“Ermənistan getdikcə zəifləyir” Siyasət

“Ermənistan getdikcə zəifləyir”

Mübariz Əhmədoğlu: "Bu zəifləmədə erməni elitasının qeyri-adekvat davranışı təsirli rol oynayır"

"Ermənistan prezidenti Serj Sarkisyan BMT Baş Assambleyasında erməni dilində çıxış etdi. BMT-nin rəsmi 6 dilindən biri olan rus dilini sınıq-salxaq bildiyi halda da çıxışını rus dilində etmədi. Ermənistan prezidentinin çıxışının mətninin rus və ya ingilis dilinə tərcümə olunması da bəlli deyil. Çıxışın mətni ilə tərcümənin fərqli olması ehtimallıdır". Bu fikirləri politoloq Mübariz Əhmədoğlu bildirib. Politoloqun fikrincə, Sarkisyanın BMT Baş Assambleyasındakı çıxışı Ermənistanın daxilinə və diaspor ermənilərinə hesablanmış addım idi. Politoloq vurğulayıb ki, S.Sarkisyan hakimiyyətdən gedir, ona öz cibini doldurmaq lazımdır: "Dünya Bankı, Beynəlxalq Valyuta fondu və digər strukturlar yeni kreditlər vermir. Yeni kreditlər verilsəydi, S.Sarkisyan əvvəlki qaydada korrupsiya vasitəsilə kreditlərdən müəyyən qədər vəsait cibinə qoya bilərdi. Ona görə diasporu çağırdı və guya yeni Ermənistan qurur, Ermənistan güclənir, Ermənistanın prezidenti BMT BA-nın tribunasından çıxış edir və bu adla da diasporda bir-iki emosional şəxsdən müəyyən qədər yəqin ki, pul götürəcək".
Politoloq bildirib ki, Ermənistan getdikcə zəifləyir. Bu zəifləmədə erməni elitasının qeyri-adekvat davranışı təsirli rol oynayır. Ermənistanın zəifləməsinin ən bariz nümunələrindən biri bu günlərdə Ermənistanın müstəqilliyinin qeyd olunması ətrafında baş verənlərdir: "Əhalinin Ermənistanın müstəqilliyinə marağı azalıb. Əvvəllər də əhali yoxsul idi, amma gələcək perspektivə inandığı üçün müstəqilliklə bağlı tədbirlərdə iştirak edirdi. İndi artıq gələcəyə inamı qalmayıb".
M. Əhmədoğlunun sözlərinə görə, Ermənistanın müstəqilliyinin beynəlxalq aləmdə də dəyəri yoxdur. Beynəlxalq aləmdən Ermənistanın müstəqilliyi ilə bağlı gələn reaksiyalar əvvəlki illə müqayisədə qat-qat zəif idi: "S.Sarkisyanın 9 illik prezidentliyinin nəticəsi budur. S.Sarkisyan erməni xalqının arzuladığı prezident olmadı. Erməni xalqı çoxdan S.Sarkisyandan məyus olub. 2008-ci ilin mart qırğınları S.Sarkisyanın seçki yolu ilə hakimiyyətə gəlmədiyini göstərdi".
Qarabağ klanın başçısı Robert Köçəryan hakimiyyəti digər qarabağlıya, S.Sarkisyana ötürdü. O əlavə edib ki, Köçəryan hakimiyyəti S.Sarkisyana verməsinin səbəbini öz dili ilə izah etdi: "Mən ailəmi yalnız S.Sərkisyana etibar edə bilərəm".
Politoloq vurğulayıb ki, R.Köçəryanın dediyindən başa düşülür ki, S.Sarkisyan R.Köçəryanın ailəsinin mühafizəçisi imiş: " Orta əsrlərdə Ermənistanın da daxil olduğu Azərbaycan coğrafiyasında xanların hakimiyyətini mehtərlərə ötürməsi halları da olub".O sonda deyib ki, S.Sarkisyan az savadlı, dayaz düşüncəli, İQ indeksi aşağı olan bir fərddir: "Mədəni səviyyəsi və dünya görüşündə də problem var. Roma Papası Fransiskin Ermənistanda qarşılanma mərasimində S.Sarkisyanın kreslonu "partlatması" səhnəsi Ermənistan televiziyasında yayıldı.
Ermənistan özü böyük qüsurlardan ibarət olduğu halda erməni siyasilərinin Azərbaycanda nöqsan axtarması elementar əxlaq və məntiqdən uzaqdır".