Lavrov Rusiya-Azərbaycan münasibətlərindən danışıb Siyasət

Lavrov Rusiya-Azərbaycan münasibətlərindən danışıb

"Azərbaycan və İrandan olan investorlar Həştərxan vilayətində "Lotos" xüsusi iqtisadi zonada zavodların inşa edilməsində fəal iştirak edirlər".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün XİN yanında Rusiya Federasiyası subyektlərinin başçıları Şurasının iclasında bildirib.
S. Lavrov Rusiya regionlarının Xəzəryanı ölkələrlə dialoqunun geniş ticarət-iqtisadi əlaqələrə əsaslandığını qeyd edib: "Regionlar xüsusi iqtisadi zonalar və orada olan təqdim olunan güzəştlərin bütün imkanlarından istifadə edərək əlverişli investisiya mühitinin yaradılması üçün məqsədyönlü işlər görür".
Rusiya XİN başçısı İran tərəfinin Həştərxan vilayətindəki "Lotos" xüsusi iqtisadi zonada kənd təsərrüfatı layihələrini də həyata keçirdiyini bildirib.
"Regionların xətti ilə Azərbaycanla münasibətlərimiz inkişaf edir"-deyən Lavrov bu ilin sentyabr ayında Rusiyanın Stavropol şəhərində keçirilən 8-ci Rusiya-Azərbaycan regionlararası forumunu xatırladıb: "Forumda Rusiya ilə Azərbaycan arasında beş ikitərəfli sənəd imzalanıb. Ümumilikdə Rusiyanın regionlarında 650-yə yaxın azərbaycanlı tərəfdaşlarımızla birgə müəssisə fəaliyyət göstərir".