“Həmsədrlərinin destruktiv fəaliyyəti münaqişənin tənzimlənməsinə ən böyük maneədir” Siyasət

“Həmsədrlərinin destruktiv fəaliyyəti münaqişənin tənzimlənməsinə ən böyük maneədir”

Mübariz Əhmədoğlu: "Ermənistan dialoqa hazır deyil"

"ATƏT-in Minsk Qrupu həmsədrlərinin destruktiv fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin ən böyük maneəsidir". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, bu iddianı ortalığa qoymağa bir neçə arqumentlə yanaşı həm də konkret məlumat var:
I. Dağlıq Qarabağ münaqişəsi regionunda silahların avtomat Kalaşnikovdan Xrizantema, TOS-1A-ayadək dəyişməsini ATƏT-in Minsk Qrupu həmsədrləri nəzərə almırlar. Eyni ilə 20 il bundan qabaq hansı stil və metodla fəaliyyət göstərirdilərsə, indi də həmin stil, metodla fəaliyyət göstərirlər. Bu o deməkdir ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsi regionunda baş verən dəyişiklikləri, reallıqları görə bilmir və ya görmək istəmir.
ATƏT MQ həmsədrlərinin məqsədi barədə görünür, Azərbaycan və Ermənistan ictimaiyyətinin təsəvvürü yanlışdır; ATƏT MQ vasitəçilərinin məqsədi Dağlıq Qarabağ münaqişəsini tənzimləmək deyil, Dağlıq Qarabağ münaqişəsi regionunda vəziyyəti iri müharibəyədək yetişdirməkdir. Bu vaxtadək baş verən hərbi insidentlər vasitəçilər üçün sanki kiçik miqyaslıdır.
II. ATƏT MQ həmsədrləri bu günədək tənzimlənmənin gedişində Azərbaycan və Ermənistan tərəfinin mövqeləri barədə açıq publik şəkildə məlumat yaymır. "Məxfilik" adı altında özünün regionu müharibəyə hazırlamaq məqsədini gizlədir.
III. Ermənistan dəfələrlə ATƏT MQ-nin adından danışıb, bəyanatlar verib. ATƏT MQ susmaqla sanki Ermənistanın bu mövqeyini dəstəkləyib. Məlumat dedikdə isə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin yaxında Ermənistanda keçirdiyi görüş zamanı səsləndirdiyi fikir nəzərdə tutulur. H.Salber Dağlıq Qarabağda etimad tədbirlərının möhkəmləndirilməsi ilə bağlı Aİ-nin fəaliyyət proqramına da ATƏT-in Minsk Qrupunun razılığının zəruri olduğunu bildirdi. Başqa sözlə, bütövlükdə etimad tədbirləri Aİ, BMT və ya kimin məşğul olmasından asılı olmayaraq ATƏT MQ-nin icazəsi ilə baş tuturmuş. İndi bəlli olur ki, niyə görə Dağlıq Qarabağda erməni və azərbaycanlı icmalarının dialoqu təşkil olunmur. Və yaxud Ermənistandan qovulmuş azərbaycanlılarla Azərbaycanı tərk etmiş ermənilərin görüşü niyə təşkil olunmur.
Azərbaycan tərəfi rəsmi şəkildə dəfələrlə bəyan edib ki, istənilən formatda, zamanda və məkanda Ermənistanla dialoqa hazırdır. Ermənistan isə dialoqa hazır deyil. Çünki bilir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi dedikdə Azərbaycan ərazilərinin işğaldan azad olunması başa düşülür. Ermənistanın hazır olmadığını gizlədən isə ATƏT MQ həmsədrləridir. Onların fəaliyyəti bu qaydada davam edərsə prezidentlər görüşə bilməyəcək, Xarici İşlər Nazirləri isə S.Sərkisyanın qalan son 10 aylıq prezidentlik müddətində yalnız bir dəfə simvolik görüş keçirə bilərlər. Görünür, həmsədrlər dinc tənzimlənmənin matəm musiqisini yazmaqla məşğuldurlar".