“Avropa Şurası nüfuzunu itirir” Siyasət

“Avropa Şurası nüfuzunu itirir”

AŞ PA Daimi Komitənin Bakıda keçirilən iclasında Azərbaycan bəyanatla çıxış edib
Oqtay Əsədov: "Ümid edirəm ki, AŞ PA Azərbaycanın prinsipial mövqeyini anlayışla qarşılayacaq"
Səməd Seyidov: "AŞ PA sədrinin müavinini qurumun nüfuzu yox, erməni lobbisinin nüfuzu maraqlandırır"
Elmar Məmmədyarov: "Siz çiynimə yük qoymaq istəyirsiniz, ancaq mən bir daha deyirəm ki, məhkəmə prosesinə qarışa bilmərəm"

Dünən Milli Məclisdə Avropa Şurası Parlament Assambleyası Daimi Komitəsinin iclası keçirilib. İclasda AŞPA sədri Anna Brassör, Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov, Avropa Şurasının (AŞ) baş katibi Tyorbörn Yaqland, AŞ PA Nazirlər Komitəsinin sədri, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, üzv ölkələrin nümayəndə heyətləri və digər qonaqlar iştirak edib.
İclası açan AŞPA prezidenti Ann Brassör Azərbaycanı Avropa Şurası Nazirlər Komitəsində sədrliyi üzərinə götürdüyü üçün təbrik edib və bildirib ki, bu, çətin bir dövrə təsadüf edib.
AŞPA rəhbəri bunu əsasən Ukraynadakı vəziyyətlə əlaqələndirib və deyib ki, üzv ölkələrin ərazi bütövlüyü vacib məsələdir: "Üzv ölkələrin ərazi bütövlüyünün pozulması AŞPA üçün ciddi təhlükədir. 2005-ci ildə qəbul olunan 1416-cı saylı qətnamə ilə AŞPA Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bununla belə, Azərbaycan və Ermənistan bizim qarşımızda öhdəlik götürüb ki, Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll edəcəklər".
AŞPA prezidenti çıxışında Azərbaycandakı duruma toxunaraq deyib ki, 2013-cü ildən sonra toplaşmaq, ifadə azadlığı, məhkəmə müstəqilliyi sahəsində vəziyyət daha da pisləşib: "Bu sahədəki problemlər təcili həllini tapmalıdır".
Ann Brassör bildirib ki, mayın 22-də bu məsələləri prezident İlham Əliyevlə müzakirə edib: "Mən həbsdə olan İlqar Məmmədovla görüşməyə çalışacam. Avropa Məhkəməsi İlqar Məmmədovla bağlı qərar çıxarıb. Hakimlər belə qərara gəliblər ki, azadlıqdan məhrum edilməsinə səbəb onu susdurmaq olub. Ümid edirəm ki, bu qərar onun azadlığa buraxılmasına səbəb olacaq. Mən təkid edirəm ki, həll yollarını birgə tapaq. Ümid edirəm ki, hakimiyyət dairələri sadaladığım problemləri təcili şəkildə həll edəcək".
Lakin onun bu fikirləri Milli Məclis rəhbərliyinin etirazına səbəb olub. Spiker Oqtay Əsədov isə AŞPA sədrinin çıxışına hücumla başladığını deyib, bundan narazılığını bildirib.
Azərbaycanın korrupsiyaya qarşı mübarizə apardığını söyləyən O. Əsədov AŞPA-nın Azərbaycanda gedən islahatları dəstəkləyəcəyinə ümidvar olduğunu deyib.
Onun sözlərinə görə, Azərbaycanın AŞ Nazilər Komitəsinə sədrliyi dövründə Bakıda 18 tədbir keçiriləcək: "Azərbaycan Avropa dəyərlərinə sadiqliyini real addımlarla sübut edir. Zəruri islahatların aparılması üçün düşünülmüş tədbirlər görür. Azərbaycan AŞPA qarşısındakı öhdəliklərə daim hörmətlə yanaşıb".
Spiker qeyd edib ki, AŞPA Ermənistanın təcavüzü, Azərbaycanın ərazi bütövlüyü, qaçqın və köçkün problemlərinə xüsusi diqqətlə yanaşmalıdır: "Ermənistan Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal edib. ATƏT-in Minsk qrupunun fəaliyyəti 20 ildir nəticə verməyib. Ancaq Ermənistana qarşı hər hansı sanksiya tətbiq edilməyib. Buna görə də Ermənistan üzərindən işğal olunmuş torpaqlarımıza gedən şəxslər "persona non-qrata" elan edilib. Rene Rukeyə viza verilmədiyinə görə AŞPA Bürosu qərar verib ki, iki il ərzində AŞPA-nın komitələrinin Bakıda iclası keçirilməsin. Bu qərar hələ prosedur mərhələsindədir. Ümid edirəm ki, AŞ PA Azərbaycanın prinsipial mövqeyini anlayışla qarşılayacaq".
