“Moskvanın mövqeyini əyri göstərən Rusiya XİN-dir” Siyasət

“Moskvanın mövqeyini əyri göstərən Rusiya XİN-dir”

Ermənistan elə hesab edir ki, Rusiyaya qarşı mübarizə aparmaq gücündədir. Son zamanlar Ermənistan Rusiyaya qarşı bu yolu seçib.
Bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ABŞ Ermənistanın bu addımlarına inanır. Politoloq əlavə edib ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland əvvəlcə Azərbaycanın maraqlarına uyğun bəyanatlar verirdi. Lakin diplomat son bəyanatında bildirdi ki, çərçivə sazişi var, onun üzərində iş gedir: "Hoqland bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında etimada ehtiyac var, buna görə də snayperlər geri çəkilməlidir. Hoqland Ermənistanın sözünü deyir, lakin bu müvəqqətidir. Yəqin onlar yenidən Ermənistana aldanmaq istəyir". Politoloqun fikrincə, Ermənistanın ABŞ-a 1 metr yaxınlaşması Rusiyanın Ermənistandan 2 metr uzaqlaşması ilə nəticələnir. Politoloq bildirib ki, bizim mətbuatda Dağlıq Qarabağla bağlı bəzi mətbu orqanlarda qeyri-ciddi yanaşmalar var:" Abxaziyanı Qarabağa tay tutan mətbu orqanlarımız var. Əgər Rusiya prezidenti Vladimir Putin Abxaziyaya gəlibsə, bu o deməkdir ki, Qarabağa da gələcək? Bunlar tamam fərqlidir. Qarabağ məsələsinə haram qatmaq lazım deyil". Mübariz Əhmədoğlu deyib ki, Rusiyanın Qarabağla bağlı siyasətində haçalanma var. Rusiya XİN-in ermənipərəst mövqeyi özünü açıq göstərir: "Əgər Rusiya XİN Dağlıq Qarabağdan deportasiya olunan azərbaycanlıları görmürsə, deməli, deportasiyaya haqq qazandırır. Digər tərəfdən Rusiya XİN Qarabağı danışıqlarda tərəf kimi görmək istədi. Həmçinin Rusiya XİN Azərbaycana gələn erməni əsilli vətəndaşlara qarşı guya diskriminasiya edildiyini bildirdi". Politoloq əlavə edib ki, rus ekspertləri bildirir ki, Rusiyada güclü erməni diasporu yoxdur. Bir qrup erməni var ki, Rusiya və Ermənistan münasibətlərindən pul qazanır. Politoloq əlavə edib ki, Rusiyanı Dağlıq Qarabağ məsələsində mövqeyini əyri göstərən Rusiya XİN-dir. Politoloq hesab edir ki, münaqişənin tənzimlənməsi ilə Rusiya Kreml və ABŞ təmsilçisi məşğul olmalıdır, yəni Voleker-Surkov formatına keçməlidir. Fransa isə danışıqlar prosesindən uzaqlaşmalıdır: "Azərbaycan Fransa münasibətlərində uğurlar əldə edilsə də bizim cəmiyyətdə belə fikir var ki, Fransa ermənipərəstdir. Ona görə də Fransanın danışıqlar prosesindən uzaqlaşması cəmiyyətimizə psixoloji təsir edəcək".