“Struktur dəyişiklikləri idarəetmənin daha çevik və effektiv qurulması üçün vacib idi” Siyasət

“Struktur dəyişiklikləri idarəetmənin daha çevik və effektiv qurulması üçün vacib idi”

Azər Həsrət: "Zaman keçdikcə Administrasiyanın işinin təkmilləşdirilməsi zərurəti ortaya çıxır"

Sədaqət Vəliyeva: "Bilirsiniz ki, Azərbaycan qlobal transformasiya dövrünü yaşayan dünyanın əhəmiyyətli bir parçasıdır"

Əli Məsimli: "Azərbaycan öz inkişafının yeni mərhələsinə keçir"

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu dəyişib. Həmçinin, dövlət başçısı özünə yeni köməkçilər təyin edib.
Eskpertlər dəyişiklikləri dəyərləndiriblər.
Siyasi şərhçi Azər Həsrət vurğulayıb ki, Prezident Administrasiyasındakı yeni struktur dəyişiklikləri idarəetmənin daha çevik və effektiv qurulması üçün vacib idi. Onun sözlərinə görə, Prezident Administrasiyası ölkənin ən dinamik işləyən üst qurumlarından biridir: "Ölkədəki bütün proseslərə məhz bu qurum tərəfindən həm nəzarət edilir, həm də yön verilir. O baxımdan zaman keçdikcə Administrasiyanın işinin təkmilləşdirilməsi zərurəti ortaya çıxır. Həm də nəzərə almaq lazımdır ki, artıq Azərbaycanda 1-ci vitse-prezident və iki vitse-prezident vəzifəsi təsis edilib ki, onların da işinin qurulması yeni yanaşma tələb edir. Bu baxımdan cənab Prezidentin Administrasiyanın strukturu ilə bağlı elan etdiyi mövqe tam yerinə düşür. Biz bir daha əmin oluruq ki, cənab Prezident ölkədə ən mükəmməl və effektiv idarəetmənin təmin edilməsində hamıdan çox maraqlıdır".
Deputatı Sədaqət Vəliyeva vurğulayıb ki, Prezidenti Administrasiyasında struktur dəyişikliklərinin aparılması Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən çoxşaxəli reformaların çevik və optimal şəkildə reallaşdırılmasına xidmət edir. O bildirib ki, Azərbaycanda həm qanunvericilik, həm də idarəçilik sahəsində təkmilləşmələr davamlı olaraq aparılmaqdadır: "Bilirsiniz ki, Azərbaycan qlobal transformasiya dövrünü yaşayan dünyanın əhəmiyyətli bir parçasıdır. Məhz, geosiyasi və geoiqtisadi proseslər kontekstindən baxdıqda, Azərbaycan kimi milli dövlətlər dünyadakı proses və çağırışlara adekvat cavab verməsi, maraqlarını və inkişafını təmin etməsi üçün ardıcıl təkmilləşmələrə ehtiyac duyur. Təsadüfi deyil ki, Azərbaycanda davamlı və stabil inkişafı təmin etmək üçün 3 dəfə Konstitusiyaya əlavə və dəyişikliklər edildi. Eyni zamanda, dövrün tələblərinə və vətəndaşların mənafeyinə uyğun olaraq qanunverilik bazasına da mütəmadi dəyişikliklər edilir. Bu dəyişikliklər də özünü heç şübhəsiz idarəçilik sistemində də göstərir".
"Xüsusilə də nəzərə almaq lazımdır ki, bu gün dünyada davam edən böhranlı vəziyyətdən yan keçmək istəyən milli dövlətlər mütləq şəkildə təkmilləşmələrə yol açmalıdır" – deyə vurğulayan Sədaqət Vəliyeva əlavə edib ki, Azərbaycanda Prezident İlham Əliyevin zamanında effektiv addımlar atması və total islahatlara start verməsi ölkəmizi və xalqımızı böyük ziyanlardan uzaq tutdu: "Məhz, Azərbaycan Respublikası Prezidenti Administrasiyasında struktur dəyişikliklərinin aparılması da söylədiyimiz məsələlər kontekstində qiymətləndirilməlidir. Düşünürəm ki, bu dəyişikliklər Prezident İlham Əliyevin ölkəmizi qüdrətli, inkişaf etmiş dövlətə çevrilməsinə hesablanmış siyasətinin uğurla, çevik və dövrün çağırışlarına uyğun şəkildə həyata keçirilməsinə əsas yaradacaq".
