər Karapetyan deyirdi ki, Qarabağ ermənilərin şərəf məsələsidir. O deyirdi ki, biz bu məsələdə güzəştə gedə bilmərik. Amma Karapetyan martın 20-də bildirdi ki, biz gərək Azərbaycanla görüş keçirək, biz eyni ərazidə yaşamalıyıq". Politoloqun sözlərinə görə, Karapetyan adətən ikibaşlı ifadələr işlədir və onun "eyni ərazidə yaşamalıyıq" fikri diqqət çəkir. Politoloqun fikrincə, bununla baş nazir Ermənistandan qovulan və Dağlıq Qarabağ azərbaycanlıların geri qayıtmasını nəzərdə tutur: "Təbii ki, bu dəyişikliyi Rusiyanın mövqeyi ilə əlaqələndirirəm. Bu dəyişikliklər Sarkisyanın Moskva səfərindən sonra baş verdi. Əvvəlcə, Respublika partiyasının, sonra Ohanyanın mövqeyi dəyişdi".
O sonda deyib ki, parlament seçkiləri Qarabağ münaqişəsinin həllinə bir yanaşmadır: "Hesab edirəm ki, seçkidən sonra Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Ermənistanın mövqeyində dəyişiklik görəcəyik. Ermənistanda adətən seçki gülləbaranla keçir. Əgər kütləvi iğtişaşlar olsa, bu da öz növbəsində münaqişənin tənzimlənməsinə təsir edəcək".
Millət vəkili Azər Badamovun fikrincə, Ermənistan parlamentinə aprelin 2-də seçkilər keçirməkdə Sarkisyanın məqsədi siyasi oyunların rəsmiləşdirilməsindən ibarətdir. Onun sözlərinə görə, 2018-ci ildə Sarkisyanın prezidentlik müddəti bitir: "Yeni konstitusiyaya görə 2018-ci ildən Ermənistanda parlament hakimiyyəti əsas olacaq və Sarkisyanın yenidən prezident seçilmək hüququ olmadığına görə baş nazir kimi hakimiyyətini əlində saxlamaq istəyir. Baş nazir və nazirləri parlament üzvləri seçəcək və indiki ölkəni idarəetmək və ali baş komandanlıq hüquqları da baş nazirin səlahiyyətində olacaq. Düşünürəm ki, bu seçki cəllad Sarkisyanın hakimiyyətdə qalmasına hesablanıb. Seçki dünya ictimaiyyəti və erməni xalqının gözünə kül üfürmək üçün keçirilən formal siyasi bir oyundur. Düşünürəm ki, Sarkisyan rejimi hakimiyyətdə qaldıqca, Ermənistanda heç zaman firavan həyat olmayacaq".

Əli