“Rusiyanın Dağlıq Qarabağa qaz nəql etməsi seperatizmə dəstəkdir” Siyasət

“Rusiyanın Dağlıq Qarabağa qaz nəql etməsi seperatizmə dəstəkdir”

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu dünən mətbuat konfransında keçirib.
Politoloq əvvəlcə Bakı-Tbilisi-Qars layihəsindən danışıb. Bildirib ki, kim Bakı-Tbilisi-Qars layihəsinə təkcə iqtisadi, geosiyasi layihə kimi yanaşmaq olmaz: "Çünki bu layihənin Azərbaycan prizmasından bir neçə üstünlükləri var". O qeyd edib ki, BTQ prezidentin reallaşdırdığı ilk beynəlxalq layihədir ki, onu digər layihələrdən fərqləndirən spesifik xüsusiyyətləri var. Politoloq vurğulayıb ki, Bakı-Tbilisi-Ceyhan Azərbaycan üçün böyük sınaq idi: "Biz bu layihəni reallaşdıranda ABŞ Konqresi kimi böyük güclə üz-üzə dayanmışdıq. Qərb BTQ-yə qədər həyata keçirdiyimiz layihələrə dəstək verirdi, bizim yanımızda idi. Lakin Qərb BTQ üçün problemlər yaratmağa başladı, onu maliyyələşdirmədi".
Politoloq deyib ki, Bakı-Tbilisi-Ceyhan layihəsinə qarşı Rusiya hansı münasibətdə idisə, Qərb də BTQ layihəsinə qarşı eyni münasibətdə idi. M. Əhmədoğlu əlavə edib ki, BTQ layihəsinin reallaşdırılması ilə Azərbaycanın nəqliyyat infrastrukturu kamilləşdi. Politoloqun sözlərinə görə, İlham Əliyev prezidentliyə başladıqdan sonra gənc olduğu üçün ona qarşı təzyiqlər oldu: "Heydər Əliyevin dövründə olan layihələrdən fərqli olaraq BTQ-yə qarşı olan maneələrin mənbəyi çox idi. Heydər Əliyevin dövründə Ermənistan, ABŞ erməniləri Azərbaycanın reallaşdırdığı layihələrə mane olurdusa, İlham Əliyevin dövründə bura Cavaxetiya erməniləri də qoşuldu". O əlavə edib ki, İlham Əliyevin siyasətinin nəticəsidir ki, bu gün Cavaxetiya erməniləri azərbaycanlı və türk faktorundan danışır. Bir neçə ildən sonra əsas faktor azərbaycanlılar olacaq, ermənilər isə əlavə faktora çevriləcək: "Geostrateji cəhətdən yanaşsaq, Gürcüstanın daxilində azərbaycanlı və türk zolağı yaranacaq".
Politoloq bildirib ki, Qərbdə elə düşünürdülər ki, İlham Əliyev BTQ layihəsini reallaşdıra bilməyəcək. Lakin BTQ İlham Əliyevi beynəlxalq aləmə siyasətçi kimi yeni səpkidə təqdim etdi.
Mübariz Əhmədoğlu daha sonra Rusiyanın Dağlıq Qarabağa qaz nəql etməsi məsələsini şərh edib: "Rusiyanın Dağlıq Qarabağa qaz nəql etməsi seperatizmə dəstək verməsidir. Əgər Rusiya bunu dayandırmasa, Avropa Məhkəməsinə qədər gedə bilərik". O əlavə edib ki, Dağlıq Qarabağdakı seperatçı rejimin nümayəndələri quldurlardır. Onlar tək azərbaycanlılara qarşı quldurluq etməyib. Politoloq həmçinin deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində uğur əldə edib: "Belə ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şeferin münaqişənin həlli ilə bağlı irəli sürdüyü təklif, XİN rəhbərlərinin Nyu-York görüşü, həmsədrlərin regiona səfəri Azərbaycanın uğurudur".
Politoloq həmçinin Türkiyənin Dağlıq Qarabağ münaqişəsindəki mövqeyindən danışıb. Onun sözlərinə görə, Abxaziya, Suriya kimi məsələlərdə Türkiyə və Rusiyanın mövqeyi bir-birinə ziddir: "Türkiyə sıradan dövlət deyil, fövqəldövlətdir. Həmçinin onun problemləri də var. Biz göstərməliyik ki, Türkiyə Dağlıq Qarabağ məsələsində harda bizə kömək edir, harda neytral qalır. Biz Rusiyaya imkan verməməliyik ki, Türkiyə-Azərbaycan qardaşlığından istifadə edib Dağlıq Qarabağ məsələsində ortaya oyunlar atsın".
Politoloq bildirib ki, Türkiyə heç vaxt "Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etməsini dəstəkləyirik" deməyib: "Müsəlman dövlətləri içərisində bu fikri yalnız Pakistan səsləndirib. Hesab edirəm ki, Türkiyə də bu bəyanatla çıxış etməlidir". Mübariz Əhmədoğlu deyib ki, biz İranla da danışıqlar aparmalıyıq: "Əgər İranın məntiqli mövqeyi varsa, dünya liderlərini yığıb bunu izah etsin və Merkel, Tramp da bu mövqeyi qəbul etsin. İranın məntiqi budur ki, qonşuluğundakı şiə torpaqlarını müdafiə etmir, amma sərhədlərindən bir neçə km uzaqda olan şiə torpaqlarını müdafiə edir. İran Azərbaycan münasibətlərində dualizm var, xeyirlə şər mübarizə aparır. Biz İran Azərbaycan münasibətlərinin əleyhinə olan qüvvələrə qarşı mübarizə aparmalıyıq. Azərbaycanda İranla münasibətlərin gərgin olmasını istəyən qüvvələr çoxdur və bunu 5-ci kolon adlandırmaq olar".
Politoloq əlavə edib ki, Avropa İttifaqı hər zaman həm Türkiyə, həm Azərbaycan istiqamətində erməniləri dəstəkləyib: "Belə ki, Aİ-nin uydurma erməni soyqırımını tanımaqla bağlı sənədi var, digər tərəfdən 80-ci illərin sonlarında Dağlıq Qarabağı müstəqil tərəf kimi qəbul edirdi.
O qeyd edib ki, 3 il öncə Aİ ilə Ermənistan arasında danışıqlar başladı.
Politoloq deyib ki, Ermənistan prezidenti Serj Sarkisyan Metsamor AES-i bağlamaqla bağlı Aİ ilə anlaşma əldə etdi. O digər AES-i bərpa etmək üçün Rusiyadan kömək istədi: "Bu ikiüzlülükdür. Aİ özü imkan verir ki, Sarkisyan onunla bu cür davransın".
Politoloq deyib ki, Aİ Ukraynanın və Moldovanın ərazi bütövlüyünü dəstəkləyir, lakin Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupu formatında həll edilməli olduğunu deyir. Politoloq həmçinin deyib ki, Serj Sarkisyan Avropadan gələn pullar hesabına avropalı məmurları korrupsiyaya cəlb edir və anti-azərbaycan meyllər yaradır.