Millət vəkili Əli Msimli qeyd edib ki, idarəetmənin təşkilatı strukturunun təkmilləşdirilməsinə yönəlik bu islahatlar Prezident Administrasiyasında həyata keçirilən sözügedən struktur dəyişiklikləri ilə məhdudlaşmayacaq. Böyük ehtimalla Nazirlər Kabinetini, eləcə də bu və ya digər formada başqa strukturları, bütünlükdə dövlət idarəetmə sistemini də əhatə edəcək. Onun sözlərinə görə, Azərbaycan öz inkişafının yeni mərhələsinə keçir:"Bu mərhələnin öz problemləri, öz tələblərı, öz çağırışları var. Həmin çağırışlara zamanında və dolğun şəkildə cavab verməkdən ötrü cəmiyyət həyatının bütün sahələrində köklü, sistemli, demokratik islahatlar tələb olunur. Həm də islahatların sürəti üstümüzə gələn problemlərin sürətindən yüksək, islahatların keyfiyyəti və səmərəli nəticələri həmin problemlərin vurduğu ziyandan çox olmalıdır. Həmin islahatlar içərisində dövlət idarəetmə sisteminin fəaliyyətini müasir dövrün tələbləri səviyyəsində yenidən qurulması həlledici rol oynayır. Bu baxımdan, Prezident Administrasiyasındakı islahatları müsbət qiymətləndirirəm". Ə.Məsimli bildirib ki, əvvəlki mərhələyə uyğun olan, dövrünü çoxdan başa vurmuş idarəetmə sistemindən daha işlək idarəetmə sisteminə keçilir: "Həmin islahatlar həm də müəyyən dərəcədə kadr islahatları ilə paralel həyat keçirilir. Düşünürük ki, idarəetmənin təşkilatı strukturunun təkmilləşdirilmısinə yönəlik bu islahatlar Prezident Administrasiyasında həyata keçirilən sözügedən struktur dəyişiklikləri ilə məhdudlaşmayacaq. Böyük ehtimalla Nazirlər Kabinetini, eləcə də bu və ya digər formada başqa strukturları, bütünlükdə dövlət idarəetmə sistemini də əhatə edəcək. Yaxşı olar ki, nazirlik, dövlət komitələri, idarə, xidmət digər dövlət orqanlarının əsasnamələrinin və digər müvafiq sənədlərinin təhlili və reallıqları nəzərə almaqla bir-birini təkrarlayan strukturun aradan qaldırılması, lazımsız dövlət qurumlarının birləşdirilməsi və ya ləğv olunması, əsaslandırılmış ixtisarların həyata keçirilməsi və sair istiqamətlərdə elmi və praktiki cəhətdən özünü doğruldan addımlar atılsın". Millət vəkili hesab edir ki, özügedən islahatlar ölkədə dövlət idarəetmə və tənzimləmə sisteminin əsaslı surətdə modernləşdirilməsi, dünyada gedən proseslərə operativ reaksiya verən və operativ qərarlar qəbul edən "çevik və kiçik hökumət"modelinə keçilməsinə, bu əsasda idarəetmənin çevikliyinin artırılması və səmərəliliyinin yüksəldilməsi, iqtisadiyyatın çevik tənzimlənməsi sahəsindəki qeyri-müəyyənliyin və hadisələrin arxasınca sürünməsi hallarının aradan qaldırılması, koordinasiya işinin səmərəliliyinin artırılmasına və məlum problem və çatışmazlıqların aradan qaldırılamsının sürətləndirilməsinə xidmət edəcək: "Ona görə ki, struktur və kadr islahatlarının real nəticələri dövlət idarəetmə sisiteminin keyfiyyətinin, səmərəliliyinin, rəqabət