Xarici işlər naziri Elmar Məmmədyarov isə bildirib ki, Avropa Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət ayırmalıdır. XİN rəhbəri deyib: "21-ci əsrdə belə çox sayda qaçqınların və belə münaqişələrin olması yolverilməzdir".
Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan BMT-nin Qarabağa dair qətnamələrinin yerinə yetirilməsi zamanı ikili standartlarla üzləşir: "Biz - bu sözləri işlətməkdən çəkinməyəcəyik - aşkar ikili standartlar şəklidə yanaşma görürük. BMT-nin bəzi qətnamələri demək olar ki, qəbul edildiyi gün icra olunmağa başlayır, halbuki BMT-nin Dağlıq Qarabağa aid qətnamələri artıq 20 ildir ki, yerinə yetirilmir".
XİN rəhbəri qeyd edib ki, Ermənistanla danışıqlar davam edir, bu münaqişə regionu heçliyə aparır və ona danılmaz mənfi təsir göstərir. Nazirin sözlərinə görə, münaqişənin həlli prinsipləri artıq müəyyən edilib: "BMT Təhlükəsizlik Şurası 4 müvafiq qətnamə qəbul edib və Dağlıq Qarabağ münaqişəsinin həlli ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə söykənməlidir".
XİN rəhbəri qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsini dondurulmuş hesab etmək olmaz: "Hər gün insidentlərin baş verdiyi qoşunların təmas xətti, cəbhə xətti var".
Onun sözlərinə görə, Madrid prinsipləri çox realdır, amma münaqişədə əsas problem Azərbaycanın ərazisində erməni silahlı birləşmələrinin mövcudluğudur: "Bu prinsiplər, həmçinin Ermənistan SQ-nin Dağlıq Qarabağa bitişik yeddi rayonun ərazisindən çıxarılmasını, genişmiqyaslı yenidənqurma işlərini və regionda sülhün bərqərar olması üzrə işləri və başqa mərhələli addımları nəzərdə tutan tədbirlər paketini təşkil edir".
Hazir AŞPA sədri Anna Brassöri və digər AŞPA üzvlərini Azərbaycana tez-tez səfər etməyə dəvət edib: "Siz dediniz ki, 2 il ərzində Azərbaycana gəlməyəcəksiniz, Azərbaycanda AŞPA-nın tədbirləri keçirilməyəcək, ancaq AŞPA üzvlərini və sizi Azərbaycana dəvət edirəm".
A. Brassör isə bildirib ki, həbsdə olan şəxslərlə görüşməklə bağlı israrını davam etdirəcək: "Mən o şəxslərlə azadlıqla görüşmək istəyirəm".
İclasda komitənin üzvü Robert Volter Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova İranla bağlı sual ünvanlayıb. Volter deyib ki, İrandakı vəziyyət narahatlıq doğurur. O, Azərbaycanın İranla sərhəddə yerləşdiyini və orada çoxlu sayda etnik azərbaycanlının yaşadığını xatırladıb və İranda baş verən proseslərlə bağlı Elmar Məmmədyarovun fikirlərini soruşub.
Nazir cavabında bildirib ki, İranın nüvə proqramı barədə danışıqlar sürətlə getmir, ancaq Azərbaycan bu problemin həllini tapacağına inanır: "Azərbaycanlılar İranda böyük azlıqdır, İranda Azərbaycanın hazırkı əhalisindən üç dəfə çox azərbaycanlı yaşayır. Azərbaycan prezidentinin İrana son səfəri çox uğurlu olub".
Parlamentarların Dağlıq Qarabağ münaqişəsinə dair suallarını cavablandıran E. Məmmədyarov aqressiv separatizmə veriləcək cavabların müzakirə olunmalı olduğunu söyləyib: "Öz müqəddəratını təyin etmək o demək deyil ki, dövlətin ərazi bütövlüyünü pozasınız. Çünki bu, sonsuzluğa gedən məsələdir. Nazirlər Komitəsinin sədri kimi bu məsələyə belə münasibət bildirərdim".
