“Amerikalı həmsədrin “mərhələli həll“ planını dəstəkləməsi sevindirici haldır” Siyasət

“Amerikalı həmsədrin “mərhələli həll“ planını dəstəkləməsi sevindirici haldır”

Elxan Şahinoğlu: "Bunu ondan əvvəlki amerikalı həmsədr Ceyms Uorlik də deyirdi"

"Amerikalı diplomatın sözlərindən belə başa düşülür ki, o yekun statusun qarşılıqlı anlaşma yolu ilə müəyyənləşməsini təklif edir". Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib. Politoloqun sözlərinə görə, Azərbaycan buna etiraz etmir: "Yəni hər zaman deyilib ki, əvvəlcə imkan verin azərbaycanlılar qayıtsınlar və ermənilərlə keçmişdə olduğu kimi birgə yaşayış imkanları bərpa olunsun, insanlar arasında mümkün qədər inam atmosferi formalaşsın, bundan sonra bölgənin yekun statusu haqında danışqmaq olar. Problem ondadır ki, İrəvan hər zaman arabanı atın önünə çıxarmağa çalışır, bu da danışıqları hər zaman dalana dirəyir. İrəvan tələb edir ki, bölgənin statusunu müəyyənləşdirəcək referendumun tarixi bəri başdan sülh anlaşmasında qeyd olunsun. Buna isə Azərbaycan heç bir halda razılaşa bilməz. Bu, sonrakı müzakirələrin predmetidir". Onun fikrincə, amerikalı diplomatın dedikləri maraqlı olsa da, onları ermənilərin qəbul etməsi şübhə doğurur: "Əlbəttə, amerikalı həmsədrin "mərhələli həll" planını dəstəkləməsi sevindirici haldır. Bunu ondan əvvəlki amerikalı həmsədr Ceyms Uorlik də deyirdi. O da bir neçə dəfə söyləmişdi ki, ilkin olaraq işğal altındakı torpaqlar boşaldılmalıdır. Problem ondadır ki, bu deyilənləri İrəvana kim qəbul etdirəcək? Vaşinqton Qarabağ problemi ilə sıx məşğul olmur, Kreml isə "mərhələli həll" planına Ermənistan hakimiyyətinin prizmasından yanaşır". Ümumiyyətlə, E.Şahinoğlu hesab edir ki, vasitəçilər problemin həllinə lazımınca maraq göstərmirlər: "Bu arada, ABŞ-ın ATƏT-in Minsk qrupundakı yeni həmsədri Endryu Şofer olacaq. O bu işə başlayacaq. Bu illərdə Minsk qrupu həmsədr ölkələrindən onlarla diplomat bu vəzifədə çalışdı, yığışdılar, ildə bir-iki dəfə bölgəyə səfərlər etdilər. Nəticə ortadadır. Əslində bir diplomatın üzərinə düşən missiyanı yerinə yetirı bilməməsi onun karyerasına mənfi təsir etməlidir. Həmsədrlərin içində ən fəalı amerikalı diplomat Metyu Brayza idi, münaqişənin səbəb və nəticələri haqqında son dərəcə bilgili idi, işinə fəal başladı, ancaq o da bacarmadı. Çünki, münaqişənin həllinin sürətləndirilməsi üçün onlar rəhbərlərindən gərəkli lazımi təlimatlar almalıdırlar".