qabiliyyətinin, çevikliyinin artmasına, ölkənin sosial-iqtisadi inkiafının sürətlənmsinə və əhalinin güzəranını yaxşılaşdırılmasına verilən töhfələrlə ölçülməlidir. İdarəetmənin təşkilatı srtukturunun təkmilləşdirilməsinə yönələn islahatlar prosesində həqiqətən öz işini yükəsk səviyyədə bilən əsl professionallar, texnokratlar, güclü kadrlarla yanaşı, istedadlı, perspektivli gənc kadrların da rolunun artırılması və onların innovativ genaratora çevrilməsinin işlək mexanizminin hazırlanıb tətbiq edilməsi mühüm əhəmiyyət kəsb edir".
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov vurğulayıb ki, bu dəyişiklik nəticəsində Adminstrasiyada dövlət başçısına yeni köməkçilər təyin edilib, eyni zamanda, yeni vəzifələr yaradılıb.
Komitə sədri bildirb ki, dəyişikliklər Azərbaycanda səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin formalaşdırılmasından irəli gəlir. Fuad Muradovun sözlərinə görə, ötən il sentyabrın 26-da keçirilmiş referendumdan sonra bur struktur islahatları gözlənilirdi. Komitə sədri deyib ki, bu günə qədər Azərbaycanda aparılan bütün islahatlar ölkənin inkişafı və gələcəyinə yönəlib, kadr islahatları da bunun tərkib hissəsidir. F.Muradovun fikrincə, struktur dəyişikliyi nəticəsində Administrasiyada təyinat alan kadrlar Prezidentin müəyyən etdiyi islahatlar kursunu uğurla reallaşdıra biləcək şəxslərdir.
Mərhum akademik Yusif Məmmədəliyevin nəvəsi Yusif Məmmədəliyevin Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri təyin olunmasına münasibət bildirən Fuad Muradov deyib ki, o, böyük potensiala malik olan kadrdır: "Yusif Məmmədəliyev bundan əvvəl Xarici İşlər Nazirliyində və gənclər həraktında çalışıb. Çalışdığı hər sahədə böyük uğurlara imza atıb və üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirib. Ona görə də, hesab edirəm ki, Yusif Məmmədəliyevin bu posta təyin edilməsi müsbət addımdır".
Millət vəkili Vahid Əhmədov diqqətə çatdırıb ki, Prezident Administrasiyasında struktur dəyişikliyi edilməsi çox əhəmiyyətlidir: "Bilirsiniz ki, cənab prezident Azərbaycanı gələcək inkişafa aparacaq strateji yol xəritəsini imzalayıb və həmin yol xəritəsinin həyata keçirilməsi üçün struktur dəyişikliklərinə çox böyük ehtiyac vardı". Millət vəkili edilən struktur dəyişikliyinin müsbət cəhətlərini də sadalayıb: "Prezident Administrasiyasında bir-birini təkrarlayan müxtəlif şöbələr var idi. Belə bir qərar qəbul olundu və cənab prezident də bunu çox yüksək səviyyədə həll etdi. Bu struktur dəyişiklikləri idarəetməni daha operativ aparmağa, daha da təkmilləşdirməyə, daha tez manevr etməyə, daha tez qərarlar qəbul etməyə aparacaq. Bildiyimiz kimi, 2016-cı ildə keçirilən referendumla konstitusiyamıza da əlavə və dəyişikliklər edildi. Azərbaycanda vitse-prezident institutu təsis edildi. Bununla əlaqədar da müəyyən struktur dəyişiklikləri edildi. Bütün bu dəyişikliklərin hamısı Azərbaycanın ictimai-siyasi həyatında, iqtisadiyyatının inkişafında, beynəlxalq aləmdə əlaqələrin daha da güclənməsində, məsələlərin operativ və çevik həllində çox müsbət rol oynayacaq".

Əli