E. Məmmədyarov Azərbaycanın işğal olunmuş ərazilərinə rəsmi Bakının icazəsi olmadan səfər edən şəxslərin "persona non-qrata" elan edildiyini bir daha xatırladıb: "Həmin şəxslər sonradan Azərbaycana müraciət etdikdə, o siyahıdan çıxarıla bilər".
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində danışıqlara da toxunan xarici işlər nazirinin sözlərinə görə, Ermənistan başa düşməlidir ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz.
Azərbaycanda hüquq müdafiəçiləri və jurnalistlərin həbsi ilə bağlı sualları cavablandıran E. Məmmədyarov deyib ki, hüquqi prosedura müdaxilə edə bilməz, bu, qanun pozuntusu olar. Xarici işlər naziri vurğulayıb ki, bu sahədə prosesləri izləyəcək, ancaq müdaxilə edə bilməz: "Siz bu suallarınızla çiynimə yük qoymaq istəyirsiniz, ancaq mən bir daha deyirəm ki, məhkəmə prosesinə qarışa bilmərəm".
Qeyd edək ki, iclasda miqrantlar və qaçqınlar arasında AIDS-ə qarşı mübarizə, miqrant uşaqların hüquqları, Milli İnsan Hüquqları institutları ilə parlamentlər arasında bərabərlik və qeyri ayrı-seçkilik məsələləri üzrə əməkdaşlığın təkmilləşdirilməsi və s. məsələlər müzakirə olunub. Ukraynada baş verənlər Anna Brassör tərəfindən qaldırılsa da, heç bir sənəd qəbul olunmayıb. Bundan başqa, iclasda Serbiyada keçirilən parlament seçkiləri, uşaq zorakılığı, HİV xəstəliyi ilə mübarizə və digər məsələlər bağlı bir sıra sənədlər qəbul olunub.
İclasın sonunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bəyanatla çıxış edib. Bəyanatda qeyd olunub ki, nəyə görə AŞPA üzvləri öz öhdəliklərindən - insan hüquqları, qanunların aliliyi və digər məsələlərdən danışanda Azərbaycan məsuliyyətli davranmağa dəvət edilir: "Amma biz xahiş edəndə ki, bizim fundamental dəyərlərimiz, xüsusilə ərazi bütövlüyümüz nəzərə alınsın, sadəcə ard-arda verilən bəyanatlarla rastlaşırıq. Nəticə görmürük. Biz AŞPA-ya qəbul olunanda əsas məqsədimiz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə nail olmaq idi. Amma biz bu gün görürük ki, AŞ PA-ya üzv olan ölkələrin əraziləri işğal olunur, heç bir dəstək verilmir. Əraziləri işğal olunmuş Gürcüstan, Azərbaycana qeyri-qanuni səfərlərə görə cəzalar tətbiq olunur. Əminəm ki, sabah bu cəza Ukraynaya qarşı da tətbiq olunacaq. Çünki onun da Krım yarımadası işğal olunub və ora da qeyri-qanuni səfər edənlər olacaq".
S.Seyidov bildirib ki, AŞ PA-nın qəbul etdiyi davranış qaydalarının 503-cü bəndinə görə qurumun üzvləri davranışlarına diqqət etməlidirlər: "Biz başa düşürük ki, AŞ PA sədrinin müavini hansısa ölkəyə səfərinin qarşısının alınması yaxşı hal deyil. Amma nə üçün AŞ PA sədrinin müavini qurumun reputasiyasını gözləmir və belə davranışa yol verərək işğal olunmuş ərazilərə qeyri-qanuni səfərlər edir? Onu AŞ PA-nın nüfuzu yox, erməni lobbisinin nüfuzu maraqlandırır. Biz təcili olaraq AŞ PA-da işğal olunmuş ərazilərlə bağlı alt komitə yaratmalıyıq. Terrorçular, separatçılar bu gün artıq ailəmizə qədər gəlib çıxır. Biz gözümüzü açıb reallığı görməliyik. Avropa Şurası artıq nüfuzunu itirir. Ərazi bütövlüyü prinsipi Avropa Şurasının mövcudluğu üçün əsas şərt olmalıdır. Belə getsə, Avropa Şurası Avropanın siyasi səhnəsində yox ola bilər. Dərhal toxunulmazlıq qaydalarına dəyişiklik edilməlidir, çünki təhlükəsizliklə bağlı vəziyyət çox ağırdır".

TURQUT